Gündə min yol öldüyümü bilməsin

BİLMƏSİN
Qoy xəbər tutmasın sevgilim məndən,
Nə qərara gəldiyimi bilməsin.
Günorta demədən, gecə demədən,
Gözyaşımı sildiyimi bilməsin.
***
Qırıldı ümidlər, düşdümü suya?!
Az qalsın sevincdən çıxırdıq Aya.
Qoy elə sansın ki, yaxşıyam guya,
İnadımdan güldüyümü bilməsin.
***
Qəlbimiz sevgiyə yaman yerikdi,
Ayrılıq vüsala daim şərikdi.
Sədaqət əhdimiz çilik-çilikdi,
Bu gerçəyi bildiyimi bilməsin.
***
Ömürdü bu – olar çovğun, olar qar,
Mənə tənə qılan olacaqdı xar.
“Qaçılmaz qismətdən” – deyib atalar,
Nə günlərə qaldığımı bilməsin.
***
Elə düşünürdüm, onunçün yekəm,
O vaxt da tənhaydım, indi də təkəm.
Mən kiməm ki kef üstünə kef çəkəm.
Gündə min yol öldüyümü bilməsin.
Turan Uğur
AYB-nin və AJB-nin üzvü
07 oktyabr 2026-cı il,
Bakı
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında


