Weather Data Source: havadurumuuzun.com

Srebrenitsa Soyqırımı – İnsanlığın Vicdanında Sağalmayan Yara

Srebrenitsa Soyqırımı – İnsanlığın Vicdanında Sağalmayan Yara

Tarix elə hadisələr yazır ki, onların ağrısı yalnız bir xalqa deyil, bütün bəşəriyyətə məxsus olur. 1995-ci ilin iyulunda Bosniya və Herseqovinanın Srebrenitsa şəhərində baş verən soyqırımı da məhz belə faciələrdəndir. Bu hadisə insan hüquqlarının, ədalətin və beynəlxalq vicdanın sınağa çəkildiyi ən acı səhifələrdən biri kimi tarixə həkk olunmuşdur.

Birləşmiş Millətlər Təşkilatı tərəfindən “təhlükəsiz zona” elan edilmiş Srebrenitsa şəhərində minlərlə günahsız insan özünü təhlükəsizlikdə hesab edirdi. Lakin 11 iyul 1995-ci ildə şəhər işğal olundu və sonrakı günlərdə 8 mindən çox bosniyalı müsəlman kişi və oğlan sistemli şəkildə qətlə yetirildi. Minlərlə ailə dağıldı, analar övladlarını, övladlar atalarını, həyat yoldaşları isə sevdiklərini itirdi. Bu faciə sonralar beynəlxalq məhkəmələr tərəfindən soyqırımı kimi tanındı.

Srebrenitsa bizə bir həqiqəti xatırladır: nifrət, ayrı-seçkilik və etnik düşmənçilik insanlığı uçuruma aparır. Müharibələrin ən ağır yükünü isə həmişə günahsız insanlar daşıyır. Bir insanın həyatı bütün bəşəriyyət qədər qiymətlidir. Hər bir itirilmiş ömür, yarımçıq qalmış arzular, susdurulmuş gülüşlər və heç vaxt yazılmayacaq talelər deməkdir.

Bu faciə yalnız keçmişin xatirəsi deyil, gələcək nəsillərə verilən ciddi bir xəbərdarlıqdır. Tarixi unutmaq onu təkrarlamaq təhlükəsini artırır. Buna görə də Srebrenitsa qurbanlarının xatirəsini yaşatmaq, həqiqətləri gələcək nəsillərə çatdırmaq hər bir vicdanlı insanın mənəvi borcudur.

Bu gün Srebrenitsanı anarkən yalnız Bosniya xalqının deyil, bütün müharibə qurbanlarının qarşısında baş əyirik. Dünyada sülhün, ədalətin, insan ləyaqətinin və qarşılıqlı hörmətin qorunması üçün hər bir insan öz məsuliyyətini dərk etməlidir. Çünki sülh silahların susduğu an deyil, insanların bir-birini insan kimi qəbul etdiyi gündən başlayır.

Srebrenitsa soyqırımı insanlıq tarixinin qanla yazılmış dərslərindən biridir. O dərsi unutmaq olmaz. Unudulan hər faciə yeni faciələrin başlanğıcı ola bilər. Qoy şəhidlərin əziz xatirəsi daim ehtiramla anılsın, dünyanın hər yerində nifrətə deyil, sevgiyə, qisas hissinə deyil, ədalətə, müharibəyə deyil, sülhə yol açılsın.

Bəzən bir şəhərin adı coğrafi məkan olmaqdan çıxır, insanlığın vicdanına çevrilir. Srebrenitsa da artıq yalnız Bosniya və Herseqovinanın bir şəhəri deyil; o, susqun dünyanın, yarımçıq qalmış duaların, cavabsız fəryadların və gecikmiş ədalətin simvoludur.

Hər il iyul ayı gəldikcə Srebrenitsanın torpağı sanki yenidən danışmağa başlayır. O torpaq altında uyuyan minlərlə məsum insanın səsi küləyə qarışaraq bütün dünyaya eyni sualı verir: “İnsan həyatı niyə bu qədər ucuz oldu?” Bu sualın cavabını yalnız tarix kitablarında deyil, hər bir insanın vicdanında axtarmaq lazımdır.

Soyqırımı yalnız insanları öldürmür. O, anaların ümidini, uşaqların gələcəyini, ailələrin ocağını, şəhərlərin ruhunu da məhv edir. Müharibə bitə bilər, silahlar susa bilər, lakin bir ananın övlad həsrəti, bir uşağın ata nisgili və bir xalqın yaddaşına həkk olunan ağrı nəsillər boyu yaşayır.

Srebrenitsa faciəsi bizə öyrədir ki, sülh yalnız müqavilələrlə deyil, insan qəlbində mərhəmət, ədalət və qarşılıqlı hörmətlə qurulur. Əgər insan vicdanı susursa, dünyanın ən güclü qanunları belə günahsızları qoruya bilmir. Ədalət gecikə bilər, amma həqiqət heç vaxt itib-batmır.

Bu gün Srebrenitsa şəhidlərinin xatirəsi qarşısında baş əyərkən, dünyanın harasında yaşamasından asılı olmayaraq, bütün müharibə qurbanlarını ehtiramla anırıq. İnsanlıq yalnız keçmişin faciələrindən nəticə çıxardığı zaman daha təhlükəsiz gələcək qura bilər.

Qoy Srebrenitsanın ağrısı nifrətin deyil, mərhəmətin; intiqamın deyil, ədalətin; müharibənin deyil, sülhün dəyərini daha dərindən anlamağımıza səbəb olsun. Çünki insanlıq yalnız yaddaşı ilə yaşayır. Yaddaşını itirən cəmiyyət isə gələcəyini də təhlükəyə atır.

Srebrenitsa – tarixdə qara bir səhifə, vicdanlarda isə heç vaxt bağlanmayacaq bir yaradır. O yara bizə hər gün xatırladır ki, sülhü qorumaq, insan ləyaqətini müdafiə etmək və ədalətin yanında dayanmaq hər birimizin mənəvi borcudur.

Ruhları şad olsun. Xatirələri daim yaşasın. İnsanlıq isə bir daha belə faciələrin yaşanmaması üçün tarixdən dərs almağı heç vaxt unutmasın.

Müəllif hüquqları qorunur
Pərvanə Salmanqızı
Qazeteçi,şair,araşdırmaçı yazar, AJB üzvü, Dünya Afşarlar Dərnəyinin Azərbaycan Təmsilçisi.Türkiyənin Anasan Yazarlar Birliyinin,Daqistan Respublikası Ədəbiyyatçılar Birliyinin,Azərbaycan Təmsilçisi,Turan Yazarlar Birliyinin üzvü

Top