Weather Data Source: havadurumuuzun.com

Bugün görkəmli Alim Aida xanım imanquliyevanın anım günüdür

Sevimli insana olan həsrəti ən böyük zaman azalda bilməz”.

Aida İmanquliyeva Azərbaycanda ilk şərqşünas professordur.

Görkəmli şərqşünas alim Aida xanım İmanquliyevanın zahiri gözəlliyi zəngin mənəvi dünyası, həssas qəlbi ilə harmoniya təşkil edirdi. Böyüklə böyük, uşaqla uşaq kimi davranar, ona müraciət edənlərdən köməyini əsirgəməzdi. Qısa, lakin mənalı ömründə həm elmin zirvəsini fəth edə bildi, həm də əhatəsində olduğu insanların əbədi sevgisini qazandı. O, görkəmli şərqşünas alim, istedadlı pedaqoq olmaqla yanaşı, səmimi, mehriban, nəcib insan, gözəl övlad və həyat yoldaşı, fədakar ana idi.

Aida Nəsir qızı İmanquliyeva 1939-cu il oktyabrın 10-da Bakıda ziyalı ailəsində anadan olub. 1957-ci ildə Bakı şəhəri 132 nömrəli orta məktəbi qızıl medalla bitirib və Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) şərqşünaslıq fakültəsinin ərəb filologiyası bölməsinə qəbul olunub. Universiteti bitirəndən sonra bu təhsil müəssisəsinin Yaxın Şərq xalqları ədəbiyyatı tarixi kafedrasının aspirantı olub, həmçinin keçmiş SSRİ EA Asiya Xalqları İnstitutunun aspiranturasında təhsil alıb. İyirmi yeddi yaşında namizədlik dissertasiyasını müdafiə edən Aida İmanquliyeva Azərbaycan EA Şərqşünaslıq İnstitutunda əmək fəaliyyətinə başlayıb. İstedadı, zəhmətsevərliyi hesabına kiçik elmi işçidən baş elmi işçi, şöbə müdiri, elmi işlər üzrə direktor müavini və nəhayət, direktor vəzifəsinədək yüksəlib.

1989-cu ildə Tbilisi şəhərində doktorluq dissertasiyası müdafiə edən Aida İmanquliyeva çox keçmədən bu ixtisas üzrə professor adı alıb.

Dərin nəzəri bilikləri, analitik təfəkkürü, geniş erudisiyası, zəngin mütaliəsi, bir neçə Şərq və Qərb dillərini bilməsi apardığı tədqiqatların və yazdığı əsərlərin uğurunu şərtləndirən əsas amillər idi. Üç monoqrafiya (“Mixail Nüaymə və “Qələmlər birliyi”, “Cübran Xəlil Cübran”, “Yeni ərəb ədəbiyyatı korifeyləri”) və 70-dən çox elmi məqalənin müəllifi Aida İmanquliyeva Şərq filologiyası sahəsində yazılmış bir çox elmi əsərlərin redaktoru olub. Azərbaycan EA Şərqşünaslıq İnstitutunda fəaliyyət göstərən “Asiya və Afrika ölkələri xalqları ədəbiyyatları” ixtisası üzrə müdafiə şurasının sədri seçilib. Azərbaycan şərqşünaslıq elmini keçmiş SSRİ məkanında və onun hüdudlarından kənarda layiqincə təmsil edib.

Aida xanım elmi-təşkilati fəaliyyətində yüksəkixtisaslı ərəbşünas kadrlar hazırlanmasına böyük diqqət yetirirdi. Rəhbəri olduğu Ərəb filologiyası şöbəsində qısa müddətdə 10-dan çox namizədlik dissertasiyası müdafiə edilmişdi.

Ümumittifaq Şərqşünaslar Cəmiyyəti Rəyasət Heyətinin, Şərq ədəbiyyatlarının tədqiqi üzrə Ümumittifaq Koordinasiya Şurasının üzvü olan Aida İmanquliyeva uzun illər səmərəli pedaqoji fəaliyyət göstərib, Azərbaycan Dövlət Universitetində ərəb filologiyası fənnindən mühazirələr oxuyub.

Professor Aida İmanquliyeva Azərbaycanda Şərq-Qərb ədəbi əlaqələrini sistemli şəkildə araşdıran ilk azərbaycanlı alimdir. Onun çoxsaylı elmi əsərlərində Qərb və Şərq mədəni ənənələrinin sintezi, yaradıcı üslubun inkişafı və yeni bədii üslubun təşəkkül tapması tədqiq olunur ki, bu da nəinki ərəb, həmçinin bütün yeni Şərq ədəbiyyatlarının həmin aspektdə tədqiqi üçün mühüm zəmin yaradır. Bu əsərlərdə müəllif öz dövrünü xeyli qabaqlayaraq, Şərqlə Qərb mədəniyyətlərinin bir-birinə təsirini elmi cəhətdən əsaslandırıb.

Adı dünya şöhrətli şərqşünaslarla bir sırada çəkilən Aida İmanquliyevanın maraq dairəsi geniş və çoxşaxəli idi. Lakin onun çoxsaylı elmi araşdırmalarının əsas obyekti ərəb məhcər ədəbiyyatı olub. Aida xanım ərəb məhcər ədəbiyyatının beynəlxalq miqyasda ən sanballı tədqiqatçısı sayılırdı. Bunu nəinki Azərbaycan və keçmiş sovet ərəbşünasları, hətta Avropa şərqşünasları belə etiraf edirlər. Alim dərin araşdırmalar nəticəsində bu qənaətə gəlir ki, ərəb ədəbiyyatı xarici ədəbiyyatların nailiyyətlərindən bəhrələnməsində ilk növbədə məhcər ədəbiyyatı nümayəndələrinə borcludur. Onlar Qərb ədəbiyyatının ən yaxşı nailiyyətlərini mənimsəyərək özünəməxsus şəkildə inkişaf etdiriblər. Əsərlərində milli ruhu və milli koloriti qoruyub saxlayan bu yazıçılar yeni ərəb ədəbiyyatının inkişafında əvəzsiz rol oynayıblar. Məhz onların yaradıcılığı sayəsində XX əsr ərəb ədəbiyyatının mövzu dairəsi genişlənib, janr tərkibi zənginləşib, bədii ifadənin yeni formaları yaranıb və ərəb ədəbiyyatı bəşər mədəniyyətinin ayrılmaz hissəsinə çevrilib.

Aida xanımın daha bir xidməti cəmiyyət üçün layiqli övladlar böyütməsidir. Həyatını elmə həsr edən böyük qızı Nərgiz Paşayeva M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidentidir. Bu ailənin ikinci qızı – Mehriban Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidentidir.

Sevgi dolu ürəyə, incə və həssas qəlbə malik Aida xanımın yoxluğundan 31 il ötsə də, xatirəsi yaddaşlarda yaşayır. Bu gün də təkrar-təkrar oxunan, təhlil və tədqiq edilən, müxtəlif dillərə tərcümə olunan əsərləri, elmi monoqrafiyaları aktuallığını qoruyub saxlayır. Gənc nəsil Aida İmanquliyevanın əsərlərinə daim müraciət edir. Onun intellektual irsi müasir dövrümüzdə Azərbaycanla ərəb ölkələri arasında ədəbi-elmi körpü rolunu oynayır.

Mehriban xanım milyonlarla insanın məhəbbətini qazanıb. O, xeyriyyəçiliklə çox məşğul olur, onu tez-tez insanların, xüsusən yardıma və qayğıya ehtiyacı olan uşaqların arasında görmək olar. Mehriban xanım Əliyeva “Rossiya 1” televiziya kanalına müsahibəsində jurnalistin “Sizin ağladığınız hallar olurmu?” sualına cavabında deyib: “Nadir hallarda, amma başqalarının yanında heç vaxt. Mənim 27 yaşım olanda anamı itirdim. Anamı itirəndə onun cəmi 53 yaşı var idi. O, inanılmaz dərəcədə gözəl, güclü, xoşbəxt qadın idi. Azərbaycanda ilk şərqşünas professor, Şərqşünaslıq İnstitutunun rəhbəri idi. Altı ay ərzində gözümün qabağında, qollarım üstündə bu insanı itirdim. Yəqin ki, əsas göz yaşlarımı o vaxt axıtmışam. Bu itki, yəqin ki, məni çox möhkəmlətdi”.

Təəssüf ki, Aida xanım həyatdan çox tez, 53 yaşına çatmadan köçdü. Zərif və şəfqət dolu qəlbi olan bu xanım-alim ətrafındakı insanların problemləri ilə maraqlanır, hamıya qayğı və nəvazişlə yanaşırdı. Çoxşaxəli yaradıcılıq və ictimai fəaliyyətinə baxmayaraq, Aida xanım Şərq qadınına xas olan incə ruhunu qoruyub saxlayan çox gözəl həyat yoldaşı, mehriban ana, qayğıkeş nənə, əsl aristokrat qadın idi. Bu gün onun həyatını övladları və nəvələri davam etdirir, xatirəsi isə elmi əsərlərində yaşayır.

Aida İmanquliyeva Azərbaycanda ilk şərqşünas professordur.

insanlar qəribə bir qanuna bağlıdırlar: “Adətən, insan həyatdan köçdükdə yerdə qalanlar onun gözlərini bağlayırlar. Ancaq sirr ondadır ki, qalanların, dirilərin gözünü çox vaxt həyata həyatdan köçənlər açır. Çünki çaları, səmti, yolu, istiqaməti, rəngi dəyişə bilən ömrün yolları insanı həm ucalda bilər, həm də kiçildə bilər. Əlbəttə, ucalan insanlar ətraflarına, qohumlarına, valideynlərinə, müəllimlərinə həmişə şərəf hissi gətirirlər. Amma gəlin onu da etiraf edək ki, ucalan yolla gedən hər kəs bu ucalığa yazılmış və yazılmamış qanunları pozmadan nail olmaq hünərinə malik olur”.

Aida xanım məhz belə hünərə malik insanlardan biri idi: “O doğrudan da parlaq və nadir bir insan idi. Onun ucalığı heç kəsin kiçilməsi demək deyildi. Onun parlaqlığı heç kəsi zülmətə qərq etmək vadarlığına gətirib çıxarmırdı. O, sözün əsl mənasında nadir və parlaq insan idi.

Çünki onun zahiri gözəlliyi müqabilində çox zəngin daxili aləmi var idi. Həmin o zahiri gözəllik daxili gözəlliklə bir harmoniyada idi. Bu insan doğrudan da mükəmməl əqidəyə, möhkəm prinsiplərə malik bir insan idi. O doğrudan da göründüyü qədər təbiətən gözəl idi. O, goründüyü kimi olmağı bacaran və olduğu kimi görünməyi bacaran insanlardan idi. Əfsuslar olsun ki, ömür vəfa etmədi və o, indi aramızda yoxdur. Əlbəttə, o, bizim başımızın tacı olub. O, bizim ürəyimizin məlhəmi olub. Onun yoxluğu zaman kəsiyində həsrəti azaltmayıb.

Çünki Anaya olan həsrəti heç bir zaman azalda bilməz. Yaxşı dosta olan həsrəti heç bir uzun zaman azalda bilməz. Sevimli insana olan həsrəti ən böyük zaman azalda bilməz”.

Qeyd edim ki, Aida İmanquliyeva, Azərbaycan respublikasının birinci xanımı və birinci vitse prezidenti, çox hörmətli, dəyərli Mehriban xanım Əliyevanın və Filologiya elmləri doktoru, professor, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının Vitse-Prezidenti, AMEA-nın həqiqi üzvü İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri, Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin Azərbaycan tərəfdən rəhbəri Nərgiz xanım Paşayevanın Anasıdır.

Allah sizə Rəhmət Etsin Aida xanım imanquliyeva.Mən Fərid Şərifov bir gənc olaraq qeyd etmək istəyirəm ki, Siz hər zaman qəlbimizdəsiniz və sizin xatirəniz hər zaman qəlbimizdə əbədi olaraq yaşayacaqdır sevimli Aida xanım.

Hörmətlə YAP üzvü, Xətai Rayon İcra Hakimiyyətinin könüllüsü, İDEA İctimai Birliyin üzvü və könüllüsü, QEYD Sosial Maarifləndirmə İctimai Birliyin üzvü, 1-ci Vitse Prezident Mehriban xanım Əliyevanın könüllüsü, Güvən Xeyriyyə ictimai Birliyin üzvü, Ulutv.İnfo xəbər portalının əməkdaşı, Bakunews.az xəbər portalının əməkdaşı, Nərgiz Fondunun əməkdaşı, Nərgiz Jurnalının əməkdaşı Fərid Şərifov

Top