Qəhrəmanlıqla Başlayan Yol – Tovuz Döyüşlərindən Vətən Müharibəsinə

Qəhrəmanlıqla Başlayan Yol – Tovuz Döyüşlərindən Vətən Müharibəsinə
12 iyul 2020 – Azərbaycan tarixində təkcə bir döyüş günü deyil, dirənişin, qəhrəmanlığın, birliyimizin alovlandığı gündür. Həmin gün Ermənistan Silahlı Qüvvələri Tovuz istiqamətində təxribat törədərək mövqelərimizi atəşə tutdu. Ancaq bu dəfə Azərbaycan Ordusu əvvəlki illərdən fərqli olaraq susmadı – cavab verdi!
Tovuz döyüşləri sadəcə bir sərhəd insidenti deyildi. Bu döyüşlər, xalqın orduya olan inamını bərpa edən, milli ruhu oyadan, 44 günlük Zəfərə gedən yolun ilk addımları idi. Tovuzda başlayan bu müqəddəs dirəniş, sonradan Vətən Müharibəsindəki Böyük Qələbənin səsi oldu.
Bu döyüşlərdə şəhid olanlar təkcə torpağı deyil, xalqın ruhunu da ayağa qaldırdılar. Onların içində bir ad var ki, bütün xalqın yaddaşına yazıldı – General-mayor Polad Həşimov! O, əsgərlərinin önündə vuruşdu, şəhid oldu, əsl komandan, əsl Vətən oğlu kimi. Onun şəhidliyi bir milləti silkələdi, xalq-ordu birliyinin möhkəm təməlini atdı.
Tovuz döyüşlərində Azərbaycan bir daha göstərdi ki, torpaqların müdafiəsi yalnız silahla deyil, inamla, ruhla, milli iradə ilə mümkündür. O günlərdə ölkənin hər yerində “Şəhidlər ölməz, Vətən bölünməz!” sədaları yüksəldi, hər bir azərbaycanlının qəlbində Vətən sevgisi coşdu.
Bu gün Tovuz döyüşlərindən 5 il ötür. Amma o alov, o ruh, o birlik hələ də yaşayır. O döyüşlər – Qarabağın alınmasının təməlində yanan ilk məşəl idi! Tovuzda düşmənə yerində cavab verən Azərbaycan əsgəri, 3 ay sonra Zəfər yürüşünə çıxacaqdı.
Bu gün başımız dikdir, çünki Tovuzda başlayan müqavimət Zəfərlə nəticələndi! Bu gün şəhidlərimizin ruhu qarşısında qürurla baş əyirik, çünki onların canı bahasına torpaq azad oldu, haqq bərqərar oldu!
Tovuz döyüşləri – Azərbaycanın qəhrəmanlıq dastanıdır!
Böyük hörmət və ehtiramla,
Pərvanə Salmanqızı


