Weather Data Source: havadurumuuzun.com

12 MAY – İNSANLIĞIN ŞƏFQƏT TARİXİNİ YAŞADANLAR

12 MAY – İNSANLIĞIN ŞƏFQƏT TARİXİNİ YAŞADANLAR

Bəzi peşələr vardır ki, onlar sadəcə əmək fəaliyyəti deyil, insan ruhunun mərhəmətlə yoğrulmuş ən ali missiyasıdır. Tibb bacılığı da məhz belə müqəddəs peşələrdən biridir. Çünki bir insanın ağrısına toxunmaq, onun qorxusunu azaltmaq, ümidini yenidən oyatmaq hər kəsin bacara biləcəyi bir iş deyil. Bunun üçün böyük ürək, sonsuz səbir və insan sevgisi lazımdır.

Tarixin bütün çətin dövrlərində – müharibələrdə, epidemiyalarda, təbii fəlakətlərdə və xəstəxana otaqlarının səssiz ağrıları içində insanların yanında ilk dayananlardan biri həmişə tibb bacıları olmuşdur. Onlar yalnız dərman verməyiblər, onlar insan ruhunu yaşadıblar. Çünki bəzən bir xəstə üçün ən böyük müalicə bir şəfqətli baxış, bir təsəlli dolu söz və “yanındayam” deyən mərhəmətli bir qəlb olur.

Müasir tibb bacılığının banisi sayılan insanlığa xidmət anlayışını tamamilə dəyişdirən bir şəxsiyyət oldu. O, Krım müharibəsində gecələr əlində çıraq yaralı əsgərlərin arasında dolaşdığı üçün “çıraqlı xanım” adlandırılırdı. Lakin onun işığı yalnız əlində tutduğu çıraq deyildi. Əsl işıq onun insan sevgisi, vicdanı və mərhəməti idi. O gündən etibarən tibb bacılığı peşəsi sadəcə tibbi xidmət deyil, insan həyatına mənəvi toxunuş kimi qəbul edilməyə başladı.

Əslində bir tibb bacısının həyatı görünməyən qəhrəmanlıq tarixidir. İnsanlar çox zaman həkimin adını xatırlayır, amma xəstə yatağının yanında gecəni səhərə bağlayan, ağrının ən ağır anında insanın əlindən tutan, yorğunluğunu gizlədib xəstəyə təbəssüm bəxş edən tibb bacısının fədakarlığını zamanla anlayırlar. Ağ xalat onların üzərində sadəcə geyim deyil, insan həyatına verilən bir anddır.

Bir tibb bacısı xəstənin nəbzini ölçərkən əslində onun yaşamaq ümidini də qoruyur. Onlar hər gün ölüm və həyat arasındakı incə sərhəddə dayanaraq insanlıq adına mübarizə aparırlar. Bəzən öz ağrılarını unudub başqasının ağrısını yüngülləşdirirlər. Çünki bu peşənin təməlində vicdan dayanır. Vicdan isə insanı insan edən ən böyük mənəvi dəyərdir.

Pandemiya illəri bütün dünyaya bir həqiqəti yenidən göstərdi: insanlığı ayaqda saxlayan yalnız texnologiya və ya inkişaf deyil, mərhəmətli insan qəlbidir. O ağır günlərdə tibb bacıları öz həyatlarını təhlükəyə ataraq minlərlə insanın yaşaması üçün savaşdılar. Onların yorğun baxışlarının arxasında böyük bir insanlıq sevgisi vardı. Bu sevgi tarix boyu bütün müharibələrdən, qorxulardan və xəstəliklərdən daha güclü oldu.

Bu gün 12 May – Beynəlxalq Tibb Bacıları Günüdür. Bu gün sadəcə bir peşənin bayramı deyil. Bu gün insanlığa xidmət edən, həyatlara ümid olan, göz yaşlarını səssizcə silən böyük ürəklərin günüdür.

Qoy bütün tibb bacılarının əlləri daim şəfa gətirsin. Allah onların qəlbinə güc, həyatına bərəkət və ruhuna sonsuz huzur bəxş etsin. İnsanlığın ağrılarını yüngülləşdirən bütün fədakar tibb bacılarının qarşısında ehtiramla baş əyirik.

Peşə bayramınız mübarək olsun!

Pərvanə Salmanqızı
Jurnalist, şair-publisist.

Top