BİR DOSTUN ÖMRÜNƏ DÜŞƏN SON NÖQTƏ…

BİR DOSTUN ÖMRÜNƏ DÜŞƏN SON NÖQTƏ…
Kərəm Kəlbəcərli Sarıdaşlının əziz xatirəsinə
Bəzi insanlar var ki, həyatdan köçəndən sonra belə yoxluqları ilə yaşayırlar. Onlar yaddaşlarda təkcə adları, yazdıqları əsərləri ilə deyil, həm də insanlıqları, səmimiyyətləri, dostluqları ilə qalırlar. Bu gün belə dəyərli insanlardan birinin, uzun illərin dostu, təbi rəvan şairimiz Kərəm Kəlbəcərli Sarıdaşlının vəfatı xəbərini eşidəndə qəlbimdən qopan ağrını ifadə etməyə söz tapmaqda çətinlik çəkirəm. İnanmaq çətindir, çox çətindir… Kərəm müəllim artıq aramızda yoxdur. NƏ BİZ KƏRƏMİN OLDUQ, NƏ DƏ KƏRƏM BİZİM…
Kərəm Kəlbəcərli Sarıdaşlı 2 may 1950-ci ildə Kəlbəcər rayonunun Sarıdaş kəndində dünyaya göz açıb. Orta təhsilindən sonra ali təhsil alaraq M.F.Axundov adına İnstitutun (indiki Slavyan Universitetinin) Rus dili və ədəbiyyatı fakültəsini bitirib. Hələ 1970–1980-ci illərdə Kəlbəcər rayonunda nəşr olunan «Yenilik» qəzetində şeirləri işıq üzü görüb. Ədəbiyyata, sözə bağlılığı ilə öz yaradıcılıq yolunu müəyyənləşdirib. «Ürəyində saxla məni» adlı kitabı isə şairin oxucularla ilk görüşü olub.
O, üç övlad atası, beş nəvənin sevimli babası idi. Arxasında bir ailə, bir ömür, bir yaradıcılıq yolu və onu sevən insanların qəlbində silinməyəcək xatirələr qoyub getdi.
Mənim üçün isə Kərəm müəllim hər şeydən əvvəl uzun illərin əziz dostu idi. Onunla bağlı xatirələrim, səmimi söhbətlərimiz, dostluğumuzun illər içərisində qazandığı doğmalıq həmişə yaddaşımda qalacaq.
Kərəm müəllim xəstə idi. Tez-tez yanına gedir, baş çəkir, halını soruşurduq. Hər dəfə ayrılarkən yenidən gələcəyimizi düşünürdük. Yenə gedək, bir az yanında oturaq, söhbətləşək, könlünü alaq deyə planlaşdırırdıq. Təəssüf ki, bu dəfəki ziyarətimizə ömür vəfa etmədi. Biz yenidən görüşməyi planlaşdırarkən ölüm öz amansız hökmünü verdi.
Bu gün onu son mənzilə yola saldıq. Bu gün bir dostun tabutu önündə dayandıq. Bu gün bir daha anladıq ki, insanın sabaha saxladığı görüş bəzən ömürlük həsrətə çevrilə bilər. Kaş, bir daha görüşəydik, Kərəm müəllim! Kaş, yenə yanına gəlib halını soruşaydıq. Kaş, bu ayrılıq belə qəfil və amansız olmayaydı…
Bu gün sənin şeirlərini oxuduqca hər misrasında öz taleyinin izlərini görürəm. Bir şeirində yazırdın:
Bəlkə də, bu imiş fələyin hökmü,
Keçdiyimiz yolun düzü beləymiş.
Nə sən Kərəminsən, nə Kərəm sənin,
Taledi, qismətdi, yazı beləymiş…
Bəli, Kərəm müəllim, nə biz Kərəmin olduq, nə də Kərəm bizim… Sən öz ömür yolunu başa vurdun, biz isə sənsizliyin ağrısı ilə baş-başa qaldıq. Sənin bu misraların bu gün ayrılığımızın ən acı ifadəsinə çevrildi.
Bir başqa şeirində isə belə yazmışdın:
Bu ağrıya dözməyə, gərək ürək daş olsun,
Kərəməm, dərd əhliyəm, dərd mənə sirdaş olsun.
Qıymaram qəlbin sına, ta ki, sənə xoş olsun.
Bu dünyanı tərk elə, köç deyirsən, köçüm də.
Ah, Kərəm müəllim… Bu ağrıya dözməyə gərək, doğrudan da, ürəyimiz daş olsun. Sən öz şeirində «Bu dünyanı tərk elə, köç deyirsən, köçüm də» yazmışdın. Sanki bu misralarla özünə vida yazmışdın. Köç deyirsən, köçüm də dedin, Kərəm… Köçdün də… Amma bu köçün arxasınca bizi necə bir nisgilə, necə bir həsrətə qərq edəcəyini bilmədin.
İndi sənin misraların dilimizdə, xatirələrin ürəyimizdə qalıb. Sən yazdığın şeirlərlə, gözəl insanlığınla, dostluğunla yaşayacaqsan. Ömrün sona çatsa da, sözünün ömrü davam edəcək.
Əziz dostum, bu gün sənə son dəfə baxdıq, son dəfə torpağa tapşırdıq. Amma səninlə bağlı xatirələrə vida edə bilmədik. Çünki bəzi insanlar torpağa tapşırılsa da, ürəkdən heç vaxt köçmürlər.
Allah sənə rəhmət eləsin! Allah ruhunu şad, məkanını cənnət, qəbrini nurla doldursun. Üç övladına, beş nəvənə, ailənə, bütün doğmalarına və səni sevən dostlarına səbir versin.

Əlvida, Kərəm müəllim! Əlvida, əziz dost!
Hörmətlə: Vüsal Ağa
21 Noyabr 2026 / Sumqayıt


