Öz torpağına və millətinə həsr olunan ömür –– Saleh Həsənov -85
SSRİ-nin əməkdar səmərələşdiricisi və ixtiraçısı Saleh Həsənovun anadan olmasının 85 illiyinə həsr edirəm.
Əziz oxucularım! Bu gün mən etməli olduğum və olacağım borcumun cüzi bir hissəsini yerinə yetirməyə çalışacağam. Sizə dəyərli, zəhmətkeş bir ziyalımız haqqında danışacağam. O elə bir müdrik insan idi ki, öz camaatını xeyir-duası ilə, hikmətli sözləri və sözü qədər hikmətli olan əməlləri ilə irəliyə aparardı. O, böyüklərin, imkansız, kömək istəyən, atası-babası yaşda olan qocaların qulluğunda durmaq, onların kövrək qəlbini sevindirmək üçün hər çətinliyə qatlaşmaqdan zövq alardı. O, gələcəkdə özü kimi müdrik olacaq yeniyetmələrə, gənclərə haqq yolunu, düzlüyü, saflığı, alnı açıqlığı, alın təri ilə, əl qabarı ilə çörək qazanmağın yolunu, insanı ucaldan əmək yolunu öyrədər, əsl insanın necə olması barədə həyat təlimi keçərdi. O, elə sadə bir zəhmətkeş, yorulmaz əməkçi idi ki, kimə isə əl açıb minnət götürməmək üçün başqalarından qat-qat alın təri tökər, çörəyini daşdan-kəsəkdən çıxarar, əziyyəti çox olsa da kimə isa möhtac olmadığı və əldə etdiyinin halallığına öz varlığı kimi inandığı üçün bu nəticədən bir məmnunluq duyar, rahatlıq tapardı. O, insan zəhmətkeşliyi ilə bərabər, həm də elə bir yenilikçi idi ki, yeni anlayış, yeni nəzər nöqtəsi ilə bir çox gözü götürənləri yaxşı mənada, gözü götürməyənləri isə onların özü bildiyi kimi heyrətləndirməyi bacarırdı. O insanın əvvəli Vətən, indisi Vətən, sonu Vətən idi. Ömür-həyat yolunun hər zərrəsi zəhmətdən yoğrulmuş bu insan Vətənini, ayağını basanda güc aldığı müqəddəs torpağını hədsiz dərəcədə çox sevirdi. Onun ömrü, doğma yurdunun –– Xocavənd rayonunun Muğanlı kəndinin işğal olunduğu gün sona yetdi. Həmin o insan SSRİ-nin (Sovet Sosialist Respublikaları İttifaqı nəzərdə tutulur) əməkdar səmərələşdiricisi, ixtiraçısı, elektro-mexaniki, Xocavənd rayonunun keçmiş “Kalinin” kolxozunun uzun illər baş mühəndisi, sonra isə Xocavənd rayonunun Muğanlı kəndinin“Səməd Vurğun” adına kolxozunun idarə heyətinin rəhbəri, öz haqq işi ilə İttifaqın paytaxtı, düşünən beyni olan Moskvaya ad salan babam Saleh Sadıq oğlu Həsənov idi!
Babam Saleh Həsənov 85 il əvvəl –– 27 dekabr 1936-cı ildə ana yurdum Xocavənd rayonunun Muğanlı kəndində sadə və zəhmətkeş kəndli ailəsində dünyaya göz açmışdır. O, Həsənovlar ailəsinin 9 övladından 5-cisi olaraq dünyaya gəlmişdi. Atası Sadıq kişi anbardar idi. Böyük Vətən Müharibəsinin qızğın vaxtlarında kənddə aclıq olanda Sadıq kişi anbardan ehtiyacı olan hər bir ailəyə bərabər miqdarda buğda paylayarmış. Elə bununla yəqin etmək olur ki, babamda dar gündə camaata dayaq durmaq, arxa olmaq, yol göstərmək elə kökdən, nəsildən gələn bir xasiyyət, xüsusiyyət kimi formalaşaraq onu düzlüyü, saflığı və zəhmətkeşliyi ilə zirvələrə doğru aparmışdır.
Babam Ağcabədinin tanınmış bəylərindən biri olan Məmiş bəyin nəvəsi olmuşdur. Hal-hazırda Məmiş bəyin Ağcabədi rayonunun Kürdlər kəndinin mərkəzində vaxtı ilə tikdirmiş olduğu qədim mülkü, yəni daşdan tikilmiş evi vardır. Saleh babam gənc yaşlarından zəhmətə qatlaşmış, əmək fəaliyyətinə başlamışdır. Öz əməyi, zəhməti, alın təri sayəsində gənc yaşında “Moskvic – 407” markalı avtomaşın almış və dar ayaqda nəqliyyat vasitəsinə ehtiyacı olan hər kəsə avtomobili ilə təmənnasız xidmət göstərmişdir. Elə o vaxtlardan gənc Salehin, yəni babamın etdiyi bu yaxşılıqlar onu zirvələrə doğru aparan yolun əsas təməllərindən, səbəblərindən biri idi. Camaat onu gəncliyindən adı kimi əməli saleh və əməksevərliyi ilə seçilən vətənsevər Saleh Sadıqoğlu kimi tanıyırdı. Babamın bu əməlisaleh, özü Saleh yolunu asanlaşdıran, bu həyat yolunu hamar edən də elə onun saflığı, düzlüyü, nə qədər incə qəlbli olsa da yeri, məqamı gələndə kişi sərtliyi, polad kimi bərkliyi, əyilməzliyi və doğru sözün üstündə dimdik durması, ən əsası isə təhsilə, elmin yeniliklərinə, əməyə, işə, vətənə, torpağa sevgisi idi. Babamın yoluna işıq tutan mayak elə böyüklərdən eşitdiyi, özünün də əməl etdiyi “İş insanın cövhəridir” kəlamı idi. Onun cövhərliyi, parlaqlığı, müdrikliyi ancaq işdə, əməkdə və təhsildə gizlənirdi.
Saleh babam 1968-1971-ci illərdə Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin Ağdam kənd təsərrüfatı texnikumunun mexanikləşdirmə və elektrikləşdirmə şöbəsini bitirərək, mexanik-elektrik ixtisasına yiyələnmişdir.
O, insan əməyini azaldan, işin keyfiyyətini yaxşılaşdıran və kəmiyyətini artıran təkliflərinə görə 10 may 1973-cü ildə SSRİ-nin Ümumittifaq İxtiraçılar və Səmərələşdiricilər Cəmiyyətinə üzv seçilmişdir. Həmin cəmiyyətin üzvlük vəsiqəsini alması, əslində, çoxdan onun halal haqqı, ailə üzvlərinin isə çoxdankı arzusu idi. Lakin onu bu üzvlük vəsiqəsi yox, daha çox xalqının, camaatının təsərrüfatının, əməyinin bada getməməsi, əksinə, daha da dirçəlib Moskva sərhədlərini aşması maraqlandırırdı, düşündürürdü. Özünün və ətrafının inandığı, ona məxsus olan cəsarət və şücaətinə görə o, bundan daha böyük uğurlara nail olacaqdı.
Onu da əlavə edim ki, babam 1977-ci ildə Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyi Gəncə (keçmiş Kirovabad) kənd təsərrüfatı kadrlarının ixtisasını artıran məktəbini sazlayıcı-usta ixtisası üzrə bitirmişdir.
O, texnikumda təhsilini başa vurduqdan sonra Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna daxil olmuş və 3 aprel 1979-cu ildə həmin institutu “kənd təsərrüfatının elektrikləşdirilməsi” ixtisası üzrə bitirmişdir. Bununla da o, ali mühəndis-elektrik ixtisasına yiyələnmişdir.
Babam həmçinin o dövrün müasir texnikalarını və texnikalarda baş verən yenilikləri mütəmadi izləmiş, ona görə də kənddə, bəlkə də ilk dəfə olaraq televizor, paltaryuyan maşın, elektrik çaydanı, elektrik sobası, elektrik su qızdırıcısı və s. onun evində olmuş, bu cihazlarda baş vermiş nasazlıqları həmişə özü öz biliyi və bacarığı sayəsində aradan qaldırmışdır. Beləliklə, o, həm də öz əhatəsinin, öz kəndinin yenilikçisi, necə deyərlər, hər işi bacaranı, bilicisi, novatoru olmuşdur. Saleh babam Xocavənd rayonu (keçmiş Martuni rayonu), rayon mərkəzi də daxil olmaqla Xocavənd, Əmirallar və Muğanlı kəndlərini birləşdirən “Mixail Kalinin” adına kolxozda uzun illər baş mühəndis vəzifəsində işləmişdir. Bu şərəfli vəzifə onun zəhmətinin, özünün fikri ilə desək, “əməyinə xidməti borcu”nun uca Allah tərəfindən ona qaytarılan bir mükafatı idi. Bu uzun, çətinliklərlə, yoxuşlarla və narahatlıqlarla dolu keşməkeşli həyat yollarının, həyat kitabının hər səhifəsi unudulmaz bir tarix idi.
Uzun illər Xocavənd rayon Təhsil şöbəsinin müdiri vəzifəsində çalışmış Tərəqqi medallı Vaqif Əsgərovun Saleh Həsənov haqqında dediklərindən:
“Üzüm plantasiyalarında ziyanvericilərə qarşı istifadə olunan çiləmə aparatına Saleh öz beyninin məhsulu olan çox vacib elementlər əlavə etmişdi. Onun qurğuya əlavələrinin foto-şəkilini mən çəkmişdim. Saleh müəllim çiləmə qurğusuna əlavə etdiyi həmin detalların foto-şəkilini və verdiyi təklifi rus dilində yazaraq Sovet İttifaqı Xalq Əmək Nailiyyətləri Sərgisinə və Ümumittifaq İxtiraçılar və Səmərələşdiricilər Cəmiyyətinə göndərmişdi. Onun təklifi yüksək səviyyədə bəyənilmişdi. SSRİ-nin paytaxtı Moskva şəhərində Xalq təsərrüfatları Nailiyyətləri Sərgisində də Saleh müəllimin təklifi mütəxəssislər tərəfindən çox yüksək qiymətləndirilmiş və dərmançiləmə aparatına əlavə olunan bu detalın daha səmərəli olacağı qənaətinə gəlmişdilər. Təklif yüksək dairələrdə bəyəniləndən sonra həmin dərmançiləyən cihaza Salehin ixtira etdiyi detalı əlavə edərək SSRİ-də geniş istehsal etməyə başladılar. Saleh müəllimin bu ixtirası ilə birlikdə başqa ixtiraları da bəyənildiyi üçün ona SSRİ-nin əməkdar ixtiraçısı fəxri adı verilmiş və Moskvadan pul mükafatı da göndərmişdilər. Qazaxıstanda taxıl məhsulu yığımı zamanı Azərbaycandan, əsasən də Qarabağ bölgəsindən mexanizatorlar və mühəndislərdən ibarət nümayəndə heyəti seçib Qazaxıstana göndərirdilər. Həmin nümayəndə heyətinin üzvləri sırasında Saleh Həsənov da mexanizatorların mühəndisi və sürücü-mexanizator kimi bizim rayondan –– Xocavənd rayonundan (keçmiş Martuni rayonundan) Qazaxıstana göndərilmişdi. Saleh müəllim öz peşəsinin bacarıqlı ustası kimi Qazaxıstanda ölkəmizi uğurla təmsil etmiş, Qırmızı Bayraq ordeninə layiq görülmüş, çoxsaylı tərifnamələr və diplomlarla doğma Azərbaycana dönmüşdü. O, uğurlarını və sevincini bölüşmək üçün məni də yanına çağırmışdı. Hamımız Saleh müəllimin uğurları ilə fəxr edir, onunla qürur duyurduq. O nəinki Xocavənd rayonu üzrə, hətta o vaxtkı Dağlıq Qarabağ Muxtar Vilayəti məkanında ən tanınmış mühəndis idi. Rayonumuzun yun qəbul-tədarük edən idarəsində yun kipi bağlayan aparat olsa da həmin aparat nasaz olduğundan işləmirdi və təmir edən mütəxəssis də yox idi. Rayonun bütün mühəndislərini aparatı işə salmaq, aparatın nasazlığını aradan qaldırmaq üçün səfərbər etsələr də həmin mühəndislərin heç biri aparatı təmir edib işə sala bilməmişdi. Sonda, Saleh Həsənovu da aparatı təmir etməsi üçün çağırdılar, o da gəldi. Həmin vaxtlar Çartaz kolxozunun sədri vəzifəsində işləyən SSRİ Ali Sovetinin deputatı Suren Adamyan da orada idi. O, Salehdən soruşub ki, sən bu aparatı təmir edə bilərsənmi? Saleh də ona deyib ki, bütün mühəndislər aparat olan yeri tərk etsinlər, heç kim mane olmasın, diqqətimi yayındırmasın, mən aparatı təmir edəcəyəm. Mən o vaxt hələ orta məktəbdə oxuyurdum. Bizim kəndin də yunu həmin idarəyə aparıldığı üçün yunu geri qaytarmaq məqsədi ilə yük maşınında gözləyirdik. Belə ki, orada cihazın düzələcəyini maraqla gözləyənlərdən biri də mən idim. Elə yun tədarükü idarəsinin içərisinə daxil olmuşduq ki, 5 dəqiqə çəkmədi, bir də gördük, aparat takka-tak işləməyə başladı. Hamı təəccüb içərisində heyrətlə heç kimin təmir edə bilmədiyi, lakin Salehin müdaxiləsindən sonra saat kimi işləyən aparata baxırdı. Onun biliyini, bacarığını əyani olaraq yerində müşahidə edən Çartazın sədri Suren Adamyan elə orada, həmin an Salehdən dəfələrlə xahiş elədi ki , onun rəhbərlik etdiyi Çartaz kolxozunda yüksək əmək haqqı müqabilində gəlib işləsin. O, Çartazda hətta öz kolxozlarında aldığından 3-4 qat artıq əmək haqqı verəcəyini vəd etsə də Saleh onun təklifini qəbul etmədi və öz kəndində, öz camaatı arasında olmağı, öz milləti üçün çalışmağı hər şeydən üstün tutdu. Hətta atam, Salehin qayınatası, həmin vaxt Rayon partiya bürosunun üzvü olan, Böyük Vətən müharibəsi iştirakçısı Balay Əsgərovdan da xahiş etmişdilər ki, kürəkəninə de, iş yerini dəyişsin, gəlib bizimlə işləsin, onun üçün istənilən şəraiti də yaradacağıq. Amma Salehin xarakterini bildiyi üçün atam onların xahişlərini çatdırsa da Salehin həmin təkliflə razılaşmayacağını, iş yerini dəyişməyə heç vaxt razılıq verməyəcəyini bəri başdan onlara deyir və həqiqətən də Saleh onların təklifini bir daha rədd edir. O vaxtlarda Salehin uğurları günbəgün artırdı. Bu dediklərim hamısı bir faktdır. Elə unudulmaz tarixi faktlardır ki… Sevinirəm ki, mən də qeyd etdiklərimin canlı şahidi olmuşam. O, həm də xaraktercə çox gözəl insan idi. Bacımın həyat yoldaşı olmasından əlavə, yəni qohumluq bağlarından kənar, o, gözəl xarakterə, xasiyyətə malik olan bir insan, bir ziyalı idi. Salehin əziz xatirəsini həmişə hörmətlə yad edirəm. Allah ona qəni-qəni rəhmət eləsin!”
Çalışdığı kolxozun işlərinin irəli getməsi naminə Saleh babam hətta öz sağlamlığının qayğısına qalmağı belə arxa plana keçirərmiş. O, işlədiyi kolxozun təsərrüfatının daha da güclənməsi, qabaqcıllar sırasında olması uğrunda işləyən, yorulmayan, uğursuzluqlara yol verməyən bir mübariz imiş. O, hamının xəyalında, təsəvvüründə, xatirəsində bir əmək qəhrəmanı obrazı olmuşdur. Hansısa təsərrüfat sahəsinin texnikasında nasazlıq yaranırdısa, şəxsən özü maraqlanır və rəhbər vəzifədə işlədiyi üçün həmin nasazlığı aradan qaldırması məqsədilə başqalarına göstəriş verməli olduğu halda o, bu göstərişi başqalarına verməz, başqaları kimi lovğalanmaz, qollarını orada çirməyib nasazlığı şəxsən özü aradan qaldırarmış. Kənd təsərrüfatı texnikalarının nasaz hissələrini yeni hissələrlə əvəz etmək üçün digər rayonlara gedər və həmin hissələri tapmadan qayıtmazmış mənim zəhmətsevər, el arasında xətirli-hörmətli babam. Yararsız yük maşınlarını qeydiyyatdan sildirib yerinə Gəncə şəhərindən yeni yük maşınları gətirər, bununla da kolxozun fəaliyyətini gücləndirər, sınıq-salxaq maşınların əlində əsir-yesir qalan kolxoz sürücülərini yeni avtomaşınlarla təmin etməklə onların sevinclərinə səbəb olar, bununla da özünü xoşbəxtlərin xoşbəxti bilərdi . Yay vaxtı kolxozun xırda buynuzlu heyvanları Kəlbəcər yaylaqlarına aparılar, babam da qoyun qırxımı vaxtı yaylağa gedər və yunqırxan aqreqatların saz vəziyyətdə olmasına nəzarət edərdi.
Onu da deyə bilərəm ki, babam Saleh Həsənov ixtisasca müəllim olmasa da, sözün əsl mənasında müəllim idi. O, qonşu Kuropatkino kəndində yerləşən texniki peşə məktəbinin axşam şöbəsində gələcək peşə sahiblərinə, əməkçilərə peşə sirlərini öyrədərdi. Bundan ziyadə, onları kolxozçuların sıralarında əmək işığı altında birləşdirər, onlara məsləhətlər verər, kömək edər və işıqlı sabahları yolunda mayak rolu oynayardı. Elə bil görkəmli mütəfəkkir Rəşid bəy Əfəndiyevin yaratdığı ideal müəllim obrazı babamın ruhunda, duyğularında məskən salmışdı. O, bir şam idi və onun əsas vəzifəsi öz işığını digər şamlara da paylamaq, məşəllərə, alovlara başlanğıc, rəvac vermək idi. Odlar yurdunun qığılcım kimi gəncləri belə bir müəllimlə qarşılaşdıqlarına görə çox şanslı idilər.
XX əsrin 80-ci illərinin sonu Sovetlər ölkəsinin ayrı-ayrı yerlərində baş verən bəzi dəyişikliklər Azərbaycandan, xüsusən də Dağlıq Qarabağ Muxtar Vilayətindən, eləcə də onun azərbaycan türkləri yaşayıb çalışdığı kəndlərindən, kolxozlarından yan ötmədi. Bu dəyişikliklərlə əlaqədar olaraq “Kalinin” adına kolxoz ləğv edildi. 5 mart 1988-ci ildə Muğanlı kəndində yeni kolxoz yaradıldı. Babam yeni yaradılmış kolxozun adının xalq şairimiz Səməd Vurğunun adı ilə adlandırılmasını kolxoz idarə heyəti üzvlərinə təklif edib. Bu, bəlkə də onunla da əlaqədar idi ki, o, bir əmək qəhrəmanı kimi əməkçiləri ruhlandıran şairlərdən biri və birincisi olan Səməd Vurğunun şeirlərini oxuyur və bu şeirlərdən ruhlanırdı. Babamın şairin şeirlərindən ən çox xoşladığı isə unudulmaz “Azərbaycan” şeiri idi. Onun yeni yaradılmış kolxozun adı ilə bağlı verdiyi təklif kolxoz idarə heyəti üzvləri tərəfindən bəyənilmiş, kolxozun Səməd Vurğun adlandırılması barədə yekdilliklə qərar qəbul olunmuşdur. Bundan sonra yeni kolxoza idarə heyətinin sədrinin seçilməsi ilə əlaqədar məsələ müzakirə edilmiş, namizədlər verilmiş, namizədlər arasında babamın da adı olmuşdur. Muğanlı kənd camaatının və kolxoz üzvlərinin səsverməsi nəticəsində yeni yaranmış kolxozun idarə heyətinin sədri vəzifəsinə Saleh Həsənov seçilmişdir.
Yeni yaranmış kolxozu idarə etmək çətin, şərəfli və həm də çox məsuliyyətli bir iş idi. Ancaq mənim babam qısa müddət ərzində bu çətinliklərə sinə gərdi, kənd camaatının, kolxoz üzvlərinin ona göstərdikləri etimadı doğrultdu. Necə ki əvvəllər başqaları üçün çətin gələn işləri o, çox az vaxtda görür, tamamlayırdı, indi də elə oldu. Onun dəyəri ölçüyə gəlməz işlərindən biri də kənddə bir neçə artezian quyusunun qazdırılaraq istifadəyə verilməsinə müvəffəq olması idi. O, bu işi görərkən “Su həyatdır” el misalını özünün devizinə çevirmişdi. Qeyd olunanlarla bərabər kolxozun üzümçülük, taxılçılıq, həmçinin maldarlıq, qoyunçuluq, quşçuluq təsərrüfatı sahələrinin inkişafında babamın əvəzsiz xidmətləri olmuşdur. O, heç vaxt vəzifəsindən sui-istifadə etməz, vəzifəsinə görə özünü başqalarından üstün tutmaz, elə vəzifədə olanda özünü sıravi kolxozçu kimi aparardı. Bu keyfiyyətləri olmayanları da açıq-aşkar sevməzdi. Kolxozda tərəvəz yığımı və üzüm yığımı başlayanda ilk olaraq işə öz ailəsini cəlb edərdi ki, camaat arasında ayrıseçkiliklə əlaqədar söz-söhbət olmasın. Özü kimi onun ailə üzvləri də sadə, əməksevər idi. Toy-düyün işləri ilə bağlı babamın ailəsində hər hansı bir tədbir olduqda bəzi ərzaqları kolxozda qəbz yazdırıb maaşı ilə ödəyərək alardı. Rüşvətdən, yalan danışmaqdan, ikiüzlülükdən, yaltaqlıqdan, qəddarlıqdan zəhləsi gedərdi. O, gözəl bilirdi ki, yalançının, haramxorun, rüşvət alanın və rüşvət verənin təkcə təsərrüfatçılar və səmərələşdiricilər sırasında deyil, heç yerdə yeri olmamalıdır. Onun özü halallıqdan yoğrulmuşdu. Elə buna görə idi ki, onun adı təkcə rəhbərlik etdiyi kolxozda deyil, bütün rayonla bir idi. Uşaqlı-böyüklü, ağsaqqallı-ağbirçəkli hamı Saleh adına yüksək hörmət və ehtiramla yanaşardı. Babam əməllərinə görə Vətəninə, xalqına bağlı, böyüklərinə hörmət edib kiçiklərinə dəyər verən və yol göstərən bir insan kimi öz camaatının, elinin gözünə müdrik biri kimi görünürdü. O, şəxsi imkanı dairəsində və vəzifə səlahiyyətləri çərçivəsində ehtiyacı olan hər kəsə köməklik göstərərdi. Bütün bunlarla bərabər o işdən imkan olduqda ailəsinə və əzizlərinə vaxt ayırar, onların qayğılarına qalar, onlara yüksək dəyər verərdi. İşinin çətinlik və məsuliyyət yükünü çiyinlərində daşımaqla bərabər, işdən qayıtdıqdan sonra nahar edər, dincəlmədən nəvəsini görmək üçün onunla eyni kənddə yaşayan oğlunun evinə gedər, nəvəsini xüsusi nəvazişlə əzizləyər, onu görəndə hədsiz sevinərdi. Babam sağlığında 3 nəvəsini görə bilmişdi.
Babamın atası Sadıq baba, anası Şamama nənə vəfat etmişlər. Ən kiçik qardaşı, çox istedadlı Həsənov Zakir Sadıq oğlu gənc yaşında dünyasını dəyişmişdir. Babamın böyük qardaşı –– polis mayoru Həsənov İsrayil Sadıq oğlu Ağdam rayon Daxili İşlər şöbəsində baş müstəntiq, kiçik qardaşı ədliyyə müşaviri Həsənov Eldar Sadıq oğlu isə 1993-cü ilədək Respublika prokurorluq orqanlarında müxtəlif regionlarda məsul vəzifələrdə çalışmışdır. İşləri ilə əlaqədar olaraq onlar başqa-başqa yerlərdə yaşayırdılar. Kəndləri erməni mənfurları tərəfindən işğal olunana kimi babam 3 bacısı ilə eyni kənddə, Muğanlıda yaşayıb.Ona görə də hansısa bir xeyirə, şərə və ya qohum yoxlamağa gedəndə o, bacılarıyla birgə öz avtomobili ilə gedərdi.
Təxminən 3 il bundan qabaq Xocavənd rayonunun İnstagram səhifəsində qarşıma “Qarabağ” qəzetinin 04 avqust 1990-cı il tarixli 6-cı sayında dərc olunmuş bir yazı çıxdı. Oxudum, oxudum və sonunda, yazının babam Saleh Həsənova aid olduğunu gördüm. Gözümün önündə onu bir daha təsəvvür etdim və bir nəvə kimi babamla fəxr etdim, necə ki əvvəllər də fəxr edirdim. Amma 1990-cı ildə Muğanlı kəndinin çətin vəziyyətə düşməsinə isə çox kədərləndim. Bəlkə də babam tək olmasa, hamı babam kimi olsa və onun kimi Azərbaycanı, Qarabağı düşünsə, hər şey tamam başqa cür olacaqdı. Yazı aşağıdakı kimi idi:
“Münaqişənin ilk illərində “Qarabağ” qəzetində Xocavənd haqqında gedən yazılar: Qanunlarımız kəsərsizdirsə…
Qanunlarımız kəsərsizdirsə… 1988-ci ildə Martuni (indiki Xocavənd) rayonundakı Muğanlı kəndində 2 ədəd artezian quyusu işləyirdi. Bir də görürdük ki, rayon subartezian quyuları idarəsinin işçiləri arteziana gedən elektrik xəttini kəsiblər. Təmir adı ilə transformatoru, idarə şitini və nasosu da söküb aparırdılar.
Sonralar məlum olurdu ki, erməni ekstremistləri bu tədbiri lap əvvəldən hazırlayırlarmış. Suyun olmaması üzündən keçən il bağlarımız qovruldu. Plantasiyalardan 2 min ton əvəzinə vur-tut 400 ton üzüm yığıb emal zavoduna təhvil verdik. Təsərrüfata düz 600 min ziyan dəydi.
Elə bir təşkilat, idarə qalmadı ki, ayaq dəyməyək, şikayət etməyək. Ancaq harayımıza səs verən olmadı. Quyuların bərpası unuduldu. Nəhayət bu ilin əvvəlində Qarabağa Xalq Yardımı Komitəsi imdadımıza çatdı. Muğanlıda 2 artezian quyusu vurdurdu. Dedik ki, bəxtimizə gün doğdu. Ancaq qonşu xainləri yenə də işimizə pəl vurdular. Elektriki kəsdilər ki, quyuları işə salmayaq.
Bu hələ bir yana qalsın, erməni quldurları Ağdamdan Muğanlıya çəkilən telefon xəttini də Qarakənd sahəsində doğrayıb yerə tökdülər. Indi Muğanlıya çəkilmiş yeganə telefon da işləmir.
Kəndin işığını da tez-tez söndürürlər. Televizora baxdığımız yerdə bir də görürsən ki, ekran söndü. Martuninin yanından keçən qaz xəttini də sıradan çıxarıblar.
Hörmətli redaksiya, nə qədər ki, qanunlarımız kəsərsizdi, hüquq mühafizə orqanlarımızın işçiləri kənardan kömək umurlar, vəziyyət çətin düzələr.
Saleh Həsənov
Martuni rayonu Muğanlı kəndi
Qarabağ №06
04 avqust 1990-cı il”
Artıq 1990-cı ildən başlayaraq babamın səhhətində problemlər yaranmağa başladı. Heç təsadüfi deyildi ki, belə bir Vətən oğlunun da, onun Vətəninin də başının üzərini qara buludlar yavaş-yavaş alırdı. 1992-ci ildə erməni mənfurları Qarabağda vəziyyəti daha da dözülməz etdilər. Xocavənd rayonunun sakinləri vəziyyətin çətinliyinə baxmayaraq yurd-yuvalarını qoyub rayonu tərk etmirdilər. Onlardan biri də mənim babam idi. O, özünə görə yox, ancaq camaatına, xalqına və ailəsinə görə narahat olurdu. O ən başından bəri bu Vətənin fədaisi idi. Ancaq son anda o və ailəsi məcburiyyət qarşısında doğma kəndi tərk etməli oldular. Babam ailəsi ilə birgə, yuxarıda qeyd etdiyim kimi, Ağcabədi rayonunun Kürdlər kəndində öz babası Məmiş bəyin evində məskunlaşdı. Kiçik oğlu Mübariz Həsənovun Polşada dənizçi olaraq hərbi xidmətdə ikən faciəli vəfatı, bacısı oğlu Yaqub Xoşdarinin Qarabağda gedən döyüşlərdə qəhrəmancasına şəhadətə ucalması xəbəri və rayonlarının çətin vəziyyətdə olması babamın səhhətini daha da ağırlaşdırdı. Bir yandan Xocavənddən, doğma Muğanlıdan ayrı qaldığı hər gün onun üçün dözülməz idi. O biri yandan da Vətəni sevməyən nakəslərin milləti daha da uçuruma sürükləməsi dərdi də vardı… Bu günlər onun üçün bir sınaq, imtahan idi. Onun kimi səbrli, təmkinli bir insanın səbir kasası isə artıq bir gün daşdı… Bəlkə heç də təsadüf deyil ki, o, 2 oktyabr axşamı 1992-ci ildə, elə Xocavənd rayonunun işğal olunduğu gün ömrünün müdriklik çağında, 56 yaşında gözlərini çox sevdiyi həyata, dünyaya əbədi yumdu. Yuxarıda da qeyd etdiyim kimi, bəlkə də, bu təsadüf deyildi. Canından çox sevdiyi Vətəninin, torpağının yolunda gül kimi solub şam kimi əriməyi gözə alan zəhmətsevər, halal əməkdən yoğrulmuş əməkçi qəhrəman, mənim babam elə Vətəni Azərbaycanın bir parçasının –– Xocavəndinin, Muğanlısının işğal olunduğu gün gül kimi saralıb-solmuş, şam kimi sönmüşdü… Xocavənd işğal olunan gün onun ruhu dözmədi və bədənini tərk edib ana torpağının səmalarına uçdu. Onunla birlikdə Xocavəndin gözəl, şad günləri, əzəmətli qəhrəmanlarının sarsılmaz qüvvəsi, əməyi, dahilər yetirən torpağı, yaşılbaş sonaya bənzəyən təbiəti soldu getdi… Babam əbədi, Xocavəndi isə müvəqqəti bir şəkildə tarix oldu…
Babamın ruhu Xocavənddə, cismi isə Kürdlər kəndindəki qəbiristanlıqda qaldı. O, Kürdlər kənd qəbiristanlığında dəfn olundu. Məzar daşının bir tərəfində onun, o biri tərəfində isə oğlu, dayım Mübarizin şəkli, adı, doğum və vəfat tarixləri əks olunub. Çünki Mübariz dayım Muğanlı kəndi işğal olunmazdan əvvəl vəfat etdiyi üçün Muğanlı kənd qəbiristanlığında dəfn olunmuşdu. Ölüm ata-oğulu məzar daşı üzərindəki şəkilləri ilə birləşdirdi sanki… Muğanlıda ruhları, Kürdlərdə məzar daşında şəkilləri qovuşdu bir-birlərinə…
Babamın 7 övladı –– 4 oğlu, 3 qızı var idi. O, övladlarının hamısını halal zəhməti ilə böyütmüş və onlara atasından, babasından, əcdadından gələn tərbiyəni aşılamış, hamısının təhsil almalarına şərait yaratmışdı. Elə buna görə də babamın oğullu-qızlı övladları da öz ata-babalarına və nəsillərinə layiq oldular, halallıqları ilə həyatda layiq olduqları yerləri tutdular.
Saleh babamın böyük oğlu Sahib Həsənov istefada olan polis polkovniki, Horadiz əməliyyatında yaxından iştirak etmiş birinci Qarabağ müharibəsi veteranıdır, 15 il (1992-2007) Xocavənd rayon polis şöbəsinin rəisi vəzifəsində çalışmışdır. İkinci oğlu Mütalib Həsənov istefada olan polis mayoru idi. O da Horadiz əməliyyatının iştirakçısı və birinci Qarabağ müharibəsi veteranı idi. Döyüş səngərlərində olmasının fəsadlarından yaranmış amansız xəstəlikdən 2019-cu ilin iyun ayında vaxtsız, ömrünün 56-cı ilində dünyasını dəyişmişdi və o da babamın məzarının yanında torpağa tapşırıldı. Allah rəhmət eləsin! Babamın 3-cü oğlu Münasib Həsənov isə hal-hazırda Rusiya Federasiyasının Nəqliyyat Nazirliyinin Dəmir Yolları Baş İdarəsində qatar rəisi vəzifəsində xidmət edir. Ailənin böyük qızı Əfiqə Həsənova paytaxt məktəblərinin birində riyaziyyat müəlliməsidir. Babamın ortancıl qızı Tünzalə Həsənova “HOB boya” şirkətində qeydiyyatçı-menecer vəzifəsində çalışır. Ailənin kiçik qızı Vüsalə Həsənova isə tibb təhsili almışdır. Babamın adını şərəflə daşıyan nəvəsi Həsənov Saleh Mütalib oğlu 2020-ci ildə Tovuz döyüşlərində ağır artilleriyaçı kimi vuruşmuş və şücaət göstərmişdir. Saleh Həsənov ailəsində böyüyüb tərbiyə almış bütün övladlar və onların ailələri babamın ailədə qoyduğu ənənələri layiqincə davam etdirir və ona layiq övlad, nəvə, nəticə, layiqli davamçı olmağa bütün qüvvə və bacarıqları ilə çalışırlar.
Babamızı görməsək də, babamızın həyat yoldaşını –– nənəmizi sanki, Allah bizə əvəzsiz pay olması üçün yaşadıb. Biz onu çox sevirik və onu bizə verdiyinə görə Allahımıza daim şükürlər edirik. Ona gözümüz kimi baxırıq. Tez-tez Əsli nənəmizdən babamız haqqında danışmağını xahiş edirik. Onu da qeyd edim ki, nənəmin bu ilin noyabr ayının 27-də 80 illik yubileyi oldu. Babamın isə məqaləmdə qeyd etdiyim kimi bu il dekabr ayının 27-də 85 illik yubileyi olur.
Belə dəyərli babanın ən kiçik nəvəsi olduğum üçün fəxr edirəm. Yaşasaydı, 85 yaşlı əməkdar səmərələşdirici və ixtiraçı kimi bizim yanımızda olardı və yubileyini böyük sevinclə bizimlə birlikdə qeyd edərdi. Çünki indi Qarabağ azaddır və onun ruhu Qarabağın hər yerində azad və şad dolaşaraq azad Qarabağ səmalarında hey pərvazlanır, pərvazlanır… Bu da bir qismətdir ki, bizə nəsib oldu, belə bir qəhrəman babanın nəvələri olduq. Allahımıza çox-çox şükürlər olsun!
Sonda isə oxucu diqqətini oxuyub-öyrəndiklərimdən, yaşlılardan eşitdiklərimdən yadımda qalan bir rəvayətə yönəltmək istəyərdim. Rəvayətə görə bir gün nəvə babasından soruşur:
– Baba, sən nə vaxt öləcəksən?
Baba nəvəsinə belə cavab verir:
– Sən öləndən sonra, bala.
Nəvə babasına deyir ki, axı bu, necə ola bilər? Baba nəvəsinə belə cavab verir:
– Balam, sən nə qədər ki yaşayırsan, mənim məzarımı ziyarət etməyə gələcəksən. Sən həyatda olmayandan sonra mənim məzarımı ziyarətə gələn olmayacaq. Mən də unudulacağam və unudulanda öləcəyəm. Ona görə də sən nə qədər yaşayacaqsansa, elə mən də o qədər yaşayacağam.
Bu rəvayəti babama onun sonuncu nəvəsi olaraq şamil etməzdim. İstərdim ki, babam gördüyü işlərə görə daim yaddaşlarda qalsın. Amma onu demək istəyirəm ki, biz nə qədər ki sağıq, onun yenilməz və sarsılmaz şəxsiyyətini əmək adlı ucalığın nümunəsi kimi yaşadacağıq, nəsildən-nəsilə ötürəcəyik. Çünki birincisi, bu bizim borcumuzdur. İkincisi isə bu, babamın haqqıdır!
Mən babamı – kişiliyin bariz nümunəsi, əməkçiliyin mücəssəməsi, təcəssümü olan SSRİ-nin əməkdar səmərələşdiricisi və ixtiraçısı Saleh Həsənovu görməsəm belə bir nəvə kimi onunla fəxr edirəm və həmişə də fəxr edəcəyəm. Onu da bilirəm ki, babamın ruhu şaddır, çünki Qarabağ azaddır. Və onun bir zamanlar tər tökdüyü, həyatını, gəncliyini, sağlamlığını verdiyi təsərrüfat sahəsi üzrə Qarabağda daha çox işlər görüləcək, çox uğurlar əldə ediləcək. Mən bu sahədə hər uğur qazanılan zaman bu sahənin qəhrəmanı olan babamı xatırlayacağam, öz sahəmdə də onun ölməzliyini qoruyacağam! Bu ona bir nəvə kimi sözüm olsun.
Ruhun şad olsun, qəhrəman babam!
Sevindik Nəsiboğlu
şair-publisist, AJB üzvü