Mahir Cavadlı – AY SƏNİN BOYUNU…

AY SƏNİN BOYUNU…
Folklorumuzda adətən fərsizlər, üzqarası olanlar barədə bir deyim işlədilir: “Ay sənin boyunu …” Bu qarğış qamətli, boylu-buxunluların ünvanına söylənəndə isə, sanki ürəkdən tikan çıxarır.
Mən o rusiyalı boksçu-deputat haqqında bu qarğışın yüngül formasını hələ bir neçə il qabaq işlətmişəm. Rinqdə o hala düşmüşdü ki, qaçmağa heyi qalmamışdı. Onu döyən rəqibini qucaqlayıb az qala yalvarırdı ki, mənə yazığın gəlsin. Rəqibi isə boyunun balaca olmasına baxmayaraq, bu pəzəvəngin qarşısına kişi kimi döyüşməyə çıxmışdı, aldığı bir-iki tutarlı zərbələrin müqabilində belə dəyanətlə dözdü və məqamını gözlədi. İndi təsəvvür edin ki, çəkilər arasında (söhbət peşəkar boksda ağırlıq və boydan gedir) bu qədər fərqlə rinqdə tərs mütənasiblik tamaşaçılar, həmçinin mənim kimi seyrçilərdə hansı hissləri doğurmuşdu. Nə gizlədim, heç biri mənim üçün əhəmiyyət kəsb etmədiyindən nəticədə maraqlı deyildim, yaxşı idman yarışı olacağını gözləyirdim. Hakimin rusiyalı boksçuya yazığı gəlib tez-tez oyunu dayandıranda onu əzişdirən, qarnını döyəcləyərək əyilən başına, çənəsinə cavabsız zərbələr endirən rəqibinin əzmkarlığı rəğbət doğururdu və sözsüz ki, azarkeşləşlərin alqışını qazanırdı. Nəhayət qalibin göyə qalxan əlinin Valuyevin boyuna ancaq çatdığının fərqinə varanda, özümdən asılı olmayaraq, dilimdən bu kəlmələr çıxdı, özü də bərkdən və ürəkdən: “Boyunu yerə soxum!”
İndi boyu yerə soxulmuş Nikolay Valuyev Rusiya Dumasının deputatıdır, hansısa komissiyanın üzvüdür. Azərbaycanlıların ünvanına “faşist” kəlməsini işlədərək, məntiqsiz təkliflərlə çıxış edəndə, görünür, boksda başından aldığı zərbələrin təsiri altında olub. Yoxsa, vallah, dəli də o axmaq ifadələri söyləməz, özü də deputat kimi, ictimaiyyətə açıq kanallardan. O kanallardan ki, dünyanı tək Rusiya dövlətinə yox, elə rus xalqının, rus millətinin özünə də düşmən edib. Yəni bilərəkdən, ya bilməyərəkdən qurd ağacı içindən yediyi kimi, Rusiyanı məhvə aparır.
Rusiya informasiya mənbələrinin xaqımıza, millətimizə, dövlət və dövlətçiliyimizə qarşı əsassız, məntiqsiz, ağlasığmaz hücumlarının az şahidi olmamışıq. 70 il imperiya boyuunduruğu altında saxladıqları respublikalarda törədilən qırğınlar hələ unudulmayıb və güman ki, heç vaxt unudulmayacaq da! Azərbaycan böyük bəlalara, ağrı-acılara rəşadətlə sinə gərdi, müstəqil, bütün dünyaya sülh, dostluq və barışıq xarakterli davamlı siyasətini uğurla davam etdirir, etdirəcək də! Həqiqət, humanistlik, beynəlxalq hüquq normalarına riayət prinsiplərinin gözlənilməsi dövlət quruculuğumuzun tərkib hissəsidir, eyni zamanda dövlətlərarası münasibətlərdə qarşılıqlı hörmət vacib şərt kimi götürülməlidir.
Təyyarə qəzasına səbəb olan cinayətlə bağlı Rusiyanın dırnaqarası yanaşmalarına Azərbaycanın qətiyyətli mövqeyi beynəlxalq hüquq və normalar çərçivəsindədir. Rus evinin fəaliyyətinin qanunlarla nizamlanması ciddi səylər tələb etməyən sadə prosedurlardır. Ümumiyyətlə, Azərbaycanda bu qədər ruslaşma getdiyi, icmaların, mədəniyyət mərkəzlərinin, məktəblərin, ali təhsil ocaqlarının, firma və müəssisələrin fəaliyyət göstərdiyi halda Rus evinə doğrudanmı ehtiyac var, üstəlik qeyri-qanunu əsaslarla müəmmalı işlərlə məşğul olaraq! Bundan niyə övkələnirsiniz, nıyə açıqınız gəlir, cənablar! Soğan yeməyənin içi niyə göynəməlidir?!..
Valuyev kimilərin üstünə benzin tökdüyü qığılcımlar gec-tez özlərini yandıracaq, bunu dərk etmək lazımdır. Müəyyən problemdən də ictimai rəy yaradanda nüfuzlu şəxslərə önəm vermək lazımdır. Valuyev nə bilsin axı faşist sözü necə yaranıb, faşizm nə deməkdir. İkinci dünya müharibəsində (bir vaxt Böyük Vətən Müharibəsi) rus tanklarının, qırıcılarının faşistlər üzərinə Azərbaycan nefti (o vaxt SSRİ-də ümumi neft istehsalının 70 faizi) ilə şığıdığını, 700 mindən çox azərbaycanlının müharibədə iştirakı (yarısı qayıtmayıb), qələbə naminə arxa cəbhədə xalqımızın çəkdiyi məşəqqətlər barədə Valuyev kimi zahirən və mənən insan olmayanlar bilməzlər, çünki bunu bilmək üçün ağıllı (Valuyevdə həm də zərbə-zədə görməmiş) baş, düşünmək üçün düşüncə, düzgün yozum üçün dərrakə lazımdır.
Rusiyalı deputatın Azərbaycan, azərbaycanlılar haqqında sayaqlamaları Bakını zəbt edib neftimizi Rusiyaya qarşı çevirmək istəyən A.Hitlerin “Mənim mübarizəm” adlı əsərindəki boş xülyalarla üst-üstə düşürsə, məntiqlə əsil faşist kimdir?! Bir vaxt minlərlə həmvətənimizin uğrunda döyüşdüyü, can verdiyi Moskvanın bu gün Azərbaycan və azərbaycanlılar haqqında qərəz, böhtan, nifrət təbliğatının mərkəzinə çevrilməsi insanlıq əlamətidir, yoxsa faşizm ünsürü?! Buyursunlar ölkəmizdə uzun müddət fəaliyyət göstərən Rus evinin başbilənləri, əgər onlar dostluğa xidmət edirlərsə, onlarla adamı xilas etmək naminə özlərini qurban vermiş ikisi slavyan əsilli, biri azərbaycanlı milli qəhrəmanlarımızın ölüm səbəbinin düzgün araşdırılmasına yardımçı olsunlar, təyyarə qəzasına baiskarların gizlədilməsinə etiraz səslərini ucaltsınlar. Yalnız bu halda onların Bakıda yaşamaları və qanuni fəaliyyət göstərmələri şübhə alına bilməz. Mövzu ilə bağlı internetdə araşdırmalar apararkən qarşıma çıxan müxtəlif dillərdə yüzlərlə məqalənin birindən II dünya müharibəsi haqqında bir sitatla fikirlərimi bitirirəm. “Bu müharibə dövründə Azərbaycanın oynadığı rol xüsusilə əhəmiyyətlidir. O zaman keçmiş Sovet İttifaqının tərkibində olan Azərbaycan nefti, qəhrəman əsgərləri və hərbi təchizatı ilə müharibənin taleyini dəyişən respublikalardan biri olmuşdur.” (Yusif Şərifzadə, Musa Bağırlı. “Respublika” 20.10.2024)
Yuxarıda sadalanan faktları keçmiş sovetlərin, sonradan Rusiyanın əksər informasiya mənbələri, rəsmi dövlət qurumları dəfələrlə təsdiqləyib və sadə xalqın özü də yaxşı bilir. Ancaq qəhrəman şəhər statusu ala bilməyən Bakının üzərindən totalitar rejimin qılıncı heç vaxt əksik olmayıb, insanların şüuruna təsir etmək metod və üsulları milləti milli kökündən ayırmağa, xalqı yalnız tarixi gerçəkliklərdən uzaqlaşdırmağa xidmət göstərib. Bu gün Rusiya keçmiş SSRİ-nin missiyasını öz üzərinə götürmək istəyir və təbliğat maşınını var gücü ilə işə salıb. Ancaq başa düşülməlidir ki, Azərbaycan daha müttəfiq yox, müstəqil ölkədir. Xalq qanlı mübarizələrdə ona görə şəhidlər verməyib ki, hər çalınan havaya qol götürüb oynasın. Azərbaycan dövlətinin dayanıqlı və davamlı siyasəti var və suverenliyi beynəlxalq hüquqla qorunur. Rusiya informasiya kanallarının kimlərdənsə asılılığı onlara imkan vermir ki, ölkəmiz, xalqımız haqqında hədyan uydurub yayımlasınlar.
Əndrəbadi deputatın əndrabadi sözləri ilə xalqıma, dövlətimə, ümumiyyətlə digər millətlərə qarşı qərəzçilik edən informasiya mənbələri, təbliğat mərkəzləri bu suala cavab tapa bilib, o cavabın məntiqi əsasında fəaliyyətlərini qurmasalar onların peşəkarlıqları həmişə olduğu kimi şübhə doğuracaq. Gəlin peşəkar olaq, həqiqətin üzünə dik baxmağı bacaraq. Dünya həqiqət donunda gözəldir, yaşamalıdır, zövq almalıdır!
Mahir Cavadlı