ULU ÖNDƏRİMİZ HEYDƏR ƏLİYEV VƏ TÜRK BİRLİYİ
ULU ÖNDƏRİMİZ HEYDƏR ƏLİYEV VƏ TÜRK BİRLİYİ
Biz Azərbaycan xalqı olaraq türk millətinə mənsubuq, neçə-neçə türkdilli xalqlardan sadəcə biriyik və bununla həmişə fəxr etmişik. Türkdilli bir xalq kimi, millət kimi formalaşdığımız vaxtdan etibarən həmişə əsas qayəmiz türklüyün, türkçülüyün və türk birliyinin inkişafı, möhkəmlənməsi və sarsılmazlığı olmuşdur. Eramızdan əvvəlki illərdən üzü bəri qurduğumuz neçə-neçə dövlətlər, xalqımızın qismətinə düşən neçə-neçə qəhrəmanlar, Salur Qazanlar, Qaraca Çobanlar və onların kökü dünəndən bu günə qədər uzanan şanlı nəsli bunun ən böyük sübutudur. Tanrı türk millətini məzlumların pənahı, zalımların başı üzərinə enən bir qırmancı olsun deyə yaratmışdır. Biz türk olaraq həmişə zalımların başı üzərində Tanrının kəsərli qılıncı olmuşuq.
Lakin təkcə türk olmaq bir türkə bəs etməz. Bir türk insanına, bir türk fərdinə əsas gərəkli olan türk qardaşları ilə birlik yaratmaqdır. Çox təəssüflər olsun ki, biz bu birliyi çoxilliklər boyu heç cür yarada bilməmişdik. Xarici düşmənlər və onların daxilimizdə olan quyruqları çalışıb buna əngəl oldular. Tarixən qurduğumuz dövlətlər sapı özümüzdən olan baltalar tərəfindən yerlə yeksan edildi və o baltalar belə dağıntılar arasında qaldılar. Hindistana qədər uzanıb gedən, əsl türk dövləti olan Səfəvilər və Əfşarlar imperiyalarının zaman içində necə dağılması, hətta sonra da necə farslaşdırılması, bundan sonra 200 il boyunca necə zülm, işğal görməyimiz, sonunda bir dövlət qurub onu 23 ay belə saxlaya bilməməyimiz, ondan sonra 70 il qırmızı terrora məruz qalmağımız – bütün bunların hamısı yetərli, sağlam və möhkəm türk birliyinin yaranmaması nəticəsində idi. Bunların ən dəhşətlisi isə Azərbaycanımızın Sovet Rusiyası tərəfindən işğal edildiyi zaman baş verdi. Xalqımız “qardaşlıq” adı altında həyata keçirilən düşmənçilik planlarının qurbanına çevrildi. Saf türk adı daşıyan şəhər, qəsəbə, kənd və hətta küçələrimizə yad, birliyimizə düşmən olmuş adlar, yad soyadlar verildi. Bu da azmış kimi Azər türkü olan kimliyimiz türklüyündən sıyrılaraq ayrıldı və “azəri” damğasına məruz qaldı. Digər türkdilli qardaşlarımıza da türk olduqları unutduruldu. Burada əsas məqsəd Sovet Sosialist Respublikaları İttifaqı adı altında maskalanmış qırmızı rus imperiyası daxilindəki bütün xalqların kimliyini əritmək, onları öz “xalqlıq”larından çıxarmaq və “vahid sovet xalqı” planlarına uyğunlaşdırmaq idi. Xalqımızın ya heç kimliyindən xəbəri yox idi, ya da kimliyini ona məcburən, repressiyalarla unutdurmuşdular, ya da ki danışmamağa, susmağa məhkum etmişdilər.
Lakin bu dövrdə zülmə qarşı üsyankar olub əzilsə də susmayan neçə-neçə aydınlar, ziyalılar və qəhrəmanlar meydana gəldi. Onların işığında isə bir xalqın, bir millətin və bütün Türk dünyasının liderinə çevriləcək böyük bir ziyalı, uzaqgörən bir siyasətçi dünyaya gəldi. Bu, Ulu Öndərimiz Heydər Əliyev idi!
Ulu Öndərimiz 1923-cü ildə dünyaya gəldiyi zaman Osmanlı ingilis, fransız, erməni və yunanların, Azərbaycan və digər türk dövlətləri, xalqları da Sovet Rusiyasının işğalı altında idi. Lakin onun dünyaya gəlməsi sanki bütün Türk dünyasına özlərinin də xəbəri olmadan bir ümid işığı vermişdi. Heydər Əliyevin dünyaya göz açdığı ildə türklərin Qurtuluş Savaşında şanlı zəfər əldə edərək düşmənləri torpaqlarından qovması və Türkiyə Respublikasını qurması təsadüf ola bilməzdi. Türkiyənin qurtuluşu bütün türk xalqlarının zəfəri sayılmalıydı. Çünki Türkiyənin yadelli caynaqlarından xilas olub azadlığa qovuşması bütün türk xalqları üçün ümid işığı, gələcəyə olan inamın göstəricisi idi. Necə ki Heydər Əliyev dünyaya gəldiyi gün ilk olaraq ailəsi və sevdiklərinə, sonra isə bütün Azərbaycana ümid işığı olmuşdu…
Ümumiyyətlə, Heydər Əliyevin təkcə siyasətində deyil, həm də həyatında ən böyük, ən əsas və hər mövzudan başda dayanan mövzu Türk dünyası, Türk birliyi olmuşdur. Həyatının gənclik illərində bunu açıq-aşkar söyləmək mümkün olmasa da bu mövzu gənc Heydərin bütün ruhunda və qəlbində öz yerini tutmuşdur. O dövrlərdə “sosializm”, “kommunizm”, “stalinizm” və “sovet xalqı” sözləri “Azərbaycan” adından çox səslənirdi, türk sözünü isə ümumiyyətlə, səsləndirmək olmurdu. Şəhərlərimizin ən gözəllərinin və ən böyüklərinin yad adlarla kirləndiyi bir ölkəni düşünsək, buna təəccüblənmək qeyri-adi olardı.
Qırmızı terrorun ən qanlı illərində start götürən və daha da qatı şəkildə davam edən “millətsizləşdirilmə” siyasətinin ən böyük qurbanı Azərbaycan xalqı, Azərbaycan gəncliyi idi. Lakin gənc Heydər bu qəddar və amansız siyasətin qurbanı olmaq istəmirdi. Öz millətini, xalqını, gəldiyi yeri və gedəcəyi yeri unutmaq istəmirdi. Qırmızı terrorun qan dənizinin burulğanında itib-batmaq istəmirdi. Elə məhz buna görədir ki, Heydər Əliyev gənc yaşlarında “millətsizləşdirmə” siyasətinə imkan vermədiyi kimi, türkdilli qardaş xalqları da yaddan çıxarmırdı. Lakin o bilirdi ki, türkdilli qardaş xalqlar çoxdan bu qanlı siyasətin dəmir ayağı altında əziliblər, öz milli kimliklərini yaddan çıxarıblar. Heydər Əliyevin vəfatından 8 ay əvvəl, 6 fevral 2003-cü ildə “Türksoy” təşkilatına üzv olan ölkələrin mədəniyyət nazirləri daimi şurasının 19-cu toplantısında Ulu Öndərin çıxışından bir parçanı xatırlatmaq istəyirəm. Həmin vaxt Ulu Öndərimiz demişdi; “Mən hələ 1940-1950-ci illərdə Leninqradda oxumuşam. Xakasiyadan bir nəfər mənimlə oxuyurdu. Mən o vaxt Xakasiyanı tanımırdım. Ondan soruşdum ki, Xakasiyada yaşayanlar kimlərdir, hansı millətdəndir, müsəlmandırlarmı? Türkdürlərmi? O, özü bunu izah edə bilmirdi”. Xakasiyadan olan tələbə yoldaşının öz milli kimliyini bilməməsi və bunu deyə bilməməsindən danışan Ulu Öndər sözü heç uzatmadan xakasların şaman olduqlarının deyildiyini, amma əslində onların təmiz türk olduqlarını bildirirdi. Özünü bir azərbaycanlı və bir türk hesab etmək əsas deyil, əsas bunu sübut etməkdir. Ulu Öndərimiz mükəmməl zəkalı və böyük araşdırmaçı qabiliyyətli bir lider olaraq elə o vaxtlardan, yaşının gənc vaxtlarından türkdilli xalqları, onların kimliklərini, harada yaşadıqlarını bilirdi. Halbuki həmin vaxtlar o millətlərə mənsub olan şəxslərin heç birisi özlərinin türk olduqlarını ifadə etmirdilər və ya edə bilmirdilər. Çünki türk olduqlarını bilmirdilər. Yenə də Ulu Öndərimizin həmin tarixdəki toplantıda olan çıxışından: “Mən Altayda oldum. Orada məni Rusiya Federasiyası Ali Sovetinin deputatı seçmişdilər. SSRİ Ali Sovetinin Azərbaycandan deputatı seçilmişdim. Altay bizim babalarımızın qədim məskənidir. Mən ora getdim. O vaxt Dağlıq Altay adı altında tanınan ərazi indi Altay Respublikası adlanır. Mən o vaxt orada olarkən onlara deyirdim ki, siz türksünüz, onlar deyirdilər ki, biz dağlıq altaylılarıq. Amma onların mənə olan münasibətini görürdüm. Onlar isə mənimlə “qohum” olduqlarını boyunlarına almırdılar. Amma indi qohum olmuşuq…”. Bu qızıldan dəyərli, hər sətrindən türklük, türkçülük və türk təəssübkeşliyi süzülən cümlələr Heydər Əliyevin necə böyük türkçü olmasından xəbər verir. Heydər Əliyevin sadəcə bu cümlələri özünü yalançı millətçi adlandırıb gizlində xalqa qarşı çıxanlarla əlbir olanlara böyük bir zərbədir.
Heydər Əliyev hər şeydən əvvəl, böyük azərbaycançı, böyük türkçü idi və bu mövzulara hər şeydən daha həssas yanaşırdı. O, SSRİ dönəmində mərkəzi hakimiyyətdə yüksək vəzifə tutduğu 5 il ərzində türkdilli xalqlarla daha yaxın olmağın sevincini yaşadı. Ulu Öndərimiz təkcə onlara əl tutub kömək göstərmədi, onları öz milli kimliklərinə qaytarmaq və unutduqları millətlərini onlara xatırlatmaq üçün var qüvvəsiylə çalışdı. Elə yuxarıdakı cümlələrdən göründüyü kimi Heydər Əliyevin ən həssas yanaşdığı mövzu Altay mövzusudur. Yuxarıdakı cümlələri təhlil etməkdə böyük fayda var. Çünki bu cümlələr hər türkə, özünü türkçü adlandıran hər vətənpərvərə bir dərs, bir nümunə olmalıdır. Bizim daha rahat bir şəkildə “Turan” dediyimiz, “Türk birliyi” hayqırdığımız bu günlərdən düz 41 il əvvəl hər şey tam başqa cür idi. Nəinki “Turan”, heç “türk” sözü də ağıla və diləgəlməz bir hal almışdı. İnsanlar hər şeydən çox bu addan və bu adı səsləndirməkdən qorxurdular. Bəziləri isə bu adı çoxdan unutmuşdu belə. Bu adı səsləndirmək, yüksək tribunalarda bununla bağlı çıxışlar etmək və nitq söyləmək qəti şəkildə qadağan idi. Türk qadağalarının belə çox olduğu bir vaxtda sadəcə Heydər Əliyev türklərdən ağız dolusu danışa bilərdi və həqiqətən də elə oldu. Ulu Öndər Sovet İttifaqında rəhbər vəzifə tutduğu 5 il içərisində nə öz xalqını, nə də türkdilli xalqları unutmadı. Altaylıların belə necə müqəddəs bir ad daşıdıqlarından xəbərlərinin olmadığı bir vaxtda Heydər Əliyev Altayın müqəddəsliyini, qədim türklərin dədə-baba ocağı, torpağı olduğunu hamıdan yaxşı bilirdi. Ona görə də altaylıların, xakasların, saxaların və eləcə də tıvaların öz kimliklərini unutmaları və heç yadlarına belə salmamaları ilə heç cür barışa bilmirdi. Ulu Öndər özünü bütün türklərin dostu, qardaşı, türk oğlu hesab edirdi. Heç kəsdən qorxmaması və yüksək cəsarəti ilə bərabər xarakterinə yüksək zəkası da əlavə olunduqda Ulu Öndəri heç kəs dayandıra, qorxuda bilməzdi. Lakin çox təəssüflər olsun ki, onun yüksək türk təəssübkeşliyindən paxıllıq hissi duyan ermənilərin və digər bədxah düşmənlərimizin saysız-hesabsız tənələri, “millətçi” ittihamları nəticəsində Heydər Əliyev Sovet İttifaqındakı rəhbər vəzifəsindən ayrılmalı oldu. Lakin qəlbindəki Azərbaycan və türk sevdasını heç bir zaman qəlbindən, ruhundan çıxartmadı, fikrində Altay da, Saxa da, Xakasiya da, Tıva da o xoş xatirələrin bir nişanəsi kimi qaldı.
Azərbaycana ikinci dəfə rəhbərlik etdiyi illərdə də Ulu Öndərimiz üçün əsas mövzu dəyişilməz qalmışdır: Türkdilli xalqların birliyi. Heydər Əliyev möhkəm, sarsılmaz, daim inkişafda olan bir Azərbaycanı və Turanı ancaq türkdilli xalqların birliyində görürdü. Bu yol ilk olaraq Ankaradan, yəni qardaş Türkiyəmizdən keçirdi. Biz indi də şahid olmaqdayıq ki, hələ Naxçıvana rəhbərlik etdiyi illərdə Türkiyə Prezidenti Süleyman Dəmirəllə birgə saldığı “Ümid körpüsü”, bu birliyi tərənnüm edən, dillərdə əzbər olmuş Ulu Öndərimizin dediyi “Bir millət iki dövlət” kəlamı bu gün onun bizə yadigar qoyduğu, Heydər Əliyevin izi ilə layiqincə addımlayan, onun siyasətini yorulmadan davam etdirən cənab Prezidentimiz İlham Əliyev və Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan tərəfindən daha da inkişaf etməkdə, möhkəmlənməkdə , sarsılmaz olmaqdadır. Bunun ən böyük sübutu elə Heydər Əliyevin Azərbaycanı xilas etdiyi gün – Milli Qurtuluş Günündə, daha dəqiq desək, 15 iyun 2021-ci ildə baş verdi. Həmin gün cənab prezidentimiz İlham Əliyev ilə Türkiyə prezidenti cənab Rəcəb Tayyib Ərdoğan arasında qardaşlığın mənəvi gücü ilə işğaldan qurtardığımız cənnət Şuşamızda Şuşa Bəyannaməsi imzalanmışdır. Beləliklə, əzəldən qardaş olan iki dövlət həmin gün rəsmən müttəfiqliyini elan etdi. Bütün bunlar vaxtilə Ulu Öndərimizin getdiyi şərəfli yolun – “Türkün yolu”nun nişanəsidir. Təbii ki, başqa yollardan yox, Zəngəzur dəhlizindən keçən “Türkün yolu”ndan söhbət gedir. Əbədiyaşar Ulu Öndərimizin vaxtilə Türk Birliyi üçün gördüyü işlər və o işlərin cənab prezidentimiz İlham Əliyev tərəfindən davam etdirilməsi sayəsində “Türkün yolu” adı altında Zəngəzur dəhlizini heçə sayanların planı alt-üst oldu və hələ də olacaqdır.
Türk birliyinin əzəmətli nişanəsi sonuncu dəfə bu il, elə Ulu Öndərimizin 100 illiyi ərəfəsində və yenə cənnət Şuşamızda ərsəyə gəldi. İşğaldan azad edildikdən sonra şəhid qanı ilə müqəddəsləşmiş torpaqlarımızda həmin gün keçirilən 3-cü “Xarıbülbül” Festivalında Türkiyədən tutmuş Saxa Respublikasına qədər bütün türkdilli xalqların mədəniyyət işçiləri çıxış etdilər, öz dillərində özlərinin milli musiqilərini səsləndirdilər. Tədbir sonda bütün türk ozanlarının birlikdə “Anadır arzulara hər zaman Qarabağ” mahnısını ifa etmələri ilə və davamlı alqışlarla başa çatdı. 30 il işğalda və 200 il əsarətdə qalan gözəl Qarabağımız o gün əsl türk birliyi bayramı, Turan bayramı keçirirdi. Biz indi də hər günümüzü Turan bayramı olaraq keçirməkdəyik. Bunun özü, təbii ki, hər şeydən əvvəl şəhidlərimizin, qazilərimizin, cənab Ali Baş Komandanımızın və xalqımızın əbədi lideri, Ulu Öndərimiz Heydər Əliyevin sayəsindədir.
Biz Ulu Öndərimizin ən böyük arzularından birini gerçəkləşdirəcəyik. Zəngəzur dəhlizini açacaq, bütün rəsmiyyəti ilə əsl Türk birliyini – Turanı quracağıq! O günlər böyük şair Mehmet Akif Ərsoyun dediyi kimi “bəlkə sabah, bəlkə sabahdan da yaxın” bir zaman ərzində olacaq, amma mütləq olacaqdır! Bu yolda bizim ən böyük köməyimiz Ulu Öndərimizin şanlı, şərəfli irsi, işıqlı xatirəsi və bizə qoyub getdiyi “türklük təəssübkeşliyi” adlı mirası olacaqdır!
SEVİNDİK NƏSİBOĞLU
10-cu sinif şagirdi, şair-publisist, AJB üzvü