Weather Data Source: havadurumuuzun.com

Təranə Dəmirin söz dünyası

***

Gündüzkü istinin rütubəti vururdu adamı gecənin səssizliyində,
Səhər o qədər çırpınmışdı ki,külək də deyəsən yorğunluğunu çıxarırdı gecə-gecə,
Mürgü döyürdü göy üzündə səssizcə.
Pərdələr pəncərələri yelpikləmirdi,
Nəfəsi tıncıxırdı şəhərin,
Ağaclar utandığından yarpaq-yarpaq tər tökürdü.
Yuxusu qaçmış qadın da bu səssiz,havasız iyun gecəsini acgözlüklə ciyərinə çəkirdi.

***

Bəzi sevgilər nöqtəylə başlayır,
Əlindən tutub gedirsən
cümlənin sonunacan.
Bəzi sevgilərəsə nöqtə
qoymaq olmur ,
Möhkəm -möhkəm yapışırsan
bir əyri vergülün yaxasından
Ömrünün son ucunacan!

***

Anamın saçlarına dən,əllərinə qırış düşməmişdi hələ.
Evimiz də əvvəlkiydi,
Üstünü,başını dəyişməmişdik hələ–
Yeddi daş kürsülü,iki göz otaq,bir açıq eyvan,
Eyvandan asılan qaranquş yuvaları,
Yuvaların içində ətcə qaranquş balaları..
Hirslənəndə zəncir gəmirən ala itimiz də ölməmişdi hələ.
Səhərdən axşamacan hürürdü-
Uçan quşa,qaçan dovşana,
Pişiyə,siçana..
Hər gün evdən qəpik-quruş oğurlayıb
qaçardıq Gülağa dayının dükanına.
Rəhmətliyin qəribə gülümsəməyi vardı,
Satdığı şirinquşların üstündə bir şirin təbəssüm də hədiyyə edirdi adama,
Biz də bu təbəssümə təbəssümlə cavab verırdik utana-utana.
Naxırçı Əhəd dayını həmişə atın üstündə görmüşdüm deyə,elə bilirdim ki,o gecələr də at belində yatır.
Qonşumuz Xanım xala..
haçan baxırdın,görürdün ki,siqaret damağında oturub evinin qabağında tum satır,
Hərəmiz bir ovuc götürüb qaçırdıq,
Arxamızca söylənə-söylənə qalırdı yazıq.
Televizorlar da pult tanımırdı hələ,
Hələ ağ-qara paltarındaydı içindəki quşlar,uşaqlar,adamlar,ağaclar,
Buludlar,yağışlar,dağlar,yamaclar.
Hələ öz gücümü sınamamışdım,
Hələ atam çəkirdi yükümü…
Sonra payız düşdü,
Sonra yağışlar başladı ,
Sonra yarpaq tökümü..
Eh, bilirsiz bir də nə vaxt böyüdüm mən?
Anamın saçlarına dən,
mənim ürəyimə qorxu düşəndən..

***

Balaca arzularımız vardı,
Əlçatan,ünyetən.
Könlümüzün bir sığal təbəssümlə ovunan vaxrlarıydı,
Göz yaşlarımız da yaz yağışı kimiydi,
Bir anda şimşək çaxardı,
Selə,suya qərq edərdi dünyanı,
sonra gün çıxardı
və biz də unudardıq hər şeyi,
Və bizim həyat hekayəmiz təzədən başlayardı
yanağımızın yağış yerindən.
Yastı-yapalaq evlərdə,lampa işığında rəngli-rəngli xəyallar qurardıq,
Bir dəst paltarımız olardı,
Onunla yatıb durardıq.
Qızlar gəlincik sevdasıyla,
Oğlanlar velosiped həvəsiylə gecəni səhər edərdi.
Səhər olunca qızlar suya,
oğlanlar naxıra gedərdi.
Azad idi o vaxtlar çöllər,çəmənlər,quşlar,
yuvalar,ağaclar,dağlar,yamaclar,
adamlar,yollar,çiçəklər,daşlar.
İllər keçdi,
Əvvəlcə dünya böyüdü,sonra biz,sonra qayğılar,
Sonra ümid yordu adamı,sonra arzular,
Sonra savaşlar,sonra qorxular,
sonra məhrumiyyətlər,sonra uzaq şəhərlər,qaranlıq küçələr, heykəllər,afişalar,dəyişik ünvanlar,
yad baxışlar,
Bir də yanağının yağış yerindən asılan qırışlar.
Sonra yasaq sevdalar,
Sonra təyyarə biletləri,sonra ayrılıqlar,
Divarlarından hörümçək toru asılan darısqal otel otaqları,
başında həsrət havası,
burnunda acı qəhvə qoxusu və qulaqlarında Şopenin”Yağış valsı”.

***

Hələ təzə hörülmüsən,
Suvağın,daşın təzədi,
Ayağın,başın təzədi.
Hələ ki,tuş gəlməmisən
Yerin,Göyün töhmətinə.
Hələ ki,şükr eləyirsən
Durub hasar qismətinə.
Hələ ki,yormayıb səni
Küləklər,yağışlar,hasar,
Adamlar,baxışlar,hasar.
Hər gələn bir sığal çəkir,
Tumarlanırsan hələ ki.
Qamətin dik,başın dikdi,
Hasarlanırsan hələ ki.
Hələ ki,qıran olmayıb
Sənin bu daş inadını.
Hasar-hasar çıxarırsan
Hələ dünyanın dadını.
Hələ ki,xumarlanırsan,
Hələ ki,sığallanırsan,
Sabahdan xəbərsiz, hasar.
Hələ bunun irəlidə
Hasar-hasar tökülməyi,
Hasar-hasar əyilməyi,
Hasar-hasar yıxılmağı,
Hasar-hasar uçmağı var.

***

Qoyduğun qanunlar pozulub gedir,
Hamı kölgəsinə qısılıb gedir,
Əlimiz hər şeydən üzülüb gedir,
İlahi!

Qınına çəkilib söz adamları,
Əyib sındırırlar düz adamları,
Qoymur yaşamağa hirs adamları,
İlahi!

Yalına yalmanan itlərə yazıq,
Namərdə əl açan mərdlərə yazıq,
Bu bərli-bəzəkli bütlərə yazıq,
İlahi!

Gedənlər qayıtmır yurd-yuvasına,
Qalanlar çıxırlar taxt davasına,
Biz də oynayırıq bəy havasına,
İlahi!

***

Bürkülü avqust gecəsi,
Yorğun şəhər,
Yuxulu küçələr,
Göyə dırmaşan binalar,
Sabaha açılan pəncələr,
Pəncərələrin arxasındakı tənhalıq,
Tənhalığın başı üstündə dayanan nigaran qadın kölgəsi..
Dörd tərəfdən qaranlıq baxır ac canavar kimi,
Ölüm qoxusu gəlir gecənin yaş köynəyindən,
Tanış mənzərədi,deyilmi?

***

Qoşuldu yaz küləyinə,
Dərə-təpə əsib getdi.
Gözümüzün qabağında
Bir bahar da küsüb getdi.

Çiçək-çiçək,naxış-naxış,
Sevda-sevda,baxış-baxış,
Bulud-bulud,yağış-yağış
Bir bahar da küsüb getdi.

Payız tutdu yaxasından,
Quşlar düşdü avazından,
Bir qarışqa yuvasından
Bir bahar da küsüb getdi.

***

Çarmıxa çəkilmiş “Adam” şəkliyəm,
Ruhum göylərin əsarətində,
Cismim “Mən”də zəncirlənib.
Ətrafımda “mələk”lər dolaşır–
Qanadlı,qanadsız.
Üstümdə min ilin günahı
Çırpınıram həyatla ölüm arasındakı dar çərçivədə.
Boğuluram,
Əl atıb tutmaq istəyirəm özümdən,
Əllərim qana batır..
Məni bağışla,İlahi!

Müəllif: Təranə DƏMİR,

AYB -nin və AJB-nin üzvü, şair -publisist

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Top