20 YANVAR ANILDI

20 YANVAR ANILDI
Bu gün, 15 yanvar 2026-cı ildə AYB-nin Mingəçevir şöbəsində mingəçevirli yazarların növbəti görüşü keçirildi. Görüş Milli Azadlıq hərəkatına qarşı SSRİ Daxili Qoşunlarının Bakı və ətraf rayonlarda törətdiyi 20 yanvar qırğınına həsr olundu.
Tədbiri AYB-nin Mingəçevir bölməsinin sədri, çağdaş ədəbiyyatımızın tanınmış şairi, şair-publisist İsmayıl İmanzadə açdı. 20 yanvar və bütün şəhidlərimiz bir dəqiqəlik sükutla yad edildi. Sonra İsmayıl müəllim 20 yanvara aid xatirələrindən danışdı.
Şairlərdən-Sərdar Xankişiyev, Eldəniz Cəfəroğlu, Elçin Məhərrəmli, Minarə İsgəndər, Namiq Zaman, Elşən Əzim, Məmməd Mərzili, ədəbiyyat həvəskarları Rizvan Mikayıllı, Rəşid Rəsulov da 20 yanvarda maskalanmış sovet əsgərlərinin vəhşiliklərindən öz gördüklərini, şahidi olduqları hadisələrdən söhbət etdilər. Bu SSRİ miqyasında görünməmiş hadisə idi. Dinc əhaliyə qarşı silahlı müdaxilə etmək, hərbi texnika ilə küçədə adamları, maşınları əzmək tarixi qətliam kimi yaddaşlarda qaldı.
Minarə İsgəndər belə haqsızlıqdan bəhs edən şeirlərindən oxudu. Eldəniz Cəfəroğlu öz satirik şeirləri ilə məclisə ruh gətirdi. Şair Namiq Zaman yazdığı yeni şeirini dedi. Şair-nasir Elşən Əzim bu dəfə bədahətən qələmə aldığı təcnisi söylədi. Şair-publisist Məmməd Mərzili Qarabağda gedən quruculuq işlərindən bəhrələnərək yazdığı şeirlə çıxış etdi.
Tədbirin sonunda görkəmli şair-publisist İsmayıl İmanzadə yazarlara 2026-cı ildə yeni yaradıcılıq uğurları arzuladı. Sonra yazarlar birlikdə xatirə şəkili çəkdirdilər.

Məmməd Mərzili


