Ömrün İşıqlı Yolu

Ömrün İşıqlı Yolu
Müəllim Qəlbindən Ucalan Təbrik
Bir müəllim üçün dünyada ən böyük xoşbəxtlik, mənəvi zənginlik və şərəf – vaxtilə qəlbinin hərarəti ilə cücərtdiyi, böyük fədakarlıqla əkdiyi bilik toxumlarının bəhrəsini görməkdir. İllər, onilliklər keçsə də, yetirmələrinin uca zirvələri fəth etdiyini, cəmiyyətə, xalqa xeyirli bir insan kimi yetişdiyini görmək hər bir pedaqoqun ömrünün ən ali mükafatıdır.
Həyatını gənc nəslin təlim-tərbiyəsinə, işıqlı gələcəyin qurulmasına həsr edən, ömrünün müdrik çağını yaşayan dəyərli müəllimimiz Məhərrəm Bağırov üçün də bu gün məhz belə qürurlu, fərəhli günlərdən biridir. Çünki payızın qızılı rənglərə boyandığı oktyabr ayının 16-da onun qəlbində xüsusi yeri olan, hələ məktəb illərindən istedadı ilə seçilən sevimli şagirdi – tanınmış yazıçı-publisist Hüseyn İsaoğlunun 65 illik yubileyidir.
Bu iki ziyalı insanı birləşdirən tellər sadəcə bir sinif otağının divarları arasında formalaşmayıb. Məhərrəm müəllim düz 5 il Hüseyn müəllimə Azərbaycan dili və ədəbiyyatı fənnini tədris edib, ona ana dilimizin incəliklərini, sözün qüdrətini və ədəbiyyatın insan ruhunu ucaldan fəlsəfəsini aşılayıb. Zaman sürətlə axıb getsə də, o uzaq, lakin unudulmaz illərin xatirəsi müəllimin hafizəsində ilk günkü kimi təzə, parlaq və əzizdir. Xatirələrə dalan Məhərrəm müəllim Hüseyn müəllimin məktəb illərini böyük bir qürur hissi ilə belə xatırlayır:
“O, həmişə dərslərinə qarşı fövqəladə məsuliyyəti, dərin dərketmə qabiliyyəti ilə seçilirdi. Yüksək nizam-intizamı, nümunəvi əxlaqı və elmi savadı ilə həm biz müəllimlərin, həm də sinif yoldaşlarının böyük rəğbətini, hörmətini qazanmışdı. Onun ali məktəbə qəbul olunduğu gün dünənki kimi yadımdadır. İnanın, o sevincli, müjdəli xəbəri eşidəndə bəlkə də valideynlərindən çox mən sevinmişdim, mən fərəhlənmişdim. Çünki onun uğuru mənim müəllimlik fəaliyyətimin, çəkdiyim zəhmətin ən gözəl bəhrəsi idi”.
Bu müqəddəs bağ sadəcə məktəb illəri və zəng səsi ilə məhdudlaşmayıb. Zaman keçdikcə, illər bir-birini əvəz etdikcə bu münasibət daha da dərinləşib, saflaşıb və sarsılmaz bir mənəvi körpüyə, əsl ustad-şagird dostluğuna çevrilib. Hüseyn İsaoğlu öz sevimli müəlliminin vəfalı bir yetirməsi olduğunu hər addımda sübut edib. O, mənim (Məhərrəm müəllimin) 80 illik yubileyimə ən gözəl, ən qalıcı və qiymətli töhfəni – “Xatirələrin izi ilə” povestini həsr edərək müəllim əməyinə olan sonsuz ehtiramını, sevgisini qələminin gücü, sözün qüdrəti ilə tarixə həkk edib. Bu addım bədii yaradıcılıq nümunəsi olmaqla bərabər, həm də gələcək nəsillərə örnək olacaq bir vəfadarlıq dərsi idi.
Bu gün ömrünün ağsaqqallıq zirvəsində dayanan, 88 yaşını qeyd edən Məhərrəm müəllimin qəlbi hələ də ilk günkü kimi şagirdlərinin sevgisi, onların uğurlarının sədası ilə döyünür. Müəllimlik fəaliyyətini vərəqləyərkən o, ömrü boyu iki yetirməsi ilə xüsusi fəxr etdiyini, onlarla hər zaman qürur duyduğunu böyük fərəhlə vurğulayır. Bu dəyərli şagirdlərdən biri bu gün 65 yaşını qeyd etməyə hazırlaşdığımız yubilyar Hüseyn İsaoğlu, digəri isə cəmi bir il dərs dediyi, lakin qısa zamanda qəlbində silinməz və dərin iz qoyan digər dəyərli yazıçı-jurnalist Sabir Hüseynovdur.
Hər iki şagirdinin bu gün uca məqamlarda olmalarına baxmayaraq, öz müəllimlərini unudulmağa qoymaması, tez-tez arayıb-axtarması Məhərrəm müəllim üçün çoxillik fəaliyyətinin ən büyük, ən ali mükafatıdır. Müdrik müəllimin öz dili ilə desək:
“Hər ikisi məni həmişə arayıb-axtarır, hal-əhval tuturlar. Məni tək qoymur, mənəvi dəstək olurlar. Bir müəllimə cansağlığından və unudulmamaqdan başqa daha nə lazımdır ki?!”
Bu fərəhli və gözəl yubiley ərəfəsində Məhərrəm Bağırov öz adından və yetirdiyi çoxsaylı nəsilləri təmsil edən bütün təhsil ictimaiyyəti adından sevimli şagirdi, qələm dostu Hüseyn müəllimi 65 illik yubileyi münasibətilə ürəkdən, səmimi qəlbdən təbrik edir. Ona Allahdan uzun, bərəkətli ömür, möhkəm cansağlığı, ailə xoşbəxtliyi və Azərbaycan ədəbiyyatının, publisistikasının inkişafı naminə yeni-yeni yaradıcılıq uğurları arzulayır.
Qələminiz həmişə kəsərli, sözünüz nurlu, ömrünüz bərəkətli olsun, Hüseyn müəllim! Yaradıcılıq zirvələriniz fəth olunduqca müəlliminizin qəlbi həmişə dağa dönəcəkdir. Yubileyiniz mübarək!


Dərin hörmət, sonsuz sevgi və ağsaqqal duaları ilə:
Məhərrəm Bağırov (Müəlliminiz)


