YARDIMLININ DAĞLAR QOYNUNDAN UCALAN POETİK SƏS

YARDIMLININ DAĞLAR QOYNUNDAN UCALAN POETİK SƏS
Yardımlı rayonu Talış, Peştəsər və Buravar sıra dağlarının əhatəsində yerləşən, hər bir guşəsi bənzərsiz gözəlliklərlə zəngin olan ulu bir diyardır. Masallıdan 54 kilometrlik məsafədə yerləşən bu füsunkar məkana gedən yol Masallı-İstisu ərazisindən və məşhur Deman düzündən keçir. Möhtəşəm meşə mənzərələri, hüsnükar təbiət, durna gözlü bulaqlar və gur şəlalələr buraya qədəm qoyan hər kəsi heyran edir. Yardımlıda hər kənd bir təpənin üzərində məskən salıb. Bir eldən digərinə getmək üçün bir dağdan enib başqasına dırmaşmaq lazımdır. Bu çətin yollar fiziki olaraq insanı yorsa da, ruhu sakitləşdirir, insana təbiətin bir parçası olduğunu xatırladır və zamanla bu çətinlik böyük bir zövqə çevrilir.
Məhz belə bir əsrarəngiz mühitdə, dağların qoynunda göz açıb böyüyən, uşaqlıq və gənclik illərinin poetik havasını ciyərlərinə çəkən qələm sahiblərindən biri də tanınmış şair, publisist və tərcüməçi Xatirə Fərəclidir (Fərəcova Xatirə Nəcəf qızı). 1966-cı il Yardımlı rayonunda anadan olan Xatirə xanım orta təhsilini də bu doğma məkanda başa vurub. Onun daxilindəki sənət və elm sevgisi onu çoxşaxəli bir təhsil yoluna yönəldib. O, Dağıstan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsini, Sumqayıt Tibb Texnikumunun əczaçılıq fakültəsini və Sumqayıt şəhəri Əli Kərim adına Poeziya klubunda jurnalistika kursunu müvəffəqiyyətlə bitirib. Xatirə Fərəcli tək bir sahə ilə kifayətlənməyərək, həm tibb, həm filologiya, həm də jurnalistika biliklərini öz şəxsiyyətində birləşdirən bənzərsiz bir ziyalıdır. 2002-ci ildən Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü olan ədib, həmçinin AYB-də Multikultural məsələlər üzrə məsul şəxs, Həmkarlar Şurasında Sağlamlıq və İdman komissiyasının sədri və “İrs”komissiyasının üzvüdür. O, yaradıcı xanımları bir araya gətirən “Zərif” qadın ədəbi məclisinin sədri, həmçinin “Mədəni İnkişafın Təbliği” İctimai Birliyinin rəhbəridir. Onun fəaliyyət coğrafiyası tək Azərbaycanla məhdudlaşmır; “mitmedia.az” saytının təsisçisi olmaqla bərabər, Almaniyada fəaliyyət göstərən “Qürbətçi Türkmən Yazarlar Ocağı”nın Azərbaycan təmsilçisi və “Qürbət yanğısı” jurnalının idarə heyətinin üzvüdür. Beynəlxalq müsabiqələr laureatı və Prezident mükafatçısı olan Xatirə Fərəclinin yaradıcılığı məhz doğulduğu o uca dağların əzəmətindən, paklığından qaynaqlanır.
Xatirə Fərəcli təkcə şeirləri ilə qəlblərə yol tapan bir şair deyil, həm də Azərbaycan mədəniyyətini həm ölkə daxilində, həm də beynəlxalq arenada uca tutan, dövlətçilik prinsiplərinə sadiq fəal bir ictimai xadimdir. Onun çoxşaxəli fəaliyyəti ölkəmizin mədəni hərəkatına, xüsusilə M. Ə. Sabir və M. P. Vaqif Poeziya günlərinə, Azərbaycan Yazıçılar Birliyinin qurultaylarına özünəməxsus rəng qatmışdır. Qeyri-Hökumət Təşkilatının “II İnkişaf və Mübadilə proqramı”, “Qafqaz Albaniyası: Etnoarxeologiya, Yazılı mənbələr və tarixi abidələr” mövzusunda keçirilən XI Beynəlxalq konfrans, eləcə də “Mədəniyyətlər arası dialoq” Beynəlxalq forumu kimi mötəbər tədbirlərin fəal iştirakçısı olan ədib, hər zaman mədəni irsimizin qorunması və təbliği yönündə mühüm addımlar atmışdır. Xatirə xanımın beynəlxalq uğurları Azərbaycan ziyalısının intellektual potensialının bariz nümunəsidir. O, Rusiya Federasiyasının Dağıstan Respublikasında dahi şair Rəsul Həmzətovun 100 illiyinə həsr olunmuş esse müsabiqəsinin, eləcə də Rusiyada keçirilən “Dünya ailədən başlayır” esse müsabiqəsinin qalibi adını qazanmışdır. Bu uğurların məntiqi davamı olaraq, o, Rusiya Federasiyasında təşkil edilən IX Parlament Forumunda iştirak və çıxış edərək Azərbaycanı beynəlxalq tribunada yüksək səviyyədə təmsil etmişdir.
Vətənpərvərlik xətti onun həm yaradıcılığının, həm də ictimai fəaliyyətinin ana xəttini təşkil edir. Uzun illər Sumqayıtın ictimai-mədəni həyatında böyük xidmətlər göstərən, keçirdiyi kütləvi tədbirlər və vətənpərvər çıxışları ilə dövlətimizin yürütdüyü məqsədyönlü siyasətə hər zaman mənəvi dəstək olan Xatirə Fərəcli, Vətən müharibəsi dövründə və ondan sonra da xüsusi fəallıq nümayiş etdirmişdir. O, Şəhid ailələri ilə mütəmadi görüşlər keçirmiş, onlara həsr olunmuş tədbirlər təşkil etmişdir. Yeniyetmə və gənclərdə milli ruhu, vətən sevgisini aşılamaq məqsədilə Sumqayıt məktəbliləri arasında Şuşa və Qarabağ mövzusunda şeir müsabiqəsi keçirmiş, həmin müsabiqə materiallarından ibarət xüsusi bir almanax tərtib edərək çap etdirmiş və kitabxanalara paylamışdır. Onun mədəniyyət körpüləri qurmaq missiyası bu gün də sərhədləri aşmaqdadır. Müasir Azərbaycan ədəbiyyatı nümunələrinin Avropada fəaliyyət göstərən türkdilli qurum və təşkilatlara çatdırılması üçün onun hazırladığı irihəcmli almanax hazırda Almaniyada nəşr prosesindədir və yaxın günlərdə işıq üzü görəcəkdir. Bundan əlavə, Belorusiya Respublikasında nəşrə hazırlanan və İkinci Dünya müharibəsinə həsr olunan rusdilli almanaxın tərtibatında da yaxından iştirak edərək, Azərbaycan şairlərinin şeirlərinin həmin topluya daxil edilməsini təmin etmişdir. Almaniyada mütəmadi olaraq çap olunan “Qürbət yanğısı” jurnalının idarə heyətinin üzvü kimi isə Azərbaycan yazarlarının əsərlərinin Avropa oxucusuna çatdırılmasında əvəzsiz rol oynayır.
Xatirə Fərəclinin ictimai fəallığı və publisist baxışı onun zəngin daxili dünyasından, büllur kimi təmiz şair qəlbindən qaynaqlanır. Onun poeziyası insan ruhunun ən incə, ən gizli məqamlarına toxunur, oxucunu görünməyən duyğular aləminə səyahətə çıxarır. Şairin qələmindən süzülən misralar sadəcə söz yığını deyil, hər biri yaşanmış bir ömrün, çəkilən bir əzabın və duyulan bir sevincin bədii əksidir. Onun yaradıcılığında insan daxili dünyası ilə xarici aləmin təzadları, ümid və məyusluqlar, həmçinin zamanın amansız axarı fəlsəfi bir dillə vəsf olunur. “Ürək şəkli çəkən qız” şeirində müəllif ağıl ilə hissin, baş ilə ürəyin vəhdətini axtarır. Şairə görə, bu iki məfhum bir-biri ilə uzlaşmayanda insan həyatı alt-üst olur. O, insanın yaşantılarını rəngbərəng, xal-xal bir lövhəyə bənzədir və bu lövhədə gizlənən əzabları, arzuları sorğulayır:
Ürəklərlə oynayıb
ürək şəkli çəkən qız,
çəkdiyin o ürəkdə sevinc,
səadət nə rəng?
Kövrəlməyi göstər görüm,
baş ürəklə,
ürək başla yollaşmasa yaman olur,
darıxmağı göstər görüm.
Yaşantılar rəng-rəng, xal-xal,
ordan nələr ötüb keçdi, orda nə var?
Neçə arzu, istəklərə əsim-əsim
əsib gedib,
hansı əzab o ürəyi
öz içindən söküb, didib?
Xatirə Fərəclinin yaradıcılığında ağrı və əzab motivləri pessimist bir xarakter daşımır, əksinə, poeziyanın mayasına çevrilərək estetik bir gözəllik qazanır. Müəllif “Ağrılarımın heykəli” şeirində özünü şeirin elə özü kimi təqdim edir. Sözdən heykəl yonmaq hər qələm sahibinə nəsib olmayan bir məharətdir. Xatirə xanım ağrını sevinclə, əzabı poetik ilhamla elə yoğurur ki, ortaya dözümün, mənəvi ucalığın möhtəşəm abidəsi çıxır:
İçim-çölüm ağrıdır,
damır gözümdən ağrı,
şeirə çapıram,
elə şeir kimiyəm özüm də,
fikir vermə,
heykəl yonuram sözə.
Hisslərim budaqda
çırtlamağa başlayan çiçək düyünü,
açılmağa müntəzir,
dünyanı
ovcuma ala biləcəyim məqamdır,
dindirmə məni.
Şeirlərim –
əzablarımın doğduğu sevinc,
ağrılarımın heykəli.
Şairənin “Mən elə sanmışdım” şeirində isə insani münasibətlərdəki güvən, səmimiyyət və eyni zamanda xəyal qırıqlığı bədiiləşdirilir. O, inandığı, yaxın saydığı insanın qəlbində böyük bir sığınacaq, göy üzü boyda bir çətir axtarır. Şairənin könül dünyasında səmimiyyət hər şeyin fövqündə dayanır, lakin fani ömrün reallıqları bu gözəl duyğuları sınağa çəkir:
Mən elə sanmışdım, əzizdir xətrim,
Yaxının saydığın adamam sənə.
Ürək qızdırarsan, ürəyim qızar
Bir taxt qurub tac qoyarıq güvənə.
***
Mən elə sanmışdım, göy üzü boyda
Sığınacaq yerim, gen çətirimsən.
Ruh ilə, hiss ilə eyniynik elə
Sən də mən havalı, mənim birimsən.
***
Mən elə sanmışdım, haqqım, divanım,
Üzümü tutmağa Kəbəm olarsan.
Düzləyib ömrümün cadarlarını
Dupduru su kimi axıb dolarsan.
Lakin dünya fanidir, zaman amansızdır. Şair bu fani dünyanın gərdişini seyr edərək, insanın bu böyük kainat qarşısında nə qədər aciz və kiçik olduğunu vurğulayır. Elə bu fəlsəfənin davamı olaraq könül aynasının bulanmasından, xatirələrin küləklərə tapşırılmasından gileylənir. Ömrü “biçilmiş bir qismət” kimi görən şair, hər soyuq baxışdan çat verən həssas qəlbin dərinliklərində nə boyda böyük sirlərin dəfn olunduğunu pıçıldayır:
Ölüm də, unutmaq, unudulmaq da,
Fanidə əvvəlki qaydadır elə,
Ağrının da rəngi, ağırlığı var
Yaşanar eləcə, gəlməz ki, dilə.
***
Zamanı, məkanı, taxtı, gərdişi,
Kim gəlib, kim gedib, hesabımı var?!
Sorma bu dünyanı saran süstlüyü
İnsan bapbalaca, dünya dardan dar.
***
Elə bulandırdın könül aynamı,
Düzəlib durulmaq illər apardı.
Söküb xatirəni tulladım yerə
Küləklər sovurdu, yellər apardı.
***
Əslində nə idi, nə oldu adı?!
Çəkib-çəkişdirdi doğması, yadı,
Çoxların qarsıdı alovu, odu,
Söhbətlər soyutdu, dillər apardı.
***
Gəlmişdim, qismətdə bir biyar ömür,
Bu biçilmiş ömrə di sığış, gömül,
Hər soyuq baxışdan çat verən könül,
Hər çatda nə boyda sirlər apardı.
Lakin bu kədərin, sarsıntıların içində belə, insana, sevgiyə və ümidə açılan bir qapı mütləq tapılır. “Məni ara” şeirindəki o zərif təpər, bircə qəfil zəng səsinə, bir isti “necəsən” kəlməsinə sığınan insan ruhunun harayıdır. Şair oxucusunu ömrün hər anında – istər dərddə, istərsə də sevincdə sevməyə və aldanmağa belə hazır olmağa səsləyir:
Hər allanıb güləndə dan,
Hər yadına düşdüyüm an,
Ürəyin istəyən zaman
məni ara.
***
Bircə qəfil zəng səsiylə,
Bir “necəsən” kəlməsiylə,
Ürək ilə, həvəs ilə
məni ara.
***
Bu, ömürdür, elə-belə
Ya sevin, gül, ya dərd elə,
Aldanaq bu sevinc ilə
məni ara.
Xatirə xanımın yaradıcılığında qadın taleyi, onun cəmiyyətdəki yeri və çəkdiyi dağ yükü də xüsusi bir məharətlə vəsf olunur. Rəhbərlik etdiyi “Zərif” qadın ədəbi məclisində də xanımların yaradıcılıq potensialını stimullaşdıran şairə, “Evdə kim yoxdursa…” şeirində Azərbaycan qadınının mətinliyini, dözümünü və fədakarlığını sətirlərə köçürür. O, cəmiyyətdəki bəzi stereotiplərə toxunaraq, dirəksiz qalan bir evi təkbaşına ayaqda saxlayan qadının cəsarətini ucaldır, onun həm zərif, həm də dağ kimi mətin tərəfini ortaya qoyur:
Evə qadın gərək isidə evi,
Otağım soyuyub qara bürünür”
“Evə qadın gərək”, – söyləyən dostum,
Evdə kim yoxdursa, yeri görünür.
***
Evdə kişi yoxsa, dirəyi yoxdur,
Saxlayır dirəksiz evi tək qadın,
Bir küçədən iki dəfə keçərsə,
Söz qoşub dillərə salırlar adın.
***
O zərif, o incə, gözəl çiyninə
Dağ yükü götürüb çəkir qadınlar,
Dözür soyuğa da, tənhalığa da
Bu zəif qadınlar, mətin qadınlar!
Nəhayət, şairənin ruhunun ana vətəni olan təbiət, onun yaradıcılığının başladığı və bitdiyi yerdir. Yardımlı dağlarının o saf havasını heç vaxt unutmayan sənətkar “Bu bağ” şeirində ruhunun yeganə rahatlıq tapdığı məkanın təbiət olduğunu vurğulayır. O, dünyanı bir arı səbətinə, insanları isə durmadan fırlanan varlıqlara bənzədir:
Ürəyim uçunur yaşıllıq deyə,
Laylam, rahatlığım bir odur ancaq.
Ruhuma sığala təbiət gəzib,
Görməyə bir parça gümandı bu bağ.
***
Götürüb gəlmişəm çəkdiklərimi,
Çəkdiyim çəkimdən ağır olsa da,
Gələndən-gedənə hey fırlanırıq
Arı səbətində, mən bu dünyada.
Xatirə Fərəcli (Fərəcova) Yardımlının uca dağlarından başlayıb Sumqayıtın ictimai mühitinə, oradan isə Avropanın ədəbi məkanlarına qədər uzanan şərəfli və zəngin bir ömür yolu keçmişdir. O, rəhbərlik etdiyi “Mədəni İnkişafın Təbliği” İctimai Birliyi vasitəsilə Azərbaycan mədəniyyətini dünyada tanıdarkən, daxilindəki sönməz vətənpərvərlik alovu ilə şəhid ailələrinin yanında olmuş, gənc nəslə Qarabağ və Şuşa sevgisini aşılamışdır. Onun həm publisist, həm ictimai xadim, həm də şair kimi fəaliyyəti bütöv bir Azərbaycan ziyalısının portretini yaradır. Sözdən heykəllər yonan, könülləri durultmağa çalışan Xatirə Fərəclinin bu zəngin irsi, çağdaş ədəbiyyatımızın ən qiymətli və unudulmaz səhifələrindən biridir.


Hüseyn İsaoğlu, yazıçı – publisist,
AYB – nin və AJB – nin üzvü


