Weather Data Source: havadurumuuzun.com

Müəllim – dərsdən daha böyük bir missiya

Müəllim – dərsdən daha böyük bir missiya

Müəllim… Bu söz mənim üçün həmişə, sadəcə, bir peşənin adı olmayıb. İllər keçdikcə daha aydın dərk etmişəm ki, müəllim olmaq dərs deməkdən, proqramı başa çatdırmaqdan, şagirdin biliyini qiymətləndirməkdən qat-qat böyük məsuliyyətdir. Müəllim həm də bir insanın düşüncəsinə istiqamət verən, mənəvi dünyasına təsir göstərən, gələcək şəxsiyyətin formalaşmasında iştirak edən insandır.
Müəllimlik fəaliyyətim ərzində bunun çoxsaylı nümunələrinin şahidi olmuşam. Bəzən bir şagirdin dərsdə verdiyi cavabdan daha çox onun davranışına, düşüncə tərzinə, həyata münasibətinə diqqət yetirmişəm. Çünki mənim üçün yaxşı nəticə yalnız yüksək qiymət deyil. Şagirdin öz fikrini əsaslandıra bilməsi, başqasının fikrinə hörmət etməsi, səhvindən nəticə çıxarması, ədalətli və məsuliyyətli davranması da təhsilin nəticəsidir.
Xüsusilə Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi düşünürəm ki, bizim məsuliyyətimiz bir qədər də fərqlidir. Biz söz öyrətmirik, sözün arxasındakı mənanı, insanı, həyatı öyrədirik. Bir bədii əsəri təhlil edərkən şagirdə yalnız obrazın xarakterini izah etmək kifayət deyil. Mən çalışıram ki, o obrazın davranışı üzərində şagird özü düşünsün: “Sən onun yerində olsaydın, necə davranardın?”, “Bu qərarın nəticəsi nə ola bilərdi?”, “Müəllif bu hadisə ilə bizə nə demək istəyir?”
Belə sualların cavabını hazır şəkildə verməkdənsə, şagirdin özü nəticəyə gəlməsini daha qiymətli hesab edirəm. Çünki əzbərlənmiş fikir tez unudulur, insanın öz düşüncəsi ilə gəldiyi nəticə isə yaddaşda daha çox yaşayır.
Müəllimlik fəaliyyətimdə bir həqiqəti də öyrənmişəm: hər şagirdin açarı fərqlidir. Birinə sərt tələb təsir edə bilər, digərinə isə səmimi söhbət. Biri tərifdən ruhlanar, digəri müəllimin ona olan inamından. Elə şagirdlər də olub ki, ilk baxışda özünü dərsdə göstərməyib, lakin düzgün yanaşmadan sonra qabiliyyətini ortaya qoyub.
Məhz belə məqamlar müəllimə xatırladır ki, sinifdə qarşımızda, sadəcə, şagirdlər deyil, hər birinin öz dünyası, arzusu, qorxusu və potensialı olan fərqli insanlar dayanır.
Mənim üçün müəllimin ən mühüm vəzifələrindən biri də şagirdin özünə inamını qorumaqdır. Bəzən bir uşağın uğursuz cavabına yalnız “səhvdir” demək asandır. Amma daha vacib olan onun niyə səhv etdiyini anlamaq və növbəti dəfə doğru cavaba özü çatmasına kömək etməkdir. Çünki müəllim şagirdin səhvini yalnız düzəltməməli, həmin səhvdən öyrənməyi də bacarmalıdır.
İllər ərzində sinif rəhbəri kimi də gördüm ki, uşaqlara mənəvi dəyərləri yalnız sözlə aşılamaq mümkün deyil. Hörmət, məsuliyyət, intizam, bir-birinə dayaq olmaq, məktəbin və sinfin uğuruna öz töhfəsini vermək — bunların hamısı gündəlik davranışlarda formalaşır. Sinif bir növ kiçik cəmiyyətdir. Burada uşaq yalnız dərs öyrənmir, insanlarla münasibət qurmağı, məsuliyyət daşımağı, fərqli düşüncələrə münasibət göstərməyi də öyrənir.
Həmişə çalışmışam ki, şagirdlərim mənə yalnız “dərs deyən müəllim” kimi deyil, onlara düşünməyi və özlərini kəşf etməyi öyrədən bir insan kimi baxsınlar.
Bu baxımdan müəllimin şəxsi nümunəsinin gücünə inanıram. Şagird müəllimin dediklərindən əvvəl onun davranışını görür. Müəllim kitab oxumağa çağırırsa, özü də oxumalıdır. Dürüstlükdən danışırsa, özü dürüst olmalıdır. Ədalətdən danışırsa, qiymətləndirmədə ədalətli davranmalıdır. Elmə hörmət aşılayırsa, öyrənməkdən özü də heç vaxt yorulmamalıdır, elm sahəsində və təhsilində uğurları olmalıdır.
Çünki uşaqlar bizim dediklərimizi deyil, çox vaxt necə yaşadığımızı öyrənirlər.
Bu gün informasiya dövründə müəllimin işi həm də daha məsuliyyətlidir. Şagird istənilən məlumatı internetdən saniyələr içində tapa bilir. Buna görə müəllimin əsas missiyası artıq yalnız məlumat ötürmək deyil. Əsas məsələ uşağa məlumatı seçməyi, müqayisə etməyi, sual verməyi, səbəb və nəticəni görməyi, doğru nəticəyə gəlməyi öyrətməkdir. Mən dərslərimdə məntiqi düşüncəyə xüsusi əhəmiyyət verməyimin səbəbini də bunda görürəm.
Şagirdin “Bu niyə belədir?” sualını verməsi mənim üçün bəzən düzgün cavabdan daha qiymətlidir. Çünki sual verən uşaq düşünür, düşünən uşaq isə inkişaf edir.
Ədəbiyyat dərsləri isə insan ruhuna toxunmaq üçün böyük imkan yaradır. Nizaminin hikmətindən, Füzulinin məhəbbətindən, Cavidin fəlsəfi düşüncəsindən, klassik və müasir ədəbiyyatımızın yaratdığı obrazlardan danışarkən əslində şagirdə həyatın özünü göstəririk. Ədəbiyyat insanı başqasının taleyinə baxmağa, onun hisslərini anlamağa, yaxşı ilə pisin, mərhəmətlə qəddarlığın, ədalətlə haqsızlığın fərqini duymağa kömək edir.
Mən müəllimlik fəaliyyətim boyu bir şeyə inanmışam: dərs yalnız şagirdin zehnində deyil, qəlbində də iz buraxmalıdır.
Çünki məktəbi bitirəndən sonra şagirdlərin bəziləri hansısa qaydanı, tarixi faktı və ya dərsdə keçilən müəyyən məlumatı unuda bilər. Amma müəllimin ona verdiyi bir həyat dərsi, vaxtında söylədiyi bir söz, ona olan inamı illərlə yadda qala bilər.
Lakin uşağın şəxsiyyət kimi formalaşmasında yalnız müəllimin deyil, valideynin də məsuliyyəti böyükdür. Düzgün tərbiyə ailədən başlayır, məktəb isə bu tərbiyəni təhsil və mənəvi dəyərlərlə tamamlayır. Valideyn övladının yalnız bugünkü qiymətini deyil, sabah necə insan, necə vətəndaş olacağını düşünməlidir. Uşağın hər istəyini yerinə yetirmək deyil, ona məsuliyyət, zəhmət, hörmət və düzgün seçim etməyi öyrətmək valideynin ən mühüm vəzifələrindəndir.
Mən müəllimlik təcrübəmdə dəfələrlə görmüşəm ki, ailə ilə məktəb arasında sağlam əməkdaşlıq olduqda şagirdin həm təlimində, həm də davranışında müsbət dəyişiklik daha aydın görünür. Bəzən dərsə marağı az olan, özünə inamı zəif və ya davranışında müəyyən çətinliklər yaşayan şagirdlərlə ayrıca söhbətlər aparmış, onların probleminin yalnız dərslə bağlı olmadığını müşahidə etmişəm. Belə hallarda valideynlərlə əlaqə saxlayaraq uşağın qarşısında ittihamçı mövqe tutmaqdan daha çox, problemin səbəbini birlikdə müəyyənləşdirməyə və çıxış yolu tapmağa çalışmışam.
Mənim üçün valideyn-müəllim əməkdaşlığının ən vacib şərti qarşılıqlı hörmət və etimaddır. Valideyn müəllimin hər iradını övladına qarşı münasibət kimi deyil, onun gələcəyinə olan məsuliyyətin ifadəsi kimi qəbul etməlidir. Eyni zamanda müəllim də valideynin narahatlığını dinləməli, uşağın fərdi xüsusiyyətlərini nəzərə almalıdır. Təcrübəmdə görmüşəm ki, valideyn övladının təhsilinə yalnız qiymət tələb edən tərəf kimi deyil, prosesin iştirakçısı kimi yanaşanda nəticə daha müsbət olur.
Xüsusilə yeniyetmə yaşlarında uşağın nəzarətə deyil, düzgün istiqamətə ehtiyacı artır. Bu dövrdə valideyn övladının yalnız harada və nə qədər vaxt keçirdiyini deyil, nə düşündüyünü, nəyə inandığını, kimləri nümunə götürdüyünü və gələcəyi haqqında nə təsəvvür etdiyini də bilməyə çalışmalıdır. Şagirdlərimlə söhbətlərdə onların gələcək arzularına, seçəcəkləri peşəyə, qarşılarına qoyduqları məqsədlərə xüsusi diqqət yetirmişəm. Çünki uşağın gələcəyini düşünmək yalnız onun ali məktəbə qəbuluna hazırlaşması demək deyil; onu həyata hazırlamaq, düzgün qərar verə bilən, məsuliyyətli və mənəviyyatlı insan kimi yetişdirmək deməkdir.
Bəzən valideynin bir cümləsi, müəllimin bir sözü və uşağa göstərilən ardıcıl diqqət onun münasibətində ciddi dəyişiklik yarada bilir. Buna görə mən həmişə düşünmüşəm ki, müəllim və valideyn bir-birinin rəqibi deyil, eyni uşağın gələcəyi üçün məsuliyyət daşıyan tərəfdaşlardır. Məktəbdə verilən tərbiyə ailədə, ailədə formalaşan dəyərlər isə məktəbdə möhkəmlənməlidir. Yalnız bu birlik sayəsində biz savadlı olmaqla yanaşı, vicdanlı, düşüncəli, məsuliyyətli və cəmiyyətə faydalı insan yetişdirə bilərik.
Müəllim gələcəklə işləyir. Bu gün qarşısında oturan uşaq sabah cəmiyyətin bir üzvü, valideyn, həkim, mühəndis, hüquqşünas, alim, müəllim olacaq. Onun insanlara münasibətində, peşəsinə məsuliyyətində, qərarlarında məktəbdə qazandığı mənəvi dəyərlərin izi görünəcək.
Ona görə də müəllimlik mənim üçün yalnız bir iş deyil, bir missiyadır.
Mən şagirdlərimə yalnız bilik vermək deyil, onların düşünən, araşdıran, doğru ilə yanlışı ayırd edən, mənəvi dəyərlərə bağlı, insanlara hörmətlə yanaşan şəxsiyyətlər kimi formalaşmasına töhfə vermək istəyirəm.
Çünki müəllimin əsl uğuru yalnız neçə şagirdinin yüksək bal toplaması ilə ölçülmür. Bəzən illər sonra qarşılaşdığın bir şagirdin “Müəllim, sizin bir sözünüz mənə çox təsir etmişdi” deməsi bütün zəhmətin ən böyük qiymətinə çevrilir.
Müəllim dərs keçir, amma əslində insan yetişdirir. Lövhədə yazılanlar silinir, dərs ili başa çatır, məktəb illəri geridə qalır. Lakin müəllimin şagirdin ruhunda qoyduğu iz bəzən bir ömür boyu yaşayır.

Müəllif: Xanım QASIMOVA,

Filologiya üzrə fəlsəfə doktoru

XANIM QASIMOVANIN YAZILARI

CAHANGİR MƏMMƏDLİ – 85

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Top