Weather Data Source: havadurumuuzun.com

İlhamə Dağlı – Sirli dünya

Sirli dünya

        I

Dünya elə kirlənmişdi,
Heç nə qalmamışdı təmiz.
Hər gün tufan qoparırdı,
Axan çaylar, mavi dəniz.

Dünya elə kirlənmişdi,
Kir tutmuşdu üzü- gözü.
Yalan ayaq tutub gedir,
Tapdayırdı doğru sözü.

Dünya elə kirlənmişdi,
Yağan yağış yalançıydı.
İlk dəfəydi, bu nə işdi,
Yağış yerə yabançıydı…

Dünya elə kirlənmişdi
Tərtəmiz qar riyakardı,
Qış cildini dəyişmişdi,
Bilmirsən kim günahkardı

Dünya elə kirlənmişdi
Külək əsir veyil-veyil.
Aydan xəbər-ətər yoxdu.
Günəş həmin Günəş deyil.

Tökür leysan, yutulmayıb,
Bu dünyanın kirli üzü
Daha Günəş aydınlatmır ,
Daxildəki doğru-düzü.
Il

Külək əsir, bu dünyanı
Lap qoparır məhvərindən,
Kaş dünyanı azad etsin,
Yalan, riya zəhərindən.

Yer titrəyir, çaxır şimşək,
Dolu tökür, tufan qopur.
Təbiət də təngə gəlib,
Bu dünyanın kirin tökür.

Artıq nəfəs alır dünya,
Təmizlənir Yer kürəsi.
Sakit- sakit qar da yağır,
Paklanıbdlr dağ-dərəsi.

Hər şey yenidən başlayır,
Açılır təzə səhifə.
Dünyanın başında günəş,
Nur saçır hər bir tərəfə.

21.02.2025.

Top