SAZIN VƏ SƏNƏTİNİN VURĞUNU

SAZIN VƏ SƏNƏTİNİN VURĞUNU
Azərbaycanın qədim və zəngin mədəniyyət xəzinəsi olan aşıq sənəti əsrlər boyu ustad-şəyird ənənələri üzərində yaşayaraq nəsillərdən-nəsillərə ötürülmüşdür. Bu ənənəni qoruyan, həm aşıqlıq sənətində, həm də musiqi alətlərinin hazırlanması sahəsində dərin iz qoyan el sənətkarlarından biri də Azərbaycan Aşıqlar Birliyinin üzvü, tanınmış aşıq-sazbənd Kövrək Murad (Murad Əli oğlu Sarıyev)dır.
Kövrək Murad 7 iyul 1952-ci ildə Borçalı mahalının (Gürcüstanın Bolnisi rayonu) Aran-Dəllər (Muşevani) kəndində anadan olmuşdur. Borçalı mühiti hər zaman saza, sözə olan dərin sevgisi, aşıq və şairlərinin bolluğu ilə seçilmişdir. Muradın sənətə olan meyli hələ uşaq yaşlarından, ailə mühitindən başlamışdır. Atası Əli dülgər ustadı olmuş, cır armud ağacından müxtəlif məişət əşyaları, o cümlədən qapı, pəncərə və arabalar düzəltmişdir. Atasının əl işlərinə baxaraq sənətin sirlərini mənimsəyən balaca Murad, arada armud ağacı parçalarından kustar üsulla özünə ilk sazlarını yonmağa başlamışdır.
Borçalı aşıq mühitinin azman ozanı, Gürcüstanın Əməkdar mədəniyyət işçisi, ustad Hüseyn Saraclı ilə görüş Kövrək Muradın sənət taleyində ən həlledici məqamlarından sayılır. Həyatında ən mühüm hadisə onun Türk dünyasının gözəl dastanlar bilicisi Hüseyn Saraclı ilə qarşılaşması olur. Kənddə keçirilən məclislərin birində el ağsaqqalları ustad sənətkara kənddə saza-sözə vurğun olan istedadlı bir gəncin olduğunu bildirirlər. Murad ustadın qarşısında “İncəgülü” aşıq havasını yüksək məharətlə oxuyur. Hüseyn Saraclı gəncin səsini və ifasını bəyənərək, “Bu uşaqda əsl aşıq səsi var, bundan nəsə olacaq” deyir.
1976-cı ildə, ustadın 60 yaşı olarkən Murad onun rəsmi və sonuncu şəyirdi kimi fəaliyyətə başlayır.Qədim aşıq qanunlarına görə şəyird qəbul edilmək üçün üç ağsaqqalın ustadın yanına minnətçi getməsi və razılıq alınması tələb olunurdu. Bu razılıqdan sonra Kövrək Murad tam 5 il ustadı Aşıq Hüseyn Saraclının evində yaşamış, həm sənətin incəliklərini öyrənmiş, həm də ona təsərrüfat işlərində köməklik edərək ustadına qulluq etmişdir.
Ustadım Aşıq Hüseyn Saraclı, Aşıq Əmrah Gülməmmədov, Aşıq Məhəmməd Sadaxlı, Aşıq Kamandar, Xındı Məmməd, adlarını sadalamadığım neçə-neçə ustad saz-söz sərrafları və xiridarlar ozan sənətini təkcə mənə yox, çoxlarına sevdiriblər.
Kövrək Murad təkcə gözəl səsli aşıq deyil, həm də saz alətinin dilini bilən peşəkar sazbənddir. Sazbəndlik el arasında “saza bənd olmaq”, onun sehrinə düşmək kimi qiymətləndirilir. Ustadı Hüseyn Saraclı da xüsusi olaraq sazbəndliklə məşğul olmasa da, dostlarının sazını təmir etməyi bacarırdı. Bu bacarıq Murada keçmiş və o, atasından öyrəndiyi dülgərlik sirlərini sazbəndlik sənəti ilə birləşdirmişdir. Usta öz yaradıcılığında əsasən Borçalıdan gətirdiyi tut və armud ağaclarına üstünlük verir. Onun qənaətinə görə, məhz bu ağaclar saza ən təmiz və məlahətli səsi bəxş edir.
Ömrünün müdrik çağlarında Bakıya köçən sənətkar, uzun illər boyu “Neftçilər” metro stansiyası yaxınlığındakı emalatxanasında fəaliyyət göstərmişdir. Onun emalatxanası həm yerli aşıqların, həm də sənətsevərlərin, türk dünyasından, eləcə də dünyanın müxtəlif ölkələrindən gələn insanların daimi görüş və saz bərpa mərkəzinə çevrilmişdir. Bir sıra mühüm dövlət tədbirlərində və beynəlxalq festivallarda iştirak edən Kövrək Murad, qədim aşıq mühitinin ədalət prinsiplərini hər zaman uca tutmuşdur. Onun ifasında lentə alınan “Sallama Kərəmi” və “Qaraçı”, “Ağır Şərili”, “Yanıq Kərəmi” kimi ustad havaları musiqi arxivlərində və Gürcüstan radiosunun fondlarında qorunub saxlanılır.
Kövrək Murad həm də yaradıcı aşıqdır. “Kövrək dubeyti” adlı mükəmməl bir saz havası yaradıb.
O, hazırda qədim dövrün aşıqlarının bir-birinin sənətinə qarşı çox ədalətli və hörmətlə yanaşdıqlarını fəxrlə qeyd edərək, gənc nəslə ustad-şəyird ehtiramını aşılamağa davam edir.

Hüseyn İsaoğlu, yazıçı-publisist,
AYB-nin və AJB-nin üzvü.


