Weather Data Source: havadurumuuzun.com

Ayaz Arabaçıdan bir şeir

Başımda bir sürü qanlı qovğa-qal,
Qıvrıldım yerimdə səhərə kimi.
Qalib gələcəkmi cahanda kamal,
Bir şair naləsi sökdü qəlbimi.

Raketlər, mərmilər pozdu yuxumu,
O başa, bu başa var-gəl elədim.
Bir yerə topladım döyüş ruhumu,
İsti otağımı səngər elədim.

Ay çıxıb getmişdi cəbhəyə sarı,
Göydə üç – dörd yavru ulduz uyurdu.
Axtardım oxudum məlumatları,
Cəbhə xəbərləri qan qoxuyurdu.

Hər küçə, hər səki qan idi, fəqət,
Pərdəsi qanıydı pəncərəmin də.
Çırpına qalmışdı nazlı bir afət,
Qanıq bir köpəyin pəncələrində.

Lənət oxuyurdu ağla, kamala,
Dağılmış yuvalar, sönmüş ocaqlar.
Zamanı səksən il çəkmişdi dala,
Sabaha ümidsiz, sığınacaqlar.

Geri qayıtmışdı sanki qəbirdən,
Bəşərə Hitlerin murdar nəfəsi.
Başımda bir fikir dolandı birdən,
Bəlkə də oğludu, ya da nəvəsi..

Bir şair naləsi sökdü qəlbimi,
Qalib gələcəkmi cahanda kamal.
Laxlayıb ağılın, zəkanın himi,
Şair sən bir az da tərəddüddə qal.

Baxıb həzz alırdı beyni banallar,
Güllələr xoruztək ban verirdilər.
Eyni qan gölüydü bütün kanallar,
Adamlar hər yerdə can verirdilər..

Dondu bu vəhşətdən damarımda qan,
Gözümün önündən Xocalı keçdi.
Keçdi xəyalımdan nə qədər insan,
Birbəbir, uşaqlı-qocalı, keçdi.

Ad tapa bilmədim bu qətliama,
Bu qanlı qırğına, vəhşətə kim “za”.?
Tək onun fərqinə vardım ki, amma,
Qatil o qatildi, imza, o imza.

 

Top