Weather Data Source: havadurumuuzun.com

Nurəddin Mustafa oğlu Kazımov – 100

Nurəddin Mustafa oğlu Kazımov – 100
Pedaqoji Elmin Fenomeni
İstedadlı Alim, Yaradıcı Fikir Daşıyıcısı
Elm işıqdır; Allah nurundan yaranıb. Əsl alimlər bu nurun daşıyıcılarıdır, qaranlığı, nadanlığı və məchulluğu parçalayaraq bəşərin qəlbinə, ruhuna və idrakına işıq salarlar. Elm işığında öyrənmək, işığın içində işıq axtarmaq elə Allaha bir addım da yaxınlaşmaq deməkdir. İnsanlığın xilasına elmin gücü ilə töhfələr verilir. Məhz belə insanların simasında Məhəmməd peyğəmbərin (ə.s) bu kəlamı öz əksini tapır: “Bir insanın qiyməti onun elmi və biliyi qədərdir”.
İnsanın sağlam və mənəvi cəhətdən güclü olması onun özünə hörmətini, doğmalarının və ətrafının qorunmasını təmin edir. Yaradanın yaradıqlarını sevmək və qorumağın yolu isə ilahi eşqdə, mənəviyyatda və halal, düz yolda olmaqdan keçir.
Qürur duyulasıdır ki, Allahın dəyər verdiyi istedad, yaradıcı fikir daşıyıcısı, görkəmli alim və böyük vətəndaş – 100 illiyini qeyd etdiyimiz Nurəddin Mustafa oğlu Kazımov 1926-cı il aprelin 28-də Gəncə şəhərində anadan olmuşdur. 1933-cü ildə orada “III İnternasional” adına orta məktəbə daxil olmuş və 1943-cü ildə onu bitirmişdir. 1945-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinin fəlsəfə şöbəsinə daxil olmuş, 1947-ci ildə isə Sankt-Peterburq Dövlət Universitetinin fəlsəfə fakültəsinin III kursuna köçürülərək, 1950-ci ildə yüksək təlim nailiyyəti ilə təhsilini başa vurmuşdur.
1950–1952-ci illərdə Nuxa (Şəki) Müəllimlər İnstitutunun pedaqogika və psixologiya kafedrasında baş müəllim vəzifəsində işləmişdir. Daha sonra Bakı şəhərində, Bakı Vilayət Maarif Şöbəsində məktəb inspektoru (1952-ci ilin sentyabrından 1953-cü ilin mayına qədər), sonra isə Azərbaycan SSR Maarif Nazirliyində (1953) Ali və orta pedaqoji təhsil şöbəsində inspektor vəzifələrində çalışmışdır.
Elmi-pedaqoji fəaliyyətə olan marağı onu Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqogika İnstitutunun (indiki Azərbaycan Respublikasının Təhsil İnstitutu) aspiranturasına gətirmiş, 1953–1956-cı illərdə burada aspiranturada təhsil almışdır.
Pedaqoji fəaliyyət və məhsuldar elmi əməyin ayrılmaz hissəsi olduğundan, aspirantura təhsilini başa vurduqdan sonra 1956–1957-ci illərdə yenidən Azərbaycan SSR Maarif Nazirliyinin Ali və orta pedaqoji təhsil şöbəsinə inspektor vəzifəsinə dəvət olunmuşdur. Ali məktəb həyatının rəhbərlik və idarəetmə üslubuna yaxşı bələd olan Nurəddin Kazımov 1957-ci ildə M.F.Axundov adına Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunda baş müəllim, 1957–1973-cü illərdə isə Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqogika İnstitutunda elmi işlər üzrə direktor müavini və sonradan direktor (1973–1976) vəzifəsində çalışmışdır.
Professor Nurəddin Kazımovun elmi-pedaqoji fəaliyyətinin böyük mərhələsi ali məktəb həyatı ilə bağlı olmuşdur. 1976–1982-ci illərdə V.İ.Lenin adına APİ-də (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) elmi işlər üzrə prorektor vəzifəsində işləmişdir. 1984-cü ildən etibarən isə təxminən 30 il Azərbaycan Dillər Universitetinin pedaqogika kafedrasına rəhbərlik etmiş, onlarla gəncə elmi rəhbərlik etmişdir.
Nurəddin müəllimin əməyi dövlət və xalq tərəfindən həmişə layiqincə qiymətləndirilmişdir. O, “Qabaqcıl maarif xadimi”, “SSRİ maarif əlaçısı” döş nişanları, “Şərəf nişanı” ordeni ilə təltif olunmuş, “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür. Prezident təqaüdçüsü, Əməkdar elm xadimi, pedaqogika üzrə elmlər doktoru, professor Nurəddin Mustafa oğlu Kazımov 2012-ci ildə Rusiya Təhsil Akademiyasının xarici üzvü seçilmişdir.
Professor Nurəddin Kazımovun həyat salnaməsi göstərir ki, qəlbində paklıq və qurub-yaratmaq şövqü daşıyan insan övladının əbədiyaşar keyfiyyətləri onu həmişə müdrik saxlamışdır. Pedaqogika elminin korifeylərindən olan Nurəddin Kazımov mənalı ömrünün altmış beş ilini elmə və xalqının maariflənməsinə həsr etmişdir. Öz dəyərli əsərləri ilə ölkəmizdə və xaricdə yüksək nüfuz qazanan, milli və bəşəri ideyaları ilə pedaqogika nəzəriyyəsini zənginləşdirən, ictimai-siyasi, sosial-mədəni və ideya-əxlaqi mühitimizin aparıcı ziyalılarından olan Nurəddin Kazımov xalqını və vətənini dərin məhəbbətlə sevən, neçə-neçə nəsillərə maarifləndirici çıraq tutan, nümunəvi övladlar yetişdirən alimdir.
Nurəddin Kazımov uzun illər Azərbaycan Dillər Universitetinin pedaqogika kafedrasına rəhbərlik etmiş, tələbə mənəviyyatına halallıq, pak və saf əqidə nuru çiləyərək nümunəvi müəllim olmuşdur. Daim həyat eşqi və geniş yaradıcılığı ilə seçilən professor Nurəddin Kazımov xalqımızın dərin rəğbətini qazanmışdır.
Onun əziz xatirəsi pedaqoji ictimaiyyətin və onu tanıyanların xatirəsində ləyaqət, şərəf və böyük ürək sahibi kimi hörmətlə yad edilir. Nurəddin müəllim hər bir insanın həyatında iz qoymuş, müdrik məsləhətləri və elmi dəstəyi ilə hamının məhəbbət və sədaqətini qazanmışdır.
14–15 aprel 2026-cı il tarixində Azərbaycan Dillər Universitetinin təşkilatçılığı ilə, Özbəkistanın Denov Sahibkarlıq və Pedaqogika İnstitutu, Türkiyənin Ege Universiteti, Türk Dünyası və Araşdırmalar İnstitutu, İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutu ilə birgə professor Nurəddin Kazımovun 100-cü ildönümünə həsr olunmuş “Dil, təhsil və pedaqogikanın aktual problemləri” mövzusunda keçiriləcək Beynəlxalq konfrans Nurəddin müəllimin xatirəsinə olan hörmət və ehtiramın bariz nümunəsidir.
Nurəddin müəllim həm tələbələri, həm də həmkarları arasında öz sözünü demiş, bu gün də yaşayan, sabah da yaşayacaq görkəmli alimlərimizdəndir. Ruhun şad olsun, Ustad!

Zülfiyyə Vəliyeva
Respublikanın Əməkdar müəllimi.
Akademik Mehdi Mehdizadə mükafatı laureatı.

Top