Müasir insanın ən böyük “düşməni”: Dərinlikdən qaçış

Müasir insanın ən böyük “düşməni”: Dərinlikdən qaçış
Həm iş, həm də yaşam təcrübəmdə məni bu sual düşündürür: niyə boş qalmaq bu qədər çətinləşib?
Bəlkə də bəzi insanlar bu haqda düşünür, bundan ciddi narahat olur, bəziləri isə ümumiyyətlə, fərqində deyil və “boşluğunu doldurmağa” davam edir…
Düşünə bilərsiniz ki, boş qalmamağın nəyi pisdir ki, elə bu şəkildə davam edək. Bizə bir zərəri yoxdur. Maraqlısı da budur ki, “boşluğu doldurmaq” real deyil. İnsan sadəcə özünü aldadır. Bu aldatmanın sonu isə mənəvi problemlərlə yekunlaşır. Sən mənəvi problemlər içində “üzürsən” və o dolmayan boşluğu “doldurmaq” üçün daha çox stimul axtarırsan.
Ən pisi də budur ki, stimullar hər yerdə səni gözləyir. Sənə o boşluğunla baş-başa qalmağa imkan vermir. Sosial mediada sonsuz sayda, sənə reallığı belə unutduracaq qısa videolar, şəkillər, ölkəmizdə gündəm olan “məşhurlaşan” şəxslər səni o qədər məşğul edir ki, bir də ayılırsan ki, gün bitib, sən hələ heç nə etməmisən.
Daxilində səbəbini və adını bilmədiyin bir hiss var. Onu hiss etməmək üçün bu dəfə də ya yatırsan, ya da yeməyə yönəlirsən. Gah reklamların “tələsinə” düşüb özünü alış-veriş mərkəzlərində görürsən, gah ətrafındakı dostlarla məişət söhbətlərində və ya səs-küylü mühitlərdə, gah da yüklədiyin hər hansı oyunun səviyyələrini keçməkdə…
Bəlkə də təsəllini müəyyən “maddələrdə” tapıb onlardan asılı vəziyyətə düşürsən.
Hələ bir məqam da var. Çoxları sağlam hesab edir, amma bu da bir qaçış vasitəsidir: özünü “keyfiyyətli” zənn etdiyin işlərlə məşğul etmək — çox kitab oxumaq, işkolik olmaq və buna oxşar davranışlar.
Belə zamanlarda daxili səslər səni narahat etməyə başlayır. Onları susdurmaq üçün daha çoxuna qaçırsan. Daha çoxuna, daha çoxuna və daha da çoxuna…
Heç özünə bu sualı vermisən? Sükut niyə məni narahat edir? Mən nəyin axtarışındayam?
Bu sual çox dərindir. Psixoloji, neyroloji, fəlsəfi və sosioloji araşdırmalarda fərqli cavablar tapmaq mümkündür.
Fikirləri çox bəyəndiyim psixiatr Engin Geçtan bu şəkildə yanaşır: “Özündən qaçış varoluşdan qaçışdır.” Özünlə üzləşmək cəsarət istəyir. Özünü hiss etmək, “mən kiməm?”, “niyə varam?”, “mənim həyatdakı missiyam nədir?”, “mənim üçün həyatın mənası nədir?” kimi sualların cavabını düşünmək, məqsədlər təyin etmək və öz varlığını dərk etmək yolunda addımlamaqdır. Bu yolu itirənlər isə stimullar çoxluğunda özünü itirir.
Günümüzdə ən çox rast gəlinən psixoloji problemlər sırasında diqqət dağınıqlığı, təşvişli pozuntular, emosional tükənmişlik və depressiyanı qeyd etmək mümkündür. Diqqət yetirsək, həmin problemlər daha çox insanın “öz yolunu itirməsi” və məna çatışmazlığı ilə əlaqədardır.
Müqayisə edin: planlı və dolu bir gün keçirmək, yoxsa plansız bir gün keçirmək sizi günün sonunda daha məmnun və hüzurlu hiss etdirir? Təbii ki, birincini yaşayanlar ilk variantı seçər. Təsəvvür edin ki, mənalı və məqsədli həyat da buna bənzəyir.
Əgər bilinməyən bir yerdə mütəmadi olaraq yönləndirilirsinizsə (stimulların əsiri olsanız), özünüzü depressiv (“mən heç nə bacarmıram, həyat mənasızdır”), tükənmiş (“motivasiya yoxdur, tez yoruluram”), təşvişli (“gələcəkdə hər şey pis olacaq”), diqqətsiz (“fokuslana bilmirəm, hər şeyi yarımçıq edirəm”) hiss edəcəksiniz.
Bəs bizi “özümüzdən, dərinlikdən” uzaqlaşdıran “səthi yaşamdan” necə xilas olaq?
Özünə qayıtmaq. Bəli, sadə görünən bu cümlə öz-özlüyündə çox mürəkkəb bir prosesdir. Neyrobioloq Sinan Cananın bu barədə yanaşması diqqət çəkir. O qeyd edir ki, insanın özünə qayıtması sakitlik və minimum stimul olan məqamlarda baş verir. “5 dəqiqə texnikası” ən çox tövsiyə etdiyi üsullardan biridir: hər gün 5 dəqiqə heç nə etmədən dayanmaq.
Bəli, ilk baxışdan çox asan görünür, amma günümüz insanı üçün o qədər də asan deyil. İlk dəqiqələrdən “ürəyin sıxılması” qaçılmazdır.
Digər bir metod “özünlə görüşmək”dir. Hər gün özünlə dialoq etdiyin bir zaman dilimi olmalıdır. O anlarda əlavə məşğuliyyətlər (telefon və s.) qadağandır. Təklik sənin düşmənin yox, özünlə səmimiyyət qurduğun bir zona olmalıdır. O zamanlarda daxili səsini dinləmək, özünü kənardan müşahidə etmək (necə davranırsan, nəyə əsəbiləşirsən, nədən zövq alırsan, həyat missiyan nədir) səni özünə daha da yaxınlaşdıracaq.
Öz boşluğunu hansı stimullarla doldurmağa çalışırsan? Sosial media? Daha çox insanla ünsiyyət? Zərərli vərdişlər (siqaret, porno, narkotik və s.)? İşkoliklik? Çox kitab oxumaq? Davamlı kurslara getmək?
Bunları müəyyən etdikdən sonra onları limitləmək vacibdir.
İnsan boşluğu doldurmağa çalışdıqca o, azalmır, əksinə, daha da artır. Üzləşmə ilk başlarda çox çətin olacaq. Unutma ki, özünlə üzləşmə yolunun ilk mərhələsi çətinliklərlə doludur. Amma məhz bu çətinliyin içində insan özünə doğru ilk həqiqi addımını atır.
Sevgi ilə qalın…
Aytac Ələkbərova,
klinik psixoloq, təlimçi
Oxuyun >> Gözündə tük var


