Weather Data Source: havadurumuuzun.com

Qəlbi dənizdən böyük şair

Qəlbi dənizdən böyük şair

(Xalq şairi R.Rza xatirəsinə həsr edirəm)

XX əsr Azərbaycan poeziyasına nəzər yetirsək, ilk olaraq Rəsul Rza poeziyası ön plana çıxacaq. R. Rza Azərbaycan ədəbiyyatında sevilən simalardan olub. Dövrünün yenilikçisi, fərqli üslubu, dəsti – xətti olan böyük navator şairimiz!
Qələminin sehri ilə oxucusunu daim düşündürüb. Çox sahəli fəaliyyət göstərərək dilçi, tərcüməçi, dramaturq, nasir, baş redaktor olmaqla yanaşı nəhayətində Azərbaycan xalqının sevimli şair oğludur.
Yaradıcılığı obrazlı şəkildə hiss və düşüncənin məhsulu olaraq ritm və ahəngdar olub. Moderm-sərbəst şeir növünü yaradan və yazdığı şeirlərlə yeni janırı ön plana çəkən şair azad şeir növünü formalaşdırmışdı. Qeyd etmək istəyirəm ki, öz dövründə olduğu kimi günümüzdə də R. Rza şeirlərinin aktuallığı ədəbiyyatımızda özünü qoruyub saxlamışdır. Yaradıcı şairin mövzu əlvanlığı daxili aləminin zənginliyindən xəbər verir. Eyni zamanda mövzu dəyişkənliyi onun çox sahəli yaradıcılığının bariz nümunəsidir.
R. Rza poeziyasında zaman ölçüsü yoxdu, coğrafi məkan dəyişikliyi var. İnsan və zaman çərçivəsindən çıxmayaraq düşünür və sual edir; “İnsan özünü nə qədər tanıyır?” Və bir də rənglər silsiləsi şeirləri ədəbiyyatımızda önəmli yer alıb.
Yaxın keçmişdə şairin ev muzeyində oldum. Muzeydə divardan asılan çərçivələr içərisində yer alan şeirlər məncə, rənglərlə insanın vəhdətidir. “Ağ rəng” şeirində müəllif təmizliyi, sükutu, “qırmızı rəng” həyat duyğusunu və mübarizəsini, qara rəng isə kədəri deyil, insan düşüncəsinin dərinliyini anladır. Eləcə də digər rənglər insanla poeziya arasında empatiya qurur. Hər rəngin öz diyğusu, öz çaları və dünyası var. Bu isə insan psixoloğiyasının dinamikasında dəyişiklik oldiğunu sübut edir. Beləliklə, hər rəng bir dünyadan xəbər verir.
Sərbəst şeir janırına azadlıq verən şair qələmə aldığı şeirlərində məzmunu axıcı fikirlərin üzərində qurur. Bu isə o deməkdir ki, şairin qələmi sakit və sabit qala bilmir. Düşüncələrinin məhsulu olan yaradıcılığı şairin fəlsəfi duyğularından xəbər verir.
Təsviri şeirlərində insanın iç dünyasını təlatümə gətirən fikirləri oxucu dünyasının metaforasıdır.
Şeirlərində dünyanın dərdini, canlıların həyat mübarizəsini, təbiətin füsünkarlığını epik şəkildə oxucuya anladır.
Əsərlərində bölgə-bölgə şeirləşən yaşayış məskənlərimiz; Şuşa, Göyçay və Şamaxıya həsr etdiyi şeirlər vətən sevgisindən xəbər verir. Misra-misra, beyt-beyt sıralanan duyğular XX əsrin Azərbaycan poeziyasına tövhəsidir.
Bir şirvanlı olaraq torpağım üçün vəsf etdiyi “Şamaxı” şeiri qəlbimi duyğulandırdı. Şair yazır;
…hər daşı ömür yolumuzdur.
Burdan əsrlər sovuşub
Xəqani soraqlı,
Nəsimi soraqlı
Sabir bayraqlı… və şeirin sonunda
…Nəğmə-nəğmə şöhrəti
ürəklərə, könüllərə axır.
Bura tarixin ölməz nəqarəti
Şamaxıdır, Şamaxı…
R.Rza poeziyasında vətən məhəbbətilə yazılan lirik şeirin fonunda aşağıdakı misralar kitabda yer alıb;
…Qarlı dağlar üzərində gün saralanda qızıl ləçək,
Salamlayır səhər məni min təzə gül, min bir çiçək…
və yaxud “Arzu” şeirində sözlə Azərbaycanın xəritəsini göz önünə çəkir:
Xəzərə baxdım,
Qanadlarını gərib
Dalğalı Xəzərə qonmaq istəyən
Nəhəng bir quş kimi görünür
Azərbaycan!…
Bir müəllimə olaraq şagirdlərimlə qiraət zamanı Rəsul Rza yaradıcılığına
müraciət edərkən vətən şeirlərinə daha çox üstünlük verirəm. Xüsusilə qeyd edim ki, yeni nəsil olaraq ədəbiyyata maraq göstərən məktəblilər R.Rza yaradıcılığına meyillidilər. Və düşünürəm ki, istedadlı gənclərimiz R.Rza poeziyasının cığırında addımlamaq arzusunda olacaqlar.
Novator şair sərbəst şeirin yaradıcısı olduğu üçün müasir şeir üslubunu asanlıqla gənclərə miras olaraq ötürmüşdür.
Hecanın sərhəddini aşan, sözün ali qüdrətini azad edən, lirik misraları pərvazlandıran şair şeirlərində fəlsəfi duyğular izhar edir. Şair klassik şeir növündən, ölçülərdən ötərək sərbəst şeir növünün zamanı gəldiyini qələmi ilə sübut etmişdir. Duyğuların aliliyini ön plana çəkən sevimli şairimiz Azərbaycan ədəbiyyatında firtınalı dəniz kimi çoşqun şeirlər, poemalar qələmə almışdır. Bununla da Azərbaycan ədəbiyyatına yeni janr təqdim edərək üslubun dinamikasını yüksəltmişdir. Boynuma alıram ki, ən çox istifadə etdiyim şeir janrdır.
Dramaturq və yazıçı kimi müxtəlif janrlarda əsərlər yazaraq oxucularını sevindirib. Uğurlu qələmi olan müəllif publisist mətnlərində zamanı, insanı, və cəmiyyəti əsas meyar götürmüşdür. Cəmiyyət və ədəbiyyat arasında bir körpü yaratmış, ictimai fikrin funkusiyasını mətnlərində birləşdirmişdir.
R.Rza şeirlərində isə həqiqətlərə əsaslanır. Sadə dillə ifadə etsək poetik düşüncələri informasiya xarakterlidir.
Yazdığı poemalar isə qəmli notlarla köklənib. Oxuculara təqdim etdiyi pyeslərdə sevginin aliliyi, məhəbbət çırpıntılarını lirikanın dili ilə etiraf edir. “Vəfa” poemasında sevgilisinin yolunu intizarla gözlədiyini nəzmə çəkmişdir;
…Sarı yarpaq düşəndə, isti külək əsəndə,
gözləyərəm səni mən, gəlsən də, gəlməsən də.
Göründüyü kimi vəfa, ehtibar, ilqar qadının timsalında obrazlı şəkildə təcəssüm etmişdir. R.Rza poeziyasında misraların mirvarı kimi sapa düzülməsi və nəhayətində kitab şəklində oxucuların görüşünə gəlməsi ədəbiyyatsevərləri sevindirmişdi. Aktuallığında qalan, günümüzlə səsləşən şairin şeirlər toplumu daim oxucuların maraq dairəsində olmuşdur.
“Pəncərəmə düşən işıq”,”Mən insanam”, “Duyğular…düşüncələr”, “Üzü küləyə” və digər bir-birindən maraqlı şeirlər toplumu oxucular tərəfindən sevilə-sevilə oxunur.
Əlbəttəki böyük şairimiz və onun əsərləri haqqında kitablar yazılmış və bundan sonra da yazılacaqdır. Çünki, onun yaradıcılığı bir ümmandır. Bu ümmana baş vurmaq poeziya sonsuzluğuna sarı getmək kimidir.
R.Rza əsərlərinin fəlsəfəsində insan düşünür, daha dəqiq desək R.Rza poeziyası insanı düşündürür. Bu isə şairin yaradıcılığının yüksək keyfiyyətidir. Məhz bu keyfiyyət sevimli şairimizin böyük ürək sahibi olduğundan xəbər verir.
Mənə elə gəlir ki, şairin diyğulu və təmiz ürəyi silsilə şeirlərində hələ də döyünür. Çünki, şeirləri onu yaşadır. “Olum və ölüm” şeirində;
Gözlərimi qapadım,
Söndürdüm son ulduzu…
Hamletin səsi gəldi qulağıma:
Ölüm, ya ölüm”
Ölüm onu öldürə bilməz. Əsərlərində yaşayan şair
“Mən nə istəyirəm” şeirində isə məhz belə yazır;
Böyük arzular səslənsin
hər hüceyrəmizdə
Həyatın nəbzi vursun
Hər nəsrimizdə,
Hər şeirimizdə!
R. Rzanın həyata baxışlarında yalnız poeziya canlanıb. Sözsüz ki, ən agır günlərində şeiriyyət ovundurub şairi. Sözün aliliyi, bədiiliyi, şairin poeziyasında zirvədə dayanır. Yaradıcılığın çox hissəsi xatirələri ilə bağlıdır. Ədəbiyyata bağlılığı şairi incə duyğuların, təmiz hisslərin fövqündə bərqərar edib.
R.Rza yaradıcılığı haqqında sonsuz çıxış etmək və yazmaq olar. Hətta kitablarından sərgi açmaq olar. Necə ki, ev muzeyində sərgilənir. Sərgiyə tamaşa edən, əlbəttə ki, R. Rza yaradıcılğına yaxından tanış olan insanların mütləq bu misralar yadına düşəcək;
Bir insan şəkili asacağam,
Bir yanında Nəsimi…
…Bir yanında Cordano Burunonun külü
Bir yanında Məmmədhəsən kişi-
Ömrü-günü yollara tökülü…
Sözsüz ki, şairin ev muzeyinə zaman-zaman qonaqlar axışacaq və şairi xatırlayacaqlar. Bu qonaqlar arasında məktəblilər də olacaq. Bəlkə də onlardan hansısa şairin yaradıcılıq yolunu özünə məşəl tutacaqdır.
Böyük şairimiz R. Rzanın poeziya dənizində çox insanlar lövbər salacaq. Onun dəniz şeirlərini əzbərləyəcəklər. Ədəbiyyat sevərlər şairin kitabları arasında axtarışa çıxacaqlar. Yeni-yeni tədqiqat əsərləri yazacaqlar. Və hər söz, hər misra onlar üçün dənizdən tapılan inci kimi dəyərli olacaq. Çünki, R. Rza şeirləri incidən də dəyərlidir, Atalar demişkən; zər qədrini zərgər bilər. Bəli, R. Rza şəxsiyyəti və yaradıcılığı hər birimizə örnək, gənc ədəbiyyatçılara ışıq verən bir mayakdır. Şair “Dənizdən böyük” şeirində yazır;
Mən dənizsiz qala bilmərəm,
Dəniz mənsiz keçinər.
Dənizlə gecə söhbətimdə
bu qərara gəlmişik;
Qəlbim dənizdən böyükdür,
dəniz qəlbimdən kiçik.

Qələmə aldı: R.Rza poeziyasında sərbəst şeirlərinin vurğunu olan
Mətanət Ulu Şirvanlı

 

Top