Weather Data Source: havadurumuuzun.com

Dənizlərin Qoruyucusu: Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Şərəfli Tarixi

Dənizlərin Qoruyucusu: Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Şərəfli Tarixi

Azərbaycan Respublikasının suverenliyinin, ərazi bütövlüyünün və dəniz sərhədlərinin qorunmasında müstəsna rol oynayan Hərbi Dəniz Qüvvələri, tarixində silinməz izlər buraxan şərəfli bir yol keçmişdir. Bu qəhrəman hərbi birləşmənin bünövrəsi 1919-cu ilin avqustunda, İngilislərin Azərbaycanı tərk etməsindən sonra qoyulmuşdur.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə – dövlətçiliyimizin ilk və ən dəyərli səhifələrindən birində – dəniz təhlükəsizliyi məsələləri aktuallıq qazanmış, ilin sonlarında Baş Qərargahın nəzdində 6 ştat vahidindən ibarət xüsusi hərbi dəniz şöbəsi yaradılmışdır. Bu struktur Xəzər akvatoriyasında ölkənin dəniz maraqlarını müdafiə etmək məqsədi daşıyırdı və müstəqil hərbi dəniz qüvvələrinin təşəkkül tapmasının əsasını qoydu.

Həmin dövr üçün bu, sadəcə texniki bir struktur yox, eyni zamanda siyasi və milli müstəqilliyin simvolu idi. Müstəqil Azərbaycan dövlətinin öz dəniz donanmasına sahib olması ideyası, dövlətçilik ruhunun və hərbi qüdrətin ayrılmaz tərkib hissəsi kimi qəbul olunurdu.

1920-ci ildə Azərbaycan Sovetləşdirildikdən sonra Hərbi Dəniz Qüvvələri Sovet donanmasına birləşdirildi. Lakin xalqımızın yaddaşında milli donanmanın ilk nüvəsi kimi o illər unudulmadı. 1991-ci ildə dövlət müstəqilliyimizin bərpası ilə yenidən müstəqil Hərbi Dəniz Qüvvələrinin formalaşması gündəmə gəldi və bu sahədə qısa müddətdə böyük irəliləyişlər baş verdi.

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində atılan mühüm addımlar nəticəsində, Azərbaycan Hərbi Dəniz Qüvvələri də yenidən formalaşdırıldı və müasir tələblərə cavab verən bir güc strukturu halına gəldi. Dəniz Qüvvələrimiz bu gün ölkəmizin Xəzər dənizindəki milli maraqlarının, iqtisadi obyektlərinin və enerji layihələrinin təhlükəsizliyinin qorunmasında əvəzolunmaz rol oynayır.

2020-ci ildə Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfərdən sonra Azərbaycan Ordusunun bütün strukturlarında olduğu kimi, Hərbi Dəniz Qüvvələrində də yenilənmə, modernləşmə və güclənmə prosesi sürətlə davam edir. Bu gün donanmamız yüksək texnologiyalı gəmilər, müasir radar sistemləri və təlim keçmiş heyətlə təmin olunmuş, regionda güc balansına təsir edən önəmli hərbi vahidə çevrilmişdir.

Bu gün — Hərbi Dəniz Qüvvələri Günü münasibətilə…

Dənizlərimizdə əmin-amanlığı qoruyan, sərhədlərimizi daim keşikdə saxlayan qəhrəman dənizçilərimizə sonsuz təşəkkürümüzü və dərin ehtiramımızı bildiririk. Onlar fırtınalarla mübarizə aparan, sərt sulara sinə gərən, vətən uğrunda dənizin ortasında vəzifəsini şərəflə icra edən qəhrəmanlardır.

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin hər bir zabiti və hərbi qulluqçusu dövlətimizin gücünü, xalqımızın qürurunu və sarsılmaz iradəsini təmsil edir.

Vətən sizə güvənir! Dənizlər sizə əmanətdir!

Bayramınız mübarək, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin igid övladları!

 

Pərvanə Salmanqızı
İctimai xadim, jurnalist, şairə-publisist

Top