Pərviz Yəhyalı – Yakamoz
Yakamoz
(etüd)
Səmti bilinməyən qəfil dəli külək kimi gəlmişdi həyatına. Bilmirdi ki, qəfil gəldiyi kimi də getməsini istəyir ya yox. Hər halda onun əzab çəkməyindən özünü günahkar sayırdı. Fikirindən keçirdi ki, o, küsüb-inciyib, üz çevrib getsin. Ancaq ürəyinin hardasa lap dərinliyində, saysız-hesabsız qayğı yığınlarının altında “getsə darıxaram” da olduğunun fərqinə varırdı.
Onların tanışlığı da, dostluğu da qəribə olduğu qədər anlaşılan idi. Ruh və baxışları əkizlikdən çox üst-üstə düşən, bir-birinin eyni olan büsbütün oxşardı. Tez-tez də sən məni hələ düz-əməlli tanımırsan deyirdilər bir-birinə. Əslində elə bir məqam yox idi ki, fikir ayrılıqları olsun, xarakter fərqləri özünü göstərsin. Salıb zarafata deyirdi ki, səni öldürərəm. Hətta əlimdə çəkic olsa vuraram, əllərimlə boğaram. Əks tərəf isə “ heç bilməzdim nə vaxtsa ölümü bu cür xoşbəxtcəsinə qarşılayaram” cavabını verirdi.
Bəs mən nə edim ki, sənlə çıxıb gedəsən? Sualına da cavab belə olurdu “heç nə etmə, istəsən də özün olmaqdan dolayı bir şey edə bilməzsən”
Açıq pəncərədən dənizin üstə düşən ayın əksi onu ovsunlamışdı. Gecənin qaranlığını zərif ay işığı öz sarışın bəyazlığına bürüyüb, səmanın tavanından gülümsəyirdi. Sehrindən doya bilmədiyi mənzərə onu elə məftun etmişdi ki, kimsə çağırsaydı belə eşitməzdi. Sakit ləpələnən dənizin üstünü ayın suda əks olunan işığı mavi-yaşıl fonda üfiq harizontuna qədər aparırdı. Ensiz zolağın rəng çalarlarıda qırmızı da vardı. Bu an onun üçün dünya elə yakamoz cığırından ibarət idi. Hara uzanıb gedir sənin yolun ay yakamoz? -deyə fikirindən keçəni özü-özünə pıçıldadı. Bəlkə üfiqin arxasıda əl çatan, ün yetən xoşbəxtlik adası var? Bəlkə o adaya gedib çatsam heç vaxt yaşamadığım ən bəxtəvər hislərimin şaqaraq şəhanəliyinə qovuşacam. Görəsən orda, mən olmayan yerdə ulduzları üzüb göylərdən mənə verərmi? Yoxsa dəliliyimdən bezib arxada buraxdıqlarının xiffətində boğulduğundan həvəssiz olar göylərə qalxmağa. Görən yorularmı? Peşman olarmı?
Ah yakamoz! Ah yakamoz! Sənmi ayı bənd edib saxlamısan, aymı səni əsir edib sularda? Bəlkə fikirimdə kölgə kimi dolaşan o, gətirib gümüş kəmər kimi dolayıb ləpələrin belinə səni!
Yox daha onun zənglərinə cavab verməyəcəm. Daha onun haqqında heç düşünməyəcəm. Beş gün, on gün, bir ay o, da çəkilib dönəcək öz həyatına. Tərsdi? İnadkardı? Mən ondan da inadçılam. Getsin mənə acıq verdiyi əyləncələrinin yanına. Xizəklə sürüşsün, quşların cəh-cəhindən zövq alsın, alaçıq qurub gecələri dağlarda yatsın, həşəratların belə səsi gəlməyən sakitliklərlə baş-başa qalsın. Şəlalədə yuyunsun, paraşütlə atılsın, nə bilim üzüm salxımlarından şirə sıxıb, yanaqlarını bulaşdırsın. Lap gecələr səhərəcən əsgi radioda retro musiqilərə qulaq assın. Təki, təki məni unutsun! Çıxarsın məni yadından!
Birdən fikirlərinin sərtliyindən diksindi. Yazığı lap yaş yuyub quru sərdim ki… Dodağı da qaçdı. Bir az daş ürəkli oldum deyəsən. İnsafsızlıq etdim.
Nə bilim eeee. Bircə onu bilirəm o, mən kimi ola bilməz! Zamanla soyar məndən, misqal-misqal itrər sevgisini də, bağlılığını da. Nə olsun təkid edir ki, yox. İndi belə deyir.
Üfff ! Kabusdu kimdi, qafamdan da getmək istəmir. Deyəsən məni iraq olsun divanəliyə yoluxduracaq.
Niyə başa düşmür ki….
Ağlından həyatda heç vaxt etmədiyi bir şey keçdi. Bəlkə onu sınağa çəkim. Götürüm elə günü sabah deyim ki, gəl tutub əl-ələ gedək sənin arzularının adasına. Bir ömrün əbədi qoşa bəxtiyarlığına. Aa necə ağlıma gəldi. Çəkilər geri onda. Min bəhanə tapar.
Bu tərs birdən elə ağzımdan çıxan kimi….. arxasını ağlının ucundan belə keçirməyə cürət etmədi.
Amma….. gülümsüdü. Möhtəşəm idi. Duyğulu, bir az kədərli, ifadəli baxışlar yakamoza zilləkli. Bu məqamda onun simasını çəkməyə heç bir rəssam cürət etməzdi. Ən mahir təhkiyyəçi bu an fikirindən keçəni duyub, qələmə ala bilməzdi. Bəlkə, bəlkə tanrının özü də onun qəlbinin pıçıltılar düzüzülüb-qoşulan dərinliyinə vara bilməzdi.
Bəlkə heç onun düşüncəsindəki gümanlar artıq saatlarladı göz-gözə durduğu yakamoz kimi bir ilğımdı. Uzaqdan görünür. Hətta duyğularında dolaşıb dodaqlarına pıçıltı kimi axır….
Dönüm gedim ona sarı?
Bəlkə elə nağıllarımın içindən çıxıb, gəlib məni aparmağa… Axı ürəyimin qapıları bağlıdı. Bu tərsin balası hardan yol tapıb, keçib oturub üst başda görən? Yaxşı əllərimi versəm əllərinə, tutub bərk-bərk apararmı məni öz adacığına…
Yooox!!
Getməyəcəm yaxına, uzaq duracam! Gedib ovuclasam heç bir gözəllik qalmaz.Adi dəniz suyu. Lacivərd əsrarəgizliyin yerində bir ovuc duzlu dəniz suyu.
Yakamoz beləcə qal!
Sən də gəlmə yaxına bir ovuc dəniz suyu kimi axarsan gözlərimdən.
Müəllif: Pərviz YƏHYALI
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru