Weather Data Source: havadurumuuzun.com

Nur saçan ömrün 75-ci zirvəsi: Mənim Qardaşxan müəllimim

Nur saçan ömrün 75-ci zirvəsi: Mənim Qardaşxan müəllimim

Sözsüz ki, bütün peşələr gözəldir və gərəklidir. Amma müəllimin yetişdirdiyi ən qiymətli varlıq insan olduğu üçün peşələrin ən şərəflisi də məhz müəllimlikdir. Müəllim haqqında əsrlər boyu müdrik fikirlər söylənilib, bir-birindən mənalı sözlər, gözəl kəlamlar deyilib. Böyük filosof Platon deyirdi: “Müəllimlik hər şeydən əvvəl bir Tanrı sənətidir”.
Bu müqəddəs peşə sahibləri əbəs yerə ikinci valideyn sayılmır. Müəllim öz nuru ilə ətrafa işıq saçmalı və yetirməsinin uğurları, biliyi ilə fəxr etməlidir. Bir sözlə, əsl müəllim ürəyinin yağını şagirdinə, tələbəsinə yedirtməyi bacarmalıdır. Onun vəzifəsi sadəcə hansısa fənni tədris etməklə bitmir; o, şəxsiyyət yetişdirməyi bacarmalı və gələcəkdə onunla qürur duymalıdır. Dahi Nəsrəddin Tusi rəvayət edirdi ki: “İnsanı kamilliyə çatdırmaq məqsədi güdən sənət dünya sənətlərinin ən şərəflisi olmalıdır”. Bu sənət elə müəllimlik sənəti, müəllimlik peşəsidir.
Mən də mənə düz yol göstərən, elm öyrədən müəllimlərimə borcluyam və sözsüz ki, onları heç bir zaman unutmuram. İlk məktəb direktorumuz Yadulla Sadıqov başda olmaqla, Heybət, Nəriman, Adil, Cabir, Əlihüseyn, Yusif, Baləddin, Bağır, Musa, Bəyoğlan, Elmira, Esmira, Eyvaz, Məlahət, Zöhrə, Nailə, Əlirza, Ərzulla, Həşim, Həmid, Heydər, Hüseynağa, Tağı, Məzahir, Sərhəd, Muqabil, Şəfiqə, Elşən və adını çəkə bilmədiyim digər müəllimlərim mənim üçün çox əzizdir. Elə indi haqqında bəhs edəcəyim Qardaşxan müəllimə qədər hər birinin üzərimdə böyük haqqı var.
Bu gün o fədakar insanların çoxu dünyasını dəyişib. Şükürlər olsun ki, mənimlə həmişə fəxr edən bir neçə müəllimim hələ də sağdır və bizləri nurları ilə işıqlandırırlar. Bu yaxınlarda öyrəndim ki, əziz müəllimim Qardaşxan Fərzinin bir neçə ay bundan əvvəl 75 yaşı tamam olub. Hər ikimiz keçmiş Kirov, indiki İstisu qəsəbəsində dünyaya göz açmışıq. Eyni bulaqların suyunu içib, bu dağların qoynunda nəfəs almışıq.
Hər dəfə yolum doğma qəsəbəmizə düşəndə Qardaşxan müəllimlə görüşüb dərdləşirik. Mənim 50 yaşım olanda haqqımda yazdığı o gözəl sözləri çox yaxşı xatırlayıram. Həmin məqalədə atam Ağaxanın, 101 il ömür sürmüş babam Babakişinin cizgilərini necə ustalıqla qələmə almışdı! Babamın nurani çöhrəsini sözlərlə sanki bir rəssam kimi çəkmiş, obrazını gözümüz önündə canlandırmışdı. Qardaşxan Fərzi qələmə sarılan, sözə nəfəs verən, təbiəti və insanları cümlə-cümlə yaşadan həqiqi yazıçılardandır.
Yaxşı yadımdadır, hələ orta məktəbdə oxuduğum illərdə Qardaşxan müəllimin hekayələri ölkə mətbuatında çap olunurdu. Lənkəranda fəaliyyət göstərən “Leninçi” qəzetində də mütəmadi olaraq Qardaşxan Fərzi imzasını görürdük. Həmin illərdə “Leninçi” qəzeti təkcə Lənkəranın deyil, qonşu Astara, Masallı, Lerik və Yardımlı rayonlarının da ədəbi qüvvələrini, o cümlədən yaradıcı müəllimlərini öz ətrafında birləşdirən bölgələrarası bir mətbuat orqanı idi. Qəzet mütəmadi olaraq yerli müəlliflərin hekayə, povest və şeirlərinə geniş yer ayırırdı. Bəli, “Leninçi” sadəcə bir xəbər vasitəsi deyil, bütöv bir Cənub bölgəsinin ən böyük ədəbi-mədəni mərkəzlərindən biri idi. Qonşu rayonların gənc və istedadlı qələm sahibləri, yaradıcı ziyalıları məhz bu qəzetin ətrafında toplaşırdılar.
Qardaşxan müəllim kimi fədakar və yaradıcı pedaqoqların dövri mətbuatda, xüsusən də belə nüfuzlu bir qəzetdə hekayələrinin çap olunması o dövrün məktəbliləri və oxucuları üçün böyük bir hadisə idi. Bu cür mətbuat nümunələri bölgələrdə ədəbi mühitin diri qalmasında, yeni nəslin mütaliəyə və yaradıcılığa həvəslənməsində əvəzsiz rol oynayırdı.
Qardaşxan Dadaş oğlu Fərzi 75 yaşına üzüağ, alnıaçıq gəlib çıxıb. Ömrünü ləyaqətlə, ziyalı kimi yaşayıb. O, “Qırmızı kəlağayı” və “Mesaj” kimi dəyərli, oxunaqlı kitabların müəllifidir. Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, tanınmış pedaqoqdur. ” Ədəbiyyat və incəsənət “, “Azərbaycan gəncləri”, “Ədalət”, “Kaspi” qəzetlərində mütəmadi olaraq yazıları çap olunub. “Azərbaycan”, “Ulduz”, “Söz”, “Şəfəq” və “Kirpi” kimi nüfuzlu jurnalların səhifələrində imzası daim oxucuların könlünü oxşayıb. Qardaşxan Fərzinin “Tənha palıd” hekayəsi Bakı Şəhər Mədəniyyət Evinin keçirdiyi müsabiqədə fərqləndiyi üçün M.Ə.Sabir adına Suraxanı Mədəniyyət Evində uğurla səhnələşdirilib.
Belə bir müəllimdən dərs aldığım, onun mənəvi xəzinəsindən bəhrələndiyim üçün özümü çox xoşbəxt hesab edirəm. Bir az gec də olsa, əziz müəllimimi yubileyi münasibətilə ürəkdən təbrik edirəm! Ona bundan sonra da cansağlığı, tükənməz yaradıcılıq enerjisi və şərəfli, uzun bir ömür arzulayıram. Yaxşı ki varsınız, əziz Müəllim!

Mübariz Süleymanlı ,AYB-nin üzvü ,teleradiojurnalist

Top