ƏZİZ DOSTLAR, HÖRMƏTLİ İCTİMAİYYƏT!

ƏZİZ DOSTLAR, HÖRMƏTLİ İCTİMAİYYƏT!
Bu gün Xocalı Abidəmizin yerləşdiyi ərazinin rəhbərliyindən daha əvvəl aldığımız məktub əsasında təyin olunmuş görüşümüzdə iştirak etdik.
Görüş zamanı abidəmizin yerinin nə üçün dəyişdirilməsinin istənildiyini soruşduq. Bizə verilən izahlardan məlum oldu ki, bu tələbin arxasında Niderlandda fəaliyyət göstərən Ermənistan səfirliyinin bələdiyyəyə etdiyi şikayətlər dayanır.
Bəs onları nə narahat edir?
Abidəmiz qəbiristanlığın park ərazisində yerləşir. Buraya mühüm dövlət və ictimai xadimlər, eləcə də müxtəlif ziyarətçilər gəlirlər. Onlar abidənin üzərindəki yazıları oxuyaraq erməni silahlı qüvvələrinin Xocalıda törətdiyi qətliam haqqında məlumat əldə edirlər. Görünür, tarixi həqiqətlərin insanların diqqətinə çatdırılması Ermənistan səfirliyini narahat edir.
Bildirilir ki, səfirlik bu məsələ ilə bağlı dəfələrlə Den Haag Bələdiyyəsinə şikayət edib və abidəmizin hazırkı yerindən götürülməsini tələb edib.
Burada haqlı olaraq belə bir sual yaranır: Demokratiya, azadlıq və ifadə hüquqlarını müdafiə edən Niderland kimi bir ölkədə ikili standartlar tətbiq edilirmi?
Heç bir xarici dövlətin səfirliyinin başqa bir dövlətin öz ərazisində qəbul etdiyi demokratik qərarlara və qeyri-hökumət təşkilatlarının qanuni fəaliyyətinə müdaxilə etmək hüququ yoxdur.
Xocalı Abidəsi 2007-ci ildə bələdiyyənin və qəbiristanlıq rəhbərliyinin icazəsi ilə, bütün müəyyən edilmiş qaydalara uyğun şəkildə inşa edilmişdir. Biz bu abidəni həmin əraziyə özbaşına və ya zorla yerləşdirməmişik. Bütün lazımi icazələri alaraq qanuni şəkildə ucaltmışıq.
Biz ildə bir dəfə də olsa şəhidlərimizi yad etmək, onları unutmamaq və yaşanan tarixi həqiqətləri gələcək nəsillərə çatdırmaq üçün həmin əraziyə gedirik. Heç vaxt siyasi təxribatın, gərginliyin və ya hər hansı xoşagəlməz hadisənin tərəfdarı olmamışıq. Məqsədimiz yalnız Xocalı şəhidlərini yad etmək və tariximizi yaşatmaqdır.
Bu gün Azərbaycan ilə Ermənistan arasında sülhün bərqərar olması istiqamətində mühüm addımlar atıldığı, xalqların yaxınlaşması və regionda davamlı sülhün təmin edilməsi üçün səylər göstərildiyi bir vaxtda Niderlanddakı Ermənistan səfirliyinin dərnəyimizin fəaliyyətlərini dəfələrlə şikayət mövzusuna çevirməsi düşündürücüdür.
Biz sülhün tərəfdarıyıq. Lakin sülh naminə tarixin unudulmasını, şəhidlərimizin xatirəsinə hörmətsizlik edilməsini və qanuni hüquqlarımızın məhdudlaşdırılmasını qəbul edə bilmərik.
Bugünkü görüşün nəticəsi olaraq bələdiyyə, qəbiristanlıq rəhbərliyi və dərnəyimizin nümayəndələrinin yenidən bir araya gələrək məsələni ətraflı müzakirə etməsi qərara alındı.

Bizim mövqeyimiz qətidir:
Xocalı Abidəsi qanuni icazələrlə həmin ərazidə ucaldılıb. Bizim tələbimiz abidəmizin hazırkı yerində saxlanılmasıdır.
Şəhidlərimizin xatirəsini yaşatmaq cinayət deyil! Tarixi həqiqətləri anlatmaq heç kimə qarşı düşmənçilik deyil!
XOCALINI UNUTMAMIŞIQ, UNUTDURMAYACAĞIQ!
Xocalı şəhidlərinin əziz xatirəsi qarşısında baş əyirik.
Hollandiya Azərbaycan Türk Mədəniyyət Dərnəyi (TACV)


