BİR TƏLƏBƏNİN XATİRƏSİ… (Bu xatirələr bütün zamanların sərhədlərini aşacaq…)

BİR TƏLƏBƏNİN XATİRƏSİ…
(Bu xatirələr bütün zamanların sərhədlərini aşacaq…)
Tarixdə elə insanlar olub ki, alicənablıqları, möhkəm dəyanətləri, kişilik qüdrətinin möhtəşəmliyi ilə gözlərdə dağ kimi ucalıblar. Bütün cəmiyyətlərdə belə adamlara ehtiyac olduğundan onlar daim diqqət mərkəzində olublar.
Günlərin birində Tanrı dərgahına üz tutanda da məhəbbətlə yad olunub, yaddaşlarda xeyirxahlıq, kişilik, mərdlik rəmzinə çevriliblər. Zaman məsafəsi uzaqlaşdıqca, onlarla bağlı xoş xatirələr bir az da doğmalaşıb, məhrəmləşib…
Çərkəz müəllim haqqında onun fədakar və vəfalı ömür-gün yoldaşı Sona xanımın neçə-neçə kitabı nəşr olunub və bu kitabların hazırlanmasından həmişə xəbərim olsa da, xatirə yazmağa cürət etməmişəm. Amma bu dəfə ürəkləndim elə bil. Rəfiqəm Aynur Bəşirlidən fərqli olaraq, mən və mənim qrup yoldaşlarım Çərkəz müəllimə “çox sağ olun, Çərkəz müəllim” deyə bilmişdik. Ona görə yox ki, bizə “5” vermişdi, həm də ona görə ki, bizlərin – universitetin hazırlıq kursuna gələn bu incik uşaqların (biz hamımız yüksək balla konkursa düşüb, göndərişlə bura gəlmişdik) qəlbində əsl müəllim, əsl insan, qayğıkeş ata simvoluydu Çərkəz müəllim. Elə buna görəydi ki, qrupumuzun ən balacası – Çərkəz müəllimin “dəcəl” deyə çağırdığı Füruzə onun cismani yoxluğundan sonra hər hansı müəllimdən xoşu gəlməyən hərəkət, yaxud tamahkarlıq görəndə “axı niyə Allah bunları qoyub, Çərkəz müəllimi apardı” deyə sual edərdi. Bu sual Çərkəz müəllimlə səkkizcə aylıq tələbə-müəllim münasibətindən yaranan sual idi. Bir tələbənin təəssüfü… İndi gör, Sona xanım – neçə illər bir-birini sevə-sevə ailə, dost, sirdaş olan bir qadın nələr çəkir bu itkidən?..
Əzizimiz Sona xanım! Mən Sizin bu itkidən nələr çəkdiyinizi görürəm və bilirəm. Onu da bilirəm ki, çəkdiklərinizin dilə gəlməsi Sizin xoşunuza gəlmir. Siz ancaq Çərkəzinizin, bizim Çərkəz müəllimin xatırlanması, yaddaşlarda qalması, unudulmaması üçün bu dərdi belə çəkirsiniz.
Mən Sizin hər ikinizi yaxından tanıyan və nəşr olunan yazıların hamısına bələd olan şəxs kimi bir şeyə tam əminəm. Bir gün gələcək, bu gün Onun haqqında yazılan xatirələr və Sizin yarımçıq məhəbbətiniz dastanlaşacaq. İnsanları dözümə, dəyanətə, məhəbbətə, sədaqətə, ən nəhayət, etibara çağıran bir abidə – “Çərkəz-Sona dastanı” yaranacaq. Və beləcə, bu xoş xatirələr bütün zamanların sərhədlərini aşaraq, əbədiyyət heykəlinə çevriləcək. Tanrı Sizi və Sizin bu pak məhəbbətinizi qorusun, Sona xanım!
Sona xanımın yeni kitabının hazırlandığını biləndə 23 il əvvəl yazdığım bu kiçik xatirəmə bir daha qayıtmaq istədim. Və bu illər ərzində Sona xanımla təmaslarımdan görüb duyduqlarıma bir sözardı da mən verdim. İllər sonra… Bu faciənin üzərindən otuz il keçsə də, yaşananlar, çəkilən əzablar, qəlbə hopan nisgil azalmadı. Sona xanım yenə qəlbinin dərinliklərindən süzülən sözləri Çərkəz müəllimin ünvanına yazdı. “Otuz ilə sözardı” dedi bu dəfə… Amma nə dəyişmişdi? Eyni göynərti, eyni ağrı, eyni həsrət… Zamanın hər yaraya məlhəm olacağına inanmışdım bir zamanlar. Düşünmüşdüm ki, illər keçdikcə bu yanğı da sönəcək, ürək toxtayacaq, səbir hər şeyi yoluna qoyacaq. Olmadı…
Nə ata-ana itkisi, nə özü demiş, dağ kimi Füzuli dərdi, heç biri ovutmadı onun Çərkəz yarasını. O, qəlbinin dərinliklərində, ən toxunulmaz guşəsində həmin sevgini, həmin göynərtini yaşatdı. Və mən bu gün anlayıram ki, illər əvvəl dediklərimdə yanılmamışam.
Sona xanımın məhəbbəti zamanın sərhədlərini aşaraq bir əbədiyyət abidəsinə çevrilib. O, insanlara sədaqət, vəfa, etibarın nə demək olduğunu öyrədir. Sevginin, illər keçsə də solmayan, zamanın gücünə tabe olmayan bir ruh kimi yaşadığını sübut edir. Bəzən zaman hər yaraya dərman olmur… Bəzən sevgi zamanı deyil, zaman sevgini sınağa çəkir və o sevgi bu sınaqlardan üzüağ, məğrur çıxır. Eynilə Sona Çərkəzin sevgisi kimi…
Şəhla TAHİRQIZI,
mart 2002;
fevral 2024


