NAĞILI YETMİŞİNDƏ BİTƏN QƏHRƏMANIN KİTABINA ÖN SÖZ

NAĞILI YETMİŞİNDƏ BİTƏN
QƏHRƏMANIN KİTABINA ÖN SÖZ
Ömrünün yarım əsrə yaxın bir dövrünü Azərbaycan Radio-Televiziyasına sərf etmiş respublikanın Xalq artisti, Mədəniyyət və İncəsənət Universitetinin professoru QARA TAĞIZADƏNİN bu gün Yubiley günüdür, 80 yaşının tamamıdır. Qara müəllimlə bizi 8 illik zaman məsafəsi ayırır. Ömür-gün dostu, publisist Lətafət Tağızadənin Xalq artistinin 75 illiyinə həsr elədiyi “Uzaq yaşıl ada” kitabının ön sözünün müəllifi olaraq yazımı izləyicilərin ixtiyarına verirəm.
Qara müəllimin ruhu şad, məkanı cənnət olsun.
Qara Tağızadə – bu imzanın qarşısında nə fəxri ad, nə titul yazmağa heç bir lüzum yoxdur. Deyərdim ki, bu şəxs haqqında çoxları xatirə yaza bilər. Xüsusilə, mənim tay-tuşlarım və ya məndən bir az yaşlılar, ya da bir qədər kiçiklər… Qara Tağızadə 1966-cı ildə Azərbaycan radiosunda fəaliyyətə başlayanda hələ məktəbə getmirdim. Evimizdə televizorumuz da yox idi. Radionun təmənnasız xidmətilə səhər yuxudan oyanır, axşam yuxuya gedirdik. Bu diktorun səsi özünəməxsus olaraq hamıdan fərqlənirdi. “Mətni oxudu Qara Tağızadə” deməsə də, səsini o dəqiqə seçib fərqləndirirdik.
Bu səs nə az, nə çox – düz 47 il Azərbaycan radio-televiziyası vasitəsilə xalqımıza xidmət elədi.
Onu həyatda ilk dəfə ADU-nun (BDU) jurnalistika fakültəsində təhsil aldığım zaman görmüşəm. Dəhlizdə pəncərə önündə müəllimlərimizdən kiminləsə söhbət edirdi. Tanıyanlar “Qara Tağızadədir” söylədilər. Səsini eşitsəydim, əlbəttə, mən də tanıyacaqdım.
Xanımı Lətafət Tağızadənin imzasını “Azərbaycan qadını” jurnalından tanıyırdım. Mövzuları ruhuma son dərəcə yaxın, doğma olduğundan yazılarını daim izləyirdim. Şəxsən tanışlığımız isə 90-cı illərin əvvəlindən başlandı və bu günə kimi bacılıq münasibətindəyik…
Qara Tağızadə haqqında yazı yazanda çətinlik qarşısında qaldım. Mənim duyğularım bir qələm adamı olaraq Lətafət xanıma yəqin ki, yaxşı tanışdır. Bəzən bir dəfə görüb söhbətləşdiyimiz şəxs haqqında daha yaxşı yazırıq, nəinki illərlə tanıdığımız haqqında. Qara Tağızadə bu gün mənim üçün belə şəxslərdən, belə şəxsiyyətlərdəndir. Fikirlərimi ürəyim istəyən kimi ifadə etmək zorunda qalmışam. Ömrümün uzaq, lakin yaşıl adası olan uşaqlıq illərimə, 60-cı illərin ortalarına qayıtmaq mənim üçün nostalji hisslər, nostalji duyğulardır.
ADU-nun (BDU) Jurnalistika fakültəsində birgə təhsil aldığım, bu gün də bacı qədər yaxın olduğum Ramella Orucovanm bibisi oğlu Qara Tağızadəylə fəxarət duyduğunu elə o illərdən bilirdim. Kitabı hazırladığımız ərəfədə uzaq xatirələri yenidən təzələndi: “Qaranı bibioğlu kimi yox, qardaş qədər sevirdik. O bu məhəbbəti özü qazanmışdı. Zahirən yaraşıqlı olduğu kimi, çox istiqanlı, xoşxasiyyət idi. Beyləqan rayonunun Dünyamalılar kənd orta məktəbində təhsil alanda atam Yaqub Orucov həmin məktəbin direktoru idi. Qara məktəbi bitirən il ADU-nun (BDU) Filologiya fakültəsinə qəbul olunanda atam həm dayı, həm də direktor olaraq hədsiz sevinirdi. Sonralar da uğurlarını izləyib qürur duyurdu.
Kəndimizdə Qaranın toyu olanda artıq tanınmış diktor idi. Bakılı qızı olan göyçək gəlinimizi hamımız sevdik. Lətafət xanım həmin illərdə imzasını tanıdan jurnalistlərdən idi. Qaranın toyuna Bakıdan və digər yerlərdən xeyli qonaq gəlmişdi. Toydan 4-5 gün sonra bəylə gəlin Bakıya qayıtdı. Amma Qara ömrünün sonuna kimi kəndin xeyir-şərində öz ailə üzvlərilə birgə başda olurdu.
Nənə-baba evi olduğumuzdan birinci bizə baş çəkərdi. Kəndə gəlişi toy-bayram olurdu. Hər gəlişində Şuşaya getməliydik. Onunla birgə Şuşada günlərimiz çox şən, unudulmaz keçərdi. Hamımızın yaşına, əhvalına uyğun zarafatlaşar, şeirlər söylər, mahnılar oxuyardı. Vaxt bitəndə heç birimiz Şuşa səfərindən, əslində Qara olan məclislərdən ayrılmaq istəməzdik… Şuşa əlçatmaz olanda onun necə darıxdığının, sarsıldığının şahidiyəm.
Heyf ki, Şuşanın azadlığını görə bilmədi. İndi ruhunun şad olduğuna əminəm. Bütün nigaran ruhlar kimi Qaranın ruhunun da şad olduğuna inanıram ”.
Ramella xanım xatirələrini Şuşayla bitirdi. Nə xoş ki, Qara Tağızadənin 75 illiyinə həsr olunan xatirə kitabını Şuşalı, bütövlükdə Qarabağlı günlərimizdə hazırlayırıq.
Şuşa ondan ötrü bir sevgi məbədi idi. Lakin 1992-ci ildən bu yana uzaq, əlçatmaz… Kitabda gedəcək şeirlərinin “Vətən sevgisi” bölməsi “Şuşam”la başlayır:
Salam, dustaq şəhərim!
Salam, yuxularımın şəhəri,
Salam, içimin səksəkəsi.
Gözü yolda, qulağı səsdə
Qərib, xəstə şəhərim!
Bir gün bayramın gələcək,
Bir gün dəllalların gəbərəcək.
Salam, dustaq şəhərim,
O gün mütləq gələcək!
Bu şeiri yazanda 1999-cu ilin may ayı idi. 2020-ci ilin noyabrın 8-nə hələ xeyli vardı. Fəqət min faiz əmi idi – “O gün mütləq gələcək!”
“Vətəndən vətənə məktublar”da yazır:
Salam göndərmək istədim,
Durna tapmadım,
Qarabağım…
Gözümün içindədi
Xarı bülbülün rəngi.
Qulaqlarımdadır
Meşələrinin səsi.
Götürüb başımı
Yanına gəlmək istəyirəm
Ölüm öncəsi.
“Mən ölmək istəmirəm”in acısı daha çoxdur:
Şəhid vətən saçlarını yolursa,
Arzularım qəriblikdə solursa,
Bu məmləkət Şuşasız da qalırsa,
Mən ölmək istəmirəm!
“Qayıt, Şuşam!”da da, “Həsrət daşı”nda da, “Bir əsirin dilindən”də də ağrı-acısını yanğıyla qələmə alıb.
Şuşa onun üçün adi şəhər deyildi, ruhunun şəhəriydi. Odur ki, Şuşasızlığa tab gətirə bilmirdi. Yalnız Şuşaya “Vətən anam” deyir. “Mən orda doğulmuşam. Orda addımlarımın ilk yolu olub… Mənsizlikdən indi o torpaq həsrət qoxuyur” və ya “Gözümdəki şəklin getməmiş, ömrüm bitməmiş qayıt.” Həsrətindən saralmışam, mənim Şuşam…” fəryadını qoparanda da 2020-ci ilin 8 noyabrına açılacaq sabaha xeyli vardı.
Qara Tağızadənin məşhur diktor olduğunu, Xalq artisti, Mədəniyyət və İncəsənət Universitetinin professoru olaraq bu sənətin sirlərini tələbələrinə öyrətdiyini bilirdim. Zəngin yaradıcılığından isə xəbərsiz idim. Kitabı hazırlayanda Lətafət xanım bir bağlama şeir və hekayə verdi (əlbəttə, bütün yazdıqlarını yox). Şeirlərə baxıram, kövrək duyğular içimi göynədir. Əlimdə olan şeirlərin baş mövzusu Şuşa, Şuşasız Azərbaycan… Ürəyinin ilk çatını Şuşanın işğal xəbərini oxuyan gün almışdı. Və o çatla, o zədəli ürəklə də dünyasını dəyişdi.
***
Lətafət xanım kitab üçün xeyli şəkil də verdi mənə. Amma heç birində şəkildəkilərin nə adı var, nə də tarix. Yalnız Şuşada lentə alınan fotolarda “Şuşa” sözü və tarixçə əks olunub.
Nə xoş! Fotoqrafa minnətdarlıq düşür.
***
Bu nadir səs sahibini həyatda çox az görmüşəm. Bir görüşüsə təəssüflə xatırlayıram… “Söz”jurnalıınn Novruz bayramına həsr olunmuş sayında həyatı qədər sevdiyi nəvələrinin – Ayanla Nərgizin şəkilləri dərc olunmuşdu. Jurnal hazır olanda Lətafət xanıma zəng vurdum. Jurnalları götürməyə Qara müəllim gəldi. Həmin ərəfədə ərəbşünas alim Malik Qarazadə haqqında “Bilsəm ki, həyatda izim qalıbdır…” adlı kitabım çapdan çıxmışdı. Kitabı Lətafət xanıma çatdırmaq üçün Qara müəllimə verdim. O, kitabı əlinə alan kimi: “Mən də bu kitab haqqında bir şey yazacağam” – söylədi. Fəqət o yazı yazılmadı. İndi təəssüflənirəm ki, kaş bu barədə Lətafət xanıma deyəydim… Qismət deyilmiş.
Çoxları vurğunuydu o səsin. Kimi duyğularını içində saxlayır, kimi kağızlara köçürürdü. Bütün ömrünü Lənkəranda yaşayıb-yaradan şair-publisist Şəkər Aslan illərin birində Lənkərandan Bakıya gələndə mənə xeyli şeir verdi. Şeirləri Azərbaycan radiosunda ədəbi-dram verilişləri redaksiyasının redaktoru Mailə xanım Muradxanlıya çatdırdım. Şeirlər bir neçə gündən sonra Qara Tağızadənin ifasında səsləndirildi. Dinlədikcə ürəyim riqqətə gəlirdi. Halbuki həmin şeirləri kağızdan oxumuşdum. Lənkərana növbəti gedişimdə Şəkər Aslan Qara Tağızadəyə şeir yazdığını söylədi və dərc etdirməyi məsləhət gördü. Minnətdarlıqla dolu həmin şeir “Ekran-efir” qəzetində və “Söz” jurnalında dərc olundu. Şeirdə Qarasevərlərin duyğuları yəqin ki, üst-üstə düşürdü.
Bir də fərəhləndim, bir də dirçəldim,
Bir də qanadlandım söz həvəsində.
Şerimi dinləyib, heyrətə gəldim,
Ruhum dil açmışdı sənin səsində…
***
Xatirə kitabını hazırladığım ərəfədə bəzi məqamları da əxz elədim. Ən başlıcası, universitetdəki qrup yoldaşlarının bu günədək davam edən dostluq və mehribanlığını… Bunu yazılan xatirələrdən də görmək olur. Şair-dramaturq, publisist, İrəvan və Bakıda yüksək vəzifələrdə çalışan, hazırda Azərbaycanın Qırğızıstandakı fövqəladə və səlahiyyətli səfiri Hidayət Orucovu və Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlının uzun illərdir şəxsən tanıyıram. Lakin onların bir qrupda oxuduqlarını bilmirdim. Görünür o qrup bəxtigətirənlərdən idi ki, üç tanınmış şəxs orda cəmləşibmiş. Hələ digər məşhurlarını tanımıram.
***
Şuşanın işğaldan azad olunmaq xəbərini eşidəndə ürəyim necə riqqətə gəldisə, Xan Şuşinskinin məşhur “Şuşanın dağları başı dumanlı” mahnısını göz yaşlarım üzümə axa-axa “Şuşanın dağları başı bayraqlı” kimi oxumağa başladım və həmin günkü sevinc yaşantılarım müxtəlif qəzetlərdə, saytlarda dərc olundu. Hər bir azərbaycanlı kimi o günü həsrətlə gözləyənlərdən biri də mən idim. Ata babam Məşədi Səlim Sadiq bəy Mehmandarov Şuşadan gəlib Lənkəranda fəaliyyətə başlayandan sonra ora köçənlərdən idi. Atam Bəhram müəllim Lənkəranda doğulsa da, ömrü boyu özünü şuşalı sayırdı.
Həmin gün məni təbrik edənlərin sayı-hesabı yox idi. Mən isə Şuşa nisgilliləri, Şuşa sevdalıları arasında Qara Tağızadəni düşünürdüm. O bu sevinci necə qarşılayardı?!
Qarabağ adlı, zəfərmüjdəli qələbənin müəllifi, memarı və fatehi Ali Baş Komandan, deyərdim ki, savaşın baş qəhrəmanı İlham Əliyevin qürurla dediyi: “Sən azadsan, Şuşa! Biz sənə qayıtmışıq” sözləri ürəyimizi riqqətə gətirdiyi kimi nigaran ruhlar da dinclik, rahatlıq tapdı. Mənim üçün onların sırasında Qara Tağızadə birincilərdən idi.
Bu ilin avqust ayının sonunda Azərbaycan radio-televiziyasının diktoru, Əməkdar incəsənət xadimi, Xalq artisti, professor, Prezidentin fərdi təqaüdçüsü Qara Tağızadənin 75 yaşı tamam olur. Yubiley yaşına sevdiyi mahnının adma uyğun olaraq “Uzaq yaşıl ada” başlığı altında xatirə kitabı hazırladıq. Xatirə yazmaq istəyən çox idi. Lakin yubiley vaxtı yaxınlaşdığından hamısını gözləyə bilmədik. Yubilyarı yad edib xatirəsini əziz tutanların hamısına minnətdarlığımızı bildiririk.
Xatirələrin hər biri bizi Qara Tağızadə ilə yenidən görüşdürdü. Onun yoxluğunu yox, bizimlə bir sırada olduğunu paylaşmaq üçün bir araya gəldik, xatirələrə daldıq, çöhrəmizə təbəssüm də qondu, kədər də… Hər zaman olduğu kimi ovqatımızı daha çox nikbin notlara köklədi.
Kitabın üz qabığında yubilyarın şəklini onun üçün dünyanın bənzərsiz gözəli olan Şuşanın fonunda verdik. Ruhunun şad olduğuna əminik. Qarabağın şah tacı yenə qonaq-qaralıdır, yenə toylu-büsatlıdır. Şeirlərində də əminliklə demişdi: “O gün mütləq gələcək” və gəldi.
Əbədiləşən söz ömrü Şuşanın dağlarında dinclik, rahatlıq tapdı. Ruhu şad olsun!
***
Yaxınlarının dediyinə görə hərdən öncəgörmələri də olurmuş Qara Tağızadənin. Özünün iştirak etdiyi 70 illiyində:
“Deyəsən, nağılım yetmişdə bitdi,
Deyəsən, sabaha nağıl qalmadı”-
deyibmiş. Həmin tarixdən, son yubileyindən sonra düz bir il altı ay yaşadı. İnsan ömrü yaşla ölçülmür ki!? Xüsusilə yaradıcı, izi qalan insanların… Azərbaycan Radiosunun bu gün də onun ovsunlu səsilə açılan “Danışır Bakı” sözləri neçə-neçə əsri adlayacaq, “Qızıl fond” deyilən xəzinəmizdə zaman-zaman qorunub hifz olunacaq.
Məncə ömrün bitməyən nağılları hələ bundan sonra başlayacaq.
Nağıl ömrün mübarək.



“Uzaq yaşıl ada” kitabından
Sevda ƏLİBƏYLİ


