Weather Data Source: havadurumuuzun.com

ATLAZ RZAYİ: CƏLİLABAD ƏDƏBİ MÜHİTİNİN SAFLIQ VƏ SƏMİMİYYƏT NÜMUNƏSİ

ATLAZ RZAYİ: CƏLİLABAD ƏDƏBİ MÜHİTİNİN SAFLIQ VƏ SƏMİMİYYƏT NÜMUNƏSİ
(Cəlilabad ədəbi mühitinin dəyərli və səmimi nümayəndəsi, bədii qiraətçi, yazıçı-şair Atlaz xanım Rzayiyə ithaf olunur!)

Odlar Yurdu Azərbaycanın Salyan rayonunda doğulub boya-başa çatsa da, əslən doğma Cəlilabad rayonundan olan və Cəlilabad ədəbi mühitindən sayılan, eyni halda respublika ədəbi mühitində öz bədii qiraət bacarığı, yazıçılığı və şairliyi ilə tanınan dəyərli və səmimi xanım nümayəndələrdən biri də Atlaz xanım Rzayidir.
Burada Atlaz xanımın həyat yolu və ədəbi sahədəki bacarıqları ilə daha yaxından tanış olmaq məqsədi ilə bu təqimat yazımı yazıb əziz oxuculara təqdim edirəm:

Qısa bioqrafik məlumat:
Atlaz Rzayi Həsənağa qızı: 1991-ci ilin oktyabr ayının 26-da Azərbaycan Respublikasının Salyan rayonunun Yenikənd kəndində əslən Cəlilabaddan olan bir sadə və zəhmətkeş ailədə dünyaya göz açmışdır.
1998-ci ildə Salman Cəfərov adına Yenikənd kənd tam orta məktəbinə getmiş və 2009-cu ildə həmin məktəbi uğurla bitirərək orta təhsil haqqında Attestatını almışdır.
Atlaz xanım ali təhsil almasa da uşaq yaşlarından etibarən şeir və poeziya sahəsinə həvəs göstərmiş, müxtəlif mövzularda bir-birindən maraqlı şeirlər qələmə almışdır. Onun həvəskarcasına qələmə aldığı ilk şeiri 9 yaşında yazdığı “Ulduzlar” adlı şeir olmuşdur.
Ədəbiyyat sahəsində “Atlaz Rzayi” imzası ilə tanınan bu xanım yazıçı-şair 2018-ci ildən etibarən “Zərif kölgələr”, “Mustaqil.az”, “Yazarlar.az”, “Həməşəra”, “Ədəbiyyat və incəsənət”, “Turaztv.az”, “Olaylar.az”, “Atia.az” və s. internet portalları, həmçinin, “Ədəbiyyat qəzeti”, “Oxu məni” və digər dövrü mətbuatda öz bədii ədəbi nümunələri (şeir, hekayə, ədəbi layihələr və s.) ilə çıxış etməkdədir. Onun ədəbi sahədə daşıdığı “Rzayi” təxəllüsü Peyğəmbər Əhli-beytindən olan həzrət İmam Rzaya olan inam və sevgi ilə əlaqəlidir.
Doğma elimizin bu dəyərli övladının bədii ədəbiyyatla bağlı ümumilikdə üç əsas bacarığı var. Onlar aşağıdakılardan ibarətdir:
1. Şeir bacarığı;
2. Yazıçılıq;
3. Bədii qiraət bacarığı.
Atlaz xanım indiyədək müxtəlif mövzu, eyni halda müxtəlif səpki və formada onlar və yüzlərlə bir-birindən gözəl və mənalı şeirlər yazmış, çoxsaylı şeirləri qiraət etmiş, müxtəlif mövzularda esse və hekayələr qələmə almış, həmçinin, son 10 il ərzində Vətən uğrunda canından keçmiş əziz şəhidlərimizlə bağlı 30-dan çox təqdimat yazısını ərsəyə gətirmişdir. Onun şeirləri arasında sərbəst formasında qələmə alınmış şeirlər daha çoxdur.
O, bədii qiraət bacarığını həm özü tərəfindən qələmə aldığı şeirləri, həm də digər şairlərin şeirlərini qiraət etməklə təsdiq etmişdir. Həmin bədii qiraət nümunələri hal-hazırda internet və sosial şəbəkələr üzərindən yayımlayır.
Atlaz xanım Rzayi öz milli kimliyinə bağlı olan bir yazıçı-şair xanım kimi həm də Turan Yazarlar Birliyinin üzvü, eyni halda 2024-cü ildə təsis etdiyi “Ədəbi ahəng” vizual ədəbiyyat dərgisinin təsisçisi və baş redaktorudur. Məlumat üçün qeyd etmək lazımdır ki, Atlaz xanımın əmisi Gülağa Əsgərov (15.01.1970-22.01.1993) I Qarabağ Müharibəsində iştirak etmiş və Qubadlıda gedən döyüşlərdə şəhid olmuşdur. Şəhid Gülağa Salyan rayonunun Yenikənd kəndindən Vətən uğrunda canını qurban vermiş sayca üçüncü şəhiddir.

Kitabları:
Atlaz Rzayinin indiyədək aşağıda göstərilən kitabları işıq üzü görmüşdür:
1. “Atlaz sətirlər” (şeirlər toplusu), “Gənclik” nəşriyyatı, Bakı, 2022;
2. “Səmimi sətirlər çələngi”, (“Səmimi sətirlər çələngi” layihəsi çərçivəsində qələm sahibləri və ziyalıların yazıçı-publisist İlqar İsmayılzadə barədə düşüncələri), “Həməşəra” mətbu orqanı, “Qazi” Çap Mərkəzi, Cəlilabad, 2026;
3. “Mən səni uduzmadım”, (şeirlər toplusu), “Həməşəra” mətbu orqanı, “Qazi” Çap Mərkəzi, Cəlilabad, 2026…
Bundan əlavə, indiyədək bir neçə ədəbi məcmuə və antalogiyada öz bədii əsərləri ilə uğurla çıxış etmişdir. Buna misal olaraq aşağıdakı antalogiya və ədəbi məcmuələri göstərmək olar:
1. “Zərif kölgələr” (2018);
2. “Solmayan söz dünyası” (2020);
3. “Yaşıl işıq” (2021);
4. “Qələm tutan incə əllər” (2025);
5. “Cəlilabadın qadın yazarları” (2025);
6. “Turan ellərinin söz çələngi” (2026);
7. “Zirvə” (2026) və s.
Həmçinin, bu il (2026) hazırlanaraq nəşr edilmiş “Tomris ödüllü xanımlar” adlı təqdimat kitabında Atlaz xanımın geniş, həm də son məlumatlar əsasında təqdimatı da, yer almışdır.
Cəlilabad ədəbi mühitinin xanım yazar və şairləri barədə ilk dəfə qələmə aldığım və 2025-ci ildə mövzusu və tərtibatına görə respublika səviyyəsində ilk imza sayılaraq nəşr edilmiş “Qələm tutan incə əllər” kitabında Atlaz Rzayinin bioqrafik məlumatı və poeziya nümunələri yer almışdır.
2026-cı ildə respublika səviyyəsində ilk dəfə icra edilən “Turan ellərinin söz çələngi” adlı milli-ədəbi layihədə uğurla iştirak etmiş və mükafatlandırılmışdır. Onun milli kimlik mövzusunda qələmə aldığı şeirləri “Turan ellərinin söz çələngi” adlı ədəbi məcmuədə (antalogiyada) yer almış və nəşr edilmişdir.

Ödüllər və mükafatlar:
Atlaz xanım Rzayi indiyədək ədəbiyyat sahəsində fəallığı və uğurlarına görə bir sıra ödül və mükafatlara layiq görülmüşdür. Bununla bağlı aşağıdakıları təqdim etmək olar:
1. “Həməşəra” Fəxri Diplomu (2025);
2. “Ziyadar” Mükafatı (2025);
3. Turan Yazarlar Birliyinin xüsusi ödülü (2026);
4. “Nizami Gəncəvi” Fəxri Diplomu (2026);
5. “Tomris” ödülü (2026);
6. “Turan Ödülü” (2026);
7. “Əzizə Cəfərzadə” ödülü (2026) və s…

Ədəbi və ictimai layihələri:
Atlaz xanım bütün bunlardan əlavə, bəzi ədəbi-ictimai və mədəni mövzularda həyata keçiridiyi layihələrlə də tanınır. Bununla bağlı aşağıdakı layihələri göstərmək olar:
1. Onun müəllifi olduğu və həyata keçirdiyi ictimai-ədəbi layihələrdən biri 2026-cı ilin iyul-avqust aylarında gerçəkləşdirdiyi “Səmimi sətirlər çələngi” adlı ədəbi-ictimai layihədən ibarətdir. Bu layihə çərçivəsində Cəlilabad ədəbi mühitinin və eləcə də respublikanın müxtəlif bölgələrindən olan tanınmış simaları və qələm əhlinin mənim haqqımda söylədikləri fikirlər müsahibə və bəzən qısa və geniş yazılar formasında toplanaraq, ölkənin bir sıra ədəbi və xəbər portallarında, xüsusilə də “Həməşəra” mətbu orqanının rəsmi Facebook səhifəsində yayımlanmışdır. Həmin layihənin materialları son zamanlar bir yerə toplanaraq “Səmimi sətirlər çələngi” adlı kitab formasında işıq üzü görmüşdür.
2. Atlaz xanımın icra etdiyi digər uğurlu layihə ölkənin xanım yazarlarına aid olan “İncə fikirlər” layihəsindən ibarətdir. Müsahibə əsasında gerçəkləşən həmin layihə tanınmış yazıçı-publisist Cəmil Dadaşovun təsisçisi və baş redaktoru olduğu “Turaztv.az” portalında müntəzəm olaraq yamlanır.
Atlaz xanımın həyatda hobbisi əzizləri ilə vaxt keçirmək, milli mətbəximizə aid olan yeməklər hazırlamaq və gəzməkdən ibarətdir. 2022-ci ildə ailə həyatı qurmuş və hal-hazırda Elif adlı bir qız övladı var.

Subyektiv baxışım:
Atlaz xanım Cəlilabad ədəbi mühitinə mənsub olan, eyni halda respublikada öz parlaq imzası ilə tanınan gənc şair, bədii qiraətçi və yazarlardan biri olmaqla yanaşı hər zaman öz səfa-səmimiyyəti, qəlbinin saflığı, təvazökarlığı və mərhəməti ilə tanınan və hörmətə layiq görülən dəyərlimizdir. Lakin onun əsas xüsusiyyətləri bununla tamamlanmır. Çünki o, bütün səfa-səmimiyyəti və təvazökarlığı ilə yanaşı həm də haqsevərliyi, qətiyyəti və xanımlara xas olan cəsarəti ilə tanınır. Bundan əlavə, bir yazıçı-şair olaraq öz milli kimliyinə sıx bağlı olan bir xanımdır.
Atlaz xanım daşıdığı adın mənasını özündə təsbit etmiş bir xanımdır. “Atlaz” (və ya Atlas) adının bir neçə mənası olsa da, doğma dilimizdə onun daha çox qız (xanım) adı olaraq üzü hamar, parlaq və ipək materialdan toxunmuş, xüsusi zərifliyi ilə seçilən parça növü mənasında olduğu hər kəsə məlumdur. Doğma elimizin bu dəyərli xanım şairi də öz gözəl xüsusiyyətləri və zərifliyi ilə tanınır və hörmətə layiq görülür.
Sərgilədiyi davranış və danışıqları, eləcə də müxtəlif sosial şəbəkə platformalarındakı yazıları və xüsusilə də qələmə aldığı şeir və təqdimat yazılarını nəzərə aldıqda, onu Cəlilabad ədəbi mühitinin saflıq və səmimiyyət nümunəsi adlandırmaq olar.
Heç şübhəsiz, bir insanın həyatda təvazökarlıq, həmçinin, saflıq və səmimiyyətə malik olması ilk növbədə onun ailə və məktəb tərbiyəsindən irəli gələn insani xüsusiyyətləridir. Bu qəbil xüsusiyyətlər digər lazım olan şərtlər çərçivəsində insanın və xüsusilə də qələm əhlinin həyatda böyük uğurlarına yol açır. Bundan məhrum olanlar isə yaşadığı ölkənin və hətta, dünyanın ən bacarıqlı şairi, nasiri, ədəbi təhlilçi və tənqidçisi olsa belə daim şəxsi və ədəbi həyatında axsaq qalır və uğursuzluqlara məhkum olur.
Atlaz Rizayinin poeziya dünyasına gəlincə, bu barədə qeyd etmək lazımdır ki, onun poeziya dünyası sadəliklə yanaşı, həm də səmimi və ürək oxşayandır. Həyatda malik olduğu sadəlik, səfa-səmimiyyət və saflığının qələmə aldığı şeirlərinə hopduğunu söyləmək mümkündür…

Arzu və diləklər:
Sonda Ulu Tanrıdan doğma yurdumuzun belə bir dəyərli xanım şairi, bədii qiraətçi və yazıçısı, eyni halda Cəlilabad ədəbi mühitinin saflıq və səmimiyyət nümunəsi olan Atlaz xanıma uzun, sağlam və mənalı-məsud ömür, yeni-yeni yaradıcılıq uğurları diləyirəm!

 

İlqar İsmayılzadə

 (Fəlsəfə üzrə fəlsəfə doktoru, “Həməşəra” mətbu orqanının təsisçisi və baş redaktoru, AJB, AYB və TYB-nin üzvü, TYB-nin İdarə Heyətinin üzvü, Turan Xalq yazarı, teoloq, araşdırmaçı, tərcüməçi, yazıçı-publisist)
25.10.2026

Top