Weather Data Source: havadurumuuzun.com

Lənkəranda Fövqəladə hallar zamanı davranış qaydalarına dair maarifləndirmə tədbiri keçirilib

Oktyabrın 20-də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təşkilatçılığı və Fövqəladə Hallar Nazirliyinin dəstəyi ilə Lənkəran şəhəri M.Bağırov adına 1 nömrəli tam orta məktəbində təhsil müəssisələrinin rəhbər heyəti üçün fövqəladə hallar zamanı davranış qaydalarına dair maarifləndirmə tədbirləri keçirilib.

Zefernews.az xəbər verir ki,

Tədbirdə Elm və Təhsil və Fövqəladə Hallar nazirliklərinin rəsmi nümayəndələri, Lənkəran-Astara Regional Təhsil İdarəsinin rəhbərliyi və əməkdaşları, idarənin əhatə dairəsində olan rayonlarda fəaliyyət göstərən təhsil müəssisələrinin direktorları və digər qonaqlar iştirak edib.

 

Tədbiri giriş sözü ilə açan Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir vəzifəsini icra edən, müdir müavini Rəhim Rəhimov “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin 18.07.2023-cü il tarixli ümumi təhsil, orta ixtisas və ilk peşə ixtisas təhsili müəssisələrində Xəzər dənizi və su hövzələrində boğulma təhlükəsinə qarşı maarifləndirmə tədbirləri barədə” əmrinin icrası istiqamətində maarifləndirici görüşlərin keçirilməsinin, təhsilalan və təhsilverənlərə baş verə biləcək ekstremal hallarda düzgün davranma qaydalarının aşılanmasının vacibliyini bildirib.

Tədbirdə çıxış edən Elm və Təhsil Nazirliyinin əməkdaşı Rövşən Ağayev gündəlikdə duran məsələlərin müəllim və şagirdlərə çatdırılması yollarını ətraflı izah edib. Bununla əlaqədar ayrı-ayrı fənlərin tədrisi, dərsdənkənar məşğələlərin təşkili, sinif təşkilat saatları, sinif valideyn iclaslarında məsələnin xüsusilə vurğulanması tövsiyə edib.

 

Daha sonra Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə əlaqə idarəsinin rəis müavini polkovnik Məhbubə Mustafayeva və Cənub Regional Mərkəzinin sektor müdiri Zaur Hüseynov, Dövlət Yanğın Nəzarət Xidmətinin Cənub Regional Dövlət Yanğın Nəzarət İdarəsinin şöbə rəisi Samir Kərimov tərəfindən suda batma, yanğın və dəm qazı ilə əlaqədar təhlükəsizlik qaydaları barədə ətraflı məlumat verilərək, sözügedən qaydalara riayət edilməsinin vacibliyi vurğulanıb, maarifləndirici videoçarxlar nümayiş olunub.

 

Qeyd edək ki, layihənin həyata keçirilməsində əsas məqsəd suda boğulma, yanğın, dəm qazı və digər fövqəladə hallar zamanı davranış qaydalarına söykənən bilik və bacarıqların təkmilləşdirilməsi, bu istiqamətdə maarifləndirmə prosesinin fasiləsizliyinin təmin edilməsindən ibarət olub.

 

Sonda tədbir iştirakçıları maraqlandıran suallara cavab verilib.

Top