Weather Data Source: havadurumuuzun.com

Akif Əli – Özgə dünya

Özgə dünya

(povest)

Axşamtərəfi avtoreferatı mətbəədə çapa verib instituta qayıtdı. Binaya daxil olanda   qapıçı həyəcanla üstünə qaçdı:

– Fikrət müəllim, ay Fikrət müəllim, Sizi axtarırlar!

– Kim?

Qapıçı əli ilə dəhlizin o biri başını göstərdi.

Direktorun köməkçisi ordan əlini yellədə-yellədə gəlirdi. Fikrətə çatar-çatmaz:

– Hardasan, Fika, bayaqdan səni axtarıram, – dedi və əyilib böyük bir sirr açırmış kimi qulağına pıçıldadı: “Şef çağırır!”

– Mətbəəyə getmişdim… Nolub ki?!

Köməkçi:

– Bilmirəm, tez gəl! – deyib cəld geriyə, qəbul otağına qaçdı.

…Direktorun kabinetində həmişəki mənzərə vardı. Zeynal müəllim adəti üzrə qarşısına düzdüyü xırda sarı kağızlardakı qeydlərinə aparır, telefonun birini götürüb – birini qoyurdu. O, gündəlik işlərini, vacib tapşırıqları, görüş saatlarını bu cür yapışqanlı balaca sarı vərəqələrə yazıb bir-bir qarşısında masaya düzürdü. Və gün ərzində onlara baxa-baxa işləyirdi. Hansı məsələni həll edirdisə, kağızı masanın üstündən qoparıb  ovcunda əzir və masanın altına atırdı. Güman ki, orda zibil qabı var idi.

Fikrət içəri girəındə direktor gözünü kağız parçalarından ayırmadan sağ əlini “Leninsayağı” jestlə iri masanın qarşısındakı artırmaya tərəf uzatdı: “Otur, – dedi. – Tapıldın?!” Fikrət təşəkkür edib üzbəüz yanpörtü əyləşdi: “Mətbəədəydim, Zeynal müəllim.” Səsi titrəyirdi, təbii ki, həyəcanlı idi, fikirləşirdi görəsən nə olub, yenə kim onun haqqında nə danışıb, nə donos yazıb, ya anonim məktub göndəriblər, doktorluq dissertasiyasının müdafiəsi ərəfəsində hansı şeytan aranı qatıb… Daxilən təlaş keçirtsə də, zahirən özünü tox tutur, diqqətlə üzbəüz əyləşdiyi direktora baxırdı. Hərdənbir telefon zəngləri və küçədən iri pəncərələrin önündən keçən maşınların gurultusu otaqda hökm sürən sükutu pozurdu, sonra yenə araya sakitlik çökürdü.

Direktor bir müddət dinməzcə qarşısındakı kağızlarla “şahmat” oynadı, onları o tərəf-bu tərəfə sürüşdürdü, nəsə əlavə qeydlər apardı, telefonun dəstəyini qaldırıb harasa zəng etdi, nəsə danışdı, elə danışa-danışa da sarı vərəqələrdən birini masanın sol tərəfindən qoparıb sağ tərəfdəki cərgəyə yapışdırdı və nəhayət, dəstəyi yerinə qoyub vərəqin birini ovcunda əzişdirdi, masanın altına atdı. Arxaya, kresloya yayxanıb əllərini başının arxasında çarpazladı. Gərgin telefon danışığının ətaləti altında Fikrətə baxa-baxa qətiyyən ona aid olmayan hansısa məsələ barədə giley-güzar eləməyə başladı:

– Heç dəxli var, sən allah, adam lap məəttəl qalır… Bunları hardan tapıb yuxarı  sürüşdürürlər, baş açmaq olmur… Biz belə şey görməmişdik… Deyirəm olmaz, edə bilmərəm, elə hey ayağını dirəyib ki, yox e, etməlisən, olmalıdır, vəssalam…

– Nə, Zeynal müəllim? Kimdir o? – Fikrət güclə çıxan asta səslə dedi.

Direktor sanki  xəyaldan ayılıb, dərhal kresloda dikəldi.

– Heç əşi… – dedi. Sonra gümrah tərzdə – Necəsən, ay Fikrət bəy? Nə var-nə yox? – soruşdu. – İşlərin necə gedir? Doktorskini yazıb qurtarmadın hələ?

Fikrət də stulda özünü dikəltdi:

– Sağ olun, Zeynal müəllim… Yazmışam, elə indi avtoreferatı çapa verib gəlirəm… Ona görə biraz gecikdim, üzr istəyirəm… Mətbəə dedi uzağı bir aya verəcək…

– Bir aya? Eh, mətbəənin nə vecinə sən günləri yox, saatları sayırsan. – Direktor yenə qarşısındakı kağızlara baxa-baxa onları o tərəf-bu tərəfə keçirtməyə, şahmat “rokirovka”sını davam etdirməyə başladı. O, gözünü qeydlərdən çəkmədən asta-asta, aram-aram danışırdı:

– Bilirsən niyə axtarıram səni? Bir təklifim var. Daha doğrusu iki təklifim var…  İkisindən birini seç… Urəyinə hansı yatsa onu… – Direktor danışdıqca intizardan və həyəcandan Fikrətin ürəyi tappıltı ilə döyünür, az qalırdı yerindən çıxsın. Amma didirektor danışığının tempini artırmaq əvəzinə daha da aşağı salırdı. – Demirsiz demokratiyadır, balam? Yenidənqurma-filan… Hər şeyi yenidən qurmaq lazımdır… Qurun görək nolur? – O bir qədər pauza verib yenə davam elədi. –  Amma sən də yaman çıxışlar edirsən ha, bəy… Xəbərim var… Alovlu tribun! Məqalələrini də oxuyuram… gətirirlər… Şair demişkən, dövran sizin dövrandır… Bizim vaxtlar olsaydı, çağırıb deyərdim, bilirsən nə var, yoldaş? Budu, budu, budu… Qərarı mən verirəm! Get icra elə… indi isə… zamana dəyişib… Nə isə…

Fikrət heç nə anlamırdı. Səbrlə Direktorun sözünün “məmmədqulusunu” gözləyə-gösləyə ürəyi üzülürdü. O isə elə bil qarşısındakına işgəncə verməkdən həzz alırmış kimi, başıaşağı kağızlara baxa-baxa mızıldanırdı:

– Nə isə… Necə olsa da, sənin xətrini istəyirəm… Çünki obyektiv adamsan. Yaxşı da alimsən. Perspektivli gənc kadrsan, gələcəyin var… Doktorluğu da deyirsən bitirmisən da? Lap əla! Avtoreferat-zad boş şeydir… Elmi işin həcmi, nə bilim, şriftin ölçüsü, intervalı, səhifələrin sayı-filanı düz gəlsin, qalanı asandır. Kimdir 400-500 səhifəni bitdə-bitdə oxuyan? Müdafiə Şurası özümüzük də, qorxma. Hesab elə ki, elmlər doktoru diplomu cibindədir. Sən banketə hazırlaş… Əsas başında biliyin olsun, yoxsa hər kağız alan alim olmur ki?! Düzdür? Amma bizim vaxtımızda, ooo… Müdafiə əsil it əzabı idi! Mövzunun təsdiqi bir dərd, minimum imtahanlar başqa dərd, rəhbərin nazı bir dərd, opponentlərin mızı ayrı dərd… eee…. Uzun həngamə idi! Təkcə dissertasiyanı yazmaqla iş bitmirdi. Sonra onu ruscaya tərcümə elətdir, Moskvaya göndər, VAK-dan cavab gözlə… Daha nə, nə, nə…. İş başa çatıb diplomu əlinə alanda adamın heç sevinməyi də gəlmirdi. Alıb atırdın bir qırağa, nə var, nə var, bioqrafiyana bir sətir də əlavə olunacaq. Ki, bəs kandidat nauk, ya doktorsan. Karyerada, mükafatda, maaşda-zada bəlkə nəzərə alına… Bəlkə… Bir də radioda, televiziyada çıxış edəndə, ya qəzetə məqalə verəndə imzanın altı boş qalmır, titulun yazılır, sən də fəxr edirsən… Vəssalam… Nə isə… Başını ağrıtdım.

– Yox, bu nə sözdü, Zeynal müəllim, xoşdur, maraqlıdır… Buyurun.

– Demək, səni niyə çağırmışam, hörmətli Fikrət bəy? – Direktor yenə dikəlib kresloya söykəndi. – Bir təklifim var. Daha doğrusu iki təklifim var… İkisindən birini seç…

Bu cümlələri ikinci dəfə idi təkrar edirdi. Fikrət düşündü ki, bu kişi mətləbin üstünə gələnəcən, bu kabinetdə onun ürəyi getməsə yaxşıdır. Zeynal müəllim isə bütün yaşlı adamlar kimi gənc kadra uzun-uzadı xatirə danışmaqdan, nəzəri-fəlsəfi nəsihətlərdən, təşkilati təcrübə və dünyagörüşü nümayişindən sonra, nəhayət, mətləbə doğru istiqamət aldı. Eyni arxayınlıqla əlini uzadıb masanın küncündəki bir qalaq sənədi özünə tərəf çəkdi, onların arasından bir rəsmi blank çıxartdı. Blanka baxa-baxa sözünə davam elədi:

– Demək məsələ belədir. İnstitutumuzda əlavə iki struktur bölməsi yaratmaq üçün  icazə almışam… Böyük işdir ha! İndi bunu almaq asan deyil e… – O barmağını barmağına sürtüb sonra birini yuxarı qaldırdı. – Amma mən heçnəsiz aldım. Öz nüfuzuma! Hələ köhnə yoldaşlardan qalır orada… Altı aydır Qərar layihəsini göndərmişdim “Sovmin”ə. Az qala hər gün də zəng edirdim. İşin üstündə durmasan, batdı. Evdə usta işlələyəndə də başının üstündə durmasan, xaltura eləyib gedəcək…

Direktor əlində tutduğu rəsmi blankı şərh edə-edə fəxrlə ucadan oxumağa başladı. Səsi boş otağın hündür tavanına dəyəndən sonra əks-sədası Fikrətin qulağına gəlib çatırdi. Uzun-uzadı preambuladan və üç bənddən ibarət sənədi nöqtəsinə-vergülünəcən ucadan oxuyandan sonra, direktor blankı yenə səliqə ilə digər sənədlərin arasına qoyub əvvəlki yerinə sürüşdürdü.

– Demək, bildin də, – dedi. – İki yeni struktur verilir bizə… Bu – həmin Qərardır. Hökumət Qərarın 3-cü bəndində Maliyyə nazirliyinə tapşırıq verir ki, işlərin qurulması üçün institutumuza filan qədər vəsait ayrılsın. Əladır! Yeni ştatlar, yaxşı maaşlar olacaq, texniki ləvazimat almağa, kommunal xərclərə, ezamiyyə pulu və sair də öz yerində. Amma biz gərək vəsait ayrılana kimi oturub gözləməyək, işimizi quraq.

– Bəli, əlbəttə. – Fikrət hələlik heç nə başa düşməsə də, nəsə demək xatirinə dedi.

Direktor davam etdi:

– Demək strukturun biri olacaq “Qarabağ Araşdırmaları” Elmi-Tədqiqat Mərkəzi. Şöbə statusunda… O biri də “Mətbəə-Nəşriyyat Kompleksi”. Necədir? Hə?

Öz şücaətindən fərəhlənən direktor gülümsəyə-gülümsəyə Fikrətə baxırdı. Fikrət hiss etdi ki, kişi zəhmətinin təqdirini eşitmək istəyir. Görünür, dediyi altı ay ərzində həqiqətən çox əziyyət çəkibmiş. O, kobudluq edib direktorun fərəhli halını pozmamaq üçün – “Əladır, Zeynal müəllim! Əhsən! Sizə olan xüsusi münasibətə görədir bu!” – dedi. Qərarla bağlı göstərdiyi şücaəti təqdir edə-edə, belə mühüm məsələyə nail olmağın tək institut üçün deyil, ictimaiyyət üçün də əhəmiyyətli olduğunu vurğuladı.

Fikrətin anlayış göstərməsindən xoşhal olan Zeynal müəllim daha da fərəhləndi:

– Afərin, Fikrət bəy, bax buna görə hörmətim var e sənə! Məsələnin məğzini dərhal tutursan! Bu bölmələr həqiqətən məndən çox, xalqımıza lazımdır… – dedi və səsinin tonunu aşağı salaraq başqa bir “sirr” açdı. – Amma hələlik heç kəs bilmir ha. Birinci sənə deyirəm. İndi gərək pul ayrılana qədər biz işimizi quraq.

Fikrətə hələ də aydın deyildi ki, niyə didirektor bu “sirri” onunla bölüşür və onlar birlikgə hansı “xəlvəti” işi qurmalıdırlar. Bəlkə də qarşısındakının təəccübləndiyini  sifətindən sezən direktor da axır ki əsas mətləbə keçdi:

– Səni çağırmaqda məqsədim var. Çox götür-qoydan sonra bu qərara gəlmişəm. İkisindən birini seç, hansını ürəyin istəyir! Ya “Qarabağ” Mərkəzinin müdiri, ya da Mətbəənin müdiri. Hansının üstünə barmağını qoysan, dərhal əmrini verəcəm.

– Mən?! – Fikrət qeyri-ixtiyari heyrətləndi.

– Bəli, sən, Fikrət bəy, sən… Seç!

“Niyə mən?” demək istəsə də duruxdu, bunun həm kobud, həm də yersiz olacağını dərk etdi. Bayaqdan bəri onu çiyinlərindən basıb stula sıxan ağır yük nəhayət,   götürülmüşdü. Xeyli yüngülləşmişdi. Hətta o qədər yüngülləşmişdi ki, oturduğu yerdə şar kimi havaya uçurdu, başı tavana dirənirdi, direktora yuxarıdan aşağı baxırdı…

Təklif onun üçün nəinki gözlənilməz, hətta ağlına gələ bilməyəcək qədər inanılmaz bir xəyal kimi idi. Bayaqdan özünü dağa-daşa vurub beynindən min cür fikir keçirsə də,  amma Zeynal müəllimin birdən-birə ona belə təklif verəcəyini heç ağlının ucundan da keçirtməmişdi. Keçirə də bilməzdi. Əvvəla, yeni strukturdan xəbəri yox idi; ikincisi də, adamın aşağı-yuxarı yüz dostu-tanışı, qohumu-əqrabası olduğu halda, kənardan birini çağırıb vəzifə təklif etməsi Sovetlər dağılandan bəri fantastik röya kimi görünürdü. Ən əsası da, direktorun belə jesti yazılmamış ümummilli qayda-qanun normalarına zidd idi.

***

…Zeynal Yaqublunu bu instituta keçən il direktor təyin etmişdilər. Bundan əvvəl o daha yüksək vəzifələrdə olub, təxminən nazirə bərabər status daşıyıb. Amma sözgəzdirənlər danışırdı ki, “məllim qabaqlarda nazirdən də böyük adam imiş!” Ziyalı ictimaiyyəti nədənsə, Zeynal Yaqublunu ancaq özünü düşünən, heç kimə təmənnasız kömək göstərməyən, heç nəyə qarışmayan “tıxsız balıq” kimi tanıyırdı. Yanvar hadisələrindən sonra ölkədə gedən siyasi proseslər zəminində başlanmış radikal islahatlar küləyi onun da kreslosunu titrətmişdi. Guya başqa babat vəzifələr təklif olunsa da, özü istəməyib. Ya ehtiyatlıqdan, ya təvazökarlıqdan xeyli aşağı səviyyəli sakit bir iş istəyib. Əksər partokratlar kimi “şirəyə” aldanıb tələyə düşməyib, hadisələrin gedişini düzgün qiymətləndirə bilib. Deyib partiya harda məsləhət bilsə, orda da müstəqil dövlətimə canla-başla xidmət etməyə hazıram. Hərçənd daha onun partiyası da yoxdur… Və əksər dövlət qulluqçuları kimi, işdən çıxandan sonra elmi-pedaqoji sahəyə üz tutub. Xalqa tərəf gəlmək seçimini ən doğru yol bilib və bu instituta gəlib.

Əvvəllər onunla adi elmi işçi Fikrət Əhmədlinin heç bir xüsusi münasibətləri olmamışdı. Arabir şəhərdə keçirilən elmi-praktik konfranslarda, beynəlxalq humanitar  simpoziumlarda görüşmüşdülər. Daha doğrusu, ümumi ortamda təsadüfən üz-üzə gəlmişdilər və – “salam-sağol!” səviyyəsində əlaqələri olmuşdu. Vəzifəsinə görə Zeynal müəllim həmişə Rəyasət Heyətində əyləşər, kütləyə qaynayıb-qarışmazdı. Arxa qapıdan səhnəyə çıxardıb Rəyasət Heyətində büst kimi oturdar, tədbir başa çatandan sonra isə “büstü” arxa qapıdan yola salardılar gedərdi… Bununla belə tədbirlərdə Fikrət söz alıb tribunaya çıxanda, ona diqqət yetirər, arabir başını tərpədib fikirlərilə razılaşdığını bildirərdi. Bəlkə də jurnallarda, dövri mətbuatda çıxan elmi məqalələrini də görmüşdü, özü oxumasa da tədqiqatları barədə əshabələri ona danışmışdı… Vəssalam. Bu gümanlar silsiləsindən başqa xüsusi əlaqələrini təsdiq edəcək ciddi bir fakt yox idi.

Direktor olandan sonra isə yenə də institut daxilindəki müxtəlif toplantılarda, ümumi yığıncaqlarda arabir görüşürdülər. Hərdən iclaslara Aparatdan, ya nazirlikdən hansısa rəsmi nümayəndənin gələcəyini biləndə o, Fikrət Əhmədliyə xəbər göndərib, çıxış etmək istəyib-istəmədiyini öyrənərdi. Mövzu Fikrətin ürəyincə olanda, yaxud deməyə yeni bir sözü, ictimai maraq kəsb edən elmi materialı olanda, çıxış istəyirdi, direktor da dərhal onun adını çıxışçılar siyahısına salırdı. İstəməyəndə isə nəzakətlə imtina edirdi və direktor da təkid eləmirdi. Yəni idarəetmə sahəsində böyük təcrübəsi olan sabiq partokrat kimi Zeynal müəllim situasiyanı həmişə düzgün qiymətləndirə bilirdi. Beləcə, indiyə qədər onların münasibətləri rəhbər – sıravi işçi müstəvisində stabil davam etmişdi.

İndi isə tamamilə gözlənilməz, eyni zamanda həm də çox cəlbedici təkliflə direktor bu münasibətləri birdən-birə neçə pillə yuxarı qaldırırdı. Hələlik Fikrət bu qəfil lütfün  səbəbini bilməsə də, bir neçə həyəcanlı dəqiqə yaşadı, susqun halda udquna-udquna döyükdü, tərəddüd içində nələrsə deməyə çalışdı. Anidən üzərinə qoyulan çox böyük, az qala taleyüklü seçim qarşısında özünü itirdi… Axır ki birdəhər iradəsini toplayıb, qalxdığı tavandan aşağıya, didirektorun səviyyəsinə endi və gözünü oturduğu stulda  açdı.

– Zeynal müəllim, – dedi. – Mənə böyük etimad göstərirsiniz, çox sağ olun. Ancaq, inanın ki… Əlbəttə, çox məmnunam, çox təşəkkür edirəm… Etimada görə sağ olun… Bilmirəm bacararam, bacarmaram…

Fikrət nələrsə danışdıqca direktor diqqət əlaməti olaraq qollarını sinəsində çarpazlayıb, boynu yana əyilmiş halda dodağını büzərək asta-asta başını yellədirdi. Bu “özəl” pozanın mənası o idi ki, bəli, düz deyirsən, həqiqətən sənə böyük etimad göstərirəm.

Fikrət daha yenə nələrsə dedi, danışdı, lap axırda yekun sözü bu oldu:

– …Açığı, Zeynal müəllim, təklifiniz mənimçün çox gözlənilməz olduğuna görə heç bir qərar verə bilmirəm. Əgər etiraz etməsəniz, heç olmasa bir gün fikirləşim. Sizə tələsik cavab vermək özü mənim tərəfimdən qeyri-ciddilik olardı. İcazənizlə rəyimi… qəti fikrimi… yəni  sabah… Olarmı?..

Direktor bir-birinə sıxılmış  büzülü dodaqlarını bir neçə dəfə sağa-sola oynadandan sonra (bu mimika isə gərək ki, onun fikirləşdiyini əks etdirməli idi), başını təsdiq əlaməti olaraq aşağı-yuxarı yellədi. Yəni: “Olar!” Və sonra qətiyyətlə, – “Sabah səhər saat 9-da burda ol!” – dedi.

Fikrət ayağa qalxıb bir daha etimada görə minnətdarlığını bildirmək istəsə də, direktorun daha onu dinləmədiyini, özünün sarı qeyd vərəqələrinin üstünə əyilib sevimli “şahmat rokirovkası” ilə məşğul olduğunu görüb sakitcə kabinetdən çıxdı.

***

…O gecə təbii, gözünə yuxu getmədi. Hey  düşünürdü ki, niyə axı mən?! Yataqda o üz-bu üzü üstə qıvrıla-qıvrıla götür-qoy elədi, dağı arana apardı, aranı dağa. Təklif o qədər gözlənilməz və cəlbedici idi ki, heç bir qərar verə bilmirdi. Vəzifələrin ikisi də gənc kadr üçün fantastik dərəcədə yüksək dəyərə malik idi. Hər birinin iş həcmini, vəzifə səlahiyyətlərinin hüdudunu, karyera perspektivini, institut daxilindəki ab-havanı, münasibətləri, az qala paytaxtın, ölkənin, regionun və bütün dünyanın çağdaş durumunu, real ictimai-siyasi, iqtisadi-mədəni vəziyyəti öz imkanları ilə tutuşdurub bütün xırda detalları beyninin süzgəcindən keçirirdi. Xəbər çox sevindirici olsa da, yükü o dərəcədə ağır idi ki, tərəddüdü səngimək bilmirdi. Vəzifənin prestiji yox, çiyninə götürəcəyi məsuliyyət hissi Fikrəti daha çox həyəcanlandırırdı. Sabah o özü barədə gülünc atmacalarla qarşılaşmamaq üçün vəzifənin bütün məsuliyyətini detallarınadək vicdanla ölçüb-biçir, imkanları ilə tutuşdururdu.

Bu münvalla az qala əzablar içində qovrula-qovrula nə qədər gözünü yumub yatmağa çalışsa da, hətta bir neçə dəfə yüzə qədər saysa da, beynində dolaşan  təfərrüatlar yuxusunu qovur, yatmağa imkan vermirdi. İç dünyasında aləm bir-birinə qarışmışdı: görən hansı işi daha yaxşı bacarar, nəyə gücü çatar, hansında etimadı doğrulda bilər, nüfuzunu itirməz, kənardan hansı daha yaxşı baxılar… və s.

Nə vaxt yuxuya getdiyini bilmədi. İntibah dahisi Leonardo da Vinçinin dediyi kimi,  yuxuya nə qədər can atsa da, yuxu gələndə bundan xəbəri olmadı.

***

Qəribəsi o idi ki, səhər oyananda ağlında hazır cavab var idi. Gecə keçirtdiyi bütün “işgəncələrə” baxmayaraq, beyninə hardansa seçim variantının gəldiyinə, didirektora verəcəyi cavabın hazır olduğuna özü də təəccüb elədi.

Saat 9-a beş dəqiqə qalmış artıq qəbul otağında idi. Düşünürdü, direktordan qabaq gedib qəbulda gözləsə daha hörmətli olar. Ancaq köməkçi onu görən kimi: – “Hə, Fika, gəldin? Keç içəri” – dedi. Adətən idarə rəhbərləri saat 10-dan tez işə gəlmir, amma sən demə, Zeynal müəllim köhnə adəti üzrə, həmişə 9-un yarısında kabinetində olurmuş.

İkilaylı qapını astaca taqqıldadıb içəri keçdi. Kabinetdə eynilə dünən axşamkı mənzərəni gördü. Zeynal müəllim qarşısına düzdüyü xırda sarı kağızlara baxır, qeydlər aparır, vərəqlərlə “rokirovka” edir, telefonun birini götürüb – birini qoyurdu.

Fikrət içəri girəndə o yenə başını qaldırmadan salam verib “Leninsayağı” jestlə əlini masanın qarşısındakı artırmaya uzatdı. Yəni gəl otur. Fikrət yaxınlaşıb göstərilən yerdə üzbəüz yanpörtü əyləşdi. Sanki əyri oturub düz danışmaq niyyətində idi… Tərəddüdlərini olduğu kimi deyəcəkdi. Çətin seçim qarşısında qalsa da, nəhayət, son qərara gəldiyini bildirəcəkdi.

Amma onun bütün həyəcanlarına baxmayaraq, direktor heç bir emosiya göstərmədi, Fikrətin əzablar içində çıxardığı son qərarı sakit dinlədi. Hətta bir az da laqeydcəsinə yana əyilib telefonların əhatəsindəki uzunsov selektorun düyməsini basdı. Köməkçiyə “Kadrlar şöbəsinin müdiri Arifə xanımı çağır!” – dedi. Kadrlar şöbəsinin müdiri gələnə kimi Fikrət dinməz oturdu, direktor isə sarı yapışqanlı kağızları ilə məşğul oldu. Yalnız kadrlar şöbəsinin müdiri Arifə xanım gələndən sonra o, diqqətini vərəqlərdən ayırıb Fikrətə baxdı: “Yaxşı, sən uzağa getmə – dedi. – Buralarda ol.”

Bir saatdan sonra direktorun qəbul otağının qarşısındakı elanlar lövhəsində iki əmr asılmışdı. Biri İnstitutda əlavə struktur bölmələrinin yaradılması barədə Hökumət Qərarının icrasını təmin etmək məqsədilə direktorun müvafiq bölmələrə tapşırıqları, ikincisi də baş elmi işçi Fikrət Əhmədlinin “Qarabağ Araşdırmaları” Elmi-Tədqiqat Mərkəzinin müdiri vəzifəsinə təyin olunması barədə əmri idi.

Xəbər ildırım sürətilə yayıldı. Bütün institut Fikrəti yeni vəzifəyə təyin olunması  münasibətilə təbrik edirdi. Hiss olunurdu ki, bu qəfil təyinat tək onun özü üçün yox, bütün kollektiv üçün də gözlənilməz olub. Müasir media dilində bu əsil “şok effekti” demək idi! Tanıdığı-tanımadığı adamlar onu təbrik edirdi. Və təbrik edənlərin səmimilik dərəcəsini təkcə bədən dilindən, sifətlərdəki ifadələrdən deyil, səsinin tembrindən, hətta əlini sıxarkən tətbiq etdikləri gücün amperindən hiss edirdi.

Təbrik seli seçimində yanılmadığını göstərirdi. Sanki birdən-birə institutdakı   statusu az qala on şkala qalxmışdı. “Üstünə barmağını qoyduğu” iş həm arzularına uyğun idi, həm də imkanlarına. Hərçənd mətbəə-nəşriyyat sisteminə də bələdliyi vardı, kitabları çıxanda nəşriyyatlarda olurdu, mətbəədə çap prosesini görmüşdü, bəlkə də o vəzifənin öhdəsindən daha asanlıqla gələ bilərdi. Amma Fikrət asan olana yox, mühüm olana üstünlük verməyi qərara almışdı. İmperiya caynaqlarından qurtulmaqda olan gənc müstəqil respublika indi çox ciddi problemlərlə üz-üzə idi. Onların ən ciddisi nankor qonşuların əli ilə ortalığa atılan süni “Dağlıq Qarabağ problemi” idi. Odur ki, bölgənin tarixini daha dərindən araşdırıb həqiqəti olduğu kimi yazmaq, yaymaq zərurəti vardı. Bu sahədə Elmlər Akademiyası, müxtəlif institut və universitetlər, humanitar təmayüllü qurumlar, mətbuat və kütləvi informasiya vasitələri indiyə qədər nə qədər çox iş görsə də, yenə öz həqiqətlərimizi dünyaya çatdırmaq üçün yetərli olmurdu. Bu istiqamətdə hamılıqla daha artıq çalışmaq lazım idi. Odur ki, ölkənin digər qurumları ilə yanaşı,  institutda yeni yaradılan “Qarabağ Araşdırmaları” Elmi-Tədqiqat Mərkəzinin də üzərinə böyük məsuliyyət yükü düşəcəkdi. Fikrət bunun fərqində idi və hər ağırlığa dözməyə hazır idi. Təki ölkənin məsul dövründə o da çiynini hansısa yükün altına verə bilsin.

Qarabağ mövzusunda elmi araşdırmalar aparmaq istəyi Fikrətin qəlbində hələ tələbə vaxtı, erməni şovinistlərinin Azərbaycan türklərinin başına gətirdiyi müsibətlər  barədə görkəmli tarixçilərin, filosofların, ədiblərin əsərlərini, müxtəlif elmi, publisistik məqalələri, tarixi kitabları oxuyanda baş qaldırmışdı. Azərbaycan xalqı üçün bu ağır, ağrılı taleyüklü məsələnin həllinə Sovet hakimiyyəti illərində kifayət qədər diqqət ayrılmadığı, əksinə maneələr yaradıldığı barədə yaşlı alimlərdən, qocaman müəllimlərindən çox eşitmişdi. İndi növbə yeni nəsilə çatmışdı və imkan yaranmışkən gənc alimlər Qarabağ tarixinə dair erməni saxtakarlıqlarının qarşısına çıxmalı, həqiqət sözünü deməli idilər. İllər uzunu tariximizdə örtülü qalan “ağ ləkələrin” aradan qaldırılması yolunda xidmət göstərmək, doğma Qarabağ diyarının mənfur düşmən şərindən qurtuluşu üçün var qüvvə ilə çalışmaq Fikrətin nəzərində hər bir qeyrətli vətəndaşın şərəf işi olmalıydı. Çoxdankı niyyətinin gerçəkləşməsi üçün məhz bu adla yaranan Elmi-Tədqiqat qurumuna rəhbərliyin, – özünün də bilmədiyi səbəblərə görə, məhz ona tapşırılması arzularını reallaşdırmaq yolunda böyük fürsət idi. O bu fürsəti Tanrının lütfü kimi göydən düşmə sanırdı. Və şükranlıqla bu fürsəti dəyərləndirməyə hazır idi.

Əmrin imzalanmasından sonra, direktor ümumi yığıncaqda Fikrəti təqdim etdi, yeni vəzifə münasibətilə rəsmən təbrik etdi, uğurlar arzuladı. İclasdan sonra ikilikdə oturub daha ətraflı, yerli-yataqlı söhbət etdilər. Mərkəzin perspektivi barədə mülahizələri,  nəzərdə tutulan planları, fikir-düşüncələri bölüşdülər. Direktor dedi, əlbəttə, bütün bu işlər ağır zəhmətlə yanaşı, həm də ciddi maddi-texniki təchizat tələb edir. Amma nə kömək lazımdır edəcəyik. Həm Hökumətin Qərarında zəruri vəsaitin ayrılması nəzərdə tutulub, həm institutun özünün maliyyə və kadr potensialından istifadə edəcəyik, həm də müasir dövrün imkanlarından istifadə edib çalışacam sizə sponsor tapım. Dedi, özəl  şirkətlərin biri ilə danışaram Mərkəzin qurulmasına texniki dəstək göstərsinlər. Əsas odur ki, sən təşkilati işlərin üstündə möhkəm dayan, obyektiv və prinsipial ol, hərçənd səndə bu keyfiyyətləri müşahidə etmişəm. Yenə də unutma, üzərimizə məsul vəzifə götürmüşük, elə olmasın ki, sabah bizə söz gəlsin…

Fikrət diqqət və qayğıya görə direktora təşəkkür elədi, öhdəsinə düşən vəzifənin məsuliyyətini yaxşı başa düşdüyünü dedi, əlindən gələni əsirgəmədən var qüvvə ilə çalışacağına söz verdi.

Söhbətin sonunda Zeynal müəllim təsərrüfat işləri üzrə müavini Vəli müəllimi  çağırdı. Yeni Mərkəz üçün uyğun yer seçimini və texniki xarakterli digər məsələləri həll etməyi ona tapşırdı. Dedi, bir neçə boş otağımız var, bərabər gedin baxın, gənc müdir haranı bəyənsə səliqəyə salın, hələlik ilkin olaraq zəruri mebellə, texniki avadanlıqlarla, dəftərxana ləvazimatları ilə təchiz edin, keçsin otursun, işə başlasın. Sonra orda hər şeyi təzələyəcəyik… Bax, elə olsun ki, kollektiv üçün normal iş şəraiti yaransın. İşləri çox olacaq, həm də ağır olacaq.

Vəli müəllim dərhal direktorun təklifinə hazır “layihə” irəli sürdü. İkinci mərtəbədə, pilləkənlə qalxanda sağ qanadda, dəhlizin axırındakı iç-içə otaqların boş olduğunu xatırlatdı. “Professor Tarxan Babanın kabineti boşdur, – dedi. – O gedəndən sonra ağzı bağlı qalıb. Qarşısında da iri bir otaq var. İcazə verin qapısını açaq, Fikrət müəllim birinci ora baxsın. Məncə ora uyğundur…”

Direktor daha dərinə getmədi: – “Qalanını özünüz həll edin”, – deyib söhbəti bitirdi.

Vəli müəllimin “projesini” Fikrət dərhal bəyəndi. Müdirin özünün kabineti çox böyük olmasa da, həqiqətən səs-küydən, əldən-ayaqdan uzaq bir küncdə yerləşməsi onu qane edirdi. Bura əsil elmi yaradıcılıq guşəsi idi. Qarşısındakı zala bənzər böyük otaq isə ən azı səkkiz-on nəfər əməkdaşın bir-birinə mane olmadan rahat oturub işləməsi üçün uyğun idi. Otaqları gəzib baxandan sonra, Vəli müəllim onlardan beş addım aralıda qarabaqara arxalarınca gələn təsərrüfat müdiri Yəhya kişini əli ilə yaxına çağırdı. Otaqları tərtəmiz silib-süpürməyi, səliqəyə salmağı, artıq əşyaları çıxardıb zirzəmiyə yığmağı tapşırdı. Fikrətə tərəf dönüb: “Zəruri mebeldi, avadanlıqdı-filandı, onları sonra gələrsiniz yanıma, siyahı tutarıq, həll edərik”, – dedi və tam səmimiyyətlə, sidq-ürəkdən gələn xoş niyyətlə əlini möhkəm-möhkəm sıxdı, uğurlar arzulayıb direktorun başqa tapşırıqları da olduğunu deyərək getdi. Təsərrüfat müdiri də otaqdakı artıq əşyaları çıxartmaq üçün fəhlə dalınca getdi. Fikrət otaqda tək qaldı.

Çox da böyük olmayan bu xudmani kabinetə giriş zalabənzər ümumi otağın içindən keçsə də, ona maraqlı gəlmişdi. Bir növ əyri-köndələn guşəyə bənzərliyi ilə bura əsil yaradıcılıq hücrəsi idi. Uzun illər ağsaqqal alim, tanınmış filosof, humanitar elmlər üzrə EA-nın müxbir üzvü, professor Tarxan Baba burda əyləşmişdi. Əslində onun soyadı Babalı idi, amma bütün elm aləmi, o cümlədən işlədiyi institutda hamı bu nurani kişiyə Tarxan Baba deyirdi. Özü də belə müraciətə etiraz etmirdi. Bir müddət əvvəl ağsaqqal professor iclasların birində “Yol gənclərindir” – deyib vəzifə ilə vidalaşmaq vaxtı çatdığını demişdi. Sonra həqiqətən ərizəsini yazıb təqaüdə çıxdı. Vəli müəllim otağı Fikrətə göstərəndə zarafatla dedi: “Vallah, göydəki kişi yerdəki işlərin hamısını  bilir! Elə sənin üçün boşaltdırıb buranı! Yoxsa kim öz xoşuna ərizə yazıb vəzifədən çıxar…”

Fikrət fəhlələri gözləyə-gözləyə otaqda var-gəl elədi. Olub-keçənlər barədə, ömrünün yeni mərhələsinin başlandığı barədə, vəzifənin fərəh gətirən özəllikləri barədə düşünə-düşünə küncdə divara dikili şüşəli dolaba yaxınlaşdı, rəflərdəki kitabları gözdən keçirtdi. Dolabın siyirtmələrini bir-bir açıb-örtdü, içindəki kağız-kuğaza, köhnə jurnallara, qəzet kəsiklərinə, müxtəlif əlyazmalara ötəri nəzər saldı. Bir-ikisini vərəqləyib baxdı. Ən alt gözdə qırmızı rəngli bir qovluq diqqətini cəlb elədi. Üzərinə “Məxfi” və “PPJ” sözləri yazılmışdı. Düşündü ki, görünür içində mühüm sənədlər var və bu “Məxfi” qrifli qovluğu professor ya unudub burda qoyub, ya da kişinin gözündən yayınıb qalıb.

Əyilib qovluğu götürəndə ümumi giriş qapısı hay-küylə açıldı. Yəhya kişi arxasınca iki nəfər fəhlə deyişə-deyişə içəri girdilər. Sanki dağı-dağ üstünə qoymağa gəlirlərmiş kimi, qapıdan girər-girməz Yəhya kişi ucadan dedi: “Hə, biz hazır, müdir! Buyur görək?”

Fikrət əlindəki qırmızı qovluğu yazı masasının üstünə qoyub:

– Yəhya dayı, – dedi, – hər iki otaqda kitab, dəftər, qəzet, jurnal, kağız-kuğaz nə   görürsünüzsə, hamısını daşıyın aparın, zəhmət olmasa. Bircə bu köhnə dolab, Sovetdən qalma bu dəmir seyf və yazı masası qalsın otaqda…

Yəhya kişi elə bil “Hara?” sualını ağzında hazır tutmuşdu. Sualı verdi və cavabı  gözləmədən ətrafa göz gəzdirib öz-özünə: “Dədə, bu boyda zibili hara daşıyaq?” – dedi.

Fikrət gülümsündü:

– Bunlar zibil deyil, Yəhya dayı, bunlar qızıl külçələridir. Görünür Tarxan Baba ona  lazım olan qədərini beyninə yığıb aparıb… Bunlar da kiməsə lazım ola bilər…

Yəhya kişi ya Fikrətin nə dediyinin fərqinə varmadı, ya da onun “kreativliyinə” məhəl qoymadı. Üzünü fəhlələrə tutub “komanda” verdi:

– Hə, di siz başlayın. Bu iki otaqda nə görürsünüz ha, dəftər, kitab, qəzet, jurnal, kağız-kuğaz, hamısını daşıyın zirzəmiyə. Heç nə qalmasın. Sonrasına baxarıq, Vəli müəllim nə desə elə eləyərik… Təkcə bu şkafa, bu seyfə, bu stola dəyməyin.

Fəhlələr işə başlayanda Yəhya kişi Fikrəti otaqdan çıxartdı:

– Müdir, sən çıx dəhlizdə gözlə. Buralar toz olacaq, – deyib üzünü yenə fəhlələrə tutdu. – Biriniz də qalxın o pəncərə pərdələrini açın. Sapsarı saralıb hamısı. Bura təzəsin verəcəm.

Sonra yenə Fikrətə tərəf dönüb “tapşırığını” daha da təkmilləşdirdi:

– Müəllim, hələlik istəyirsən get bir çaydan-zaddan iç bufetdə. Biz işimizi qurtaraq, xadimələr gəlib döşəməni, qapı-pəncərəni yaxşıca silib-süpürsün, yusun, şkafın, stol-stulun tozunu alsın, sonra gələrsən… Olar?

Fikrət: “Olar, işinizi qurtaranda xəbər edərsiniz”, – deyib yır-yığış vaxtı it-bata düşməsin deyə masanın üstünə qoyduğu “Məxfi” qrifli qovluğu da götürüb otaqdan çıxdı. Fikirləşdi ki, sabah professora zəng edib özünə çatdırar.

***

Ancaq nə sabah, nə o biri gün Tarxan Babaya zəng vura bilmədi. Ona aid olan qırmızı qovluğu yır-yığışdan sonra əvvəlki yerinə, dolabın alt siyirtməsinə qoyub uyğun vaxt tapanda danışmağı düşündü. Ancaq heç cür uyğun vaxt tapa bilmirdi. Çünki hər gün yeni Mərkəzi səliqəyə salıb zəruri avadanlıqların gətirlməsi, yerbəyer edilməsi, mebel, stol-stul, dəftərxana avadanlıqları, kompüter və printerlərin daşınması, qurulması ilə məşğul olurdu. Şöbə sıfırdan yaradılırdı.

Nəhayət, otaqları səliqəyə salıb təzəcə əyləşmişdi ki, direktor çağırdı. İş otaqları barədə fikrini soruşdu, gələcək planları ilə maraqlandı, xüsusən kadr məsələləri ilə bağlı fikir mübadiləsi apardılar. Fikrət tanıdığı, elmi qabiliyyətinə, yazı-pozu bacarığına bələd olduğu adamlar barədə məlumat verib onları işə götürmək istədiyini bildirdi. Direktor kadr seçimində şöbə müdirinə tam sərbəstlik verdiyini vurğuladı: “Bax, onlarla sən işləyəcəksən, kimi məsləhət bilirsən götür, mən etiraz etmirəm. Sadəcə çalış problemli adamlar olmasın…”  Eyni zamanda özü də bəzi işçilərin namizədliyini irəli sürdü, amma  yenə heç birində israr etmədi. Yalnız bir nəfər tarix elmləri doktorunun şəxsi işini Fikrətə verib tanış ol dedi, buna da bir iş ver işləsin, Akademiyadan məşhuri-cahan bir professor qadın xahiş edib.

Bir-neçə gündən sonra Fikrət nəzərdə tutduğu kadrların təqdimatlarını yazıb direktora verdi. Heç birinə etiraz olmadı. Dərkənar qoyub köməkçini çağırdı. Təqdimatları əmr hazırlanması üçün kadrlar şöbəsinə göndərdi. Köməkçi çıxanda direktor nəyisə yadına salıb Fikrətin üzünə baxdı:

– Bəs Akademiyanın xahişi? – dedi.

Fikrət tapşırılan adamın şəxsi işini qovluğundan çıxardıb masanın üstünə  qoydu:

– Tanış oldum.

– Tanış oldun… Bəs sonra? Təqdimatı hanı?

Fikrət əvvəlcə susdu. Sonra astadan: “Təqdimatsız olmaz?” – dedi.

Arif adam olan direktor dərhal cavab verdi:

– Olar! – deyib selektorun düyməsini basdı.

Dəstəyi kadrlar şöbəsinin müdiri götürdü:

– Eşidirəm, Zeynal müəllim.

– Arifə xanım, – direktor Fikrətə baxa-baxa danışırdı, – indi Sizə yeni struktur bölməsi üçün Fikrət Əhmədlinin yazdığı təqdimatları gətirəcəklər, əmr hazırlayanda bir yoldaş var, onu da əlavə edin. – O, masanın üstündəki şəxsi işi qarşısına çəkib üstünü oxudu: – Məmişov Fəsad. Neft-kimya institutunda işləyir. Köçürmə yolu ilə bizə gələcək.  Əmrlərin hamısı hazır olanda gətirərsiniz qol çəkim.

– Baş üstə, Zeynal müəllim. Vəzifəsi nə olacaq? – Arifə xanım nəzakətlə soruşdu.

Direktor yenə Fikrətə baxa-baxa:

– Görün Fikrət müəllimin təqdimatlarından sonra şöbədə hansı boş yer qalır ştatda, ora yazın getsin, – dedi.

– Baş üstə. Ad-familiyası necə oldu, Zeynal müəllim? Fəqan kimov?

– Fəqan yox… – O yenə şəxsi işin üstünə baxdı. – …Yaxşı, indi göndərərəm şəxsi işini. – Direktor Arifə xanımla söhbətini bitirb Fikrətə dedi: – Sən get işlərində ol. Özüm həll edərəm.

Fikrət sağollaşıb çıxdı.

***

Sonrakı günlərdə institutun illik hesabatına dair geniş iclas oldu, müxtəlif  toplantılar, tədbirlər keçirildi, direktoratın təcili tapşırıqları, kadr və maliyyə məsələləri… Bir sözlə, təzə müdirin işi başından aşdığı üçün Tarxan Babanın “Məxfi” qovluğu yada düşmədi.  İşə götürülən təzə əməkdaşlarla fərdi söhbətlər, iş bölgüsü, şöbənin funksiyaları, işin mahiyyəti, gələcək planlar barədə müzakirələr… Bir sözlə, şöbə yavaş-yavaş komplektləşdikcə iş həcmi artır, Fikrətin boş vaxtı isə azalırdı.

Kollektivlə ilk ümumi toplantıda o, şöbənin rəhbəri kimi bəzi daxili qaydalardan, nizam-intizam məsələlərindən söz açdı. Mərkəzin funksiyaları barədə ətraflı məlumat verdi. Şöbənin öhdəsinə düşən iş həcmi barədə Zeynal müəllimin tövsiyyələri daxil, arzu və düşüncələrini bölüşdü. Vurğuladı ki, bizə çox məsul iş etibar olunub, gecə-gündüz çalışmalıyıq. “Qarabağ Araçdırmaları” Elmi-Tədqiqat Mərkəzində elmi-nəzəri və pratiki cəhətdən ciddi təhlillərin aparılacağına diqqəti yönəltdi, əsas istiqamətləri sadaladı. Dedi hər şeydən öncə biz Azərbaycan tarixində Qarabağın tədqiqinə dair mövcud olan faktları, sənədləri bir yerə toplamalıyıq ki, problemin ümumi mənzərəsini aydın görə bilək. Təbii, bu baxımdan qədim “Qarabağnamə”lər daxil bütün yerli və xarici tarixi qaynaqların, hadisə və faktların müasirlik kontekstində yenidən araşdırılması, qiymətləndirilməsi, tədqiqata cəlb edilməsi, mənfi və müsbət meyillərin sistemli şəkildə təhlili, ümumiləşdirmələrin aparılması gələcək şöbənin işinin düzgün istiqamətdə qurulması üçün faydalı olardı.

Şöbə müdiri əməkdaşlara Elmi-Tədqiqat Mərkəzində “Qarabağ həqiqətləri” adlı elektron səhifənin yaradılmasının da nəzərdə tutduğunu dedi. Bildirdi ki, dərdimizi öz içimizdə, qəzetdə, jurnalda, radioda, televiziyada, iclaslarda, yığıncaqlarda deyirik, yazırıq, bu – yaxşıdır. Amma kifayət deyil, təkcə özümüz deyib, özümüzün eşitməyək.  Qarabağ həqiqətlərinin dünyaya daha dolğun və obyektiv çatdırılması üçün Qarabağın tarixi, maddi mədəniyyəti, dini abidələri, mənəvi dəyərləri haqqında geniş araşdırılmalar aparıb materialları müxtəlif xarici dillərdə açacağımız internet portalda yerləşdirməliyik ki, bizə məlum olan həqiqətləri dünya ictimaiyyəti də bilsin. Qarabağ haqqında müxtəlif kitablarda, elmi jurnallarda dərc olunan məqalələrin, konfrans materiallarının elektron formatda təqdim olunması ictimai səmərə baxımından əhəmiyyətlidir. Erməni təbliğatının yüz illərdir yaydığı saxta materiallara qarşı əks-təbliğat işinin qurulması, yalanların ifşası fəaliyyətimizin mühüm aspektlərindən olmalıdır.

Dedi, biz bir komanda kimi kollektiv şəkildə hazırlayacağımız analitik materialların təhsil, tədris prosesində, gənc nəslin biliklərinin artırılmasında da böyük əhəmiyyət kəsb edəcəyini nəzərə almalıyıq. O, Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunub saxlanması, Qarabağa dair həqiqətləri yaymaqla erməni saxtakarlığına qarşı mübarizə platformasının hazırlanması istiqamətində həyata keçirilən dövlət siyasətinə dəstək verməyin məsul və şərəfli iş olduğunu vurğuladı. Bildirdi ki, hazırlayacağımız materiallarda Azərbaycan xalqının qədim, zəngin mədəniyyəti ilə yanaşı, müstəqil Azərbaycanın müasir dövr reallıqları da öz əksini tapmalıdır. İnstitutda Qarabağa dair “dəyirmi masa”lar, seminar və konfranslar, müxtəlif görüşlər keçirtmək, gələcəkdə ölkə xaricində fəaliyyət göstərən elmi müəssisələrlə, mədəniyyət mərkəzləri ilə, universitet  və institutlarla əlaqə saxlayıb qarşılıqlı surətdə elmi əməkdaşlıq münasibətləri qurmaq barədə direktorla razılığa gəldiyini də əməkdaşların diqqətinə çatdırdı.

Bütün danışılan perspektiv planlar nə qədər geniş və çoxşaxəli olsa da, işin ağırlığı heç kimi qorxutmadı, əksinə məmnunluqla qarşılandı, hətta imperiyadan qurtulan doğma vətənə xidmət amalının önə çəkilməsi hamıda xüsusi əhval, ruh yüksəkliyi yaratmışdı. Fikrət qarşıda duran mühüm əhəmiyyətli işləri layiqincə görmək üçün danışdıqlarının stimullaşdırıcı amil kimi təqdir olunduğunu gördükcə, əsas məqsədə doğru inamla gedə biləcəklərinə özü də sevinirdi. Bu, şöbə müdiri kimi onun üçün çox vacib idi. Bir-bir seçib topladığı komanda üzvlərinin şəxsi məsuliyyətini direktor tamamilə şöbə müdirinin üzərinə qoymuşdu!

Direktorla söhbətlərin birində Fikrət yeni şöbənin xətti ilə institutda “Erməni saxtakarlığı və tarixi həqiqətlər” mövzusunda elmi konfrans keçirtmək təklifi vermişdi.  Sonra da  konfransın materiallarını elə institutun təzə qurulan mətbəəsində kitab halında nəşr etmək olardı. Onun şifahi izahdan başqa, həm də yazılı surətdə təqdim etdiyi hazır plan-prospektlə tanış olan Zeynal müəllim dərhal razılığını vermişdi. İndi bütün başqa işlərlə yanaşı, işçiləri həmin konfransın hazırlığı prosesinə, şöbənin ilk böyük tədbirinə  səfərbər etmək də gündəmdə idi.

Bütün bunlarla yanaşı təbii ki, Fikrətin özünün yarımçıq qalmış elmi işləri, məqalələri, AAK üçün sənədlərin hazırlanması, mətbəədə çap prosesində olan avtoreferatın siqnal nüsxəsini alıb oxumaq, korrektə edib mətbəəyə qaytarmaq və digər şəxsi qayğıları vardı.

Bir sözlə, hər gün gənc müdirin üzərinə iş axını sel kimi gəlirdi. Elmi-yaradıcı və  təşkilati məsələlər ard-arda başının üstünü kəsdirirdi. Göz açmağa macal vermirdi. Səhər gələndən işə-gücə başı elə qarışırdı ki, axşamın nə vaxt düşdüyünü hiss etmirdi. Çox vaxt heç günorta nahara da çıxmırdı. İşi və iş yeri ürəyincə olduğundan özünü bütünlüklə elmi yaradıcılığa həsr etmişdi. Direktorun köməkçisi demişkən: “Fika öz guşəsinə çəkilib bütün varlığı ilə işə can yandırırdı”…

***

Nəhayət, aradan xeyli keçəndən, şöbənin işlərini nisbətən nizama salıb qismən  arxayınlaşandan sonra, Fikrət imkan tapıb professor Tarxan Babaya zəng vurdu. Professor Fikrətin təzə vəzifəyə təyin olunduğunu, hətta onun kabinetində əyləşdiyini  eşidib ürəkdən sevindiyini, arada direktorla danışanda bu təşəbbüsünə görə ona təşəkkür etdiyini bildirdi. Gənc və perspektivli kadra uğurlar arzulayıb, bəzi məsləhətlər də verdi. Təbii, Fikrət etika çərçivəsində onun bütün məsləhətlərini dinməzcə dinləyib, təşəkkür elədi. Öz növbəsində, şöbənin işləri barədə professora məlumat verib gələcək planlarından, dissertasiyasından danışdı, şöbənin ilk böyük tədbiri kimi “Erməni saxtakarlığı və tarixi həqiqətlər” mövzusunda elmi konfransa hazırlaşdıqlarını dedi.  Mövzu Tarxan Babanı çox maraqlandırdı, belə mühüm konfrans keçirtmək niyyətinə görə gənc alimə afərin dedi. Fikrət isə cavabında reverans edərək: “Bizdən öndə gedən nəslin böyük həyat təcrübəsindən öyrənmək, məsləhətlərini dinləmək, onların təqdirini qazanmaq çox xoşdur, hörmətli professor”, – dedi.

Adətən yaşlı adamlar belə həssas münasibətdən çox məmnun olurlar. Hətta ən adi diqqətdən, xoş sözdən ömürlərinin hədər getmədiyi fikrilə özlərinə təsəlli verir, bəlkə  daha mənəvi dinclik tapıb rahat yaşayırlar. Fikrət də professora pensiya dövründə rahat və uzun ömür  arzulayıb, söhbətin sonunda qırmızı qovluğu yadına saldı. Dedi, üzərində “Məxfi” və “PPJ” sözləri yazılmış qovluğunuz burada qalıb. Dolabın alt siyirtməsində. Haçan hara desəniz gətirə bilərəm, ya da kimisə göndərin qovluğu verim Sizə çatdırsın.

Professorun reaksiyası gözlənilməz oldu. Əvvəlcə heç bir cavab vermədi, xeyli susdu. Fikrət onun nə qərar verəcəyini səbrlə gözlədi. Hannan-hana telefonun o  başından Tarxan Babanın xırıltılı səsi eşidildi. Qoca professor dərindən köks ötürüb,  asta-asta danışdı:

– Mənim deyil o qovluq, oğul… Mən də ora gələndə qovluğu kabinetdə gördüm… Küncdəki dolabın ən alt siyirtməsində… Məndən əvvəl o otaqda məndən də bilikli, savadlı, çox mədəni, səviyyəli bir adam əyləşirmiş. Qovluq onundur. O kişini şəxsən tanımırdım. Amma köhnə işçilər onun haqqında çox yaxşı danışırdılar. Acı taleyi olubmuş. Atası 37-də repressiyaya uğrayıb; əvvəl tutub güllələyiblər, sonra da evinə bəraət kağızı göndəriblər ki, bəs, bağışlayın, səhv olub… Sən demə kişinin uğurunu gözü götürməyən öz yaxın iş yoldaşı, həmkarı donos yazıbmış… O vaxt da ağına-bozuna baxan kim idi… Atası güllələnəndən sonra anası da əsəb xəstəliyinə tutulur… Eh… Nələr olmur bu fani dünyada, ay oğul… Həmin bədbaxt adam hər gün gəlib vaxtilə mənim, indi isə sənin əyləşdiyin o balaca kabinetə girər, axşama kimi yazı-pozu ilə, mütaliə ilə məşğul olar, axşam da dinməz-söyləməz portfelini yığışdırıb evinə gedərmiş.  Ömrü boyu tək yaşayıb, heç kimi olmayıb… Bu dünyada gördüyünü-görübmüş deyə heç nəyə qarışmırmış, heç bir tədbirə qatılmırmış, adamlarla sıx ünsiyyətdən qaçırmış… Və ömrünün sonlarında öz guşəsinə çəkilib tənha həyat sürüb… Təsəvvür edirsənmi, adam həm tək ola, həm də tənha… Bu dəhşətdir! Qırmızı qovluğu da həmin adam qoyub gedib… Sənin kimi mən də onu çox axtardım ki, qovluğu verim özünə, amma tapa bilmədim. İşdən çıxandan sonra deyəsən şəhərdən də köçüb getmişdi. Dedilər, küskün taleyi bir yandan, yuxarılardan gördüyü biganəlik də bir yandan incidib onu, qəlbi sınıb… Pensiyasının vaxtı çatan kimi ərizəsini yazıb, sus-pus çıxıb gedib. Adam sanki qeybə çəkilib… Nə isə, mən də məcbur olub ona məxsus həmin qırmızı qovluğu açdım, dedim bəlkə içində vacib sənədlər var… Nə görsəm yaxşıdır?! Bir dəstə məktub! Götürüb birini oxudum, sonra ikincini… Üçüncü vərəq dedi məni də oxu, oxudum, sonra beşinci, onuncu… Yazılar aldı apardı məni. Oxunduqca oxudum. Hamısını… Oxudum və çox pis oldum, ay Fikrət… Çox!.. Deyim sənə, kəsəsi – bu bir qəribə hekayət idi. Xeyli vaxt təsirindən çıxa bilmədim… O məktublarda bizim vaxtilə yaşadığımız Sovet dövrünün hay-küylü, pafoslu, saxta şüarçılıq mühitindən tam fərqli özgə bir dünya var. Cəmiyyətdə ikili həyat yaşamağa məcbur olan… bəli, məcbur olan adamların əzab çəkən ruhu  danışır o məktublarda… Nə başını ağrıdım, qovluğu bağlayıb öz yerinə qoydum. Dolabın ən alt siyirtməsinə. Və bir daha ona əl vurmadım. Nə ata bildim, nə aça bildim onu. Otuz ildir qalıb orda… Ürəyin istəsə, aç oxu… Sən cavansan, sən o məktublarda yazılanları daha yaxşı başa düşərsən…

Gözlənilməz cavab idi. Professorun dedikləri gənc müdiri çox həyəcanlandırdı, maraq onu bürüdü, qovluğun içini, başqa dünyadan gələn o məktubları görmək istədi.

– Oxuyum, bəs sonra nə edim, professor? – soruşdu.

Tarxan Baba yenə susdu. Elə bil nəyisə yadına salıb dedi:

– Sonra? Hə, sonra da…  – söhbəti dəyişdi. – Pensioner qocanı da konfransa çağır.

– Bu nə sözdür, professor, böyük məmnuniyyətlə. Təki Siz gəlmək istəyin. Bizim üçün şərəfdir. Siz işdən təqaüdə çıxmısınız, alimlikdən ki yox! Bayaq dedim, sizin kimi nüfuzlu,  təcrübəli adamların biliyinə, təcrübəsinə çox ehtiyacımız var. Sizdən öyrənmək ancaq xeyrimizə olar. Məşhur deyimdir, “Keçmişə güllə atsan, gələcək səni topa tutar”…

– Hə, məşhur deyimdir… Amma… Bir tanınmış şairin kitabında yazılıb bu… Daha doğrusu, o şairin əvəzinə kitabı yazan, sonra da guya orijinalı ruscaya tərcümə edib Moskvada çapa verən bir tərcüməçi yazıb bu kəlamı.

– Şairin əvəzinə kitabı yazan tərcüməçi? O kimdir elə, professor? – Fikrət  gülümsündü. – Siz lap sirrlər xəzinəsisiniz.

– Yox, şairin kimliyini deməyəcəm, çünki zəhləm gedir ondan, biz tərəflərdən olsa da, o vaxt Qarabağ məsələsində ermənilərin tərəfini tutdu boynuyoğun. Moskva uşağıydı da… “Drujba narodov” ideyasına görə millətlərarası “Dostluq” adıyla   propaqandasını yapıb şişirtmişdilər… Bizdə də çox olub eləsi. O vaxt belə məsələlər  dövlət siyasəti sayılırdı… Hamısı öldü getdi, unuduldu… Nə isə, konfransda iştirakıma icazə verirsənsə, çox sağ ol. Amma gərək qabaq sıralarda yer saxlayasan, yoxsa arxadan nə gözüm görəcək, nə qulağım eşidəcək…

– Sizin yeriniz gözümüzün üstündədir, professor… Mənim də bir təklifim var.

– Buyur, Fikrət bəy.

– Konfransda iştirakınız çox xoşdur, fəxrdir, amma bu – azdır. Təklif edirəm həm də  çıxış edəsiniz. Mövzu ətrafında fikirlərinizi söyləyin, müzakirələrdə iştirak edin… Xahiş edirəm!

Tarxan Baba yenə adəti üzrə xeyli fikirləşəndən sonra dedi:

– Gənc kadra kömək etmək borcumuzdur. Təklifin qəbul olunur. Həm də yadıma bir məqaləm düşdü, sizin mövzuya uyğundur. Məncə onu konfransa təqdim etmək olar… Sovet vaxtı “Erməni məsələsinə”, “Qarabağ probleminə” toxunulmurdu, bilirsən.  Ermənilərin “xətrinə” dəymək olmazdı! Ona görə də həmin yazımı çap eləmədilər. Özümüzünkülər, əlbəttə. İndi dövran dəyişib, əgər etiraz etməsən, o yazıya bir əl gəzdirim, redaktə edim, yeni faktlarla necə deyərlər aktuallaşdırıb konfransda çıxış kimi oxuyum. Sizin mövzuya uyğundur məncə.

– Etiraz nə demək, professor?! Əla olar! Sevinərik. Təki Siz tribunaya qalxın. Məmnuniyyətlə hər kəlməniz qəbulumuzdur.

– Onda adımı yaz siyahıya. Çıxışın mətnini göndərəcəm, bax, rəyini bildir.

– Göndərin, professor, sevə-sevə oxuyaram. Sizin kimi ustadın qələmindən çıxan yazıya mən nə rəy verə bilərəm?! Təki tədbirə qatılın, şərəf vermiş olarsınız. Yazınızı həm də konfransın materialları dərc olunan topluya daxil edərik.

– Bu lap əla olar! Bizdən sonrakılar da oxuyar. Təşəkkür. Bir-iki günə göndərərəm.

Dəstəyi qoyandan sonra Fikrətin yadına düşdü ki, axı, qırmızı qovluqla nə etmək lazım olduğu barədə sualına cavab almadı. O qarşısındakı qovluğa baxa-baxa qalmışdı. Beynindən yüz cür fikir keçirdi. Görən bu qovluqda yaşlı professoru həyəcanlandıran nə ola bilərdi? Orda hansı sirli mətn var ki, dünyagörmüş qoca kişini bu qədər təsirləndirib? Və onu unutmayıb, otuz il qoruyub saxlayıb. Maraq hissi Fikrətin bütün diqqətini var gücü ilə al qırmızı qan içində yaralı quş kimi masanın üstündə uzanan qovluğa doğru çəkirdi. Ordakı müəmmalı materialı görmək istəyi onu tərk etmirdi. Bəs bu “PPJ” nə deməkdir? Bu nə abbreviaturadır, açması nədir görəsən?

Fikrət beynində cürbəcür fikirlər dolaşa-dolaşa qeyri-ixtiyari qovluğun üstündəki bozarmış köhnə qaytanın ucundan tutub özünə tərəf çəkməyə başladı. Ürəyində isə pıçıltı ilə “Açıl sim-sim, açıl…” – deyirdi.

Və qovluq açıldı.

İçərisindəki bir dəstə məktubdan ən üstdəkini ehmalca götürüb o üz-bu üzünə baxdı, oxumağa başladı. Cümlələrin axıcılığı Tarxan Baba kimi onu da özünə cəlb elədi. Professor demişkən, oxunduqca oxudu. Və oxuduqca oxunan fikirlərin axarına düşdü.

Çoxdan üst-üstə yığılıb qaldığından bir-birinə yapışıb rəngini itirən boz vərəqlər qara qələmlə, kiril əlifbasında səliqəli xəttlə yazılmışdı. Sətirlərin səliqəsindən və sözlərin bir-birinin ardınca muncuq kimi düzülüşündən görünürdü ki, yazan kim imişsə çox səbrli və zövqlü adammış. Hər məktubun əvvəlində sıra sayı, tarixi, sonunda isə həmin abbreviatura vardı – PPJ. Ancaq sıra rəqəmləri ardıcıl deyildi. Demək, burda məktubların hamısı yox, yalnız bir qismi vardı. Arada çatışmayan məktublar ya əvvəldən məhv edilmişdi, ya da sonradan it-bata düşmüşdü. Bu cavabsız məktublar bir qadının sevdiyi insanla açıq, səmimi və birtərəfli söhbəti kimi yazılmışdı. Bir növ daxili monoloqlara bənzəyirdi. Hiss olunurdu ki, qadın ürəyindəkiləri ucadan deyə bilmədiyi üçün sirrini vərəqlərə etibar edib. Ancaq kişinin cavab məktubları nədənsə yox idi.

“PPJ” imzalı naməlum qadının “məxfi” məktubları ilə tanış olduqca, gənc Fikrət də qocaman professor kimi qəribə hisslər keçirirdi. Tarxan Babanın həyəcan dolu sözlərinin nədənini anlamağa başlayırdı. Məktub müəllifinin cümlələri o qədər səlis, axıcı, fikirləri o dərəcəd mənalı və məntiqli idi ki, gözünü vərəqdən ayıra bilmirdi. Bu vaxta qədər eşq-məhəbbət mövzusunda çox bədii əsərlər oxusa da, sevginin belə yüksək izharına, belə sirli təsvirinə az rast gəlmişdi. Qarşısındakı isə bədii əsər yox, real həyat və real insan duyğularının əksi idi. İllərlə qapalı qalan bu cansız kağızlar böyük bir sevgi ehtirasıyla canlı-canlı nəfəs alırdı.

Yazıldığı tarixə və mətnlər arasındakı bəzi rusca sözlərə, cümlələrə əsasən, məktubların ötən əsrin ortalarında, Sovet dövründə yazıldığı aydın olurdu. Xüsusən, dil amili o dövrün əsas əlamətlərində idi. Rəsmi təbliğatda keçmiş Sovetlər İttifaqının guya 15 respublikanın könüllü birləşməsindən yarandığı deyilsə də, əslində Çarizm zamanında olduğu kimi, Sosializm dönəmində də bu birləşmə imperiya gücü hesabına  baş tutmuşdu və faktiki hegemon Rusiya “mərkəz”, qalan respublikalar isə “əyalət” sayılırdı. Rusiya Federasiyasının ətrafında sərhədləri boyunca dövrələmə “çəpər” kimi düzülən respublikalar ancaq “təhlükəsizlik qurşağı” funksiyasını daşıyırdı. Hamısı öz sərvətindən paytaxt Moskvaya “bac-xərac” verdikləri kimi, həm də rus dili, rus tarixi, rus mədəniyyəti onlar üçün orientir idi. İttifaqın daxilində insanların inkişafı, cəmiyyətdə hər hansı mövqe tutması, uyğun iş tapması, vəzifə pillələri ilə irəliləməsi məhz rus dilini bilmək səviyyəsindən asılı olurdu. Bütün bu səbəblərdən Fikrət naməlum qadının məktublarındakı rusca parçaları dövrün əlaməti olaraq anlayışla qarşıladı.

O, mətnləri kimi kağızları da kövrək olan məktubları bir-bir oxuyub ehmalca kənara qoyurdu.

***

Naməlum qadının məktubları

1-ci məktub. // 19.XI.1961, 04:30

…Xahiş edirəm oxu, cır at və heç nəyi üzümə vurma.

Bütün öləri insanlardan seçildiyi və ucada dayandığı üçün “Dostluq Sarayı”nın qapıları üzünə taybatay açılmış dostum!

…Münasibətlərimizin ilk günündən mən belə bir məqamın gəlib çatacağından qorxmuşam və mən bilən bu barədə kiçik bir söhbətimiz də olub. Amma heç vaxt bu dostluqdan qaçmağa can atmamışam, çünki bunun hər ikimiz üçün ruhi ehtiyacdan doğduğunu hiss eləmişəm və aramızdakı bizi fərqləndirən heç nəyə baxmayaraq, fikirlərimi səninlə bölüşməkdən çəkinməmişəm. Çünki hər ikimiz uzun illər taleyin bizə “bəxş etdiyi” amansız oyuna məruz qalıb, cismən yaxın olduğumuz adamlardan ruhən çox-çox uzaq olmuşuq. Əgər belə olmasaydı, bizi heç bir səbəb bu tarixi və amansız (şəxsən mənim üçün) mərhələyə gətirib çıxartmazdı. Adi qadınların sənə bəxş edə biləcəklərini xahiş edirəm məndən gözləməyəsən, çünki mən belə başa düşürəm ki, bizim münasibətlərimiz bundan daha yüksəklərdə dayanır.

Allah xatirinə, elə güman eləmə ki, mənim nəvazişə, sığala, nə bilim nəyə ehtiyacım var. Əksinə, məni darıxdıran ağılın, ruhi əzabların anlaşmamış azlığı və nəvazişin bolluğudur (Söhbət mənim şəxsi həyatımdan gedir). Güman edirəm, sənin də həyatında bol olan yeganə şey qadın nəvazişidir və sən də mənim kimi həmişə belə hisslərdən ucada dayanmısan.

Bütün bu sözləri nə vaxtdır sənə şifahi demək istəyirdim, cəsarətim çatmırdı. Mən bilmirəm bu münasibətlər nə vaxt, harda qırılacaq, amma bu Dostluğun düz, qayçı ilə hamar kəsilməsini istəməzdim.

Son neçə ildə ilk dəfə taleyin amansızlığını və öz gücsüzlüyümü dərk edib ağlamaq istəmişəm. Lazım deyil! Biz çoxdan bəri özümüzün pərdələməyə çalışdığımız həqiqətin gözünə dik baxmağa cəsarət edə bilərik, amma sonra bir-birimizin üzünə baxmağa xəcalət çəkərik, bu daha acınacaqlı olar, mənimçünsə bağışlanmaz sayılar. “Neyçün, xanım?” – deyib üzümə baxma. Həqiqətin üzünə bax. Onda məni başa düşərsən.

Bütün hisslərinə şərik olan və onları qiymətləndirən, lakin…

Sənin – PPJ.  

(Üç hərfin açmasından yaranan bu gözəl ifadəni sən ilk dəfə mənə deyəndə özümü necə itirmişdim, ilahi! Yadında? Əlbəttə, hər qadın özü haqqında belə sözlər eşitsə özünü itirər. İndi mənim məxfi imzam qoy elə bu ifadə olsun.)

2-ci məktub. //  10.III.1962

…Mənə daim elə gəlir ki, sənin qarşında göstərdiyim zəiflikdən məyus olmusan. Və məni daim belə bir hiss təqib edir ki, nə zamansa sən bunu mənə deyəcəksən. Göstərdiyim qadın zəifliyini üzümə vuracaqsan. Deyəcəksən ki, mən də müqəddəs deyiləmmiş! Bəlkə də haqlı olacaqsan, çünki günah məndədir, amma bütün ağırlığı mənim üzərimə, mənim çiyinlərimə yükləmək lazım deyil. Onsuz da həyatın ağırlığı məni elə yorub ki…

PPJ.

3-cü məktub. //  26.III.1962

Bütün düşüncələrimi bölüşməyə ehtiyac hiss elədiyim adama!

Sənə necə müraciət etməyi hələ də bilmirəm. Sənə “əzizim” deyə bilərəm, amma bu çox adi sözdür və riyakarlıq eləmədən deyim ki, bu söz mənim sənə münasibətimin heç yanından belə ötə bilmir.

Mən o çıxılmaz qapalı dairə məsələsini nahaqdan düşünməmişəm. Bu bənzətmə səni itirə biləcəyimin labüd qorxusudur. Bilmirəm bunu qiymətləndirə bilmisən, yox, amma mən səni heç kəsə vermək fikrində deyiləm və bu münasibətləri qorumaqçün bütün mübarizələrdən keçməyə hazıram. Amma başqalarıyla, səninlə yox! Səninlə mübarizə çətindir, onu sənin özündən başqa heç kəs apara bilməz.

Sənin barəndə çox düşünürəm və belə fikirləşirəm ki, nə vaxtsa biz uzaqlaşmalı olacağıq. Belə kədərli düşüncələr vaxtı özüm də hiss etmədən sənə müraciətlə pıçıldayıram: “Məni keçmişə qayıtmağa qoyma, yaxşı? Məni heç kəsə vermə.”

Bu qorxu, keçmişə qayıtmaq qorxusu, məni həmişə izləyir. Biz bir-birimizə çox lazımıq, biz bir-birimizi itirə bilmərik. Keçmişdən uzaqlaşmaq hər ikimizə vacibdir. Qoy bizim sonrakı taleyimiz ayrı-ayrı olsun, bu bəlkə də labüddür və mən o mərhələyə də hazıram. Amma indi… indi…

Bu gün qəfildən bilirsən niyə ağladım? Ona görə ki, birdən-birə fikrən də olsa səndən uzaqlaşmaq qorxusu məni aldı və mən birdən-birə səhrada tənha qalmış adamın vahiməsini yaşadım, o dəhşətli təklik hissini keçirdim…

Mən səni heç kəsə vermək fikrində deyiləm. Sən də məni qoru, yaxşı?

…Mən səni sevirəm. Mən səni dəli kimi sevirəm. Hə, mən bu sözlərdən utanmıram. Keçmişdən qopub ayrılmaq üçün gərək bugünü və gələcəyi dəli kimi sevəsən… Axı səni  başqa cür sevmək də mümkün deyil.

PPJ.

4-cü məktub //  19.IV.1962

Əzizim mənim! Bir şeyi yadında saxla: nə olur-olsun, mən həmişə sənin yanında olacağam. Sənin sevincini də, kədərini də mən özümünkü bilirəm. Bizim ikimizin də keçmişimiz oxşardır. Bəs gələcəyimiz necə, onlar da eyni olacaqmı? Hələlik yalnız bir şey aydındır: ikimizə də keçmişdən qopub ayrılmaq lazımdır. Hərçənd bu ən ağır əməliyyat kimi çətin və ağrılıdır, amma əvəzində bizim sonrakı uçuşumuz sərbəst və yüngül olacaq. Raketdaşıyıcı da özünün bütün gücünü və enerjisini kosmik gəmiyə sərf edib, onun göyə qalxmasına kömək edir, sonra isə özü raketdən ayrılıb atmosfer qatında itir, yanıb məhv olur. Ancaq bu çox xeyirxah missiyadır.

Mən səni sevirəm, sənin qürurunu, qəddarlığını, ağlını sevirəm – sənin bütün obrazın mənə əzizdir, çox əziz. Qoy bizi qınasınlar, qoy bizim məhəbbətimizin səbəbini anlamasınlar, bu həmişə belə olur, amma heç nəyə baxmadan biz bir-birimizi sevirik və sevəcəyik.

PPJ.

5-ci məktub. //  15.V.1962, 04:00

Əzizim, istəklim, kədəri də sevinci qədər doğma olan sevimlim mənim!

Yadındadır, Yeni İl axşamı mənə nə dedin? “Xanım, Sizin obrazınız insana kədər gətirir!” – dedin. İlahi, bu qədər dəqiq ifadə yəqin ki, heç kəs işlətməyib. Bizim vəziyyətimizi yüz min qələm sahibi milyon-milyon əsərlə bu qədər sərrast ifadə eləyə bilməzdi. Çünki sən vəziyyəti öz iti ağlınla dərk edirdin, başa düşürdün ki, bir-birimizçün yaranmış olduğumuz halda, başqa-başqa adamlara məxsusuq və heç nə bu dəhşətli səhvi düzəldə bilməz (təkcə bizim romantik xəyallara qapıldığımız sevincli-kədərli, müvəqqəti anlardan başqa). Lakin böyük bir tarixin bərkidib yaprıxdırdığı kədər qarşısında o müvəqqəti anlar nə edə bilər?

Mən uzun illər səni arzulamışam. Gecələr tavana baxıb göz yaşları axıdanda da, “xoşbəxt ailə”, “nümunəvi qadın” tamaşalarında baş rolda çıxış edəndə də… Səni görüb tanıyandan sonra isə bütün gecəni yağış və külək altında sizə tərəf gedən yolla dəli kimi qaçmışam…  Mən sənə, sənin məni başa düşərək heç nədən sui-istifadə etməmək üçün çəkdiyin və dözdüyün əzablara pərəstiş edirəm. Axı sən nə istəsəydin edə bilərdin və bunun üçün əlavə heç nə lazım deyildi. Amma sən mənə çox zərif, incə münasibətlə yanaşdın və tək bunun üçün sənin bütün arzularını yerinə yetirməyə dəyər.

Sənin barəndə çox düşünmüşəm. İlahi, yer üzündə birinci adamsan ki, səni qısqanmışam. Amma hiss eləmişəm ki, biz heç vaxt bir yerdə ola bilməyəcəyik.  Aramızda sərhəd çoxdur və onları yıxmağa bir ömür bəs eləməz. O ki ola mənim qısa həyatım… Mən bu kədərlə çox yaşaya bilməyəcəyəm… Sənin səbrin, dözümün çatar, amma mən sənin həyatını korlamağa ixtiyarım yoxdur. Bunlar boş sözlər deyil. Səni sevən adam başqa cür düşünə bilməz. Sənə gətirəcəyim müvəqqəti sevinc əvəzinə həyatını, gəncliyini, arzularını oğurlamağa haqqım yoxdur… Bu ayrılıq nə vaxtsa olmalıdır və inana bilmirəm ki, on-on beş ildən sonra da bunun kədəri ötüb keçə.

Mən yenə də tavana baxıb ağlayıram hər gecə… Hər gecə külək-yağış altında sənə tərəf qaçıram… Bu yol niyə bitmir görəsən… Bu yol qurtaran deyil… Yəqin ki bu yol bitəndə mənim ömrüm də bitəcək…

Qəddar olma, mənə əzab vermə, onsuz da çəkdiklərim mənə bəsdir. Həyat amansız olmasaydı bizi belə qəddarcasına məhv eləməzdi. Ürəyimdə o qədər söz var ki… Bir gün başımı çiyninə söykəyib hönkürtü ilə ağlayacağam… Ondan sonra ölmək də qorxulu deyil… Amma sənin kədərinə dözə bilmirəm. Səni kədərli görəndə elə sarsaq publika arasındaca boynuna sarılıb qışqırmaq istəyirəm: “Mən onu sevirəm, hər şey, hər kəs cəhənnəm olsun!!!”

Məni belə ağılsız görmək istəyirsən? Eh, kaş ağılsız olaydım. Kaş riyakar ola biləydim. Onda xoşbəxt olardım…

Neçə gündür sənə məktub yazıram, sonra da cırıb atıram. Amma daha atmayacam. Hər gün sənə bir məktub yazacam və qocalıb belim büküləndə gətirib əlbəəl verəcəm özünə…

Öpürəm, sevirəm, xoşbəxt olmağını istəyirəm… və bu xoşbəxtliyin mənsiz ola biləcəyini düşünəndə dəli oluram.

Sənin – PPJ.

***

Fikrət məktubları oxuya-oxuya bütün varlığı naməlum qadının daxili dünyası ilə qaynayıb-qarışmışdı. Bir vaxt hiss elədi gözləri toran görür, oxumağı çətinləşib, hərfləri sezə bilmir. Başını qaldıranda pəncərədən düşən zəif küçə fənərinin işığını gördü. Məktublara elə aludə olmuşdu ki, axşamın düşdüyündən xəbəri olmamışdı. Yəqin indi  institutda ondan başqa kimsə qalmamışdı.

Məktubların ardını oxumağa marağı nə qədər böyük olsa da, qovluğu bağlayıb öz  yerinə, dolabın alt siyirtməsinə qoydu. Sabah gəlib mütləq ardını oxuyacaqdı. Çantasını götürüb kabinetinin, sonra da Mərkəzin ümumi qapısını bağladı, birinci mərtəbəyə endi.

Onu görəndə qapıçı “çoxbilmiş” kimi irişə-irişə: “Təzə vəzifə belədir də… Adam həvəsli olur…” – dedi.

Hələ də gizli məktubların təsiri altında olan Fikrət heç nə demədi, binadan çıxdı.

***

Artıq bu bir normaya dönmüşdü – hər səhər gündəlik iş axarı gənc müdirin üstünə sel kimi gəlirdi. Adətən bu axarın gətirdiyi xırda-para, əhəmiyyətsiz məsələlərin həlli, texniki xarakterli qayğılar, otağa gəlib-gedən işçilər, müxtəlif kağız-kuğazların imzalanması, telefon danışıqları, bitib-tükənməyən iclaslar, yığıncaqlar vaxt alır və heç bir elmi-yaradıcı fəaliyyətə köklənməyə imkan vermirdi.

Arada Elmlər Akademiyasındakı məşhuri-cahan qadının protejesi, tarix elmləri doktoru Fəsad Məmişov çiyinlərini oynada-oynada otağa girib nəsə deyir, guya “mədəni” danışırmış kimi ibarəli cümlələrlə bir qədər öz “intellektuallığını” nümayiş etdirib, sonra vacib işi olduğu üçün icazə istəyirdi. Əslində onun işdə olub-olmaması heç nəyi dəyişmirdi, əksinə, mənasız danışıqları ilə, diletantcasına bilmədiklərini bildiyi kimi qələmə verməklə özünüreklam niyyəti, gah o işçini, gah bu işçini söhbətə tutub vaxtını alması, telefonla ucadan danışıb işləyənlərə mane olması hamını bezdirirdi. Adamın psixikasında problem olduğunu göstərən simptomları şöbədəkilər artıq sezmişdilər. Odur ki, Fikrət də əl-ayağa dolaşmasın deyə ona dərhal icazə verirdi çıxsın getsin, təki əl-ayağa dolaşıb işə mane olmasın. O isə “dil pəhləvanı” kimi öz şücaətindən məmnun halda az qala tualetə gedəndə də əlindən yerə qoymadığı “mədənilik atributu” qara “diplomat” çantasını götürüb zənənsayağı “Bay-bay, Fika!” deyib gedirdi.

Beləcə gündəlik axının içərisində Fikrət imkan tapıb naməlum qadının qırmızı qovluqdakı məktublarının davamını oxuya bilmirdi. Konfransın da vaxtı daralır, çıxış üçün müəlliflərin göndərdiyi materiallar günbəgün artırdı. Professor Tarxan Baba da öz qohumu ilə çıxışının mətnini yollamışdı. İndi təzə müdirin ən məhsuldar iş saatı nahar fasiləsində olurdu. Üst-üstə yığılan yazıları sakitlikdə diqqətlə oxumaq, hər birinin mahiyyətinə varmaq və dəyərləndirmək asan deyildi. Təbii, dərhal oxumağa başladığı ilk mətnlərdən biri professor Tarxan Babanın yazdığı çıxışı idi. “Erməniliyin anatomiyası” adlanan çıxışı Fikrət təkcə vəzifə borcu olaraq konfransın profilinə uyğun gəldiyi üçün yox, həm də tarixi baxımdan əhəmiyyətli məzmununa görə məmnuniyyətlə oxuyurdu.

***

Tarxan Babanın çıxışının tezisləri

…Bu gün Azərbaycanın qarşısında duran ən böyük problemlərdən biri – torpaqlarımızın erməni silahlıları tərəfindən işğalıdır. Əlbəttə, məsələ təkcə ermənilik deyil. Onun təcavüzkar siyasətinə hərtərəfli dəstək verən böyük güclər var. Biz əslində bir ovuc erməni ilə yox, çox böyük dünya güclərilə üz-üzəyik.

İşğalçının göz dikdiyi ərazilərimiz tarixi Oğuz yurdu olmaqla yanaşı, həm də qədim insan məskənləridir. Kəlbəcərdə, Ağdamda, Xocalıda, Qarabağın əksər yerlərində uzaq keçmişə dair çox abidələr var. O keçmiş zamanlarda bizim  ərazilərimizdə erməni izi olmayıb. “Erməni məsələsi”, xəstə təxəyyülün məhsulu olan “Böyük Ermənistan” xülyaları son yüzilliklərdə ortaya atılmışdır. Onların göz dikdiyi bütün yerlərdə əzəldən Türk elləri yaşayıb. Qarabağın dağında da, aranında da, indi  “Ermənistan” adlandırılan ərazilərdə də…

Lakin təəssüf ki, bizimkilər Hayastanla “qardaşlıq” nəğmələri qoşanda, düşmən  Azərstana tor qurub. Bütün zamanlarda o ardıcıl olaraq bizə qarşı təcavüzkar planlar  həyata keçirib.

Son dəfə yuxarı Qarabağa iddia irəli sürəndə saxtakarlar “Miatsum” hərəkatı yaradıb ona bəzəkli don geyindirdilər. Üzdə təmtəraqla “Öz müqəddəratını təyin etmə” prinsipindən danışıb, altda milli-dini amilləri qabardırdılar. Üzdə guya qondarma “Dağlıq Qarabağ xalqı” SSRİ-də yaranmış demokratik ab-havadan bəhrələnərək, “yenidən qurulur”, altda isə boyunlarını büküb məzlum görkəmlə qucağına sığındıqları böyüklərə pıçıldayırdılar ki, “bizi vəhşi müsəlmanların əlindən qurtarın. Biz qədim-mədəni xalqıq, Qafqazda ilk xristianlarıq, Qarabağdakı müqəddəs kilsələrimizi müsəlman güruhundan qorumaq üçün çarpışırıq…” və s.

Kitabxanaları, muzeyləri, məscidləri, qəbirləri dağıdan bu vandallar illər uzunu milli    qeyrətsizlik ucbatından yiyəsiz və baxımsız qalmış Alban (Alpan) məbədlərini öz adlarına çıxır, “xristian təəssübü” çəkirlərmiş kimi hiyləgər siyasi oyunbazlıqlar edirdilər. Əslində onlar Azərbaycana qarşı əzazillik göstərməklə yanaşı, həm də bütün Xristian dünyasına kələk gəlirdilər. Əlbəttə, aldanan maymaqlar olmasa, aldadan məlunlar kimi aldada bilərlər ki?

Məlum olduğu kimi, Qarabağ bölgəsində çoxlu xristian abidələri var. Bu Alban xristian abidələri illər uzunu ermənilər tərəfindən mənimsənilib dünyaya öz qədim məbədləri kimi təqdim olunub. Saxtakarlar məbədlərin üzərindəki qədim Alban yazılarını yonub silir, üzərinə ermən hərfləri ilə sözlər yazırdılar. Halbuki azərbaycanlı Albanlara məxsus xristian abidələri digər ərazilərdə, Şəki, Qəbələ, Naxçıvan, Mingəçevir, Qazax, Tovuz, Şamaxı bölgələrində də var. İndiyədək Azərbaycanda yaşayan udilər həmin kilsələrinin və İslamdan öncə burada təşəkkül tapan Xristian dininin varisləridir. Qəbələnin Nic qəsəbəsində, Şəkinin Kiş kəndində olan belə kilsələr bərpa olunub, orada ibadət edilir. Lakin kələkbaz ermənilər bizim bəzi qorxaq işbilməz məmurların fərasətsizliyindən istifadə edərək, yuxarı Qarabağdakı Alban dövrünə aid ibadətgahları “erməniləşdirərək” öz adlarına çıxıb və bu barədə dünyaya car çəkiblər. Bu isə onu göstərir ki, “Ermənistan”ın ərazi iddiaları təkcə Qarabağla məhdudlaşmır. Onlar Alban kilsələri olan başqa ərazilərə də göz dikirlər. Ancaq tarixin bütün mərhələlərində olduğu kimi, bu dəfə də arzuları gözlərində qalacaq. Azərbaycan xalqı öz torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək.

Rus-Sovet qoşunlarının köməyi ilə işğal edə bildikləri ərazilərdə təcavüzkarlar təkcə insanları qətlə yetirmirdi. Vəhşi tayfa əlinə düşən fürsətdən istifadə edərək yerli xalqa məxsus bütün müqəddəs ziyarətgah və ibadətgahları, kurqanları, heykəlləri, maddi mədəniyyət abidələrini dağıdır, Azərbaycanda Oğuz türklərinin izini itirməyə çalışırdılar. Beynəlxalq hüquqa məhəl qoymayan vandallar eyni zamanda yurd yerlərimizin adlarını dəyişdirir, xalq sənəti nümunələrini, musiqilərimizi, xalçalarımızı, kulinariyamızı mənimsəyir, hər şeyi öz adlarına çıxırdılar: dolma, “Sarı gəlin”, lavaş, xalça, balaban, kamança… və s. kimi. Onlar Azərbaycanın min illərlə yaşı olan tarixini məhv etməyə qalxmışlar. Qədim Xocalı-Gədəbəy mədəniyyətinin beşiyi – Xocalı kurqanları, əcdadlarımızın yaddaş rəmzi – Xocalı qəbristanlığı darmadağın edilib yer üzündən silindi. Bəşəriyyətin ulu əcdadlarının məskəni olan Azıx mağarası hərbi sursat anbarına çevrildi, sonra xarici arxeoloqları dəvət edərək orada “erməni izi” axtarmağa başladılar.

Dolayısı ilə, ötən 200 ildə Azərbaycan təkcə hərbi yox, həm də mədəni təcavüzə məruz qalıb. Halbuki bu ərazilərdə tarixi-mədəni irsin talan edilməsi həm də min illərlə tərəqqi yolu keçən bəşəriyyətin dəyərlərinə qarşı cinayətdir. Erməni işğalı tarixin ən müdhiş faciələrindən biri, bəşər mədəniyyəti üçün böyük fəlakətdir. Vandalların cinayəti nəticəsində Azərbaycan ərazilərində imarətlər sökülüb, evlər yandırılıb,  bağlar talan  edilib, ağaclar kəsilib, uluların qəbirləri dağıdılıb, tarix və mədəniyyət abidələri oğurlanıb, məhv edilibdir. Qarabağda gözə dəyən nə varsa darmadağın olub.

“Tərəqqipərvər” bəşəriyyət isə bütün bunlara göz yumub və yumur…

***

Fəsadın fitnə-fəsadı

Dəhlizdə səs-küy artdı.

Fikrətbaşa düşdü ki, nahar fasiləsi bitib, camaat iş yerinə qayıdır. Mərkəzin əməkdaşları da nahardan sonra divarın o üzündə, qonşu otaqda nə barədəsə qızğın müzakirəyə başlamışdılar. Sonra dalbadal telefon zəngləri gəldi. Katibə içəri girib bir dəst sənədi imzalamaq üçün masanın üstünə qoyub çıxdı… Artıq fikrini cəmləyib professorun yazdığı tezislərin ardını oxuya bilməyəcəyini görən Fikrət, Tarxan Babanın  çıxışını bir kənara qoyub, şöbənin gündəlik işləri ilə məşğul olmağa başladı.

Az keçmiş qapı taybatay açıldı və Fəsad Məmişov çiyinlərini oynada-oynada içəri girdi. “Mədənilik atributunu” ərklə masanın üstünə qoyub ədalı şəkildə başını dik tutdu:  “Buyur, eşidirəm, müdir!” – dedi.

…İnsanlar adətən öz adlarına bənzəyir. Yaşa dolduqca adamın xasiyyəti də adını doğrultmaq yönündə formalaşır. Bunun elmi əsasının olub-olmadığını, yaxud hansısa sirli təbiət qanunlarıyla tənzimləndiyini deyə bilməsək də, onu dəqiq deyə bilərik ki, bu dünya həqiqətən möcüzələrlə dolu sirlər xəzinəsidir. Sirlərin müəyyən qismi elmi araşdırmalar aparan alimlərə və bəzən də sövq-təbii halda, intuisiya ilə, vəhylə, yuxu vasitəsilə az qism hissiyyatlı adamlara öncədən agah olur. Ancaq əksər təbiət sirləri sirr olaraq qalır.

Eyni intuisiya ilə Fikrətin lap əvvəldən təqdimat yazmağa əli gəlmədiyi, yalnız direktorun şifahi tapşırığı ilə şöbəyə işə götürülən odioz şəxs də çox tezliklə öz adını doğrultdu. Fəsad nə iclaslara qatılırdı, nə şöbənin davamiyyət jurnalına qol çəkirdi, nə iş planı tuturdu, nə bir elmi yazı təqdim edirdi. Tez-tez müxtəlif bəhanələrlə icazə alıb harasa gedirdi. Deyirdilər, onun kənarda “Simu-Zər” adlı özəl kiçik müəssisəsi var və guya mədəni tədbirlər keçirtmək adı ilə ondan-bundan xahiş-minnətlə müəssisəsinə pul köçürtdürür, sonra  saxta sənədlər tərtib edib o pulları bankda nağdlaşdırır. Bir sözlə, “elmlər doktoru” elmdən başqa hər şeylə məşğul idi.

İlk günlər Fikrət ona təklif etmişdi ki, kənarda keçirtdiyi mədəni tədbirlərdən birini də şöbədə təşkil etsin. Fəsad həvəslə “Baş üstə” – deyib plan tutdu. Plana görə əvvəlcə özü “VII əsrdə ibtidai kommunizm” mövzusunda mühazirə oxuyacaqdı, sonra mövzu ətrafında sual-cavab şəklində müzakirələr təşkil edəcəkdi. Hətta tədbirin vaxtını da təyin etdi. “VII əsrdə ibtidai kommunizm”in nə demək olduğunu bilmək üçün əməkdaşlar deyilən vaxtda toplaşdılar, hətta qonşu şöbələrdən də mövzu ilə maraqlanıb gələnlər vardı. Hamı səbrsizliklə həmkar yoldaşlarını gözlədi. Amma… o gəlib çıxmadı.

Təxminən yarım saat gözlədikdən sonra, hərə deyinə-deyinə öz işinin-gücünün dalınca getdi. Xeyli keçmiş Fəsad Məmişov “mədənilik atributu” kimi əlindən yerə qoymadığı “diplomat” çantasını yellədə-yellədə içəri girdi. Heç nə olmayıbmış kimi, eyni arxayınlıqla elan etdi ki, diqqət, yoldaşlar, tədbir sabaha keçirilir…

Başqa bir dəfə də rayonda mühüm rəsmi tədbirə qatılmaq adı ilə icazə istədi və şöbədə əl-ayağa dolaşmasın deyə müdir ona icazə verdi. Sonradan məlum oldu ki, adam rayona yox, “Dostluq” ictimai təşkilatının xətti ilə Moskvaya hansısa “tədbirə” gedib. Bir neçə gün görünmədi. Qayıdandan sonra isə həmin təşkilatın qəzetinə müsahibə verib dedi ki, guya onun intellektual “Simu-Zər” müəssisəsinin təşəbbüsü ilə işlədiyi institutda xalqlar dostluğunun təbliği məqsədilə “Qarabağ” Mərkəzi yaradılıb…

Fikrət qəzetdə bu yazını oxuyan kimi dərhal Fəsadı çağırıb irad bildirdi, dedi, ayıb deyilmi, bu nədir, axı bizim struktur nə sənin, nə mənim yox, direktor Zeynal Yaqublunun şəxsi təşəbbüsü və zəhməti sayəsində yaranıb. Məqsədi də “xalqlar dostluğunun tərənnümü”  yox, milli problemlərimizin araşdırlmasıdır. Direktor nə qədər əziyyət çəkib bu iş üçün! Sənsə öz adına çıxmısan. Yəqin bu biabırçı müsahibəyə görə ona cavab verməli olacaqsan.

Fəsad and içdi ki, mənim xəbərim yoxdur, o hissəni müsahibəyə redaksiya özü əlavə edib. Fikrət dərhal məsələni yerində aydınlaşdırmaq üçün telefonun dəstəyini qaldırıb qəzetdəki nömrə ilə həmin redaksiyaya zəng vurmaq istəyəndə, Fəsad həyəcanla irəli atıldı:

– Lazım deyil, – dedi. – Məsələni böyütməyin. Mən özüm indi direktorun yanına gedib hər şeyi izah edərəm, yoluna qoyaram.

Və “mədənilk atributunu” götürüb getdi. Daha doğrusu, qaçdı…

Bu cür anlaşılmaz əməlləri ilə o artıq kollektivdə qıcıq doğururdu. İclaslara gəlməməyi, faydalı iş görməməyi bir yana, otaqda olanda yekəxanalığı, telefonda çox ucadan danışığı ilə işə mane olması, xüsusən, qadınlara qarşı qaba rəftarı ilə otaqda  dözülməzlik atmosferi yaradırdı. Əməkdaşlar onun gəlib işdə oturmağındansa, gəlməməyini daha üstün sayırdılar.

Bu “fövqəlinsanla” işləməyin mümkün olmayacağını müdir də təxmin edirdi. Çünki belə vəziyyət şöbədə nizam-intizama və işin  məhsuldarlığına mənfi təsir göstərir,  camaatın əlini işdən soyudurdu. Buna isə yol verə bilməzdi. Onun nəzarətində olan sahənin axsamasına, rəhbərlik tərəfindən irad bildirilməsinə imkan versə, ilk növbədə özünə qarşı hörmətsizlik etmiş olar. Çünki ona etibar olunan vəzifədə var qüvvəsi ilə çalışacağına söz vermişdi və çalışırdı.

Vəziyyəti institutun direktoru ilə müzakirə etmək qərarına gəlsə də, əvvəlcə Məmişovun özü ilə ətraflı danışıb son xəbərdarlığını çatdırmaq istəyirdi. Nəticəsi olmasa, sonra direktora müraciət edəcəkdi. Ona görə də katibəyə tapşırmışdı ki, Məmişov şöbəyə gələndə mütləq onu görsün…

İndi budur, nahardan sonra qapı qəflətən açıldı və Fəsad Məmişov döyüşkən xoruzlar sayağı sinəsini qabardaraq, müdirin kabinetinə daxil oldu. “Mədənilk atributunu”  ərklə masanın üstünə qoyub ədalı nəzərlərlə Fikrətə baxdı, salamsız-kəlamsız: “Eşidirəm, müdir!” – dedi.

– Əyləşin, bir az söhbət edək. – Fikrət ona yer göstərdi.

O əyləşdi. Amma elə bil tikan üstündə oturmuşdu. Bir ayağını əsdirə-əsdirə kabinetə ümumi göz gəzdirib köksünü ötürdü və müdirə tərəf döndü, yenə:

– Buyurun, eşidirəm! – dedi.

Fikrət müqəddiməsiz birbaşa mətləbə keçdi:

– Açıq deyəcəm, Məmişov, şöbənin işlərilə yaxından maraqlanmaq həvəsində olmadığınızı hamı görür. Verilən tapşırığa, hətta öz tədbirinizə də laqeydlik göstərirsiniz.  Bəzən subordinasiya qaydalarına əməl etmirsiniz, təkcə şöbə müdirinə qarşı yox, həmkarlarınıza da etinasızlıq nümayiş etdirirsiniz. Qadınlarla davranışınızın isə, necə deyərlər… daha xoş olması arzu olunandır.

Fəsad nəsə demək istədi, amma Fikrət əlinin işarəsi ilə onu saxladı:

– Tələsməyin, – dedi. – Fikrinizi deyərsiniz. Bax, qarşıda mühüm konfransımız var, hamı səfərbər olub, çalışır, təkcə Siz maraqlanmırsınız. Kənarda isə hansısa tədbirlərdə fəal iştirak edirsiniz. Hətta tədbir adıyla işdən icazə alıb başqa yerlərə gedirsiniz…

– Hara yəni başqa yerlərə, müdir? – Fəsad demaqoqvari eyhamla soruşdu.

– Bəllidir hara… Özü də tək mənə yox, hamıya bəllidir… Bu pərakəndəliyə son qoymaq üçün istədim açıq söhbət edək. Direktor şöbəyə tapşırıqlar verib, iş həcmimiz artıb, hamının iştirakı ilə iş bölgüsü aparmışıq, Sizsə heç bir işin qulpundan yapışmaq istəmirsiniz. Sizə tapşırılan işi də Şükür müəllim görür… Bircə dəfə tarixi-mədəni tədbir keçirtmək üçün özünüz vaxt təyin etdiniz, hamı gəldi, özünüzsə gəlmədiniz. Razılaşın ki bu yaxşı hal deyil…

– Aaa, gəlmişdim də, – Fəsad dalbadal aldığı “zərbələrdən” yayınmaq üçün özünü sadəlövhlüyə vurdu. – Canımçün gəldim… Amma cəmi iki nəfər var idi, mən neynim? Bəlkə də qəsdən təşkil olunub ki, mənim tədbirim pozulsun?! Nə bilmək olar…

– Bu nə danışıqdır? Tədbiri saat neçəyə təyin etmişdiniz və özünüz nə vaxt  gəldiniz?

Müdirin arqumentləri qarşısında davam gətirməyən Məmişov:

– Əşi, işim oldu bir-iki saat, sonra burda idim də, – deyib bozardı. –  İkicə adam var idi. Dedim tədbir sabaha keçir. Zato səhərisi gün mən vaxtında gəldim, tədbiri keçirtdim, əla da oldu, amma nə müdir gəldi, nə də komandası… Heç biri gəlməd… – o başı ilə divarın o üzünə işarə etdi.

– Xatırladım ki, Sizin iş yeriniz buradır, Məmişov, əvvəlcə burdakı işi görməlisiniz, sonra başqa yerə gedə bilərsiniz. İkincisi də, deyirsiniz tədbirə heç kim gəlmədi. Bəs onda tədbiri necə keçirtdiniz? Ayıbdır.

Məmişov daha geriyə addım atmağın mümkün olmadığını görüb çılğınlaşdı:

– Siz elə həmişə mənə qarşı kobud iddialar irəli sürürsünüz! – dedi. –  Amma özünüz keçən həftə mənim salamımı almadınız. Subordinasiya şəxsi hörmətə bağlıdır. Sən mənə, mən də sənə prinsipi… Əl-əli, əl də üzü…

Fikrət gülümsünüb mümkün qədər sakit tərzdə izah etdi:

– Xeyr, – dedi. – Yanılırsınız. Əvvəla idarəçilikdə elə prinsip yoxdur. İkincisi də, mən  hətta istəsəm belə kiməsə qarşı kobudluq edə bilmərəm. Qanımda yoxdur, tərbiyəmə  ziddir bu. Məsələn, mən heç vaxt bağlı qapını döymədən içəri girmərəm, nəinki bilərəkdən kiminsə salamını almayım…

Məmişov eyhamı başa düşdü, qarşılığında nəsə demək istədi, ancaq Fikrət yenə əli ilə onu saxlayıb sözünə davam etdi:

– …Salamınızı nə vaxtsa almadığım yadıma gəlmir. Elə bir şey olanda dərhal özümə deyin, bəlkə başım qarışıq olub, görməmişəm, məşğul olmuşam… O ki qaldı  subordinasiya məsələsinə, möhtərəm Məmişov, idarələrdə bu qayda şəxsi istəyə bağlı deyil. “Əl-əli” qaydası burda keçmir… Sizin müdirə şəxsi münasibətiniz necədir, özünüz bilərsiniz, amma nizam-intizama tabe olmağı, verilən tapşırığa əməl etməyi hər bir əməkdaşdan, o cümlədən Sizdən də tələb etmək şöbə müdirinin səlahiyyətidir. Əməkdaşlar isə onu icra etməyə borcludur. Təbii, subordinasiya qaydasında! Mən heç kimə şəxsi işimi tapşırmıram, nə yük daşıtdırıram, nə də bağ bellədirirəm, mən ancaq hökumətin işini tapşıra bilərəm. Və nə edirəmsə, institut rəhbərliyi ilə, direktorla razılaşdırılır. O da təbii, yuxarıda kimdənsə asılıdır, tapşırıq alır, addımlarını razılaşdırır və s. Dövlət qulluğu budur, hərə öz yerində yuxarı instansiyanın tapşırıqlarını icra edir, daha müzakirə açmır. Bu prinsip pozulsa, anarxiya, özbaşınalıq olar… Xoşunuz gəlsə də, gəlməsə də, iş yerində subordinasiya qaydalarına riayət etməyə borclusunuz. Əks halda… Nə isə, çalışın işə ciddi yanaşın.

Fikrət danışdıqca Fəsadın rəngi dəyişirdi, yanağı allanırdı, bozarırdı, hiss olunurdu ki, güclü sinir krizi keçirir. O, qəflətən oturduğu yerdən sıçrayıb qalxdı və döyüşkən xoruzlar kimi yenə sinəsini qabardaraq, iniltiyəbənzər bir səs çıxartdı:

–  Eeee…. Burda mənə qarşı qurğu var! Mən bunu lap əvvəldən hiss etmişəm! Siz mənimlə rəqabətdən qorxursunuz! Ona görə də məni qovmaq istəyirsiniz! Heç işə götürmək də istəmirdiniz, bilirəm! Təqdimat yazmadınız! Zeynal müəllim özü həll elədi. Məcburən! Onu da bilirəm! Çünki qaynanam Badam xanımın sözünü respublikada heç kim iqnor edə bilməz. Risk eləməz! Siz də nahaq çalışmayın. Bizim hər yerdə adamımız var, mənim hər şeydən xəbərim olur. Mən Sizinçün uşaq-muşaq deyiləm! Mən doktor naukam, professoram!

Fikrət yenə mümkün qədər sakit, təmkinili danışmağa çalışdı:

– Emosiyalarınızı saxlayın, – dedi. – Səsinizi də qaldırmayın. Ayıbdır! Mən faktla danışıram, havadan danışmıram… İş ki belə oldu, diqqətlə qulaq asın. Şənbə günü şöbənin iclasına gəlmədiniz, əgər gəlsəydiniz Aliyə xanımın hesabatını dinləyərdiniz və şöbədə aparılan elmi işlərdən xəbəriniz olardı. Həm də harda işlədiyinizi bilib məsuliyyət hiss edərdiniz. Belə əsassız iradlar irəli sürməzdiniz… Öncəki həftə isə özünüz təyin etdiyiniz tədbirə hamı toplaşanda gəlsəydiniz, alimliyiniz haqqında kollektivin nə düşündüyünü də eşidərdiniz… Yaxud rayona gedirəm deyə icazə alıb Moskvaya getməsəydiniz, Sizi yalançı kimi tanımazdıq… Odur ki, tempinizi aşağı salın! Mən şöbə müdiri kimi Sizi xəbərdar edirəm: şöbənin işlərində fəal iştirak edin, iclaslara qatılın, davamiyyət jurnalına müntəzəm qol çəkin, öhdənizə düşən işi özünüz görün, ona-buna yükləməyin, elmi məqalənizi müzakirəyə təqdim edin, yoxdursa, heç olmasa şöbədə görə biləcəyiniz texniki işlərin planını verin, kənar biznesinizlə isə işdən sonra məşğul olun… Bütün bu dediklərimdən nəticə çıxartmasanız, məsələni direktora məruzə etməli olacağam!

Fəsad Məmişovu od götürdü. Səsini bir az da qaldırdı:

– Bütün bunlar mənə qarşı hazırlanmış kompaniyadır! – qışqırdı. – Siz direktoru mənim əleyhimə döndərə bilməyəcəksiniz! Mən uşaq-muşaq deyiləm! Mən heç Sizi şöbə müdiri kimi də qəbul etmirəm! Bəli! Etmirəm! Çünki mən doktor naukam, professoram, Sizsə hələ kandidatsınız, doktorski müdafiə etməmisiniz! Bilmək olmaz hələ Elmi Şurada müdafiə edə biləcəksiniz, ya yox?! Ona sonra baxacağıq! Əslində burda şöbə müdiri mən olmalıydım! Məlum deyil Siz necə, hansı yollarla şöbə müdirliyini ələ keçirtmisiniz! Buna nə qədər haqqınız var?! Kandidat nauk ola-ola, doktor naukdan, professordan qabağa necə keçmisiniz?!

Bu sözlər Fikrəti nə qədər qəzəbləndirsə də, o hövsələdən çıxmamağa çalışdı:

– Söhbətimiz bitdi, Məmişov. Sizin provokasion hərəkətiniz heç bir əndazəyə sığmır! – dedi. – Ümumi qayda-qanuna tabe olmalısınız, vəssalam! Başqa yolu yoxdur! O ki qaldı mənim necə müdir təyin olunmağıma… Siz mənim hesabat verəcəyim ən axırıncı adamsınız… Bu mövzuda içinizə nə narahatlıq dolubsa, direktora müraciət edin. O Sizə aydınlaşdırar. Gedə bilərsiniz!

Fəsad Məmişov sarsıntı içində “mədənilik” atributunu qaldırıb qoltuğuna vurdu və əsəbi şəkildə:

– Yaxşı! Baxarıq! – dedi. – Provokator mənəm? Siz bu sözə cavab verəcəksiniz! Mən Sizinlə direktorun yanında danışacam! İndi birbaşa direktorun yanına gedirəm! Sizdən şikayət edib məsələni birdəfəlik həll edəcəm! Baxarıq onda kim burda qalacaq! Provokator kim olacaq, müdir kim olacaq!.. Bu saat gedirəm direktorun yanına… Düz direktorun öz yanına…

– Gedin, gedin! – Fikrət artıq rəqibin sarsıntıdan özünü itirdiyini başa düşüb istehza ilə gülümsündü. – İstəyirsiniz mən zəng vurum, direktordan xahiş edim, Sizi qəbul etsin?

Məmişov əsəb, qəzəb, nifrət dolu nəzərlərlə şöbə müdirini süzüb çiyinlərini oynada-oynada kabinetdən çıxdı. O ədalı gəldiyi kimi də getdi…

İşçisinin əxlaqsız davranışına, alçaq şantajına rəğmən işlərinə davam edən Fikrət özünü nə qədər sakit göstərməyə çalışsa da, təbii, daxilində təlatüm vardı. Bununla belə zahiri təmkinini o dərəcədə qoruya bilmişdi ki, hətta Fəsad Məmişov qapını çırpıb çıxandan sonra, laborant Leyla astaca qapını aralayıb həyəcanla içəri boylananda və müdirin sakitcə öz yerində oturub işlədiyini görəndə, pıçıltı ilə öz-özünə “Şükr!” deyib geri çəkilmişdi.

Fəsadın əvvəl-axır gözlənilən fitnə-fəsadı bütün yaradıcı atmosferi pozdu. Onsuz da nahar fasiləsindən sonra elmi iş şəraiti gündəlik inzibati iş axarı ilə əvəzlənmişdi və o şəraitdə Fikrət nə özü yazı yaza biləcəkdi, nə professor Tarxan Babanın, ya başqa bir müəllifin elmi yazısını oxuya biləcəkdi.

Axşama qədər beləcə zahirən sakit, daxilənsə təlatümlü əhvalla şöbənin gündəlik qayğılar ilə məşğul oldu. Mərkəzin laborantı Leylanın gətirdiyi mixəkli çaydan içə-içə sənədlərə qol çəkib qaytardı. Telefon zənglərinə cavab verdi. Əməkdaşlarla konfransa hazırlıq işlərini qısaca müzakirə etdi. Yalnız axşamtərəfi Məmişovun etikasızlığını unudub bir qədər sakitləşdi.

Direktorun yanına şikayətə qaçan Fəsad Məmişovdan isə xəbər çıxmadı. İş gününün sonunda işçilər bir-bir sağollaşıb getdikcə otağa tam sakitlik çökdü. Tarxan Babanın yazısının ardını oxumaq üçün şərait yarandı. Məqaləni götürüb bir-iki cümlə oxudu, amma elmi mətn oxumağa hövsələsi çatmadı, “Erməniliyin anatomiyasını” bir kənara qoyub dərin  düşüncələrə daldı, heysiz-hərəkətsiz oturub pəncərədən çölə baxdı, gözləri yol çəkdi…

Və birdən qırmızı qovluq yadına düşdü. İnstitutdaxili mövzulardan, mənasız çəkişmələrdən uzaqlaşmaq, gərginlikdən qurtulmaq üçün naməlum qadının məktublarını oxumaq istədi. Dolabın alt siyirtməsini çəkib qırmızı qovluğu götürdü. Kreslosuna əyləşdi, qovluğu qarşısına qoyub boz qaytanını özünə tərəf çəkdi: “Açıl, Sim-Sim, açıl!”

***

Naməlum qadının məktubları

6 məktub.  //  29.V.1962

…Sənin məktubunu ən azı yüz kərə oxumuşam, az qala əzbərləmişəm. Yazırsan ki:  Xanım, mənbir suala cavab tapa bilmirəm: ehtiyac nəydi ki, Tanrı mənim taleyimi bu qədər bədbəxt yaradıb? Mənim fiziki iztirablarım bir ömrü puç etməyə kifayət ikən, ruhuma üç qat artıq əzablar verməyə nə ehtiyac varmış görəsən?! Bir ömür, bir tale, bir cılız bədən üçün bu qədər amansız sınaqlar nəyə lazımmış?! Qısa həyatımın hansı nöqtəsində elə bir dəhşətli qəbahət etmişəm ki, onun cəzasını çəkməliyəm? Axı mənim yaddaşımda qalan təkcə çəkdiyim iztirablar, əzablar, dözümlərdir. Ağlım kəsəndən özümü kədərlə mübarizədə görürəm. Kədər, kədər, kədər… Alçaqlıqlara dözüm, dözüm, dözüm… Nə qədər dözmək olar?!”

Səni başa düşürəm, çox yaxşı başa düşürəm, uzun illərin əzabını səbrlə daşıyan əzizim mənim. Bir hovur dincini almaq istəyəndə daha dərin kədərlə qarşılaşan istəklim. Qayğı və əzabın çox yaxşı tanıdığı, lakin sarsıda bilmədiyi cəngavərim mənim!

Səninlə ilk qarşılaşanda sanki kimsə mənə dedi: “Onun sınmış kövrək qəlbini ovutmaq lazımdır, bunu yalnız sən edə bilərsən…” Mən axı kədərin doğmalaşdığı adamam, səni necə başa düşməyə bilərdim?! Mən böyük həvəslə hər şeyi unudaraq sənə sarı gəldim, amma ovundura bilmədim. Sənin ürəyin uşaq kimi saf, təmiz olsa da, kədərin körpə kədəri deyil axı… Uzun illər boyu tək-tənha bu kədəri necə daşımısan?! Mən bəs bütün bu vaxtlar harda olmuşam?

Əzizim, istəklim, ziyalım mənim, uzun illərin kədərini necə yaşamısan? Hələ bir mən də soruşuram: “Bu son vaxtlar rəngin niyə solub?” İlk dəfədir belə axmaq sual verirəm, bağışla…

Bir ömür üçün əlbəttə bir belə əzab, kədər çoxdur sənin qismətinə düşüb! Tək-tənha buna necə dözmüsən, nə sınmısan, nə əyilmisən… Buna kim inanar?!

Yaşa, yarat, xoşbəxt ol, yalnız səni sevənlər barədə düşün və qətiyyən kədərlənmə!

PPJ.

10-cu məktub.  //  27.X.1962, 05:30

Bu məktubu təklikdə oxu və mənimlə müzakirə etmə, yaxşı?

Məni düzgün başa düşməyə çalış. Neçə vaxtdır sənin ruhi-mənəvi vəziyyətin barədə düşünürəm və ilk dəfədir ki, səni başa düşmürəm. Doğrudanmı sən mənim tanıdığım, sonra sevdiyim və yəqin ki, ömürlük bağlandığım həmin adam deyilsən? Bunu hiss eləmək dəhşətdir. Səni fiziki mənada itirməkdən qorxmuram. Mənəvi cəhətdən itirsəm bu mənə böyük zərbə olar…

Düşünürəm ki, əgər mən olmasaydım, yəqin ki sən köhnə ünvanına dönə bilərdin. Hərçənd ki bundan sonra mən sənə hörmət eləməzdim, çünki məni sənə bağlayan hər şeydən əvvəl sənin mərdliyin, ləyaqətin olub. Sən öz ləyaqətinin, heysiyyatının tapdandığı yeri Kəbə bilsən, mən əsəbiləşərəm. Bilirəm ki, sən öz keçmişinlə vidalaşmayınca ikiqat olub gəzəcəksən. Bu mənə ağır gəlir, ürəyimi partladır.

İstəyirsən məndən küs, istəyirsən savaş, istəyirsən lap nifrət elə, amma mən bunları sənə deməsəm vicdan əzabə çəkərəm, özümə yüngül əyləncə xatirinə səninlə dost olan bir qadın kimi baxaram. Bu isə lap dəhşətdir!

Sənin gözlərinin içində soyuqluq donub, bunu bilirsənmi? Sənə yaxınlaşanda üzündəki hərarətin arxasında donmuş həsrəti, soyuqluğu görüb sənin mənə münasibətini yalnız müvəqqəti dinclik axtaran, öz böyük kədərindən bir hovur baş götürüb qaçan adamın müvəqqəti “dayanacaq” tapması kimi qiymətləndirirəm. Bəlkə də bütün bu məsələlər sənin özünə də qaranlıqdır, amma mən bunları görməsəm və deməsəm mən – mən olmaram.

Yadındadır, sənə dedim ki, aşağı ümvana gedəndə yuxarı qalxma. Onun bir səbəbi də o idi ki, sənin o “ifritə qohumunu” cadugərin yanında görüblər və o səni “məhv edəcəklərindən” danışırmış… Onçu bəlkə belə dəyişmisən… Mən axı dedim, yuxarı qalxanda çox aşağı enirsən…

Mən sənin gözlərinin dibindəki buza baxa bilmirəm. Mən səni kədərli, başıaşağı görəndə ürəyim partlayır. Bütün bunları başa düşürsən, yoxsa sənin taleyin üçün keçirdiyim bu müqəddəs hissləri bir qadının qısqanclığı kimi başa düşüb yenə öz kədərinə qapılacaqsan? Sənin gələcəyin var və sən özünü şüurlu surətdə məhv etməyə haqqın yoxdur. Sənin övladının atası ləyaqətli adam olmalıdır. Bunu unutma! Əgər mən özüm bədbəxt adam olmasaydım, bəlkə də məni günahlandırardın ki, səni başa düşmürəm. Amma özün bilirsən ki, mən nə vəziyyətdəyəm… Öz evimdə yad olduğumu, otağın küncünə qısılıb səhərə kimi göz yaşları axıtmaq əzabına düçar olduğumu düşünəndə, özümə əl qaldırmaq istəyirəm. Amma haradasa uzaqlarda zəif-zəif yanan şam mənə ümid verib yaşa hələ deyir, həyat hələ bitməyib. O işıq – sənsən… Və sən də o ümid çırağını söndürmüş olsan… Aman allah, niyə belədir görəsən? O zəif şam işığı bir amana bənddir…

Mən səni başa düşdüyümün bir faizi qədər başa düş məni, nolar…

PPJ.

11-ci məktub. //  15.XI.1962, 05:30

Əzizim, dünən sənə və təbii ki, mənə də çox müqəddəs olan o ziyarətgaha baş çəkəndə qəribə hisslər keçirdim. Kədərləndim, həyacanlandım, sevindim… Bir anlıq mənə elə gəldi ki, günahlar bağışlandı və sənin çəkdiyin bütün əzablara baxmayaraq, “O” rahat oldu. Çünki səninlə yanaşı səni başa düşən, qiymətləndirən, nəslin ənənələrini qorumağı bacaran bir adam gördü və… sakitləşdi. Həmin o anda bir daha hiss elədim ki, mən yalnız və yalnız sənə məxsusam. Bəlkə də bu sənə qəribə görünər, amma mən sanki haqsızlıqla üzləşib o müqəddəs yerdə əbədi uyuyan böyük qəlbli insanın hüzurunda səni qoruyacağıma, özünə qaytaracağıma söz verdim, and içdim. Və nəhayət, neçə vaxtdır mənə rahatlıq verməyən “Görəsən bizim münasibətləri başa düşəcək bircə adam varmı?” sualına cavab tapdım: bəli, var! Onu bizdən illərmi, qərinələrmi ayırıb, bilmirəm, amma elə adamların təkcə ruhu bəsdir. Yüz-yüz, min-min anlamazın təqdiri nəyimə lazım? Bircə müqəddəs ruh bəs eləyər ki, biz başımızı uca tutub gəzək.

Uzun düşüncələrdən sonra mən özümü ora ayaq basmağa haqlı saydım, çünki o vaxtacan keçilən bütün sınaqlar sübut eləmişdi ki, mən orada səninlə yanaşı dayansam heç bir müqəddəsliyə xələl gəlməz.

…Mənim öhdəmə çətin, amma ləyaqətli bir iş – vəzifə düşür: sənin həyatına elə bir dinclik, sakitlik, rahatlıq gətirmək ki, o böyük kədər səni əzməsin və sən onu çəkə bilmək qüvvəsi qazanasan. Sən orada bu barədə çox yaxşı bir kəlam işlətdin: kədəri, dərdi çəkə bilməyin özü də ən böyük mərdlikdir!

Başa düşürəm, sevirəm, qiymətləndirirəm və… öpürəm.

PPJ.

12-ci məktub. //  20.XI.1962

Dünən bizim yubileyimiz idi (19.XI.61 – 19.XI.62). Bu bir ildə olanları, yaşadıqlarımı, hiss etdiklərimi göz önünə gətirirəm. Mənə elə gəlir ki, hansısa buzlaq bir adada donub qalmışdım və  sənin səmimiyyət, təmizlik, saf münasibət dolu etirafın ölümə məhkum olunmuş bir adamı dirçəltdi, onu həyat haqqında, özü haqqında düşünməyə vadar etdi. Onu öz ləyaqəti uğrunda vuruşa səslədi, yenidən yaşamağa səslədi. Mən bu bir ili bütün varlığımla sənə doğru – ucalığa dartınmışam və heç kəsin yox, məhz sənin tərəfindən kəşf olunduğum üçün taleyə min kərə sağ ol demişəm.

Bəlkə də əvvəllər bu təkan məni mühitimdən birdəfəlik qopara bilərdi, amma indi məni keçmişimə bənd eləyən, tutub saxlayan bağlar o qədərdir ki… Mən ancaq ləçəklərinə günəş hərarəti dəyən çiçəkmi, bitgimi deyim, bir canlı kimi bu müvəqqəti (!) sevincdən də xoşbəxt oluram. Kökü buzlaqda, üzü günəşə tərəf boylanan bitginin sevinci nə qədər ola bilər ki?!

Bu bir ildə mən özümü kəşf etmişəm, bu kəşf üçün sənə minnətdaram. Mən ancaq sənin hesabına yenidən həyata qayıtmışam. Mən zərifləşmişəm. Təkcə vücudumun yox, ağlımın, beynimin buzu açılıb, yenə sənə görə… Sən mənə anlar, dəqiqələr üçün təşəkkür eləmisən, mən sənə bütöv bir ömür üçün. Özüm də hiss eləmədən sənə çox qəribə tellərlə bağlanmışam.

Mən bir dəfə demişəm, bu münasibətlərimiz heç kəsin anlaya bilməyəcəyi bir məqamdır və hələ onun adı kəşf olunmayıb. Dostluq, sevgi, məhəbbət də gülünc görünür bizim münasibətlər üçün. Sən mənimçün təksən, yeganəsən, əvəzolunmazsan, ən doğma, ən yaxın adamsan, müqayisən yoxdu sənin…

Mənim üçün bu bir il bir ömürə dəyər. Bu bir ilin üç qəribə mərhələsi olub: 19.XI.61, 31.XII.61 və 19.VII.62. Bu üç mərhələnin hər biri sükut buzunu özünəməxsus tərzdə qırıb, bizi qəribə bir aləmdə doğmalaşdırıb…

Və sonra… Açıq deyəcəm, bir neçə dəfə əsassız şübhələrinlə məni incitmisən. Sındırmısan. Bataqlığa atıb tapdalamısan. Amma gərək belə olmayaydı. Heç olmasa özünə hörmət edəydin… Nə olar, qoy mən sənin düşündüyün adam olum… Demişəm axı, sən dünyada yeganə kişisən ki, mənim barəmdə hər şey düşünə bilərsən…

Biz onsuz da nə vaxtsa ayrılıq kədəri keçirməliydik, amma belə şəkildə yox. Bizə yaraşmayan belə münasibət nəyə gərək? Onsuz da mən lazım olanda, hiss eləyəndə özüm gedəcəkdim. Görünür bir addım gecikmişəm…

Məni ötürmə daha, yaxşı?

PPJ

14-cü məktub. //  28.II.1963

Əzizim!

Mən sənin münasibətini uzun zaman müşahidə eləmişəm. Nə qədər ki bu hisslər (pak və təmiz olsa da) ancaq ürəkdən gəlirdi və məhəbbət aləmində saysız-hesabsız qələbələr əldə eləyən bir cavanın ilk baxışda etinasız görünən, bəzən kişisayaq jestlər və davranış tərzi arxasında gizlənən qadınlığa maraq idi, məndən çox-çox uzaqda hərlənirdi və olsa-olsa mənim ani diqqətimə və təbəssümümə layiq idi. Lakin elə ki, bu ürək ağılla birləşib mənim kim olduğumu mənim özümə tanıtdı, hissləri də doğmalaşdı, özü də.

Yadındamı, sən bir dəfə mənə yazmışdın: “…Xanım, mən o zaman da sənin gözlərinə baxmaqdan doymurdum, indi də… O zaman da qonmağa yer tapmayan ağ qağayı əllərinə baxanda həzz alırdım, indi də… O zaman da hər an sənin hərarətinə sığınmaq həsrətindəydim, indi də… Göründüyü kimi, uzun zamandır mənim münasibətim olduğu kimi qalır. Dəyişən… dəyişən təkcə odur ki, o vaxt mən uzaqdan sənin “kimsəylə” qoşa getməyinə baxıb qəzəblənirdim, indi isə mən gəlib səni işdən  götürüb evə aparanda həmin “kimsə” uzaqdan baxıb qəzəblənir… Bu qədər!”

İlahi, sənin o məktubun məni necə də titrətmişdi! Mən özümü əsil xanım kimi hiss etmişdim. Uğrunda mübarizə aparılan xoşbəxt bir xanım!

Bəli, sən mənə qadın olduğumu xatırlatdın. Lakin kədərli də olsa, taleyin bizdən daha qüvvətli, daha amansız olduğunu bilirik. Əgər nə vaxtsa tale bu münasibətlərə də dönük çıxsa (allah eləməsin!), hansısa bir hələlik mənə məlum olmayan qüvvə bizi ayırsa (bəlkə də bu səni məhv etməmək istəyi olacaq) məni dönük bir qadın kimi xatırlamazsan, yaxşı? İnan ki, əyər yer üzündə sevgi, məhəbbət deyilən şey varsa, o elə bizim münasibətlərimizdir.

Həmişə bil ki, dünyanın hansı guşəsində olur olsun, sənin çiyninə, köksünə əyilməyə həsrət bir baş var (o elə indi də xəyalən sənin çiynindədir).  Sənin sığalını qoruyan saçlar, əllər var, sənin şəklini kədəriylə birgə özünə həkk eləyən qəmli gözlər var və hələ indidən sənsizliyin həsrətini yaşayan, daha doğrusu, o qorxunun titrətdiyi ürək var.

İlahi, bilsən sənə sığınmaq nə deməkdir…

Mən elə bil səni neçə il əvvəl itirib indi tapmışam. Elə bil bütün bu illəri sənin həsrətinlə yaşamışam. Bəlkə sən nağıllardakı həmən o şahzadəsən? Çətinə düşəndə  kimsəsiz olmadığını düşünmək ömrü boyu kimsəsizlikdən əzab çəkən adam üçün heç bilirsən nə deməkdir?! Bəlkə səni mənə qədər sevən çox olub, amma heç kəs mənim kimi sevməyib yəqin.

Əzizim, istəklim, əzabkeşim mənim, niyə tale sizin ailəyə belə amanslız olub? Niyə o səni belə qəribə oyunlara salıb? Mən sənin yanına öz böyük kədərimlə gəlmişəm. Məgər sənin öz kədərin az idi? Bu axı ədalətsizlikdir, sən xoşbəxt olmalı ikən niyə çiyinlərində, gözlərində, ürəyində bu boyda kədər gəzdirməlisən?!

Onu bilirəm ki, bütün varlığımla səninəm və bizim ayrılığımız (əgər indikinə vüsal demək mümkünsə) qətiyyən mümkün deyil. Şənbə günü yenə səni təəccübləndirən qəfil  göz yaşlarım öz taleyimdən çox sənə görə idi. Yenə mənə elə gəlmişdi ki, səni itirə bilərəm (səni itirmək ilk növbədə özümü məhv eləmək deməkdir). Tanrıdan güc, qüvvət istədim ki, məni “qadınlıq borcunu yerinə yetirmək” xofundan xilas eləsin (bu mənim üçün elə Tanrı xofu kimidir).

…Deyəsən uzunçuluq elədim. Səndən başqa heç kəsim yoxdur ki, məni başa düşsün. Sənə deməli və deməməli olduğum bütün sözləri yenə sənə deməyə məcburam. Neyləyim, məni axı tək sən başa düşürsən!

Öpürəm, sevirəm, kədərlənirəm və sevinirəm ki, sən varsan!

PPJ.

17-ci məktub. //  9.VI.1963

Əzizim, mehribanım, yeganəm mənim!

…Mən hər şeyə, hamıya haqq qazandırıb özümü günahkar eləməyə alışmışam. Uzun illər belə yaşamaq məni müti eləyib, özümə layiq olmayan səviyyəyə alçaldıb. Və nəhayət mən ürəyimin sənə aid sağlam parçasına söykənib ayağa qalxmışam, keçmişə, sadəlövh mütiliyə, ləyaqətsiz sədaqətə əlvida demişəm. Dünyanın ən geniş bir guşəsinə sığınmışam. Allah bilir məni oradan qoparmaqçün kimlər çalışmayıb! İnzibatilərdən tutmuş “dostlara” kimi hamı. Amma hamı, hər şey gücsüz olub. Çünki biz səninlə səadət, xoş güzəran, təmin olunmuş ömür axtarmamışıq. Biz özümüz də hiss eləmədən ruhən, təbiətən, mənən yaxın olmağın cazibəsinə düşmüşük. Və biz bu böyük, yüksək hisslərin təmizliyinə, saflığına pənah gətirmişik.

Yer üzündə çox geniş imkanları olanlar bizə qibtə eləyə bilər. Baxmayaraq ki, iki kəlmə sözü rahat danışmağa yerimiz yoxdur. Qəribədir, ən kədərli vaxtlarda hiss eləyirəm ki, ürəyimin bir guşəsində işıq yanır, ora heç vaxt kölgə düşmür, ora heç vaxt donmur. Mən o işığı, hərarəti ömrümün sonuna kimi qoruyacağam. Onsuz mən məhv olardım, yaşamazdım. Yaşasam da, ətrafda qaynaşan, sürünən varlıqlardan birinə çevrilərdim.

Neçə illər süründüyüm bəsdir. Yaralarım, ağrılarım indi-indi göz bağlayır. Ayaqlarım indi-indi yer tutur. Beynim, ürəyim, hisslərim yalnız indi mənə layiq işləyir. Sən mənə çoxdan üstündən qələm çəkdiyim gəncliyi, qadınlığı, məhəbbəti qaytarmısan. Məni neçə illərdi xoşbəxt eləmisən. Xoşbaxtam ki, sən varsan. Xoşbaxtam ki, qorxa-qorxa, utana-utana olsa da, bu hisslərə cavab verməyə cəsarət tapmışam. Yalvarıram bütün bunları geri almağa çalışma. Özünə və mənə əzab vermə. Yazığıq axı…

Xahiş edirəm yazdıqlarımı tövbə, peşimançılıq kimi qəbul eləmə (sən axı çox qəddarsan). Sadəcə sənə ürəyimdəkiləri demək istədim.

Başımı sinənə söykəyib hönkürmək istəyirəm! Neçə vaxtdır o tanış yola çıxmırdım. Neçə vaxtdır o tanış yolla yağışlı-küləkli havada qaçmırdım. Yenə niyə məni yola çıxarmısan?

Sənin – PPJ.

18-ci məktub. //  28.VII.1963

Sən mənim həyatımın, ömrümün ən əziz, ən qiymətli parçasısan, onu kəsib atmaq mümkün deyil, bunu başa düşürsən?!

İlahi! Təmiz adama çirkab yaxmaq istəyən nə qədər natəmizlər varmış bu dünyada! Gün ərzində qulaqlarım daha nələr eşitmir! Sən iş yerində bir addım irəli gedəndən sonra, haqqında nələr demirlər, hərə bir xəbərlə gəlir üstümə (istəyən də, istəməyən də). Sən özün bilirsən mən niyə çaşıram, çünki indiki həyat tərzimiz bizə layiq deyil. Düzdür, başqa əlac da yoxdur… Hərdən mənə elə gəlir ki, səni də məhv eləyirəm. Mən ən yaxşı illərimi layiq olmayan birinə sərf edəndən sonra, yorğun-arğın gəlib sənin böyrünə çökmüşəm, səni göz açmağa qoymuram.

Etiraz eləmə, bunları sən heç vaxt düşünməyəcəksən, çünki vicdanlı adamsan. Sənin qarşında günahkaram ki, bir belə əzaba salmışam səni.

İlahi, adamın ağlamağa da yeri, imkanı olmazmış! Ürəyimdə göz yaşları yığılıb qalıb deyə kövrəyəm, hər şey mənə toxunur.

Görək ömür yelkənimiz hansı sahilə çırpılacaq. Etiraf eləyək ki, biz səninlə fırtınaya-filana baxmayıb dənizə çıxmışıq və hər dəfə qüvvətli zərbə qayğımıza dəyəndə diksinirik. Amma…

Fırtınadır axı, əzizim, fırtına!

PPJ.

***

…Qəribəydi. Eyni hal təkrar olunurdu. Məktublar Fikrəti qanadlarına alıb real dünyadan naməlum qadının dünyasına apardı. Ən maraqlı məqamda, gözünün mətni seçmədiyini hiss edəndə başını qaldırıb otağı alaqaranlıq gördü. Yalnız əyri-köndələn kabinetin pəncərəsindən düşən küçə fanarının zəif işığı ay zolağı kimi masanın üstündə sayrışırdı. Eynən qarşısında çırpınan yaralı məktublar kimi.

Başı oxuya elə qarışmışdı ki, qaranlıq düşdüyünü hiss etməmişdi. Saata baxdı, çox gec idi, yəqin yenə institutda ondan başqa kimsə qalmamışdı. Düşüncələr içərisində məktubları masanın üstündən qovluğa yığdı, aparıb yerinə qoydu. Tələm-tələsik öz yazılarını, dəftər-kitabını çantasına yığdı. Otaqların qapısını bağlayıb aşağı endi. Birinci mərtəbədə, pilləkanın altındakı balaca budkada əyləşən “çoxbilmiş” gözətçi onun gəldiyini görüb adəti üzrə irişdi:

– Özünü üzmə, a bala, – dedi. – Onsuz da bu dünyada iş qurtaran deyil. Subay oğlansan, get gəz, istirahətini elə, kefinə bax.

Fikri başqa yerdə olduğu üçün gözətçinin “fəlsəfi düşüncələrinə” reaksiya  vermədi, laqeydcəsinə başını tərpədib binadan çıxdı. Oxuduğu məktubların təsiri altında ağır addımlarla, yorğun-arğın evə tərəf getdi.

Hər dəfə məktubların səliqə ilə sıralanmış sətirlərində incə duyğularla yaşayan həssas qəlbli insanların sevgisinə şahidlik etdikcə, Fikrətin də içində qəribə əhvallar oyanır, ruhu təzələnirdi. Düşünürdü ki, gündəlik qaçha-qaçda hiss etmədiyimiz, fərqinə varmadığımız bu yeknəsək həyat necə də mürəkkəb və maraqlı hadisələrlə doludur. Ən sadə, gözəgörünməz adamın da kənar gözlərdən uzaq, gizli bir dünyası var bu fani dünyada…

***

Axşam evə gedib şam elədi, çay içdi, dincəldi, “Xəbərlər”ə baxdı, musiqi dinlədi, gecəni də rahat yatdı. Səhər tezdən yenə böyük həvəslə durub işə gəldi.

Naməlum qadının tam özgə bir dünyasından xəbər verən kövrək məktublar Fəsad Məmişovun fitnə-fəsad dolu çirkin aurasının miskinliyini tamam unutdurmuşdu.  Uzaqlarda qalmış naməlum qadının köksündən qopub vərəqlərə səpilən iztirab dolu, həssas, duyğusal məktublar bu dünyanın təkcə şər-xata iblislərdən ibarət olmadığını xatırladır və insanın yaşamaq, yaratmaq həvəsini artırırdı.

Fikrət oxuduğu məktubları professor Tarxan Babanın araşdırması ilə də tutuşdurur, daim Azərbaycan türklərini “vəhşi”, “mədəniyyətsiz” adlandıran gəzəyən  tayfanın iç dünyasının bu məktublardakı uca insani hisslərlə müqayisədə nə qədər cılız  olduğunu görürdü. Naməlum qadının qələmindən çıxan məktublardakı alicənablığı, yüksək əxlaqi dəyərləri və abır-həya naxışlarını erməni ədiblərinin qanlı-qadalı əsərlərindəki ibtidai düşüncə tərzi ilə müqayisə etdikcə, mənsub olduğu xalqın çox-çox yüksək mədəniyyətə, ədalət hissinə sahib olduğunu dərk edib fərəhlənir, qürur hissi keçirirdi.

Onu da düşünürdü ki, rəhbərlik etdiyi şöbədə fəlsəfi-kulturoloji aspektdən aparılacaq tədqiqat işlərinin bir istiqaməti məhz bu iki qonşu etnos arasındakı fərqi göstərmək, həqiqəti yazıb yaymaq olacaqdır. Çünki bizim xalqın menatlitetində özünüreklam yoxdur, əksinə, ifrat təvazökarlığa, özünəqapanmaya meyl üstünlük təşkil edir. Bəlkə də buna görə dünyada layiqincə, olduğu kimi tanına bilməyib və bu yöndə hələ görüləcək işlərimiz çoxdur…

Səhər yuxudan oyananda, nədənsə Fikrətin içində belə bir hiss də oyanmışdı ki, dünənki gərgin “dueldə” Məmişov kimi “dik-dik xoruzdan” təkcə özünün yox, bütün şöbənin canını qurtarıb. Özü haqqında həqiqətləri bəlkə də ilk dəfə eşidən o süni nüsxə  bir daha Mərkəzə ayaq basmayacaq, insanların əsəbləri ilə oynamayacaq, şöbənin işinə  mane olmayacaqdı. Nədənini bilməsə də, rahatlıq gətirən bu hiss həmişəki kimi gecənin bir aləmində qeybdən gəlib içinə dolmuşdu və haqlı olduğuna inamını daha da möhkəmlətmişdi.

İnstituta hamıdan tez gəldi ki, hələ iş başlamamış sakitlikdə professorun yazısını oxuyub bitirsin. Xasiyyətinə bələd idi, yazıya bir gün də gec cavab verilsə, narahat qoca özü zəng vurub soruşacaqdı. Fikrət isə onu cavabsız qoymaq istəmirdi. Odur ki, mətni qarşısına çəkib qaldığı yerdən davamını oxumağa başladı.

***

Tarxan Babanın çıxışının tezisləri

(davamı)

…Qarabağın işğalı zamanı ermənilər insanlara faciə yaşatmaqla yanaşı,  milli mədəniyyətimizə qarşı da əzazillik etdilər. Özünü dünyaya “qədim-mədəni xalq” kimi sırıyan tayfanın mədəniyyətə münasibəti budur: Qarabağdakı 500 tarixi-memarlıq, 100-dən çox arxeoloji abidə, 903 dövlət qeydiyyatında olan və 1500 dövlət qeydiyyatında olmayan tarix və mədəniyyət abidəsi, minlərcə əsərin qorunduğu 26 müzey, 8 rəsm qalereyası, 5 milyonadək kitab və əlyazmanın saxlandığı 927 kitabxana, 85 incəsənət məktəbi, 20 mədəniyyət sarayı, 4 dövlət teatrı vəhşicəsinə dağıdılıb məhv edildi. Şuşa, Ağdam, Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı, Laçın, Kəlbəcər rayonlarının ərazisində yüzillərlə yaşı olan müxtəlif maddi mədəniyyət abidələri, dəyərli məkanlar var idi. Qalalar, türbələr, binalar, məscidlər, evlər, karvansaralar, məktəblər, bulaqlar, kəhrizlər… Bunların hamısı darmadağın edildi. “Ermənistan” adlanan süni dövlət qurumunun mədəniyyət siyasəti, özünü hamıdan üstün sayan tayfanın əsil siması bu vəhşi dağıntılarda özünü büruzə verir.

Qarabağ muzeylərindəki 40 mindən çox tarixi-mədəni eksponat talan edildi.  Azərbaycan xalqına məxsus əşyalar, rəsm və heykəltəraşlıq əsərləri, xalçalar, görkəmli şəxsiyyətlərin xatirə əşyaları, qədimi pullar, qızıl və gümüş məmulatları, nadir bahalı daşlar, xalçalar və digər əl işləri ilə zəngin eksponatlar oğurlandı. Kəlbəcər, Şuşa, Ağdam, Qubadlı, Zəngilan tarix-diyarşünaslıq muzeyləri, daş abidələr, heykəllər  dağıdıldı, it-bata salındı. Dünyada unikal Ağdam Çörək Muzeyi, tarzən Qurban Pirimovun Xatirə Muzeyi,  Rəsm Qalereyası məhv edildi.

Qarabağın tacı, mədəniyyət beşiyi füsunkar Şuşa xüsusi amansızlığa məruz qaldı. Şəhərdəki 8 muzey talan edildi. Xan qızı Natəvanın, Mir Möhsün Nəvvabın, Üzeyir bəy Hacıbəylinin, Əbdürrəhim bəy Haqverdiyevin və neçə-neçə yaradıcı ziyalıların, sənət adamlarının ev-muzeyləri, diyarşünaslıq muzeyləri darmadağın olundu. Qarabağ Tarixi  Muzeyinin 1000-dək əşyası,  musiqiçi və rəssamların xatirə muzeylərinin eksponatları oğurlandı. Şuşadakı 500-dən çox abidə oğurlanaraq, xaricdə “erməni abidəsi” kimi

nümayiş etdirildi. Şəhərin bütün gözəl məbədləri, abidələri, heykəlləri dağıdıldı. 7 məktəbəqədər uşaq müəssisəsi, 22 ümumtəhsil məktəbi, mədəni-maarif, kənd təsərrüfatı texnikumları, 8 mədəniyyət evi, 14 klub, 20 kitabxana, 2 kinoteatr, 3 muzey, Şərq musiqi alətləri fabriki yerlə yeksan edildi. Xan mağarası, Qaxal mağarası, Şuşa qalası daxil olmaqla, bütövlükdə 279 dini, tarixi və mədəni abidə darmadağın edildi,  oğurlandı, yaxud süni şəkildə “erməniləşdirildi”.

Azərbaycanlıların izini itirimək məqsədilə Qarabağ ərazisində külli miqdarda xanəgahlar, türbələr, pirlər, monumental tikililər, orta əsr qəbiristanlıqları, məscidlər və başqa müsəlman abidələri atəş hədəfinə çevrildi, tankların tırtılları altında qaldı.

Hər bir xalqın yaratdığı mədəni irs həm də bəşər mədəniyyətinin tərkib hissəsi olduğundan, onların məhv edilməsi bəşəriyyətə qarşı qəsddir. Tarixi cinayət törədən  mənfur əməllərinə görə ermənilər tez-gec cavab verəcəklər.

Biz Qarabağ kimi digər itirilmiş torpaqlarımıza, düşmən tapdağı altında qalan yurd yerlərimizə qayıdacaq, o yerlərdəki mədəni irsimizə sahib çıxacağıq. Biz nəhayət tarixin dərslərini nəzərə almalıyıq. Vətən təəssübü çəkən hər bir namuslu Azərbaycanlı, o cümlədən, dünyada yaşayan əlli milyonluq xalqımızın nümayəndələri bundan sonra daim öz yurduna, torpağına sahib çıxmaq amalı ilə yaşamalıdırlar.

Və yaşayacaqlar! Mən buna əminəm.

***

Fikrət çıxışın tezislərini təzəcə oxuyub qurtarmışdı ki, telefon zəng çaldı.

– Oxudun? – Dəstəyin o başında professor Tarxan Babanın xırıltılı səsi eşidildi. O sanki uzaqdan Fikrəti müşahidə edirmiş, oxuyub qurtardığını görən kimi zəng vurmuşdu. – Necədir?

– Salam, professor. Bəli, oxudum. Çox yaxşıdır.

– Bəs niyə xəbər eləmirsən?

– İnandırım Sizi, indicə oxuyub bitirdim. Heç beş dəqiqə deyil, inanın…

– Bəsdir, a kişi. – Professor güldü. – İnandırma məni. Mən onsuz da sənə inanıram. Fikrin necədir, onu de.

– Fikrim belədir ki, hörmətli professor, konfransın dəyərli çıxışlarından biri olacaq. Bəri başdan təbrik edirəm. Mükəmməldir… Konfransın profilinə tam uyğun…

– Elə? – yaşlı professor özünəməxsus uşaq sadəlövhlüyü ilə sual etdi. – Sağ ol,  əgər elədirsə. Fikrət bəy kimi obyektiv alimdən bunu eşitmək xoşdur.

– Mən Sizə təşəkkür edirəm, professor. Çıxışın mətnini topluya daxil edəcəyik, bu öz yerində, amma əminəm ki, konfransda çıxış zamanı yazdığınız tezislər öz dilinizdən  səsləndikcə, effekti birə-beş daha artıq olacaq.

– İnşallah! – dedi professor. – Onda biraz da əl gəzdirim.

Və sağollaşdılar.

Bir saatdan sonra konfransa hazırlıq işlərinin nə yerdə olduğunu müzakirə etmək üçün təşkilat qrupunun üzvləri şöbə müdirinin kabinetinə toplaşdılar. Professor Tarxan Babanın iştirak və çıxış etmək arzusunu biləndə, hamı “Əla!” – dedi. Onun adı çıxışçılar siyahısına əlavə olundu. Dəvətli qonaqların ümumi siyahısını nəzərdən keçirdib, bəzi dəqiqləşmələr apardılar. Fikrət dəvətnamələrin paylanması ilə maraqlandı, çap işlərinin nə yerdə olduğunu soruşdu…

Beləcə müzakirə sakit axarda davam etdi. Məlum oldu ki, hamı öhdəsinə düşən işi  operativ həll edib, qısa vaxtda bütün təşkilati işlər görülüb.

İşçilərin əhvalından Fikrət onu da hiss etdi ki, həqiqətən də dünənki “dueldə” Fəsad Məmişovu “nokaut etməsi” əməkdaşlarda ruh yüksəkliyi yaradıb. Sən demə laborant Leyla hər şeyi işçilərə danışıb.

Artıq konfransa hazırlığın vəziyyəti barədə direktora məruzə etmək olardı. Fikrət birbaşa əlaqə xətti olan selektorun dəstəyini qaldırdı. Qarşıdakı konfransa hazırlıq işləri barədə hesabat vermək üçün Zeynal müəllimin qəbuluna gəlmək istədiyini bildirdi.

– Yanımda indi adamlar var, – dedi Zeynal müəllim. – Məşğulam. Sonra da Aparata gedəcəm. Sən sabah tezdən 9-da burda ol. Onsuz da sənin işlərindən arxayınam. Bilirəm ki problem olmaz… – Bir qədər pauzadan sonra əlavə etdi. – Ümumiyyətlə, sən nə edirsənsə, düz edirsən, Axmedov.

Bu son cümləni xüsusi intonasiya ilə vurğuladı və Fikrət onun nəyə işarə etdiyini dərhal anladı. Demək, Fəsad Məmişov həqiqətən bir daha bu tərəflərə hərlənməyəcək.

İclasdan sonra hərə öz işinin dalınca getdi. Fikrət otaqda tək qaldı. Çox yorğun idi. Elmi yazılar, müzakirələr beynini yormuşdu. Hiss elədi ki, həm də darıxır. Hansısa köhnə tanışıyla vacib söhbəti yarımçıq qalıb, onu gözləyir. Bu hisslərlə sövq-təbii yerindən qalxıb küncdəki dolaba tərəf getdi. Ən altdakı siyirtməni çəkdi. Qırmızı qovluğu görəndə gülümsündü. Öz-özünə: – “Deyirəm axı… Salam, dostum!” – deyə cəld əyilib onu götürdü. Yazı masasının arxasına qayıdıb qovluğu qarşısına qoydu. Üstündəki köhnə boz qaytanı səbrsizliklə özünə tərəf çəkməyə başladı: “Açıl sim-sim, açıl.”

***

Naməlum qadının məktubları

19-cü məktub.  //  18.VIII.1963

Məndə həmişə iki adam yaşayıb. Birinci – kütlə üçün, ikinci – özüm üçün. Birincini çoxu tanıyır. İkincini – kövrək, köməksiz, kimsəsiz qadını isə ancaq sən tanımısan. Bunun varlığını və yalnız sənə məxsus olduğunu kütləyə car çəkmək nəyə lazım? Mən sənin yanına gəlməmişdən əvvəl sənə layiq olmaq istəmişəm. Yaşamaqdan, əzab çəkməkdən yorulmuşam. Hərdən baş götürüb harasa – kimsəsiz bir yerə qaçdıqca qaçmaq istəyirəm.

Mən səni sevirəm, mən səni dəli kimi sevirəm. Bu təkzibolunmaz faktdır. Heç kəs bilmir sən mənimçün kimsən! Sən mənimlə olmayacaqsansa, dediyin o PPJ gözəlliyini neynirəm?

Öpürəm, sevirəm, ağlayıram, çıxış yolu görmürəm, ürəyim partlayır.

Məni heç kəsə qısqanma, yaxşı? Yanında oldum-olmadım, ürəyim sənə məxsusdur. Ora heç toz da girə bilməz. Məni şübhələrinlə təhqir eləmə…

İşdir, uzaqlaşmaq istəsən, mənim əzablarımdan qorxma, get, xoşbəxt ol! Daha ləyaqətli adamlara layiqsən sən…

Başını dik tut! Sənin xanımın elə bir iş tutmaz ki, sən qəddini əyib gəzəsən…

PPJ.

21-ci məktub.  //  12.XI.1963, 05:00

Mən həyatda qohum-əqraba, ailə üzvləri və dostlar da daxil olmaqla çox adam üçün fədakarlıq eləmişəm. Ən çətin anlarda hər şeyi unudub sinəmi qabağa vermişəm və heç vaxt soruşmamışam: neyləyək? Nə bacarıramsa, eləmişəm.

Amma növbə mənə çatanda, hamı dayanıb xəbər alıb: neyləyək? Dünən sən də təxminən bu vəziyyətə düşdün və mən böyük kədərmi, ağrımı, əzabmı, – bilmirəm, hələlik bu hissin adı yoxdur – içində fikirləşdim ki, mənim fədakarlığımı təkrar eləyə bilən ikinci adam yoxdur və hamı məndən soruşur: neyləyək?

Mən üzdən mülayim görünsəm də, sənin kimi qətiyyətli ola bilmirəm. Bütün gecəni sənin barəndə, münasibətlərimiz barədə düşünmüşəm. Heç nə üçün peşiman deyiləm. Hər şey gözəl idi, ləyaqətli idi…

Mən artıq öz keçmişimdən qopmuşam. Keçmişə, geriyə yol yoxdur, lakin irəlini də qəbristanlıq kimi çəpərləyiblər. Bunu bil və döz.

Çalış məni unut. Mənə fikir vermə. Onsuz da həmişə tək və kimsəsiz olmuşam. Yenə dözərəm.

PPJ.

22-ci məktub.  //  5.I.1964

Mən həyatda heç kəsə pislik arzulamamışam. Amma indi ürəyimdən hərdən belə dəhşətli şeylər keçir. İlahi, sənin hər cümlən, hər sözün o qədər pak, o qədər təmizdir ki, mən o sözlərin arxasındakı insanı sevmək nədir, həyatım bahasına olursa belə, dünyanın ən xoşbəxt adamı eləməkdən başqa heç nə barədə düşünmürəm. Mən qəzəbli anlarımda sənin məktublarına üz tutub sakitləşirəm. Qəddar olanda onları oxuyub kövrəkləşirəm. Hissim, düşüncəm korşalanda, onların təkcə düzümünə baxmaq kifayət eləyir.

Dünən sənin barəndə rəhbərliyə yazılan o iyrənc donosu görəndən sonra uzun müddət özümə gələ bilməmişəm. Əzizim mənim, belə nadanların içində hissini, düşüncəni qoruyub saxlamaq nə qədər çətinmiş… Sarsılmadan yoluna davam et. Bil ki, əgər ayağından çəkirlərsə, demək sənin istedadın, bacarığın, qabiliyyətin var və sənin gələcək inkişafın kimlərisə qorxudur. Amandır, onlar barəsində düşünmə…

Həyatda həmişə hamı mənim köməyimə arxalanıb. Sən yeganə  adamsan ki, mənə arxa olmusan. Mən heç vaxt indiki kimi yaşamaq, sağlam olmaq, qəşəng görünmək barədə düşünməmişəm. Bunların hamısı sənə görədir, əzizim.

Elə bil biz səninlə cəbhə yoldaşı olmuşuq. Məgər biz “faşistlərin” saysız-hesabsız hücumlarına birgə sinə gərməmişikmi? Məgər üstümüzə güllə kimi yağdırılan aramsız böhtan yağışından birgə sıyrılıb çıxmamışıqmı? Ən çətin anlarda bir-birimizə arxa-dayaq olmamışıqmı? Biz axı təkcə bir-birinə xoş sözlər demək üçün rastlaşmamışıq. Taleyin amansız iztirablarına sinə gərə-gərə doğmalaşmışıq…

Sən mənə çox gərəksən. Təkcə sənin varlığın mənə bəsdir. Sən elə adi dost kimi də yeganəsən, sirdaş kimi də… Mənim mərd olduğu qədər də incə, kövrək cəngavərim! Gözlərinin ən dərin qatlarında qəzəbin şəfqətlə əvəz olunduğunu ancaq mənə hiss elətdirən “xəsisim” mənim! Sənə və taleyə çox minnətdaram.

Ümidlə kədərin işıq saldığı gözlərindən öpürəm.

PPJ.

23-cü məktub.  //  7.II.1964

…Bir vaxt mənim ömrümü həsr eləməyi böyük həsrətlə arzuladığım və gözlədiyim bir adam olub, sən bunu bilirsən. Mən onu sonradan itirdim. Özü də mən itirdim, bir ehtiyatsız, düşünülməmiş cümlənin: “İstəyərəm edərəm, istəmərəm etmərəm” kimi adi  bir cümləsinin üstündə. Qızlıq qüruru bütün əzablarıma, göz yaşlarıma qalib gəldi və mən o vaxt hətta öz qələbəmə sevindim də. Sonra isə…

Sonra isə taleyin mənə qəzəbi tutdu və mən uzun müddət bu qürurun əzabını çəkməli oldum.

Eramızın ilk illərində mən səninlə rastlaşanda, səni sevib hər şeyi unudaraq öz-özümə söz verdim: yox, bu səadəti itirməyəcəm, dözəcəm, qoruyacam onu. Qoy kim nə deyir-desin, murdar beyinlər nə istehsal edir-etsin, daha öz səadətimi qurban verməyəcəm. Səninlə o müqəddəs ziyarət yerinə gedəndə sədaqət, həm də dözüm  andı içdim. Amma budur, düz bir ildir biz ayrılıb ayrı-ayrı mühitlərə düşmüşük…

Heç vaxt düşünməzdim ki, sən nə vaxtsa mənə qəzəblənərsən və: “Bu   münasibətlərin binası sənin Mərdəkan səfərindən sonra titrəməyə başladı”, – deyərsən.   Səhv eləyirsən, əzizim, bu sənin şübhələrinin tarixidir. Mənim şübhələrim isə xeyli əvvəl başlayıb. İlk dəfə sən mənə “Tək qalmaqdan qorxmursan ki?” sualını verəndə.

Mən sənə qara yaxmağa, böhtan atmağa çalışan çox alçaq adamlarla dialoq aparmaq əzabına qatlaşdığım halda, sən mənə belə münasibət bildirdin. Mən yenə dözdüm. Amma həyatda heç bir şey izsiz keçmir. İndi mənə elə gəlir ki, adamları səndən üz çevirməyə zorla məcbur edən elə sən özünsən…

Sonra bizim paytaxt həyatımız. O dövrdə də sən məni nə qədər incitdin! Axırda da gözü yaşlı yola saldın. Sən qəddar həkim kimisən. Bıçaqsız-qansız əlini salıb adamın ürəyini çıxarırsan. Bunu elə sürətlə, məharətlə eləyirsən ki, adam bir anlıq özünü itirir, ağrını hiss eləmir. Sonra isə.. Sonra isə görür ki, sən onun üçün də, özün üçün də qiymətli olan bütün bağları qırıb atmısan.

Bəlkə də mən birdən-birə sənə çox amansız hökm oxuyuram, amma son vaxtlar hiss etdiyim soyuq münasibətin qəlbimdə belə hisslər doğurub. Sən ancaq gözəllik, zəriflik aşiqisən, vəssalam. Onları qorumağı isə bacarmırsan… Adamı bu qədər incitməzlər axı?

Mən bir vaxtlar sevdiyim o cavan oğlanı gözləyirəm. O oğlanı ki, vurğun nəzərlərlə üzümə baxıb deyərdi: “Xanım, necəsiniz?” Mən də xoşbaxt-xoşbaxt nazlanardım… O gəlsə də, gəlməsə də mən onu sevəcəyəm. Çünki o mənə itmiş səadətimi qaytarıb. Çünki o məni yerlərdən ayırıb yüksəklərə qaldırıb.

Xoşbaxt ol.

Sənin – PPJ.

25-ci məktub.  //  11.IV.1964

Əzizim, istəklim, yeganəm mənim!

Bu gün sənin ad günündür və mən dünənki “incik” ayrılıqdan sonra bütün gecəni üç il əvvəli xatırladım. O vaxt mənə elə gəlirdi ki, bir vurğun baxış, bir mehriban söz, bir mənalı təbəssüm bizim üçün hər şeydir, filankəs demiş, biz xoşbəxtliyin “patolokuna” çatmışıq. Sənin narazı baxışlarını, intizarlı-kədərli üzünü görəndə özümü itirirdim: “Xoşbaxtlıq üçün görən daha nə lazımdır” – deyə düşünürdüm…

Münasibətlərimizin o dönüş nöqtəsindən xeyli vaxt keçib. Mən başa düşmüşəm ki, nə qədər keçir-keçsin, bizim münasibətlərimiz keçəri deyil. Və bu gün mən yuxudan yalnız yeniyetmə qızlara məxsus qəribə sevinc dolu narahatlıqla oyananda bir daha düşünmüşəm ki, sənin bu dünyada sadəcə varlığın da mənə xoşbaxtlıq gətirir, həyatı mənimçün mənalı edir.

Mən hələ də səni görəndə özümü itirirəm, hələ də nə vaxtsa böyrünə qısılıb xoşbaxt olacağım günlərin intizarını çəkirəm. Bilmirəm bu bizə qismət olacaq ya yox, amma o müqəddəs gələcək məni yaşadır.

Dünən sən zəng vuranda məktublarını oxuyurdum. “Ağlama, xanım, nə qədər mən sağam, ağlama…”, “Öpürəm paytaxt gecələrini…”, “İncitmə məni, onsuz da səni sevirəm…” Bu sətirlərin hər biri bir ömürə bəs eləyən sarsıntılardan sonra yazılıb. Bizim kədər dolu səadətimizin hər anı mənalı olduğu qədər də əzablıdır, amma doğmadır.

Hərdən mən fikirləşirəm ki, nahaq yerə səni bu əzaba saldım. Gərək vaxtında buraxaydım gedib istədiyin kimi yaşayaydın. Amma sonra da eqoistcəsinə fikirləşirəm ki, sən gedib kiminləsə bir müddət fiziki rahatlıq tapardın, mənən isə ürəyin, gözlərin həmişə məni axtaracaqdı və mən buna dözə bilməzdim. Bəlkə də mən öz rolumu həddən artıq şişirdirəm, amma hər halda düşündüyümü deyirəm.

Sən mənə çox əziz, doğma adamsan. Sən – mənim özümsən, bəlkə daha qiymətlisən. Küsmə məndən… Biz axı söz vermişik, birimiz zəiflik göstərəndə o birimiz qüvvətli olub murdar burunların o müqəddəsliyə daxil olmasına imkan verməyək.

Bir daha təkrar edirəm ki, mənim sənə münasibətim səni heç bir borc qarşısında qoymamalıdır. Bu – mənim münasibətimdir və həmişə belə qalacaq: təmənnasız!

Sənin – PPJ.

33-cü məktub.  //  20.II.1965

Bu məktub çoxdan yazılmalı idi.

Mənim sənə yüksək münasibətim məni o yerə gətirdi ki, sən daha sevimli  adamınla danışmaq üçün mənə telefonda “gözlə” dedin. Mən susdum və dözdüm, büruzə vermədim, çünki ölərəm, ancaq alçalmaram!

Bir vaxt belə bir günün gələcəyini özüm demişdim sənə, amma bu şəkildə də yox axı, dostum! Sən bu hörmətsizliyi ilk növbədə mənə yox, özünə etdin. İndi özünü müdafiə üçün nə qədər dəlil gətirsən də, “Yanılırsan, xanım!” – desən də artıq gecdir. Mən qərarımı verdim.

Qəlbimi sındırdığın məqam tək bu deyildi. Yadındamı, bir gün mənə – “Daha qar yağmır, yollar sürüşkən deyil, özün gedə bilərsən? Mənim başqa işlərim var…” – dedin. Eh, dostum, yollar heç vaxt sürüşkən olmur, sürüşkən adamlardır. Bəzilərinin ayaqları sürüşməsə də, hissləri həvəslə ora-bura sürüşür. Hiss eləyəndə ki, mənimlə görüşməkdən yayınırsan, dəhşətə gəldim. Çox təəssüf ki, sən mənim qadın zəifliyimdən istifadə edib məni aldada bilmisən. Çox sağ ol! Sən bunu bacarırsan. Lakin təkcə bunu bacarırsan.

Bu neçə illər ərzində məni sənə nə fiziki, nə iqtisadi imkanlar bağlayıb. Mən ona görə sənə sığınmışdım ki, mənən ac idim, taleyin hökmü ilə sən mənim “payımı” yaxşı verdin.

Bilirəm, bu hisslərimə də gülüb deyirsən: “Elə bil kitab yazırsan, xanım…” Deməli, kitablarda yazılanlara da inanmırsan. İnamsız yaşamaq dəhşətdir!

Hə, xətrinə dəyir, eləmi? Eybi yox, döz! Qadından zərif deyilsən ki!

Mən əlbəttə, bunları ürək ağrısı ilə yazıram. Son vaxtlar bunları sənə deməkdən utanırdım, amma sən saf, təmiz hesab etdiyim münasibətlərə belə laqeydlik göstərməyə başlayanda, daha utanmaq yeri qalmır…

Bununla da hər şey bitir.

Nə qədər ki, münasibətlərimiz aydın səmadan toz-dumanlı yerə enməyib, nə qədər ki, bir-birimizə olan ilahi sevgi adiləşməyib, nə qədər ki, aramızda inamsızlıq uçurumu dərinləşməyib, onu kəsmək və ayrılmaq yaxşıdır. Qoy yaşadığımız sevginin  müqəddəsliyi pozulmasın. Olduğu ucalıqda qalsın. Heç olmasa xatirələrdə…

Hər hansı tədbirdə, iclasda, adam arasında salam verib hal-əhval tutsam, yaltaqlıq və peşimançılıq kimi qəbul etmə. Mənə yazdığın məktubları da özünə qaytaracam. Onsuz da bu münasibətləri o sehirli məktublarınla sən yaratmışdın, özün də götür, məhv elə. Mənim əlim gəlməz.

Yekunda istəyirəm biləsən: bundan sonra tək qalmağımın günahkarı sən deyilsən. Amma tənha qalmağımın günahı səndə olacaq. Çünki daha heç kəsə ürəyim qızmayacaq, heç kəsə mənim dünyamda yer olmayacaq. Heç kəsə əzizim deməyəcəm. Sən mənim xasiyyətimi dəyişdirib özün kimi qəddar elədin… Mənim ürəyim saxta deyil, onunla oynamağa kimsənin haqqı yoxdur! İcazə vermərəm!

Mən indi əzab çəkirəm. Çünki sən mənə doğma olmusan. Doğmalardan ayrılmaq isə əzablı olur. Çətin olur.

Xoş gününə həmişə sevinəcəyəm, inan. Mənim sənə münasibətimdə heç vaxt  saxtalıq olmayıb, müqəddəs nə varsa and içirəm. Bu məktub da saxta deyil!

Əlvida!

Əbədi sənin –

PPJ.

***

Sonuncu məktubu oxuyub bitirəndə Fikrət dərindən köks ötürdü, sanki üstündən ağır yük götürülmüşdü. O indi özünü əvvəlki kimi yorğun yox, üzgün hiss edirdi, həm də çox üzgün. Zaman etibarilə uzaq keçmişdə, köhnə əyyamlarda və köhnə dünyada baş verən iki ziyalı insanın həyatından müəmmalı olayların doğurduğu qarışıq hisslər toparlanıb Fikrəti sıxırdı. Haradan qaynaqlandığını anlaya bilmədiyi iztirab dolu qəribə əhval varlığını sarır, onu darıxdırırdı. Böyük sevgi münasibətlərinin belə qəmli sonluqla bitməsi bir insan kimi onu üzürdü. Ən çılğın hisslərin də uğurlu axarına olan inamını sarsıdırdı. Eyni hisslərlə neçə gün idi gözlədiyi xəyali “ürək dostunun” gəlib çıxacağına da daha ümidi qalmamışdı. Anlayırdı ki, belə bir dostu yoxdur və heç vaxt  olmayıb. Qarşısındakı qırmızı qovluğu dolabın alt siyirtməsində qoyub gedən naməlum kişi kimi, o dost da qeybə çəkilib. Hər şey ancaq xəyal dünyasında var imiş və indi o xəyal da yoxdur…

Qırmızı qovluqdan bərk-bərk yapışıb fikrə dalmışdı. İndi professor Tarxan Babadan başqa, o da bu “Məxfi” qrifli qırmızı qovluğun sirrini bilirdi. Bilirdi ki, qovluqda yatan sirr – xoşbəxtliyin sirri imiş! O sirr açılanda xoşbəxt və rahat həyatın bu dünyada olmadığı anlaşılır. Hətta ən böyük sevgi də insanın xoşbaxt olması üçün kifayət etmirmiş. Hər səadətin kədər üzü də varmış. Hər kəs arzuladığı xoşbəxt, rahat həyatı yalnız xəyal dünyasında qura bilər. Ancaq o həyatı real dünyaya daşımaq olmur. Çünki real dünya xəyal dünyası qədər sadə və səmimi deyil, amansız və qəddardır.

Onda görəsən insan nədən ömrü boyu xoşbəxtliyin sirrini axtarır?! Min illərdir min cildlərlə kitab yazıb xoşbəxtlik iksirini axtarırlar, arayırlar, arzulayırlar… Niyə? Nə üçün? Hanı o? Varmı, yoxmu, mümkünmü? Gerçəkliklə toqquşanda əriyib gedən, xəyal qırıqlığı yaradıb əzablar gətirən o həqiqəti tapmaq adamların nəyinə lazımdır axı? Rahat yaşamaq üçün sadəcə təsəlli axtarmaq daha doğru olmazmı?!

…Qırmızı qovluqda yatan böyük sirri dərk etmək üçün saxtalıqdan, sünilikdən uzaq həqiqi səmimi həyat yaşamaq lazımdır. Amma bu nə qədər çətindir!

…Qovluq əlində otaqda tərəddüdlə var-gəl edirdi. Düşünürdü, böyük sevgi yaşamış insanların taleyinin xoşbəxt anlarını hifz edən bu qovluğu indi nə etsin? Professor da heç nə demədi. Axı, bu nakam sevgi tarixçəsi nə qədər qəmli sonluqla bitsə də, o – real həyatın bir parçasıdır, insan ömrünün mənzərəsidir, çox dərin mətləblərdən xəbər verən mənalı bir yaşam lövhəsidir…

Kədərli taleyin birləşdirdiyi insanlar haqqında, illah da məktubları qələmə alan “PPJ” imzalı zərif, kövrək, ağıllı qadının nə əvvəlki, nə sonrakı həyatı haqqında heç nə bilməsə də, cansız kağızlarda canlı insan nəfəsi duyulduğunun fərqində idi. Özünü də, yaşadığı həyatı da, cəmiyyəti də dərindən dərk etmiş pak, dürüst bir qadının beynindən və ruhundan qopan mükəmməl həyat hekayəti idi bu. Həssaslıqla qələmə alınmış zərif duyğuların təsviri zaman yolçuluğunda qərinələr keçib bugünə qədər gəlibsə, fərqli cəmiyyətlərdən, bir-birinə zidd rejimlərdən sağ-salamat çıxıb doğallığını qoruyub saxlayıbsa və yaşanan o ilahi sevgi hissləri hələ də köhnəlməyibsə, hələ də ürək titrədə bilirsə, demək onlar təkcə iki nəfər üçün deyil, həm də bu sevgi hekayətini anlayacaq bütün insanlar üçün endirilib göylərdən…

Fikrət əvvəlcə düşündü ki, qovluğu aparıb ədəbiyyat muzeyinə, ya əlyazmalar fonduna versin, orda qorunsun. Sonra gənc yazar dostu Atabəy yadına düşdü, fikirləşdi, yaxşısı budur verim ona, məktublardan bir məhəbbət romanı yazsın, hamı oxusun, zövq alsın incə ruhun gözəlliyindən! Hətta kino da çəkmək olar, radio, televiziya tamaşaları  yaratmaq olar. Hər nə olur-olsun, ancaq əksər həssas xanımlara xas olan belə zərif, kövrək düyğuları yaşadan məktublar itməsin. Köhnə binanın uzaq küncündəki əyri-köndələn otaqda dolabın alt siyirtməsində atılıb qalmasın, unudulmasın. Fikrət əlindəki  qovluğa baxa-baxa düşünürdü: dəyəri olana göz yummaq, haqqını verməmək, ən böyük ədalətsizlikdir!

Aramsız axınla gələn qarışıq hisslər və qarışıq düşüncələr içində otaq boyu xeyli var-gəl elədi. Əlində tutduğu qırmızı qovluğun taleyi o qovluğun içində ruhları qovuşan iki insanın taleyi qədər narahatlıq doğururdu gənc Fikrətdə. Tərəddüd içində idi. Arada əyilib dolabın alt siyirtməsini çəksə də, təzədən qovluğu o zirzəmiyə gömməyə ürəyi gəlmirdi.

Nəhayət, Sovet dövründən qalma köhnə dəmir seyfə yaxınlaşıb, – “Hələlik burda qalsın, bura daha etibarlıdır” – deyə seyfin ağır dəmir qapısını açdı. Sanki əlində tutduğu zərif bir çiçəkdi, əzilməyindən, qırılmağından, ləçəklərinin töküləcəyindən ehtiyat edə-edə ehmalca qovluğu seyfin ən üst rəfinə qoydu. Bir müddət qarşısında dayanıb baxdı, elə bil uzaq səfərdən daha heç vaxt qayıdıb gəlməyəcək dostu ilə vidalaşırdı…

Və bir də hiss etdi ki, kövrəlir, qəhər dolur boğazına.

Sonra qulağına səs gəldi hardansa. Kimsə aram-aram nəğmə deyirdi, ya laylamı çalırdı. Bildi ki, bu – odur, “PPJ kod adlı naməlum qadın”. Məktublarına göstərdiyi qayğıya, diqqətə, ehtirama görə onun şəninə alğış deyir. Axı o çox həssas qadındır!

Cəld geri boylandı. Təbii, otaqda heç kim yox idi. Yalnız axşamın qaranlığında iri pəncərədən əyri-köndələn kabinetə düşən küçə lampasının solğun işığı masanın üstündə yaralı quş kimi titrəyirdi…

Son dəfə seyfin içinə, dünyanın ən xoşbəxt və ən kədərli sevgisini qoruyan qırmızı qovluğa baxdı. Bu dəfə ona elə gəldi ki, layiq olduğu güvənli yerdə saxlanıldığı üçün rahatlıq tapan qovluq da ona minnətdarlıqla gülümsəyir…

Ürpəndi. Qarabasmalardan xilas olmaq üçün tez seyfin qapısını örtdü. Açarla üstdən aşağı bütün qıfıllarını bağlayıb kənara çəkildi. Başa düşdü ki, axşam-axşam üstünə gələn bu qarabasmalardan qurtulmaq üçün tez otağı tərk etməli, evə gedib dincəlməlidir. Yatmaq, yuxuya dalmaq, hər şeyi unutmaq…

Səhər işə gələn kimi Atabəylə danışıb gərəyini düşünər.

Yır-yığış etməyə hövsələsi çatmadı. Adətən evdə işləmək üçün yazı-pozularını  yığıb çiyninə saldığı qəhvəyi rəngli dəri çantasını da götürmədi. Tələm-tələsik qapıları bağlayıb dəhlizə çıxdı. Həmişəki kimi, binada qarovulçudan başqa kimsə qalmamışdı. O, pilləkənlərdə Fikrəti görüb, adəti üzrə şit-şit nəsə dedi. Amma Fikrət onun nə dediyini eşitmədi. Daha doğrusu, növbəti dəfə “subaylıq sultanlıqdır” mövzusunda “fəlsəfi düşüncələrinə” məhəl qoymadı, yüngülcə başı ilə sağollaşıb yanından ötdü. Gözətçi təəccüblə gənc müdirin arxasınca baxa-baxa: “Pah! Vəzifə belədir də…” – mızıldandı.

Küçəyə, təmiz havaya çıxsa da, Fikrətin beyni ağır, əzabverici fikir-düşüncələrdən şişibmiş kimi zoqquldayırdı. Ürəyindəki daş getdikcə ağırlaşırdı. Yol boyu asta-asta evlərinə tərəf addımladı. Hardansa süzülən qədim bir türkü gəlib beyninə dolurdu. Başının içində, qarmaqarışıq düşüncələrin arasında hey təkrar-təkrar fırlanır, fırlanırdı. Elə bil küçə ilə getdikcə onu müşaiyət edən nəğmə də Fikrətə anlatmaq istəyirdi ki, a kişi, boş ver, özünü üzmə:

“Yalan dünya!!!…  Hər şey bomboş!!!…”

Başıaşağı fikirli-fikirli gedirdi.

Və gedə-gedə düşünürdü ki, axı evləri bu qədər uzaqda deyil, niyə gedib çatmır…

Sonra aramsız axışan xışıltı-pıçıltı səsləri beynindəki mahnıya qarışdı…

Soyuq külək əsdi…

Başını qaldırıb ətrafına baxanda təəccübləndi…

Qəribə idi, evlərinin yanında yox, başqa tərəfdə, dəniz sahilində, dənizkənarı bulvarda idi. Sonsuz səmada kainatın çoxdan sönmüş bəxt ulduzları sayrışırdı.

Və o ulduzların arasından süzülən ay işığının gümüşü zolağında Xəzərin ləpələri nazla pıçıldaşırdı.

Son.

yanvar, 2022.

Müəllif: Akif ƏLİ

AKİF ƏLİNİN DİGƏR YAZILARI


> > > > MÜTLƏQ OXUYUN !!!

“YAZARLAR”  JURNALI PDF


YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Top