Weather Data Source: havadurumuuzun.com

Unudulmaz Xatirələrin İşığı: Zəlimxan Yaqub Ömrü

Unudulmaz Xatirələrin İşığı: Zəlimxan Yaqub Ömrü
Azərbaycanın və bütöv Türk dünyasının söz xəzinəsində elə zirvələr var ki, onların işığı zaman keçdikcə daha gursaçan olur. Bu uca zirvələrdən biri də, heç şübhəsiz, unudulmaz ustad şairimiz Zəlimxan Yaqub idi. Onun qələmindən çıxan hər bir sətir ilk gündən oxucu qəlbinə yol tapır, ruhları fəth edirdi. Zəlimxan Yaqub sadəcə oxunan deyil, hər bir misrası böyük bir sevgiylə izlənən, soraqlanan və sevilən bir söz sərrafı idi.O, Tanrının söz dünyamıza bəxş etdiyi bənzərsiz bir möcüzə, ecazkar bir fenomen idi. Aşıq poeziyasının incəliklərinə onun qədər bələd olan, bütöv Türk dünyasının dahi şairlərinin yaradıcılığını hafizəsində yaşadıb əzbər bilən ikinci bir şəxs təsəvvür etmək çətindir. Təsadüfi deyil ki, Azərbaycan poeziyasını, ruhumuzu və milli kimliyimizi onun qədər coşqu və məhəbbətlə təbliğ edən ikinci bir sənətkar tapmaq çətindir. O, öz bənzərsiz yaradıcılıq fəlsəfəsini elə öz misraları ilə belə bəyan edirdi:

Dərədən dərinəm, zirvədən uca,
Bir yaşlı uşağam, yüz yaşlı qoca.
Tutdum öz yönümü Məkkəyə, Haca,
Haqdan işıq alan bir həqiqətəm.

Şair cəmi dörd misraya sığdırdığı bu böyük fəlsəfə ilə hər şeyi bəyan etmişdi. Onun ömür və sənət yolu Haqqa, ədalətə bağlanan müqəddəs bir cığır idi. O, hər bir insanı bu ilahi nurun arxasınca getməyə, haqqa və ədalətə tərəf olmağa səsləyirdi.

Zəlimxan Yaqubla keçən dostluq illərim mənim üçün sadəcə bir xatirə deyil, unudulmaz bir ömür məktəbidir. Bu dostluq dövründə mən ondan çox şey öyrəndim. Vətənə təmənnasız bağlılığı, insanlara tükənməz sevgini, saza və sözə qoyulan ilahi qiyməti mən məhz Zəlimxan ustadın şəxsiyyətində dərk etdim. Onun hər kəlməsi bir nəsihət, hər hərəkəti bir örnək idi. O, sanki özünün məşhur misralarında hər kəsi şair ruhuna sayğı duymağa çağırırdı:

Şirin arzuları dəyməz, kal qalar,
Dərddən ürəyində qara xal qalar.
Havası tükənər, dili lal qalar,
Qırılar qəlbində köklədiyi saz,
Şair ürəyinə toxunmaq olmaz!

Məhz bu məşhur şeirini ustad şair Almaniyada, ürəyindən çox ağır bir əməliyyat keçirdiyi o çətin günlərdə qələmə almışdı. Ömrünün ən amansız sınaqları ilə üz-üzə gəlsə də, Zəlimxan Yaqub heç vaxt sarsılmır, ruhdan düşmürdü. Ürəyində daşıdığı o ağır cərrahiyyə yarasına baxmayaraq, o, hər zaman səhnələrdə eyni alovla, eyni çılğınlıq və coşqu ilə çıxış edir, gur səsi ilə yenə də diqqət mərkəzində qalırdı.
Lakin tale onu daha böyük bir sınaqla üz-üzə qoydu – ustad birdən-birə amansız böyrək xəstəliyinə yaxalandı. Öncə qardaş Türkiyədə ağır bir əməliyyat keçirib bir böyrəyini itirdi və Bakıya döndü. Bir müddət sonra növbəti müayinələr üçün Almaniyaya yola düşməli oldu və təəssüf ki, ikinci böyrəyini də orada itirdi. Bütün bu ağrılara, sarsıntılara rəğmən, şair içindəki böyük ümidi heç vaxt itirmirdi. O, ona böyrək köçürüləcəyi günü intizarla gözləyir, yaşamaq, yaratmaq eşqi ilə gələcəyə boylanırdı. Bu ümidin ardınca tez-tez Almaniyaya müayinələrə gedirdi. 2013-cü ildə növbəti dəfə Almaniyaya yollandı, lakin bu dəfə həkim nəzarəti çox uzun çəkdi. Hər dəfə narahatlıqla zəng edib hal-əhval tutanda səsindəki o doğma məğrurluğu qoruyaraq: “Heç narahat olmayın, mən yaxşıyam”, – deyirdi. Beləcə, iki il boyunca o, ümidlə ağrı arasında qalan yollarda, Bakı ilə Almaniya arasında gedib-gəldi…
Zaman axıb keçirdi… 2016-cı ilin cırhacır isti yay günlərindən biri idi. İçimdəki darıxmağa güc gələ bilməyib şairə zəng etdim, səsini duydum. Ona Təbrizdən gələn əziz dostlarımız, Zülfüqar və Hacıbalaca Abdullahi qardaşlarının onu ziyarət etmək, görüşünə gəlmək istədiklərini bildirdim.
Zəlimxan müəllim hər zamanki qonaqpərvərliyi və səmimiyyəti ilə: “Mən hazırda Bakıda deyiləm, İsmayıllının cənnət guşəsi olan Basqal kəndində dincəlirəm. Qədəmləri mübarək, xoş gəliblər! Götür qonaqları, gəlin Basqala”, – dedi.
Bu dəvətdən sevinərək dərhal yola düşdük. Günün ikinci yarısında İsmayıllının o səfalı Basqal kəndinə çatdıq. Ürəyimizdə böyük bir görüş fərəhi ilə şairin dincəldiyi evin həyət qapısına yaxınlaşdıq. Qapının zəngini basdıq. İçəridən gələn tanış, doğma səs ucaldı:
– Kimdir?
Ürəyimdən qopan o ən səmimi cavabı verdim:
– Allah qonağı!..
– Xoş gəlib Allah qonağı! Qapı bəh-bəhə açıqdır, gəlin, içəri buyurun! – deyə içəridən o mehriban nida ucaldı.
Şair bizi elə evin astanasındaca özü qarşıladı. Xəstəliyin gətirdiyi o ağır sınaqlara rəğmən, gözlərində qəribə bir nur, ruhunda böyük bir gümrahlıq vardı. Üzündən təbəssüm əskik olmur, söhbətindən dürr tökülürdü. O dəqiqə Təbrizdən gələn əziz qonaqlarımızı bağrına basdı, Güney Azərbaycanın, Təbrizin tanınmış ustad aşıqlarını, söz xəzinəsini qoruyan şairlərini bir-bir sordu, xəbər aldı. Ruhumuz o qədər qidalandı ki, zamanın necə keçdiyini hiss etmədik.
Bu əsnada şairin ömür-gün yoldaşı, vəfalı Sahibə xanım öz əlləri ilə hazırladığı bir-birindən ləziz, bərəkətli nemətləri süfrəyə düzdü. Sanki Basqalın o səfalı havasına bir də Azərbaycan qadınının qonaqpərvərliyi və ocaq istisi qatılmışdı. Birlikdə çörək kəsdikdən sonra, şairi yormamaq və gecə vaxtı narahatlıq yaratmamaq üçün Bakıya qayıtmaq istədiyimizi bildirdik. Lakin Zəlimxan ustad qətiyyətlə etiraz etdi. Bizi o gecə buraxmadı, qonaq saxladı və üzümüzə böyük bir ümid qapısı açdı: “İnşallah, sabah səhər sizi başqa bir ustadla – Musa Yaqubla görüşdürəcəyəm”, – dedi.
Elə ordaca telefonunu götürüb Musa Yaquba zəng etdi. Səsindəki o dost doğmalığı ilə: ” A qoca Təbrizdən əziz qonaqlarım var, sabah səhər səni də ziyarət etmək, görüşmək istəyirik”, – dedi. Musa müəllim də böyük bir sevinclə: “Saat 11-dən sonra gəlin, evdə olacağam, yolunuzu gözləyirəm”, – deyə cavab verdi.
Təbrizdən gələn Zülfüqar və Hacıbalaca Abdullahi qardaşlarının ustadı ziyarəti zamanı şairin dilindən tökülən, sonradan böyük bir poeziya nümunəsinə çevrilən o misralar sadəcə bir şeir deyil… Bu misralar şairin öz vəfalı ömür-gün yoldaşı Sahibə xanıma ünvanladığı bir sevgi mətni, sonsuz bir minnətdarlıq və bəlkə də gizli bir vida nəğməsi idi. Şair bu misralarla çöldəki gur, səs-küylü dünya ilə evin səssiz, fədakar mühiti arasındakı o incə və kəskin fərqi ürək ağrısı ilə ortaya qoyurdu:

Yüzü yüz söz desin çöldə-bayırda,
Bu evin zəhməti sənə düşəcək.
Qayğının böyüyü, yükün ağırı,
İşin əziyyəti sənə düşəcək.

Şair bu sətirləri ilə bəyan edir ki, çöldə-bayırda hamı gözəl danışa, ustadın ünvanına təriflər yağdıra bilər. Lakin gerçək həyatın, daxili ağrıların və sönməyə qoyulmayan ailə ocağının bütün real ağırlığı məhz o vəfalı qadının incə çiyinlərindədir. Zəlimxan Yaqub xəstəliyin amansız pəncəsində sınağa çəkildiyi o ən çətin dönəmdə dildə deyilən xoş sözlərin ötəri olduğunu yaxşı bilirdi. O, əsl fədakarlığın, təmənnasız sevginin məhz Sahibə xanımın çəkdiyi səssiz zəhmətdə gizləndiyini bütün qəlbi ilə, böyük bir səmimiyyətlə etiraf edirdi. Şeirdə keçən “yükün ağırı” ifadəsi sadəcə fiziki bir xidmət deyil, həm də sənətkar ömrünün nazını çəkmək kimi böyük bir mənəvi məsuliyyətin simvolu idi.
Ustadın daxili sarsıntıları, xəstəliyin ruhunda və cismində yaratdığı o mənəvi ağrılar şeirin növbəti misralarında daha da dərinləşərək fəryada çevrilir:

Ürəkdə, könüldə talan var, talan,
Kimdir bu şeyləri vecinə alan?!
Yenə sən olarsan qeydinə qalan,
Bu ömrün həsrəti sənə düşəcək.

Bu yanıqlı misralar yaradıcı bir insanın cismani zəifliklə ruhun əbədi ucalığı arasında necə çarpışdığını gözlər önünə sərir. Kənar insanların, pərəstişkarların bu daxili fırtınalardan, çəkilən acılardan tamamilə xəbərsiz olduğunu bilən şair, yeganə sığınacaq limanı və dərdortağı kimi yenə də öz ömür-gün yoldaşını görürdü. Ustad dərk edirdi ki, bir gün bu dünyadan köçəndə, arxada qalan o böyük yaşanmış ömrün xatirəsi, göynərtisi və o amansız həsrəti hər kəsdən çox məhz Sahibə xanımın ürəyini yandıracaq.
Ustad şair sətirlərinə davam etdikcə Sahibə xanımın simasındakı o müqəddəs ana və xanım obrazını daha da ucaldır:

Bilirsən yerini qaranın, ağın,
Bilirsən dilini xəstənin, sağın.
Bizim evimizə gələn qonağın,
Hörməti, izzəti sənə düşəcək.

Bu sətirlər o vəfalı xanımın həyat müdrikliyindən, xəstə ilə sağın dilini tapmaq bacarığından – yəni onun sonsuz səbrindən və sarsılmaz şəfqətindən xəbər verir. Məhz elə o an evdə əyləşən, bu şeirin yazılmasına vəsilə olan Təbriz qonaqlarının ziyarəti də bu bədii lövhədə öz əksini tapır.
Zəlimxan Yaqub hər zaman qonaq-qaralı olan, ocağı heç vaxt sönməyən evinin gerçək mənzərəsini çəkir. Bəli, o qonaqları evə gətirən şairin adı, şöhrəti və ucalığıdırsa, gələn hər kəsi gülər üzlə qarşılamaq, ağırlamaq, o qonaqlığın izzətini və şərəfini qorumaq yenə də fədakar xanımın çiyinlərinə düşən müqəddəs bir yükdür.
Şairin xanımına qarşı bəslədiyi o dərin, bəşəri məhəbbət növbəti misralarda insanı isidən ilahi bir hərarətlə təsvir olunur:

Yaxın gəl, könlümün odunda qızın,
Olmasın sızıltın, olmasın sızın.
Oğulun, uşağın, gəlinin, qızın,
Böyük məhəbbəti sənə düşəcək.

Ustad bu çağırışla bəyan edir ki, cismi xəstəlikdən zəifləsə də, mənəvi aləmi, qəlbi hələ də ilk günkü kimi isti, sevgi və şəfqət doludur. Ömrünü ona fəda edən bu qadının inciməsini, acı çəkməsini, qəlbinin sızlamasını əsla istəməyən şair, ona ən böyük təsəllini verərək gələcəyə boylanır. O, xanımına müjdələyir ki, bu gün çəkdiyi o ağır əziyyətlərin bəhrəsi gələcəkdə bütöv bir ailənin – övladların, gəlinlərin, qızların ona göstərəcəyi o tükənməz sevgi, sayğı və böyük hörmət şəklində geri dönəcək.
Və nəhayət, şair qaçılmaz sonu, ölümün gerçəkliyini tam bir təslimiyyət və məğrurluqla qarşılayaraq, ömrünün son nöqtəsini bu möhtəşəm dördlüklə qoyur:

Daha fayda verməz nə haray, nə ün,
Çökəcək qaranlıq, əyiləcək gün.
Mən köçüb gedəndə mənim ömrümün,
Ən böyük rəhməti sənə düşəcək.

Şeirin kulminasiya nöqtəsi və fəlsəfi yekunu məhz bu qaçılmaz sonla böyük bir mərdliklə barışmaqdır. Ustad şair öz taleyini mənəvi bir sakitliklə qəbul etsə də, fiziki yoxluğundan sonrakı zamanı da zərrə-zərrə düşünürdü. “Ən böyük rəhməti sənə düşəcək” misrası mistik və ilahi bir mənaya sahibdir. Xalqın əbədiyaşar Zəlimxan Yaqub ruhuna oxuyacağı dualar, göstərəcəyi tükənməz sevgi və rəhmət, onun xatirəsini layiqincə yaşadan, ömrünün sonuna qədər ona fədakarlıqla qulluq edən vəfalı həyat yoldaşının da üzərinə müqəddəs bir nur kimi yağacaqdı. Sənətkar özünə qazanılacaq bəşəri rəhməti sanki xanımına ən dəyərli miras kimi vəsiyyət edirdi. Zəlimxan Yaqubun bu şeiri sadəcə bir poeziya nümunəsi deyil, əsl bəşəri vəfa bəyannaməsidir. Ustad şair öz sənətkar ucalığından enərək bir həyat yoldaşı kimi Sahibə xanımın fədakarlığı qarşısında baş əyir, onun çəkdiyi əməyi sənətin gücü ilə əbədiləşdirir. Hər bəndin sonunda “sənə düşəcək” rədifinin bir zəng kimi təkrarlanması, gələcək çətin günlərin xəbərdarlığı olmaqla bərabər, həm də bu ağır və şərəfli missiyanı yalnız və yalnız güclü, fədakar, müqəddəs bir Azərbaycan qadınının daşıya biləcəyinə olan o sonsuz, sarsılmaz inamın bədii ifadəsi idi…
Basqaldakı o unudulmaz, duyğulu gecənin səhəri açıldı. Biz səhər saat 10-da vaxt itirmədən İsmayıllının daha bir cənnət guşəsinə – ustad Musa Yaqubun ömür sürdüyü, ilham aldığı Buynuz kəndinə tərəf yola düşdük. Yolboyu ürəyimizdə iki böyük söz ustadının görüşünə şahidlik etməyin həyəcanı vardı. Tam deyilən vaxtda – saat 11-də artıq Buynuz kəndində, Musa Yaqubun qonaqsevər ocağında idik.
Musa müəllim gələn əziz qonaqlar üçün həyətində, təbiətin qoynunda gözəl, bərəkətli bir süfrə açdırmışdı. O ecazkar təbiətin qoynunda, iki dahi şairin əhatəsində elə bir mənəvi mühit yarandı ki, ruhumuz sanki pərvaz edirdi. Sazdan, sözdən, tarixdən və Təbriz həsrətindən yoğrulmuş unudulmaz, gözəl söhbətlər oldu. Zamanın necə su kimi axıb keçdiyini heç birimiz hiss etmədik. Axşama doğru Təbrizdən ustadı ziyarətə gələn Zülfüqar və Hacıbalaca Abdullahi qardaşları Musa Yaqubdan nəzakətlə icazə istədilər. Bakıya qayıtmalı olduqlarını, yolun uzaqlığını bildirərək: “Ustad, bizə icazə verin, artıq yola düşməliyik”, – dedilər.
Qonaqları böyük bir minnətdarlıq və ürək dolusu xoş xatirələrlə Təbrizə yola saldım. Onlar özləri ilə təkcə İsmayıllının, Basqalın, Buynuzun təmiz havasını deyil, həm də iki dahi ustadın – Zəlimxan Yaqub və Musa Yaqubun bənzərsiz mənəviyyat bərəkətini, səmimiyyətini apardılar.
Məsafələr nə qədər uzaq olsa da, könüllərin birliyi qarşısında hər zaman acizdir. Təbrizli qardaşlarımızla o günlərdən başlayan, ustadların xeyir-duası ilə yoğrulan bu gözəl dostluğumuz artıq neçə illərdir ki, eyni səmimiyyətlə, eyni sevgiylə davam edir. Çünki bizi bir-birimizə bağlayan bağlar sadəcə keçici münasibətlər deyil, saza, sözə, ustad irsinə və müqəddəs Vətən sevgisinə söykənən əbədi bir mənəviyyat köpürüsüdür. Zəlimxan Yaqub və Musa Yaqub kimi böyük şəxsiyyətlərin ruhu bu gün də o dostluğun, o vəfanın işığında yaşayır…

Hüseyn İsaoğlu, yazıçı-publisist,
AYB-nin və AJB-nin üzvü.

Top