Weather Data Source: havadurumuuzun.com

Gökalp Şentürk: Türkiyə-Azərbaycan qardaşlığı Türk dünyasının güc mənbəyidir

Gökalp Şentürk: Türkiyə-Azərbaycan qardaşlığı Türk dünyasının güc mənbəyidir

Bakı, 19 oktyabr, AZƏRTAC

Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq ortaq tarixə, milli-mənəvi dəyərlərə və qarşılıqlı etimada əsaslanır. Bu münasibətlər yalnız iki ölkənin deyil, bütövlükdə Türk dünyasının gələcəyi və beynəlxalq mövqeyi baxımından mühüm əhəmiyyət daşıyır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında türk siyasi şərhçi və jurnalist Gökalp Şentürk bildirib.

O qeyd edib ki, Azərbaycanın 18 oktyabr 1991-ci ildə dövlət müstəqilliyini bərpa etməsi Türk dünyası üçün tarixi hadisə olub.

“Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətin Türkiyə olması iki xalq arasındakı tarixi bağların bariz göstəricisidir. 1918-ci ildə Qafqaz İslam Ordusunun Bakının azad edilməsindəki rolu, Azərbaycanın Vətən müharibəsində qazandığı Zəfər və 2021-ci ildə imzalanan Şuşa Bəyannaməsi Türkiyə-Azərbaycan münasibətlərinin möhkəm təməllərini nümayiş etdirir. İki ölkənin gücü yalnız hərbi və iqtisadi imkanlarla ölçülmür. Qarşılıqlı etimad, ortaq tarix və çətin günlərdə bir-birinə dəstək olmaq iradəsi bu qardaşlığın əsasını təşkil edir. Ayrı-ayrı şəxslərin açıqlamaları və siyasi mübahisələr iki xalq arasında qarşıdurma yaratmaq vasitəsinə çevrilməməlidir. Tənqidlə təhqiri fərqləndirmək, ayrı-ayrı şəxslərin mövqeyini bütöv bir xalqın düşüncəsi kimi təqdim etməmək vacibdir”, – deyə türk siyasi şərhçi qeyd edib.

Gökalp Şentürkün fikrincə, Türkiyə-Azərbaycan əməkdaşlığının güclənməsi Türk dünyasının inteqrasiyasına da müsbət təsir göstərir: “Türk Dövlətləri Təşkilatı çərçivəsində nəqliyyat, enerji, ticarət, müdafiə sənayesi, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsi ümumi potensialı daha da artırır. Bakı ilə Ankara arasında etimadın qorunması və strateji tərəfdaşlığın inkişafı bütün Türk dünyasının beynəlxalq mövqeyini gücləndirə bilər. Bunun üçün mümkün mübahisələrə emosiyalarla deyil, faktlar və sağlam düşüncə əsasında yanaşılmalıdır”.

Siyasi şərhçi vurğulayıb ki, Türkiyə və Azərbaycanın milli maraqlarına və dövlət suverenliyinə qarşılıqlı hörmət qardaşlıq münasibətlərinin mühüm şərtidir. İki ölkə arasında birbaşa dialoqun davam etdirilməsi və konkret birgə layihələrin həyata keçirilməsi xüsusi əhəmiyyət daşıyır.

“Qardaşlığı qorumaq fərqli fikirləri susdurmaq deyil, fikir ayrılıqlarını qarşılıqlı hörmət və hüquq çərçivəsində həll etməkdir. Türkiyə ilə Azərbaycan tarixi yaxınlıqlarını iqtisadi həmrəylik, güclü institutlar və uzunmüddətli strategiya ilə möhkəmləndirdikcə bütün Türk dünyasının beynəlxalq mövqeyi də güclənəcək”, – deyə Gökalp Şentürk bildirib.

O əlavə edib ki, əsas məqsəd tarixi qardaşlığı real strateji gücə çevirmək, gələcək nəsillərə daha təhlükəsiz, firavan və beynəlxalq aləmdə daha nüfuzlu Türk dünyası miras qoymaqdır.

Top