Namiq Müslümov – Heç kim

Heç kim
(hekayə)
Hava yavaş-yavaş qaralırdı. O, yorğun addımlarla evinə tərəf gedirdi. Yaşadığı binanın qarşısına çatanda qeyri-ixtiyari ətrafa boylandı. Nə həyətə çıxan vardı, nə də tanış sima gözə dəyirdi. Dərin nəfəs alıb giriş qapısından içəri keçdi. Mənzili birinci mərtəbədə idi. Buna görə də çox keçmədən qapısının önündə dayandı. Əlini cibinə atıb açarı axtardı. Tapmadı. Qapının zəngini basdı. İçəridən səs gəlmədi. Bir qədər gözləyib qapını ehmalca döydü. Yenə cavab verən olmadı. “Görəsən, hardadılar?” Bir neçə dəqiqə də gözlədi. Sonra yenidən qapını döydü. Səs gəlmirdi. Axırda aşağı enib həyətdə gözləməyə qərar verdi.
Skamyada oturmuşdu ki, birdən gözü şüşəbəndə sataşdı. Açıq pəncərədən 8-9 yaşlarında bir uşaq həyətə baxırdı. Az sonra onun yanında gənc qadın göründü. Qadın uşağa nəsə deyib pəncərəni örtmək istədi. O, cəld ayağa qalxıb səsləndi:
— Ay xanım, olar bir dəqiqə?
Qadın sanki onu eşitmədi. Pəncərəni bağladı və uşaqla birlikdə otağa çəkildi.
Onun ürəyinə narahatlıq çökdü: “Bunlar kimdir? Mənim evimdə nə edirlər? Niyə qapını açmırlar?” Tələsik yenidən binaya girdi. Qapını bir neçə dəfə döydü, zəngi ard-arda basdı. Açan olmadı. Həyəcanı getdikcə artırdı: “Yoxsa səhv gəlmişəm? Bura mənim evim deyil? Elədirsə, niyə içəridəkilər səs vermirlər?” Yenidən aşağı düşüb çaşqın halda ətrafa baxdı və keçib skamyada oturdu. Artıq hava tamam qaralmışdı. Pəncərədən sızan işıq və hərəkət edən kölgələr göstərirdi ki, evdə adam var. Başının içində dolaşan fikirlər bir-birinə qarışırdı. Gözlərini yumdu. Nəyisə xatırlamağa, bu anlaşılmazlığın səbəbini tapmağa çalışdı…
Qəfil gələn maşın səsi onu diksindirdi. Gözlərini açdı. Ətrafa baxdı. Nə bina vardı, nə həyət, nə də skamya. Qarşısında ensiz asfalt yol uzanırdı. Yolun kənarındakı daşın üstündə oturduğunu anlayıb cəld ayağa qalxdı. Bura onun doğulub boya-başa çatdığı kənd idi. Səhər yenicə açılırdı. Qəribədir, az əvvəl şəhərdə idi, indi isə kənd yolunda dayanmışdı. Necə gəldiyini anlamadan addımlamağa başladı. Ata evi çox da uzaqda deyildi.
Darvazanın ağzında dayanıb həyətə baxdı. Divarlar uçub tökülmüş, həyəti kol-kos basmışdı. Evin damı əyilmişdi, sanki bir azdan çökəcəkdi. Hər yerdən viranəlik yağırdı. Bəlli idi ki, bu qapıdan illərdir girib-çıxan olmayıb. Geri çəkilib nə baş verdiyini anlamağa çalışdı. Qəhər onu boğdu.Öz-özünə: -Qoy görüm, tanış adamlardan kimi tapıram, -deyə
yola düzəldi. Kəndin küçələri, yolları, həyətlər, ağaclar ona doğma idi. Amma qarşısına çıxan üzlərin heç biri tanış gəlmirdi. Bir neçə qohumunun evinin önündən keçdi. Həyətdə yad adamlar vardı. “Mənə nə olub? Yaddaşımı itirmişəm? Axı hər yeri tanıyıram. Bəs insanlar niyə yaddır?” Bu suallar beynində səsləndikcə addımları ağırlaşırdı. Birdən özünü məzarlığın girişində gördü. Necə gəldiyini özü də bilmədən içəri keçdi. Atasının məzarı olan tərəfə yönəldi. Uzaqdan baxanda atasının qəbrinin yanında yeni başdaşı gördü. Addımlarını sürətləndirdi. Sinəsində qəribə ağrı baş qaldırdı. Yaxınlaşıb başdaşının üzərindəki şəklə baxanda qanı dondu. Şəkildəki adam özü idi. Nəfəsi kəsildi. Dizləri üstə yerə çökdü: “Bu necə ola bilərdi? Nə vaxt ölmüşdü? Kim gətirib onu burada basdırmışdı?” Qışqırmaq istədi. Səsi çıxmadı.
Sinəsi daralırdı. Nəfəs ala bilmirdi. Təlaş içində ətrafa boylandı və var səsi ilə qışqırdı:
— Mən kiməm?!
Qan-tər içində yatağından dik atıldı. Dodaqları əsə-əsə eyni sözləri təkrarlayırdı:
“Mən kiməm? Mən kiməm?” Bədəni titrəyirdi. Gözlərini otaqda gəzdirəndə yorğan-döşəyin içində olduğunu gördü. Tədricən nəfəsi düzəldi. Gördüklərinin yuxu olduğunu anladı. Ancaq yuxunun təsiri canından çıxmamışdı. O, yuxuda gələcəyinə getmişdi. Elə bir gələcəyə ki, orada onu tanıyan yox idi. Adı, varlığı, iddiası, qüruru heç nəyə çevrilmişdi. O, heç kim olmuşdu. Elə həmin anda dünən baş verən hadisə yaddaşında canlandı.
Bir gün əvvəl oğlu məktəbdən evə cırılmış paltarla, üz-gözü göyərmiş halda qayıtmışdı. Məlum olmuşdu ki, sinif yoldaşı ilə dalaşıb. Dərhal məktəb direktoruna zəng etdi, səhər məktəbə gələcəyini bildirdi. Oğlunu döyən uşağın valideyninin də orada olmasını tələb etdi.
Səhər tezdən oğlunu götürüb məktəbə yollandı. Direktorun otağına daxil olan kimi uşağı görüb özünü saxlaya bilmədi. Atasının və direktorun gözü qarşısında uşağa şillə vurdu. Sonra qəzəblə bağırdı:
— Sən kimsən ki, mənim oğluma əl qaldırırsan?!
Ardınca üzünü direktora və uşağın atasına tutdu. Səsi daha da sərtləşdi:
— Siz bilirsiniz mən kiməm? İstəsəm, bir günə sizi yox edərəm. Mənim uşağıma heç kim əl qaldıra bilməz!
Otaqda ağır sükut çökdü. Direktor dinmədi. Uşağın atası ona yaxınlaşdı. Gözlərinin içinə baxıb aramla dedi:
— Sənin kim olduğunu bilmirəm. Amma onu çox yaxşı bilirəm, bir gün heç kim olduğunu anlayacaqsan.
Sonra oğlunun əlindən tutdu və iti addımlarla otaqdan çıxdı
Müəllif: Namiq Müslümov
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında


