Weather Data Source: havadurumuuzun.com

Enerjidən humanitar əlaqələrə: Azərbaycan və Vyetnam arasında çoxşaxəli tərəfdaşlıq

Müasir beynəlxalq münasibətlər sistemində dövlətlər arasında əməkdaşlığın uğuru yalnız siyasi dialoqun intensivliyi ilə deyil, həm də bu dialoqun konkret iqtisadi, sosial və humanitar nəticələrə çevrilməsi ilə ölçülür. Azərbaycan və Vyetnam arasında münasibətlər məhz bu baxımdan diqqətəlayiq nümunədir. Tarixi dostluq ənənələri üzərində qurulan ikitərəfli əlaqələr bu gün enerji, investisiya, nəqliyyat, kənd təsərrüfatı, təhsil və mədəniyyət sahələrini əhatə edən çoxşaxəli tərəfdaşlığa çevrilməkdədir.

Prezident İlham Əliyevin 19 noyabr 2026-cı ildə Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibə iki ölkənin iqtisadi potensialını, mövcud əməkdaşlıq imkanlarını və gələcək inkişaf perspektivlərini aydın şəkildə ortaya qoyur. Dövlət başçısının diqqətə çatdırdığı faktlar göstərir ki, Azərbaycan-Vyetnam münasibətlərində iqtisadi əməkdaşlıq yeni mərhələyə qədəm qoyur. İlk növbədə, ikitərəfli ticarət əlaqələrinin inkişafı xüsusi əhəmiyyət daşıyır. 2025-ci ilin yekunlarına əsasən, iki ölkə arasında ticarət dövriyyəsi 150 milyon ABŞ dollarını ötüb. Bu göstərici müsbət dinamikanı əks etdirsə də, Prezident İlham Əliyevin vurğuladığı kimi, mövcud nəticələr tərəflərin real iqtisadi potensialını tam əks etdirmir. Hər iki ölkənin istehsal, sənaye, kənd təsərrüfatı, enerji və xidmət sektorlarında malik olduğu imkanlar ticarət dövriyyəsinin daha da artırılması üçün geniş perspektivlər yaradır.

Energetika sektoru Azərbaycan-Vyetnam iqtisadi əməkdaşlığının ənənəvi və strateji istiqamətlərindən biridir. Azərbaycan uzun illər ərzində formalaşdırdığı neft-qaz sənayesi təcrübəsi, müasir enerji infrastrukturu və beynəlxalq bazarlardakı mövqeyi ilə Vyetnam üçün mühüm tərəfdaşdır. Bu baxımdan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Vyetnam Milli Neft və Qaz Şirkəti (PetroVietnam) arasında əlaqələrin dərinləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir.

2025-ci ildə SOCAR və PetroVietnam arasında imzalanmış Anlaşma Memorandumu neft-qaz yataqlarının kəşfiyyatı və işlənilməsi, texniki xidmətlər, mütəxəssis hazırlığı və digər sahələrdə əməkdaşlığın inkişafını nəzərdə tutur. Bu sənəd iki ölkənin enerji sektorunda mövcud təcrübə və texnoloji imkanlarını birləşdirmək üçün mühüm hüquqi və institusional zəmin yaradır. Bununla yanaşı, əməkdaşlığın perspektivləri yalnız ənənəvi enerji resursları ilə məhdudlaşmır. Azərbaycanın bərpaolunan enerji sahəsində həyata keçirdiyi layihələr və Vyetnamın günəş və külək enerjisi potensialı bu istiqamətdə qarşılıqlı maraqları artırır. Yaşıl enerji, texnologiya mübadiləsi və investisiya layihələri gələcək tərəfdaşlığın mühüm istiqamətlərindən birinə çevrilə bilər.

Vyetnam biznesinin Azərbaycan iqtisadiyyatına marağı da getdikcə artır. Bu baxımdan ROX Group şirkətinin fəaliyyəti diqqətəlayiqdir. Şirkət Azərbaycanda tikinti, infrastrukturun inkişafı, günəş və külək enerjisi sahələrində layihələrin həyata keçirilməsində maraqlı olduğunu bəyan edib. 2026-cı ilin sentyabrında Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində ROX Group ilə müvafiq sənədlərin imzalanması iqtisadi münasibətlərin praktiki müstəviyə keçdiyini göstərir.

İkitərəfli əməkdaşlığın digər mühüm istiqaməti nəqliyyat və logistika sektorudur. Azərbaycanın əlverişli coğrafi mövqeyi, inkişaf etmiş nəqliyyat infrastrukturu və beynəlxalq tranzit imkanları Vyetnamın Avropa bazarlarına çıxışı baxımından əhəmiyyətli perspektivlər yaradır. Xüsusilə Orta Dəhliz və Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi Azərbaycan-Vyetnam əməkdaşlığının genişləndirilməsi üçün mühüm platformalardır. Prezident İlham Əliyevin müsahibəsində qeyd etdiyi kimi, 2026-cı ilin yanvar-sentyabr aylarında tranzit daşımalarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən altı dəfə artaraq 8 min tondan çox olub. Bu dinamika nəqliyyat sahəsində əməkdaşlığın genişləndiyini və mövcud marşrutların iqtisadi əhəmiyyətinin artdığını göstərir.

Azərbaycanın tranzit imkanlarından səmərəli istifadə Vyetnam mallarının Avropa bazarlarına daşınması, eləcə də əks istiqamətdə yük axınlarının artırılması üçün yeni imkanlar aça bilər. Bu, təkcə ikitərəfli ticarətə deyil, həm də regional nəqliyyat əlaqələrinin inkişafına töhfə verə bilər.

Azərbaycan-Vyetnam münasibətlərinin mühüm və fərqləndirici istiqamətlərindən biri də humanitar əməkdaşlıqdır. Bu sahədə Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi qeyd edilməlidir. Fondun Vyetnamda həyata keçirdiyi sosial və təhsil layihələri iki xalq arasında dostluq münasibətlərinin möhkəmləndirilməsinə xidmət edir. Fondun Ha Giang əyalətində ibtidai məktəbin tikintisinə dəstək verməsi, Hanoy Ticarət və Turizm Kollecinə maliyyə yardımı göstərməsi və müxtəlif təhsil təşəbbüslərində iştirakı humanitar əməkdaşlığın konkret nəticələridir. Fondun vitse-prezidenti Leyla Əliyevanın 2025-ci ildə Vyetnama səfəri də bu əlaqələrin inkişafına yeni impuls verib. Təhsil sahəsində əməkdaşlıq da zəngin tarixi təcrübəyə əsaslanır.

Vyetnam vətəndaşlarının Qoşulmama Hərəkatına üzv dövlətlərin nümayəndələri üçün yaradılmış təhsil qrant proqramlarında iştirak imkanları da bu istiqamətdə mühüm addımdır. 2025-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Ho Şi Minin Memorial otağının açılması isə təhsil, tarix və mədəniyyətin bir araya gəldiyi rəmzi hadisə kimi qiymətləndirilə bilər.

Mədəni əlaqələr də ikitərəfli münasibətlərin mühüm tərkib hissəsidir. 2026-cı ildə Vyetnam Günləri festivalının ilk dəfə Bakı və Qəbələ şəhərlərini əhatə etməsi mədəni mübadilənin coğrafiyasının genişləndiyini göstərir. Vyetnamlı şair Mai Van Phanın “Gün doğarkən” şeirlər toplusunun Azərbaycanda nəşr olunması da xalqlarımız arasında ədəbi əlaqələrin inkişafına xidmət edən əhəmiyyətli hadisədir.

Dostluğun ən mühüm göstəricilərindən biri isə çətin günlərdə qarşılıqlı dəstək göstərməkdir. Azərbaycanın 2024-cü ildə Vyetnamda baş vermiş “Yaqi” fırtınasının, eləcə də 2025-ci ildə genişmiqyaslı daşqınların nəticələrinin aradan qaldırılması üçün maliyyə yardımı göstərməsi iki ölkə arasında humanitar həmrəyliyin real təzahürüdür.

Azərbaycan və Vyetnam arasında əməkdaşlığın gələcəyi üçün geniş imkanlar mövcuddur. Vyetnamın Cənub-Şərqi Asiyadakı iqtisadi potensialı ilə Azərbaycanın Cənubi Qafqazda formalaşmış enerji və logistika imkanlarının uzlaşdırılması hər iki dövlət üçün yeni bazarlara çıxış, investisiyaların artması və birgə layihələrin reallaşdırılması baxımından əlverişli perspektivlər yaradır.

Prezident İlham Əliyevin müsahibəsində ifadə olunan əsas yanaşma da məhz bundan ibarətdir: tarixi dostluq münasibətləri konkret iqtisadi nəticələrlə zənginləşdirilməli, mövcud potensial qarşılıqlı faydalı layihələr vasitəsilə reallaşdırılmalıdır. Bu baxımdan Azərbaycan-Vyetnam tərəfdaşlığı yalnız ikitərəfli münasibətlərin deyil, həm də Asiya ilə Avropa arasında iqtisadi və humanitar əlaqələrin inkişafının mühüm istiqamətlərindən biri ola bilər.

 

 

Qasımov Səyavuş Kamran oğlu, Avrasiya Universitetinin rektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

Top