Weather Data Source: havadurumuuzun.com

Günay Əliyeva – Ayaqqabı

AYAQQABI
(hekayə)
Dəmir torla hasara alınmış həyətin içərisində çiy kərpicdən tikilmiş bir ev var idi. Evin tavanı quru ağacla örtülmüşdü, döşəməsinə isə seyrək toxunuşlar arasında yaşıl otların baş qaldırdığı həsir salınmışdı.

Otağın baş tərəfində, qırmızı güllü döşəyi sərilmiş çarpayını yığışdıran, əyinlərində ağ, qırmızı çiçəkli don olan yeddi yaşlı qıyıqgözlü əkiz qızlar, içərisi qaz tükü ilə doldurulmuş yastığı dartıb, onu kimin cehiz aparacağını müəyyən edə bilməyərək bir-biri ilə çəkişirdilər.

Otağın küncündə, üzərində yamamaq üçün biz, çəkic və müxtəlif mıxlar olan masaya tərəf əyilib işini görən atalarından sanki çəkinirdilər.

Atasının yanında diz çökərək nəzərlərini onun əlindəki cırıq ayaqqabıya zilləmiş, arıq, gözləri çuxura düşmüş, çopur üzlü, yanaqları batıq, boynunda sapla düzülmüş ləçəklərdən ibarət çobanyastığı boyunbağısı olan altı yaşlı Bahar, hərdən bir bacılarına göz ağardaraq onları sakitləşdirməyə çalışsa da, xəyalında ayaqqabıları ayağında olan Nicatın, üzərinə çobanyastığı düzülmüş taxtadan hazırlanmış tütəyi dodaqlarına sıxaraq arxın suyunu qırçınlayan, yarpaqları əsdirən qırmızı dimdikli, sapsarı ördək balalarını ovsunlamasını xatırlayırdı.

Ata əlindəki uc tərəfi balıq ağzı kimi açılmış, üstünə qəhvəyi parçadan yamaq vurulmuş, altlığı it qulağı kimi sallanan, bir neçə yerindən ağ kəndirlə bağlanmış qara rəngli cırıq ayaqqabını divar dibində təpə kimi yığılmış ayaqqabıların üstünə atdı. Bunu görən Bahar hövlnak yerindən qalxdı.

Atılan köhnə, cırıq ayaqqabını bağrına basaraq atasından onu mütləq təmir etməsini yalvara-yalvara xahiş etdi. Bundan əsəbiləşən pinəçi Vəli dedi:
– O əzizlədiyin ayaqqabını apar, alkaş Nəcəfin oğlu Nicatın təpəsinə vur! De ki, avaralanmaqdansa getsin ot yığsın, mal-qaraya baxsın, pul qazansın, özünə bir ayaqqabı alsın. Artıq mən bu ayaqqabılara yamaq üstündən yamaq vurmaqdan bezmişəm. Daha ələ gələsi deyil. Ayaqqabı elə bil adamın əlindən “qaçmaq istəyir”.

Bahar atasına dedi:
– Ata, bəlkə bir təhər yamaq vurub düzəldəsən? Onlar çox kasıbdırlar. O, bulaqdan su gətirəndə həmişə mənə kömək edir. Axı onun bundan başqa ayaqqabısı yoxdur…

Bunu deyərkən göz yaşları sel kimi axan qızının halını görən ata sanki bir anlıq yumuşaldı. Lakin dərhal özünü toparlayıb dedi:
– Ay anasına oxşamış həyasız! Onun atası araq içib alkaşlıq edəcək, harda gəldi yıxılıb qalacaq, mən də onun yetimçəsinə ayaqqabı düzəldəcəyəm? Qoy rədd olsun! Elə bilirdim ki, sən saçına hər dəfə çiçək taxıb bulağa gedəndə bir iş çıxacaq. Əlinə bir az yun düşən kimi götürüb bulağa qaçırsan, yırğalana-yırğalana yunu yuyursan ki, Nicat sənə baxsın? Yoxsa indi də alkaş Nəcəfin oğluna vurulmusan?

Ata qəzəblə danışdıqca səsi daha da sərtləşirdi. Nəhayət, ayaqqabı tayını bağrına basıb hıçqıran qızı açıq qapıdan həyətə itələdi.

Bu anda əkizlərin dartışmasına dözməyən yastıq cırıldı və içindəki qaz tükləri bütün otağa yayıldı.

Ağappaq qar kimi görünən qaz tükləri havada süzülərək Vəlinin üst-başına qonanda, o qəzəblə ayağa qalxdı. Qızlar atalarının qəzəbini görüb qorxularından çarpayının altından sürünüb çölə qaçdılar.

Vəli içində bir qədər tük qalan yastığı götürüb həyətə atdı. Yastığın içindən çıxan ağ tüklər sarı-qırmızı çiçəklərin üstünə üzüqoylu uzanmış Baharın və onun yanındakı ayaqqabıların üzərinə kəfən kimi sərildi. Qız gözlərini yumdu.

Həyətdəki ördək balalarının dairəyə aldığı qız gözlərini açanda Nicatın qanlı ayaqlarını gördü. O, baş barmağı qanayan sağ ayağı və əlləri ilə tükləri aralayaraq ayaqqabılarını götürüb sakitcə uzaqlaşdı.

Bahar ayağa qalxıb qapının yanındakı qaloşları götürdü və oğlanın ayağından axan qanın iz saldığı çoban yastıqları arasından onun ardınca qaçdı.

Arxın kənarında iri bir daşın üstündə oturan Nicat əl atıb, ağ ləçəkləri qana bulaşmış çobanyastığından birini qıza uzatdı. Qızın gözündən axan yaş əlindəki çobanyastığının üzərinə düşərək inci kimi parladı.

Qız qaloşları daşın yanına qoyaraq, əlindəki çobanyastığı ilə evə qayıtdı.

Cırıq ayaqqabılarla evə qayıdan Nicat özünü üzüstə çarpayıya atdı. Gecənin bir yarısı ayılarkən, yanındakı çarpayıda saqqallı atasının uzandığını gördü. Başını yana çevirəndə, üzərinə ay işığı düşmüş ayaqqabılar gözünə sataşdı.

Bir an düşündükdən sonra cəld yataqdan qalxıb ayaqqabıları götürdü və qanı qurumuş ayaqlarına geyindi. Lakin ayaqqabının ucundan barmaqları göründüyü üçün onları çıxarıb kənara qoydu.

Mıxdan asılmış sırıqlını götürüb yatağına qoydu və üstünə yorğanı örtdü ki, yoxluğunu atası hiss etməsin. Sonra otağın küncündəki kisəni və qırxlığı götürərək həyətə çıxdı.

Qonşu Mehdi kişinin daşdan tikilmiş tövləsinə daxil oldu. Gətirdiyi kəndirlə tövlədəki qoyunlardan birinin ayağını bağladı və qırxlıqla onun yununu qırxıb kisəyə doldurdu. Daha sonra kisəni çiyninə ataraq, gəldiyi kimi sakitcə tövlədən çıxıb qonşu kəndə tərəf yollandı.

Səhərə yaxın Sənəm nənəgilə çatdı. Qapını döydü. Başında bir neçə yaylıq dolanmış, əynində gen tuman və arxalıq olan Sənəm nənə qapını açıb Nicatı həyətə çağırdı.

Nicat həyətdə sərilmiş xalçalara heyranlıqla baxırdı. Onun gözü yan tərəfdə taxtın üzərinə sərilmiş xalçanın üstündəki boyunbağılı qız təsvirinə sataşdı. Heyrətləndi — xalçadakı qız Bahara çox bənzəyirdi.

– Sənə ip əyirmək üçün cins qoyun yunu gətirmişəm, – deyə Nicat kisəni qadına uzatdı.

Sənəm nənə yunu götürüb boynundakı pul kisəsini çıxardı və ehtiyatla soruşdu:
– Ədə, bu oğurluq deyil ki?

– Yox, Sənəm nənə, öz qoyunlarımızındır, – deyə Nicat cavab verdi.

Sənəm nənə başını yırğalayaraq dedi:
– Atan sərxoşluğu ilə ananı çərlədib öldürəndən sonra qoyunları satıb arağa verməmişdimi?..

Buna baxmayaraq, o, Nicatla hesablaşdı. Nicat pulu alıb, qırmızı kərpicdən tikilmiş, bəzəkli qapısı olan dükana daxil oldu.

Dükanın içində divardan asılmış qəhvəyi rəngli ayaqqabılara baxdı və ən yaxşısını seçdi — təmiz dəridən, üstü qaytanlı, möhkəm tikişli bir ayaqqabı.

Ayaqqabını ayağına geyinərək sevinclə evə qayıdırdı. Birdən yol üstündə atasının onu söydüyünü eşitdi:
– Köpək oğlu, təzə fırıldağa keçib! Sırıqlını yatağına qoyub, cins qoyunların yununu qırxıb aparıb satıb. Pulu götürüb Allah bilir hara qaçıb!

Bu sözləri eşidən Nicat ayaqqabıları çıxarıb ot tayasının altında gizlətdi və ayaqyalın halda tarlaya tərəf getdi. Atasının uzaqlaşdığını görüb geri qayıdanda dəhşətə gəldi: ayaqqabının bir tayı yerində idi, digəri isə yox idi.

Gözlərinə inanmadı. Ayaqqabının digər tayının yaxınlıqda duran alabaşın ağzında olduğunu gördü. Nicat ayaqqabını geri almaq üçün onun dalınca qaçdı. Bu zaman arxın kənarında yun yuyan Baharla rastlaşdı.

– Təzə ayaqqabı almışdım, itimiz bir tayını aparıb! – deyə əlindəki ayaqqabını göstərərək qaçmağa davam etdi.

Bahar da yunu kənara qoyub onun dalınca qaçdı. Onlar alabaşı bir müddət qovdular. İt böyürtkən kollarının arasından keçib, daşların üzərindən tullandı və gözdən itdi.

Onlar yorulub kolluğun kənarında oturdular.

Bir neçə ay keçdi. Nicat əynində topuğundan yuxarı şalvar, rəngi solmuş, qoltuq altı sökülmüş, düymələrinin bir neçəsi qırılmış köynəyi və ayağında cırıq ayaqqabılarla arxın kənarı ilə fikirli halda gedirdi.

Birdən arxasınca gələn qoyunlardan biri geri qalaraq suyu onun üstünə sıçratdı. Bu, vaxtilə yununu qırxdığı axsaq qoyun idi.

Bir az sonra əyilib su götürüb üz-gözünü yuyarkən qəribə mənzərə ilə qarşılaşdıBaharın yuduğu yunlar boyunbağı kimi dolaşaraq qaytanlı qəhvəyi ayaqqabının içində bitmiş yarpız yarpaqlarına sarılmışdı.

Bu, vaxtilə alabaşın apardığı ayaqqabı idi.

Bir neçə gün sonra Nicat köhnə ayaqqabılarını iplə tikib ayaqlarına geyindi və kənddəki mağazada işləməyə başladı. İş ağır olsa da, dolanışığını təmin edirdi. O, böyük “Kamaz” maşınından un kisələrini boşaldıb anbara daşıyırdı.

Bir gün yorğun halda mağazanın qarşısında oturmuşdu. Birdən yerə düşmüş pul gördü. Ətrafa baxıb heç kəsi görmədikdə pulu götürüb cibinə qoydu.

Az sonra yaşlı bir qadın — Sənəm nənə ona yaxınlaşıb soruşdu:
– Ay oğul, bayaq burada pulumu itirmişəm, görməmisən?

Nicat çaşaraq yalan danışdı və pulu gizlətdi.

Gecə güclü yağış yağdı. Səhər mağazaya gələndə su basdığı üçün işin dayandığını gördü. Günlər keçdi. Sonra o, gizlətdiyi pulu götürmək üçün anbara qayıtdı.

Lakin pullar islanmış, kiflənmiş və yararsız hala düşmüşdü. Bunu görən Nicat çox peşman oldu.

O, evə qayıdıb tək qalmış ayaqqabı tayını götürdü və bulağa tərəf getdi. Orada Baharla qarşılaşdı.

– Ayaqqabının o biri tayını tapa bilmədin? – deyə Bahar soruşdu.

– Yox, Bahar. Başa düşdüm ki, zəhmətsiz, düzgün olmayan yolla qazandığım pulla özümə yaxşı bir şey ala bilmərəm, – dedi Nicat.

Sonra əlindəki ayaqqabını təmiz, axar suya atdı. Ayaqqabı suyun üzərində axıb getməyə başladı.

Nicat özünü yüngülləşmiş hiss etdi. O, cibindən tütəyini çıxarıb həzin bir hava çalmağa başladı.

Ayaqqabı suyun üzərində axdıqca, bir ördək balası pəncəsini onun içinə qoyub sanki onunla oynayırdı.

Müəllif: Günay ƏLİYEVA

GÜNAY ƏLİYEVANIN DİGƏR YAZILARI

CAHANGİR MƏMMƏDLİ – 85

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Top