DAİM UCALIQDA – ELÇİN ŞIXLI – 69

DAİM UCALIQDA – ELÇİN ŞIXLI – 69
Bu gün əziz və doğma insan, ulu şəcərəsi, sonsuz alicənablığı, nəhayətsiz kübarlığı ilə özümə simsar bildiyim, müəllifi olduğum bütün verilişlərin istisnasız şəkildə qonağı olmuş Elçin Şıxlının doğum günüdür.Elçin bəylə ilk tanışlığım “Sətirlər” verilişinin çəkilişləri əsnasında olub.O vaxt ilk dəfə olaraq iki hissəli proqramımızı məhz Xalq yazıçısı İsmayıl Şıxlıya həsr etmişdik.Hər buraxılışı 34 dəqiqəlik xronometrajı olan veriliş çox baxımlı alınmışdı.Rəhmətlik İsmayıl Şıxlının həlim, ağayana səsyazısını radionun fonotekasından köçürdüb aparıcımız Mehriban Zəki ilə xəyali dialoq şəklinə salmışdım.
Çəkilişləri isə Mərdəkanda qonağımızın bağ evində aparmışdıq.”Sətirlər” ə xeyli hörmət gətirən həmin iki hissəli proqram davamlılığımızın təminatı oldu.
Elçin Şıxlının çox böyük nüfuza sahib olduğunun dəfələrlə şahidi olmuşam.Bir dəfə soyuqlu-sazaqlı fevral ayında, İçərişəhərdə restoranların birinə sığınıb çəkilişlərimizi aparırdıq.
Müsahibimizin Elçin bəy olduğunu görən restoran rəhbəri İsmayıl Şıxlıya sonsuz hörmətini izhar etdi və beş dəqiqə keçmədi ki, süfrəni paxlavalarla doldurtdu, bizə müxtəlif mürəbbə çeşidləri ismarladı.
Ofisianta:
-“Müəllimin çayını təzələyin!” – deyib, Elçin bəylə və bizimlə dostanə şəkildə söhbətə qoşuldu.Təxminən həmyaş olan bu insanlar mexaniki şəkildə ana dilindən rus dilinə keçdilər; Bakının 70-ci illərindən zövqlə danışdılar və sanki 40-50 il öncəyə birgə səyahətə çıxdılar. Soyuq qış ayında onları bu sıcaq söhbətdən ayırmağa heç kəsin ixtiyarı çatmazdı.Onlar danışdılar, ta ki, özləri söhbətlərinə vergül qoyana kimi. “Vergül” deyirəm, çünki o cür görüşlərə “nöqtə” qoymaq özü də qəbahətdir.
Hamımıza xoş gələn bu davranış çəkiliş üçün bizə əlavə şövq verdi: qırışımızı açdı, ruhumuzu təzələdi, ovqatımızı yüksəltdi.
Elçin Şıxlı həm də bir təvazö nümunəsidir.Çəkilişdə bizimlə salamlaşan bir dəstə gənclərə İsmayıl Şıxlının şəxsiyyətindən, yaradıcılığından söhbətə başladım ki, mütaliədən min ağac gen gəzən yeniyetmələr heç olmaya o cür nasirlərimizin adını duysunlar.Elçin bəy həlim səslə, yavaşca qoluma girərək:
-“Uğur, lazım deyil” – dedi.
Mən onu başa düşdüm.Bu gün də başa düşürəm ki, bu cür insanlar yurdumuz üçün bir qənimətdir, bir saxlancdır.
Elçin bəy, arzum var ki, daim o ucalıqda qalasınız, hələ neçə illər sağlam və hüzurlu ömür yaşamağınız diləyi ilə…
Yeni yaşınız mübarək!
Tarix olmuş anlar:





Hörmətlə, Turan Uğur
AYB-nin və AJB-nin üzvü
04 oktyabr 2026-cı il,
Bakı.
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında


