Weather Data Source: havadurumuuzun.com

Atlaz Rzayininin şeirləri

Əllərim

Durub başın üstə keşiyin çəkir
Üstündə titrəyir, əsir əllərim.
Sən də çıxıb getsən tək qalacaqdır
Bu yetim əllərim, yesir əllərim.

Üşüsən, canına oddur, ocaqdır,
Ana ağuşudur, doğma qucaqdır.
Səni ömrün boyu qoruyacaqdır
Bu qala əllərim qəs(i)r əllərim.

Qışın qovğasından qorxub çəkinmə,
Dönər köhlən ata gəl min tərkinə.
Ayrılıq baş əyir güclü ərkimə
Doğrayıb hicranı kəsir əllərim.

Ömür sirdaşım

Sən mənə min bahar bəxş eləmisən
Küssəm bir qışından nankorluq olar .
Ən gözəl günləri sənlə yaşadım,
Dansam bir gününü oğurluq olar.

Sevginin yaxşısı, pisi olmayır,
Ürək ədalətlə verir qərarın.
Mənim bu getdiyim yolların üstə
Duatək səpilib gözündən nurun.

Ən ağrılı günlərimin dostusan .
Ay ömür yoldaşım, ömür sirdaşım.
Sənsiz istəmirəm qızıldan saray,
Sənsiz ağarmasın dünyada başım.

Bu yağış

Bu yağış torpağın
sığalıdır
Əlidir, ayağıdır.
Ən yaxın dost kəlməsidir.
Bu yağış
Ağacların təsəllisi,
Bahar nəğməsi,
Bütün yaxşılıqların
Müjdəsidir.
Bu yağış
Buludların ürək sözü,
Görən gözü,
Göy üzünün
Duaya bürünməsidir.

Top