Weather Data Source: havadurumuuzun.com

Təbrizin Türk Dünyasının “Tarixi və Mədəni Paytaxtı” kimi tanınması vacibdir

TƏBRİZ YENİDƏN TÜRK DÜNYASININ MƏNƏVİ CƏHƏTDƏN “TARİXİ VƏ MƏDƏNİ PAYTAXTI” KİMİ QƏBUL EDİLMƏLİDİR

Türk Dövlətləri Təşkilatı Nəzdində Təbrizin Türk Dünyasının “Tarixi və Mədəni Paytaxtı” kimi Tanınmasını Tələb edirəm, çünki mövcud qlobal və onu mütəaqibən regional baxımdan tətbiqə alınan GEOSİYASİ CƏHƏTTƏN YENİDƏN DÜZƏNLƏMƏ/YENİDƏN QURULMA bunu tələb edir… Geosiyasi baxımdan əks-həmlələr edilməsinə icazə verilməməlidir… Regionun sabitliyi, təhlükəsizliyi və onun nəticəsi olacaq Böyük, Güclü və Rürəffəh Türk Birliyi bunu tələb edir…

Azərbaycan, Türkiyə və digər qardaş Türk Dövlətləri, Türk Dünyasının mənəvi cəhətdən Tarixi və Mədəni Paytaxtı sayılan Təbrizin yanında və arxasında durmalıdır.

Türk dünyasının ümumi tarixi, maddi və qeyri-maddi mədəni və sivilizasiya irsinin qorunması, gələcək nəsillərə ötürülməsi və Türk dövlətləri arasındakı tarixi və mədəni əlaqələrin daha güclü institusional əsaslara qovuşdurulması məqsədilə, aşağıdakı təklifin Türk Dövlətləri Təşkilatının müvafiq orqanlarının və Hörmətli Dövlət Başçılarının diqqət və qiymətləndirməsinə təqdim edilməsini mühüm tarixi məsuliyyət hesab edirəm.

Bu təklifin əsas məqsədi, türklərin əsas qurucu ünsürü olduğu, tarixən Avrasiyanı əhatə edən Xorasan/Azərbaycan Sivilizasiya Yaradan Mədəniyyət Hövzəsinin və ümumilikdə İslam sivilizasiyasının ən mühüm və başlıca fikri, siyasi, elmi, mədəni, iqtisadi və sənət mərkəzlərindən olmuş Təbrizin, Türk Dünyasının “Tarixi və Mədəni Paytaxtı” kimi tanınması və bu məsələnin Türk Dövlətləri Təşkilatı tərəfindən müvafiq qərar və birgə bəyanatla rəsmi şəkildə ifadə edilməsidir.

Təbriz yalnız müəyyən bir ölkənin və ya müəyyən bir tarixi dövrün şəhəri kimi qiymətləndirilə bilməyəcək qədər geniş və çoxqatlı tarixi irsə malikdir. Şəhər əsrlər boyu müxtəlif Türk dövlətlərinin fikri, siyasi və inzibati mərkəzi olmuş; eyni zamanda elm, sənət, ticarət, ədəbiyyat, memarlıq və mədəni istehsalın mühüm mərkəzlərindən biri kimi Türk və İslam dünyasının tarixi inkişafında olduqca müəyyənedici və həyati rol oynamışdır.

Təbrizin tarixi əhəmiyyətinin qiymətləndirilməsi yalnız keçmişdəki siyasi hakimiyyətlərlə məhdudlaşdırılmamalıdır. Şəhərin əsl əhəmiyyəti müxtəlif dövrlərdə meydana çıxan siyasi və mədəni cərəyanların bir-birini izləyərək güclü bir sivilizasiya hövzəsi formalaşdırmasında yatır. Təbriz tarixən Avrasiyanı əhatə edən Xorasan/Azərbaycan Mədəniyyət Hövzəsinin siyasi, elmi və fikri cəhətdən ən əsas mərkəzi olmuşdur. Bu baxımdan Təbriz Azərbaycan, Anadolu, İran, Qafqaz, Orta Asiya (Türküstan), Hələb-Şam (Suriya), İraq-i Ərəb (İraq), Misir və s. arasında tarix boyunca həyata keçirilmiş siyasi, iqtisadi və mədəni qarşılıqlı əlaqələrin ən mühüm başlıca qovşaqlarından biri olmuşdur.

Xüsusilə Türk dövlətləri tarixinin müxtəlif dövrlərində Təbrizin siyasi və mədəni mərkəz xüsusiyyəti daşıdığı açıq və aydın şəkildə görünür. Səlcuqlu, Elxanilər, Qaraqoyunlu, Ağqoyunlu və Səfəvi dövrləri başda olmaqla müxtəlif tarixi proseslərdə Təbriz yalnız bir şəhər deyil, Dəşti-Qıpçaq, Şərqi Türküstan, Hindistan yarımadası, Şimali Afrika daxil olmaqla geniş bir coğrafiyanın siyasi və mədəni həyatına təsir edən mühüm bir mərkəz olmuşdur. Bu tarixi davamlılıq Təbrizin Türk dünyasının ümumi sivilizasiya yaddaşı baxımından daşıdığı dəyərin daha əhatəli şəkildə nəzərdən keçirilməsini zəruri edir.

Təbrizin tarixi rolu eyni zamanda elm, sənət və mədəniyyət sahəsindəki inkişaflarla da sıx bağlıdır. Şəhər müxtəlif dövrlərdə elm adamlarının, sənətkarların, ədəbiyyatçıların, memarların və dövlət xadimlərinin məskunlaşdığı və fəaliyyət göstərdiyi mühüm mərkəz olmuşdur. Təbriz məktəbi kimi qiymətləndirilən sənət və memarlıq irsinin müxtəlif coğrafiyalara daşınması şəhərin yalnız regional deyil, daha geniş bir sivilizasiya məkanı üzərindəki təsirini göstərir.

Bu səbəbdən Təbrizin Türk Dünyasının “Tarixi və Mədəni Paytaxtı” kimi tanınması hər hansı bir ölkənin mövcud siyasi və ya hüquqi statusunu dəyişdirməyə yönəlmiş bir təşəbbüs kimi deyil; ümumi Türk tarixinin və sivilizasiya irsinin simvolik və mədəni səviyyədə tanınması kimi qiymətləndirilməlidir.

Günümüzdə Türk Dövlətləri Təşkilatı müstəqil Türk dövlətləri arasındakı siyasi, iqtisadi, mədəni və humanitar əlaqələrin inkişaf etdirilməsi baxımından mühüm institusional platforma təşkil edir. Təşkilatın mədəniyyət, təhsil, elm, tarix və ümumi irs sahələrində həyata keçirdiyi fəaliyyətlər Türk dünyasının ümumi dəyərlərinin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından böyük əhəmiyyət daşıyır.

Bu çərçivədə Təbriz məsələsinin də ümumi Türk sivilizasiya irsi perspektivindən nəzərdən keçirilməsinin Təşkilatın mədəni əməkdaşlıq məqsədləri ilə uyğun olacağı düşünülür.

Təbrizin “Tarixi və Mədəni Paytaxt” kimi tanınması, mədəni və tarixi xarakterli simvolik bir status anlamına gəlməkdədir. Belə bir qərarın hər hansı dövlətin suverenliyi, ərazi bütövlüyü və ya mövcud beynəlxalq hüquqi statusu haqqında özlüyündə bir hökm təşkil etmədiyi açıq şəkildə qeyd edilməlidir. Beləliklə, təklif tarixi və mədəni irsin tanınması əsasında beynəlxalq hüquq prinsiplərinə uyğun şəkildə qiymətləndirilməlidir.

Bu yanaşma eyni zamanda UNESCO-nun mədəni irsin qorunması, tanınması və gələcək nəsillərə ötürülməsi istiqamətindəki ümumi prinsipləri ilə də əlaqələndirilə bilər. Təbrizin tarixi quruluşunun, memarlıq irsinin, yazılı mənbələrinin, sənət və sənətkarlıq ənənəsinin, elmi irsinin və Türk-İslam sivilizasiyası daxilindəki tarixi rolunun beynəlxalq səviyyədə daha görünən hala gətirilməsi ümumi mədəni irsin qorunmasına töhfə verəcəkdir. Xüsusilə 1925-ci ildən etibarən Babı-Bəhayi-Daşnaq-Hınçak-Asuri-Güney Pers Ordusu və onu mütəaqibən Babı-Əzəli-Hüccətiyyə Cəmiyyəti- Qum Elm Hövzəsi ikiləmində ortadan qaldırılması istənilən Türk və Türklüyün və Türklüyə aid ortadan qaldırılmış tarixi abidələrin/tikililərin yenidən bərpa edilməsi üzərinə ciddi layihələr üzərində dayanılması zəruridir.

Bu baxımdan Türk Dövlətləri Təşkilatı tərəfindən qəbul edilə biləcək bir qərarın yalnız simvolik bir deklarasiya ilə məhdudlaşmaması; Təbrizin tarixi və mədəni irsinin araşdırılması, sənədləşdirilməsi, nəşr edilməsi və beynəlxalq aləmdə tanıdılması istiqamətində konkret mədəni proqramlarla dəstəklənməsi də mühüm əhəmiyyət daşıyır.

Məsələn, Türk dövlətlərinin Böyük Şəhər Bələdiyyələri, universitetləri, akademik qurumları, tarix və mədəniyyət təşkilatları arasında Təbriz mərkəzli müştərək tədqiqat proqramları yaradıla bilər; Təbrizin Türk dünyası tarixindəki rolunu araşdıran beynəlxalq elmi toplantılar təşkil edilə bilər; müştərək akademik nəşrlər hazırlana bilər; arxiv və əlyazma əsərləri üzrə tədqiqatlar dəstəklənə bilər. Bununla yanaşı, Təbrizin memarlıq, sənət və ədəbiyyat irsinin tanıdılmasına yönəlmiş sərgilər, sənədli filmlər, mədəniyyət günləri və təhsil proqramları həyata keçirilə bilər.

Belə bir yanaşma Türk dünyasının ümumi tarixinin yalnız keçmişə aid bir xatirə kimi deyil, müasir mədəni əməkdaşlığın və gələcəyə yönəlmiş ümumi sivilizasiya perspektivinin ən mühüm bir elementi kimi qiymətləndirilməsinə imkan yaradacaqdır.

Təbrizin “Tarixi və Mədəni Paytaxt” kimi tanınması eyni zamanda Türk dünyasının müxtəlif coğrafiyaları arasındakı tarixi əlaqələrin yenidən araşdırılması baxımından da mühüm imkan yaradacaqdır. Çünki Təbrizin tarixini anlamaq Azərbaycan, Anadolu, İran, Qafqaz, Xorasan, Orta Asiya, İraq, Suriya, Misir, Hindistan yarımadası və s. arasındakı tarixi münasibətlərin birlikdə araşdırılmasını tələb edir. Bu baxımdan Təbriz Türk dünyasının müxtəlif bölgələrini bir-birinə bağlayan ümumi tarixi yaddaşın ən mühüm simvollarından biri kimi qiymətləndirilə bilər.

Bu təklifin həyata keçirilməsi Türk Dövlətləri Təşkilatının ümumi tarix və mədəniyyət siyasətinə yeni bir istiqamət qazandıra bilər. Eyni zamanda Türk dünyasının tarixi şəhərlərinin və ümumi sivilizasiya mərkəzlərinin daha sistemli şəkildə nəzərdən keçirilməsinə şərait yarada bilər.

Bu səbəbdən Türk Dövlətləri Təşkilatının müvafiq orqanlarının, üzv və müşahidəçi dövlətlərin tarix, mədəniyyət və elm qurumlarının töhfələri ilə Təbrizin tarixi və mədəni irsinə dair hərtərəfli elmi araşdırmanın başlanması və bu araşdırmanın nəticələrinin Dövlət Başçılarının nəzərdən keçirməsinə təqdim edilməsi təklif olunur.

Nəticə etibarilə Təbrizin Türk dünyasının tarixi yaddaşındakı yeri yalnız bir şəhərin keçmişdəki siyasi əhəmiyyətindən ibarət deyildir. Təbriz; dövlətçilik ənənəsi, elm, sənət, ədəbiyyat, miniatür sənəti, ticarət, memarlıq, maddi və qeyri-maddi mədəni qarşılıqlı əlaqələr baxımından geniş bir sivilizasiya coğrafiyasına təsir edən tarixi mərkəz olmuşdur. Bu səbəbdən şəhərin Türk dünyasının ümumi tarixi və mədəni irsi daxilindəki mövqeyinin rəsmi və institusional səviyyədə tanınması ümumi mədəni irsin qorunmasına yönəlmiş mühüm bir addım təşkil edə bilər.

Bu çərçivədə, Türk Dövlətləri Təşkilatının Hörmətli Dövlət Başçılarını və müvafiq orqanlarını, Təbrizin Türk Dünyasının “Tarixi və Mədəni Paytaxtı” kimi tanınması və bu statusun mədəni, elmi və tarixi əməkdaşlıq proqramları ilə dəstəklənməsi məsələsini gündəmə almağa dəvət edirəm.

Təklif olunan qərarın tarixi irsin qorunmasına, Türk dünyasının ümumi yaddaşının gücləndirilməsinə, elmi araşdırmaların təşviq edilməsinə və Türk dövlətləri arasındakı mədəni əlaqələrin daha yüksək səviyyəyə çatdırılmasına xidmət edəcəyinə inanıram.

Bu təklifin əsasında hər hansı bir cəmiyyətə, dövlətə və ya ölkəyə qarşı siyasi yanaşma deyil; ümumi tarixi və mədəni irsin tanınması, qorunması və gələcək nəsillərə ötürülməsi düşüncəsi dayanır.

Təbrizin tarixi və mədəni kimliyinin Türk dünyasının ümumi yaddaşında layiq olduğu şəkildə yer alması keçmişlə gələcək arasında güclü bir mədəni körpünün qurulmasına vəsilə olacaqdır.

Rum Sivilizasiya hövzəsi üçün Vatikan nədirsə, Təbriz, Xorasan/Azərbaycan Mədəniyyət Hövzəsi, başqa bir ifadə ilə Türk Mədəniyyət Hövzəsi üçün daha yüksək tarixi qabiliyyətə malikdir.

Türk Dövlətləri Təşkilatı və hörmətli Türk Dövlət Başçılarının mövcud GEOSİYASİ CƏHƏTTƏN YENİDƏN DÜZƏNLƏMƏ/YENİDƏN QURULMA mərhələsində bölgəmizdə böyük, güclü və mürəffəh Türk Birliyi uğrunda atacaqları tarixi addımların başlıcası, mənəvi cəhətdən “Təbrizin Tarixi və Mədəni Paytaxt” sifəti ilə ona sahib çıxması olacaqdır.

Dr. Rəhim CAVADBƏYLİ

Dr. CAVADBƏYLİNİN DİGƏR YAZILARI


DAHA ÇOX YENİ MƏLUMAT BURADA

Oxuyun iş >>> VAR

Zaur Ustacın şeirləri ,

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Top