ÜRƏYi BARMAQLARINDA OLAN HABİL ƏLİYEV

ÜRƏYi BARMAQLARINDA OLAN HABİL ƏLİYEV
(Bu yazını 2015-ci ilin 20 sentyabrında, Habil Əliyevin vəfatından iki gün sonra yazmışdım)
İnsan həmişə Sevincə təşnə olub.
İnsan həmişə kədərdən qaçmağa çalışıb. Qorxub kədərdən. Kədər insan üçün həmişə arzuolunmazdır. Amma təəssüflər olsun ki, dünyada kədərdən qaça bilən bir nəfər də insan yoxdur.
Nə acı ki, sevincin ömrü az olur. Və sevincin insana yaşatdığı xoş günlər üç-beş, bəzən on günlərlə, bəzən də aylarla çəkir. Sonra sevinc ömürdə xoş bir xatirəyə çevrilir İnsan dediyimizin o qədər böyük-kiçik qayğıları, müşkülə çevrilən işləri olur ki… Həmin o böyük- kiçik qayğıların, müşkül işlərin əsirinə dönən insanın fikri bu duyğularla, müşküllərlə o qədər yüklənir ki… Və təbii ki, belə insanların yaddaş qapısını o xoş xatirələr həmişə döymür.
Kədər, xüsusilə ağır kədərlər insanın ən munis, ən yaxın könül həmdəmləridir, həmişə insanın hissində,şüurundadır. Kədər, xüsusilə böyük kədərlər insan yaddaşının ən doğma, ən sədaqətli həmdəmidir.
Bəlkə də mən bu hisslərimdə yanılıram. Və çox istərdim ki, bu yazdıqlarım elə yanlış olaydı. Amma təəssüf və nə acı ki, mənim kədər haqqında dediklərim gerçəkdir, həqiqətdir.
Habil Əliyevin çalğısı düşündürücü idi, düşündürücü olduğu qədər də kədərli idi.
Habil Əliyev kamanda özünü ifadə edirdi. Özü də kövrək insan idi.
Onun uşaqlığı, yəni musiqiyə könül verdiyi illər, İkinci çahan savaşının ağır illərinə təsadüf edir.. Hər gün Habilin yaşadığı Ağdaş şəhərinə “qara kağız”lar gəlir. Övladlarını itirən valideynlərin fəryadı, dul qalan qadınların hıçqırıqları, nişanlısını itirən nişanlı qızların nisgili, imtahanların ən ağırı olan aclıq… yeniyetmə Habilin musiqiyə,muğama bağlı qəlbində, yaddaşında əbədi iz salırdı.Bu ağrıdıcı hisslər onun qəlbinə, yaddaşına “Segah”la, “Şur”la, “Zəminxarə”ilə, “Bayatı Kürd”lə, xalq mahnıları ilə birlikdə hopurdu.
Selllərin apardığı Saranın, Xan çobanın ürəyinə necə sağalmaz yara vurduğunu, zalım ovçu tərəfindən vurulan maralın balasına zillənmiş nisgilli baxışlarını, “Bir gününə dözməzdim,oldum illər ayrısı” deyən bir bədbəxtin könül yanğısını Habil bütün incəliklərinə qədər duyur, öz kamanı ilə bu duyğularını ən incə nüanslarına qədər kamanın simlərinə hopdura bilirdi .
Habil Əliyevin ölümü təkcə Azərbaycan musiqisi üçün yox, bütün Azərbaycan xalqı üçün ağır itki, əsl ümumxalq kədərlidir.
Habil Əliyev Azərbaycan musiqisində xüsusi bir mərhələ idi.. O mərhələ həmişə yaşayacaq, inkişaf edəcək,zənginləşəcək. Amma Azərbaycan musiqisində Habil Əliyevin boş qalmış yeri həmişə görünəcək. Bizi kədərləndirıcək.Biz hər gün efirdən Habil musiqidini dinləyəcəyik, amma,həmişəlik olaraq Habilin yeni ifasına həsrət qalacağıq.
Habilin ölümü çox şeyə son qoydu.
“Segah” muğamı Habil Əliyevin ifasında bizimlə böyük Füzulinin düşüncəsində, Füzuli əxlaqında, Füzuli dilində danışırdı.Biz “Habil segahı”nda Leyli ilə Məcnunun ürəyinin döyüntülərini eşidirik, onların ən mübhəm duyğularını dinləyirik.
“Segah”da Habil bizə eşq əlindən çöllərə pənah aparan Məcnunun göynərtisindən, bu eşqin ülviliyindən, “Rast”da isə bu eşqi məzəmmət edən dərdli bir atanın əndişəsindən söhbət açır. “Zəminxarə” müğamında isə Habil Kaman, sanki Leylinin məzarı başında “Yandı canım hicr ilə, vəsli ruxi yar istərəm” deyən Məcnuna qoşulub,bu nakam eşqə göz yaşı axıdır.
Habil özü də bir Məcnun idi. Musuqi Məcnunu, Vətən Məcnunu, insanlıq Məcnunu Habil Əliyev.
Habilin musiqisi həmişə bizimlədir,həmişə bizimlə olacaq. Onun ifaları bizim ruhumuza hopub. Biz hamımız bu dünyadan köçüb gedəcəyik. Göylərdəki, bəlkə də niğaran, bəlkə də küskün, nisgilli ruhumuzu, elə həmin ruhumuzun yaddaşında qalan Habil kamanının əsrarəngiz ifaları təskin edəcək. Bərzəx aləmi ki, deyirlər, insan həmin aləmdə qiyamətə qədər qəbr evində qiyaməti gözləməlidir. Həmin o tənha, amansız, kədərli çağlarımızda da bizə, ruhumuzun yaddaşına hopan, ana laylası kimi ruhumuza qovuşmuş Habil musiqisi həzin, kövrək layla çalacaq.
Mən insan ürəyinin necə, hansı şəkildə olduğunu bilirəm. Mən ürəyi əyani şəkildə görmüşəm. Bu qəribə sözlərimə görə məni qınamağa tələsməyin. Çünki mən Habilin barmaqlarını görmüşəm. Kamanın telləri üzərində gəzən, hərəkət edən Habilin barmaqları deyildi. Kamanın telləri üzərində gəzən sadəcə olaraq Habilin ürəyi idi.
Bir də ikinci Habilimiz olmayacaq. O kaman çalarkən bu dünyadan, gerçək aləmdən ayrılırdı. Fikir vermişdinizmi? O kaman çalarkən gözlərini yumardı-yumulmuş göz qapaqlarının arxasında onun öz dünyası canlanırdı. Nələr var idi o dünyada? Gözü yaşlı Qaragilə,zalım ovçudan aman diləyən maral, başından duman əskik olmayan Şuşa dağlarının həsrəti, Sarı gəlin sevdalısının ağrı – acısı…daha nələr, daha nələr…
Ey dərdli adamların həmdəmi Habil.
İnsan ürəyində elə dərdlər var ki, o dərdləri heç vaxt dil ilə demək olmur.Dünyanın ən böyük filosofları, qələm sahibləri belə öz şəxsi,böyük dərdlərini sona qədər nə deyə bildilər, nə də yaza bildilər.
Habil Əliyev dərdli insanların kamanda danışan sözləri idi. Sözlə ifadəsi mümkünsüz dərdləri Habil, kamanı vasitəsi ilə deyə bilən çox möhtəşəm, dahi, nadir, əvəzedilməz ifaçımız idi.
Habil Əliyev musiqisini dinləmək, ibadət etmək qədər müqəddəs bir hadisədir.
Böyük sənətkarımız Habil Əliyev həmişə, Azərbaycan xalqı var olduqca xalqımız tərəfindən hörmətlə yad ediləcək, xatırlanacaq.
Qəbri nurla dolsun.
Müəllif və mənbə: Etibar Əbilov
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında


