Weather Data Source: havadurumuuzun.com

Marneullidə Azərbaycanlılarının İnteqrasiya Mərkəzində ADA Universitetinin nümayəndə heyətinin üzvləri ilə görüş keçirilib

Azərbaycanlıların kompakt yaşadığı Marneuli şəhərindəki Azərbaycanlıların İnteqrasiya Mərkəzində ADA Universitetinin Gürcüstana səfər etmiş nümayəndə heyətinin üzvləri ilə görüş keçirilib. GAXA-nın məlumatına görə, tədbirdə universitetin Tələbə Qəbulu şöbəsinin nümayəndəsi Mahnur Abbasova, universitetin Qazax Müəllimlər Seminariyasının layihə meneceri Samirə Ağayeva və Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Ramil Lətifov iştirak ediblər.

 

Tədbirdə çıxış edən Mahnur Abbasova öncə ADA Universiteti haqqında ətraflı məlumat verib. Sonra o, bakalavriat və magist proqramları haqqında ətraflı məlumatlar nümayiş etdirilən filmlərlə universitetdə təhsilin inkişafı barədə təqdimat keçirib. Təqdimat çərçivəsində ADA Universitetinə qəbul haqqında da istər valideynlər, məktəb müəllimləri, eyni zamanda müxtəlif universitetləri bitirib təhsilini ADA universitetində davam etdirmək istəyən, hətta orta məktəbin yuxarı siniflərində oxuyan şagirdlər də hansı ixtisas və müxtəlif dillərin seçimi barədə Mahnur Abbasovanın suallarına da həvəslə cavab verərək, istəklərini bildiriblər. Tədbirə qatılan Gürcüstan universitetlərini bitirən gənc müəllimlər ADA təhsil ocağına qəbul, həmçinin ingilis və Azərbaycan dilində təhsil barədə necə seçim etməkləri haqqında M. Abbasovadan onlara məsləhətlər verməyini istəyiblər.

 

Tədbirdə müxtəlif suallara cavab verən M. Abbasova ona ünvanlanan bütün sualları yüksək səviyyədə cavablandırıb, qəbulun aprel ayınadək davam edəcəyini də bildirib. O, eyni zamanda ADA Universitetinin tələbələrini, gənc müəllimləri tədbir iştirakçıları qarşısında çıxış etməyə dəvət edib. Suallar çərçivəsində hazırda ADA Universitetində təhsil alan əslən Marneulidən olan tələbələrdən Ramilə Babakişiyeva, Ləman Bayramova və müəllimlərdən “Azərbaycan dili və ədəbiyyatı” fənnindən dərs deyən Fatma Əliyeva fəallıq göstəriblər. Tələbə gənclər gənclər ADA Universitetində ingilis və Azərbaycan dillərinə həvəs göstərmək və müxtəlif ixtisaslara yiyələndikdən sonra təhsillərini başa vuraraq Gürcüstana qayıtmaq arzusunda olduqlarını qeyd ediblər.

 

Ramilə Babakişiyeva tədbir iştirakçıları qarşısında çıxış edərək ürək sözlərini bildirib: “ADA Universitetinin hal-hazırda nümayəndə heyəti Gürcüstana səfərə gəliblər. Onlar ADA Universitetinə qəbul olan tələbələrlə və gənc müəllim kadrları ilə də görüşəcəklər. Nümayəndə heyətinin üzvləri qəbul və təhsilin inkişafı barədə çox gözəl təbliğat aparırlar. Bu təbliğatların nəticəsidir ki, ADA-nın Marneulidən və digər rayonlardan artıq 24 tələbəsi var. Mən çox şadam ki, ADA-da magistir pilləsi üzrə təhsil alıram. ADA-ya uğurlar diləyirəm”,- deyə R. Babakişiyeva vurğulayıb.

 

Tədbirdə ADA-nın Qazax Müəllimlər Seminariyasının layihə meneceri Samirə Ağayeva “Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində” müəllimlər və icma nümayəndələri və ADA-nın tələbələri qarşısında çıxış edərək Gürcüstanla mükəmməl tanışlığa malik olduğunu və bu ölkədəki Azərbaycan səfirliyində bir neçə il təhsil istiqamətində çalışdığını bildirib. O, ADA-nın fəaliyyətinin bu ölkədə yaşayan həm azərbaycanlı, həm də gürcü gəncləri tərəfindən maraqla qarşılandığını bildirib. S. Ağayeva Gürcüstanda bakalavriat təhsilini başa vuran gənclərin ADA-nın nəzdində fəaliyyət göstərən Qazax Müəllimlər Seminariyasında təhsillərini davam etdirmələrini arzuladıqlarını da deyib.

 

Universitetin Tələbə Qəbulu Şöbəsinin nümayəndəsi Mahnur Abbasova GAXA-ya açıqlamasında hazırda bu təhsil ocağında 3.500-dən çox tələbənin təhsil aldığını vurğulayıb. M. Abbasova ADA Universitetində tələbələr üçün hər cür şərait yaradıldığını bildirib. O, tələbələrin regionlardan, o cümlədən Tiflis, Marneuli, Dmanisi, Bolnisi və Qardabanidən olduqlarını da deyib. Gürcüstana səfər nəticəsində ADA-nın rəsmi şəxsləri Gürcüstan dövlətinin Kutaisi və Tiflisdə fəaliyyət göstərən digər universitetlərlə müqavilə bağladıqlarını, həmçinin tələbələrin quru yol ilə Gürcüstana gediş-gəlişini də həll etdiklərini qeyd edib.

 

M. Abbasova Gürcüstana səfər çərçivəsində ADA Univversitetinin rəsmi şəxslərinin, o cümlədən universitetin prorektoru Vəfa Kazdalın iştirakı ilə Gürcüstan Təhsil və Elm Nazirinin müavini Nodar Papukaşvili ilə və universitet rəhbərləri ilə rəsmi görüş keçirdiklərini bildirib. O, Marneulidəki görüşdə vurğulayıb ki, hələ bir neçə gün azərbaycanlıların kompakt yaşadığı bölgələrdə tələbələrimiz və müəllimlərlə, həmçinin ictimaiyyət nümayəndələri ilə görüşəcəklər. M. Abbasova ADA-nın dövlət səviyyəsində təhsil ocağı olduğu haqqında, eyni zamanda Gürcüstana daha yaxın məsafədə uğurla fəaliyyət göstərən Qazax Müəllimlər Seminariyasının müxtəlif proqramları barədə iştirakçılar qarşısında təqdimat keçirəcəklərini söyləyib. Biz bölgələrdə yaşayan gənclərin müxtəlif peşə və fakültələr, həmçinin dil, peşə ixtisası öyrənmək seçimlərində təklif və rəylərini də dinləyəcəyik. Bütün bunlar vasitəsilə təhsilimizin inkişafını yüksək səviyyədə təkmilləşdirəcək və onu zənginləşdirmək üçün perspektiv fəaliyyətimizdə nəzərə alacağıq. Onu da qeyd edim ki, ADA tələbələrinin təhsil haqqını Dövlət Neft Şirkəti (SOCAR) maliyyələşdirir.

 

Sonda nümayəndə heyəti tədbir iştirakçıları ilə foto çəkdiriblər.

 

Nizami Məmmədzadə, Azərbaycan Respublikasının Əməkdar jurnalisti

Top