ZEYNƏB CƏMALƏDDİN YARADICILIĞINDA KLASSİK-MÜHAFİZƏKAR ÜSLUBUN ÜSTÜNLÜYÜ

ZEYNƏB CƏMALƏDDİN YARADICILIĞINDA KLASSİK-MÜHAFİZƏKAR ÜSLUBUN ÜSTÜNLÜYÜ
Kim ayırdı bu dünyanın günlərini beş-beşə,
Fani deyib beşcə gündə gəldilər hey döş-döşə.
Bəni-adəm girdi cəngə Yerə qədəm basandan,
Kim ağladı, sevindi kim söykənəndə leş-leşə?
Cəmiyyətə təqdim etməyə ehtiyacı olmayan, sosial şəbəkələr üzərindən və ədəbi-bədii dərgilərdə çap olunmuş poeziya nümunələrindən kifayət qədər yaxşı tanınan şair Zeynəb Cəmaləddinin “Divani”sindəndi bu bənd. Adətən şair, yazıçı yaradıcılıqları haqda uzun giriş yazıb oxucunu bir müddət intizarda saxlayırlar. “Görəsən, kimdən söhbət gedir? Bu cür möhtəşəm giriş hansı şairə aiddir?” deyə sual-suala dirənir. Odur ki, birbaşa haqqında söhbət açmaq istədiyim şairin bir bəndini dərhal təqdim etdim ki, mənim bəzəksiz-düzəksiz sözlərimdən əvvəl elə şairin şeirini oxuyasınız.
Düzdür, şairin doğulub boya-başa çatdığı coğrafi məkanın da təsiri mütləq öyrənilməlidir. Çünki şairlər hər zaman təbiətdən ilham alıblar. Bu ilham bəzi şairlərin yalnız təbiət təsvirlərini və sevgi macəralarını nəzmə çəkməyinə bəs edib. Lakin əsl şairlərin missiyası daha dərin mövzuları əhatə edib, yaranışdan üzübəri zamanın gərdişində hər nə baş veribsə, bir qəvvas kimi həmin hikmətlərin dərinliklərinə baş vurmaqla vəzifələndirilib. Şairlərin doğulub böyüdüyü, təbiətindən güc aldığı bölgənin adamlarının fərdi xüsusiyyətləri, ötkəmliyi, ibarəli danışıq tərzi mütləqdir ki, onun poeziyasında öz təsirini göstərmiş olsun.
Zeynəb Cəmaləddin təbiəti və əhalisi ilə Azərbaycanın füsunkar guşələrindən biri sayılan Quba şəhərində anadan olub. İbtidai təhsilinə orda başlasa da ailəsi Bakıya köçdüyündən təhsilini Bakıda davam etdirmişdir. Bakı Neft Texnikumunu bitirib. Bədii yaradıcılıqla məşğuldur. “Payız qoxulu nəğmələrim” və “Ruhumun zərrələri” şeirlər kitablarının müəllifidir.
Mən qaçmazdım söyuq haşa, yağışdan,
Pəncərəyə şaxta salan naxışdan.
Çəkinməyib, heyrət edən baxışdan,
Təbiətlə qıraqlaşıb, gəzmişəm.
Duyğularla dolub-daşıb gəzmişəm.
Leysan yağış bənzəyəndə şırnağa,
Hər kəs evə, mən çıxmışam qırağa.
İslanmışam ta təpədən dırnağa,
Yağış ilə qucaqlaşıb, gəzmişəm,
Duyğularla dolub-daşıb gəzmişəm.
Təbiətlə harmoniya təşkil edən yaradıcılıq özü elə təbiət boydadır, bəlkə də ondan daha böyükdür, hüdudsuzdur, sonsuzdur. Yaradıcılıq təbiəti tez-tez dəyişən fəsillər kimi də ola bilir. “Bir də görürsən ki, açılan solur”, “Bir yandan boşalır, bir yandan dolur”, deyən böyük Vurğun necə də haqlıymış. Yaradıcılığına ciddi yanaşan, yaratdıqlarında səmimiyyət və məsuliyyət hiss olunan istənilən yaradıcı insanın külliyyatı təbiətin fəsilləri kimi dəyişkən olsa da, vəhdətində ahəngdarlıq duyulmalıdır. Gülli-çiçəkli laləzarı əks etdirən poetik nümunələr xəzan yeli kimi hər şeyi silib-süpürüb aparan digər yaradıcılıq növləri ilə zənginlik, rəngarənglik təşkil etməli, gecə kəhkəşanda bərq vuran çilçırağı xatırlatmalıdı. Belə zəngin yaradıcılıq nadir imza sahiblərinə nəsib olur. İndiki azad şəraitdən bəhrələnən qələmini sınayan yüzlərlə adam arasından yaradıcılığını incələyib o nadir imza sahibini üzə çıxartmaq bir o qədər də çətin deyil. Çünki, qızıl öz parıltısı ilə ona oxşar parıltılardan seçildiyi kimi, əsl poeziya da digər yaradıcılıq nümunələrindən; həvəskar nəzmə çəkilmişlərdən, qafiyəsi, hecası yerində olan şeir nümunələrindən dərhal seçilir.
Bildiyimiz kimi poeziya nitqin xüsusi formasıdır. Bu formadan istifadə olunmaqla hiss-həyəcanı, emosiyanı, sevgini, hiddəti daha ritmik və bəlağətli şəkildə ifadə etmək mümkündür. Poeziya təbiətin və dünyanın gözəlliklərini tərənnüm etdiyi kimi, müxtəlif dərdlərini və düşüncələrini də əks etdirən bədii yaradıcılıq növüdür.
Xeyli vaxtdır ki, sosial şəbəkələrdən tanış olduğum, ədəbi-bədii dərgilərdən oxuduğum bir şairin poeziyası xüsusi olaraq diqqətimi çəkmişdi. Gözüm hər yerdə həmin imzaya məxsus şeirləri axtarırdı, daha geniş yaradıcılıq nümunələri ilə tanış olmaq istəyirdim. Bu şeirlərdə təkcə təbiət tərənnümü, lirik qəhrəmanın sevgisi, hiss-həyəcanı əks olunmurdu, bu şeirlərdə təbiətin dinamikliyi əks olunduğu kimi dünyanın gərdişi də hiss olunurdu. Klassik şeir nümunələri qloballaşan dünyanın yenilikləri ilə ayaqlaşırdı:
Ağlı kölə eylədinsə alma əsir cismini,
Təlqin ilə kim dəyişir Yerdə dünya rəsmini,
Hansı dildə öyrənmişdi Adəm baba ismini,
İnsanlığı kim oynadır şeytan ilə baş-başa?
Müxtəlif dövrlərdə ədəbiyyata, xüsusən də poeziyaya baxışlar bir-birindən fərqlənib. Yenilik tərəfdarlarının klassik poeziya nümunələrindən bəhrələnməməyə çağırışları son otuz ildə daha çox vüsət alıb, hansı ki, bu cür şeirlər XX əsrin otuzuncu illərindən yaranmağa başlamışdı. İndi əruzun ağırlığından şikayət edənlər daha az hecalı şeirlərə üstünlük verməyə başlayıblar. Bu həm də mahnı bəstələyənlərə, onları ifa edənlərin işinə yarayır. Hardan tapsınlar ikinci Zeynəb Xanlarovanı ki, Süleyman Rüstəmin qəzəllərinə bəstələnmiş muğam bəstələrini dünyanın hər yerində istənilən tribunalardan səsləndirə bilsin.
Nəhayət, ədəbi mühit bir müddət hecalı şeir növündən imtina həddinədək gəlib çıxdı. Son otuz ildən artıq bir müddətdə ədəbi proseslər onu göstərir ki, sərbəst şeir üstünlüyə can atmaqdadır. “Əsas fikirdir”, deyənlər öz seçimlərinə ciddi-cəhdlə bəraət qazandırmağa çalışırlar. Lakin hələ də Mayakovskini, Yevgeni Yevtuşenkonu üstələyən “sərbəst” şeir nümunəsi yetişməyib.
Bir qazanda qaynamağa gərək bircə baş olsun,
Şir şir ilə baş eləsin, quş quşa yoldaş olsun.
Ki, yaradan qismətinə bəlkə yazıb, daş olsun,
Yazıq olur kəsəklərə rast gələndə daş-daşa.
Heç bir izaha, şərhə ehtiyac duyulmur. Zeynəb Cəmaləddin dərin mənalı sözləri muncuq kimi elə düzür ki, orda nə bir söz dəyişməyə, ya çıxartmağa, ya artırmağa ehtiyac qalmır. Eyni zamanda, hiss olunur ki, şair daha dərin mətləblərdən xəbərdardır və hər zaman söz açmağa hazırdır, sinədəftərdir. Görünür, xalq folklorunu yaxşı mənimsəyib, Aşıq Alı, Dədə Ələsgər məktəbindən bəhrələnib, Aşıq Abbas Tufarqanlı, Xəstə Qasım, Dirili Qurbani külliyyatlarından xəbərdardır. Ustadlardan dərs almış şairin şeirləri elə ustadlara layiq səviyyədə olmalıdır.
Zeynəb Cəmaləddinin poetik nümunələri arasında şeirin müxtəlif növlərinə rast gəlmək olar. Onun təcnisi də, gəraylısı da, müxtəlif hecalı şeirləri də, hətta tərcümələri də fərqlidir, möhtəşəmdir, könüloxşayandır. Zeynəb xanım, sadəcə, fikir ifadə etmir, hardansa, kimdənsə eşitdiyi deyimi yeniləyib özününküləşdirmir, o, insanı düşündürəcək fikirləri səsləndirir, özü də necə: – müdrikcəsinə, ibarəli tərzdə söyləməyi bacarır.
Doğrudurmu min illərlə ömrü olub insanın,
Çoxlu sayda kitabəni ha gizlədin, ha danın.
Məlum deyil kim gedəcək, kim yeyəcək ehsanın,
Zeynəb deyir, fərqinə var, bacar, yüz il yaş yaşa.
Zeynəb Zeynəb olmazdı “divani”ni sonadək bu cür gətirib çıxarmasaydı. Onun bütün şeirləri bu cürdü, dərin məzmunlu, yüksək ritmli, necə başlayırsa, sonadək o cür gedir. Fəlsəfi fikirlərlə dolu poetik nümunələrinin hər misrası düşündürücü suallar doğurur.
Əlbəttə ki, əsl şairin bir şeirini oxumaqla onun şairliyini müəyyənləşdirmək mümkündür. Yaradıcılığı itib-batmış, yalnız bir şeiri dövrümüzə gəlib çatmış şairləri buna nümunə göstərmək olar. Mən də Zeynəb Cəmaləddinin çoxşaxəli yaradıcılığından əsasən bir-iki şeirindən parçalar seçməklə kifayətləndim. Məhz, onun zəngin və çoxşaxəli poeziyasından seçilmiş bu parçalar onun necə qüdrətli ilhama, təbə sahib olduğundan xəbər verir.
Zeynəb Cəmaləddinin yaradıcılığında mövzu mübarizədir – həyatla mübarizə, yaramazlıqlarla, cəhalətlə, kütbeyinliklə… hər nə pislik varsa, onlarla mübarizə… Şairin silahı da qəribədir. Şairin silahı təpədən dırnağadək folklorla yüklənmiş SÖZdür – əlahəzrət söz. Zeynəb Cəmaləddin dastan qəhrəmanları kimi hayqırmır, qılıncı çəkib meydana girmir, o, elə hər zaman meydandadır – eyhamla səsləndirsə belə kəsərli sözləri ilə.
Bütün yaradıcı insanlar bir marafonun iştirakçılarıdır. Bu marafonu ZAMAN təşkil edir. Marafonun nə vaxt başlayıb, nə vaxt bicəcəyi dünya binə olandan bəri heç kimə bəlli deyil. Hər kəs öz yaşadığı dövrdə dərk etdiyi səviyyədə bu marafona qoşulur. Zamanın süzgəcindən kimlər keçir, kimlər ilişib xəlbirdə qalır, bu, çox-çox sonra aydınlaşır. Lakin gedişatı diqqətlə izləyənlər təxmini olsa da fikir yürüdə bilirlər. Bu, yaradıcılıq mərhələsində özü-özünə görünür.
Mənə elə gəlir ki, Zeynəb Cəmaləddin imzası da onlarla parlaq imza sırasında daha parlaq bərq vurur. Onun fəlsəfi zənginliklərlə yüklənmiş poeziyası Məhsəti Gəncəvi, Nigar Rəfibəyli, Mirvarid Dilbazi, Mədinə Gülgün, Firuzə Məmmədli kimi dolğun yaradıcılıqla yadda qalan imzalar cərgəsində yer tutmağa çalışır. Hər halda, Zeynəb Cəmaləddinin yaradıcılıq tempi belə deməyə əsas verir.
“Xəzan” ədəbi-bədii jurnalın baş redaktoru.
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında

