Ömrün 65-ci zirvəsində dayanan söz ustadı — Hüseyn İsaoğlu

Ömrün 65-ci zirvəsində dayanan söz ustadı — Hüseyn İsaoğlu
Zaman axıb gedir, lakin bəzi ömürlər var ki, illərin axarında sadəcə qocalmır, əksinə, hər ötən illə daha da zənginləşir, ucalır və arxasında silinməz izlər qoyur. Belə mənalı və bərəkətli ömür sahiblərindən biri də qələmi ilə könüllərə yol tapan, sözün namusunu hər şeydən uca tutan tanınmış yazıçı-publisist Hüseyn İsaoğludur. Bir neçə gündən sonra onun həyatının ən gözəl zirvələrindən biri — 65 illik yubileyi tamam olur.
Hüseyn İsaoğlu (Məmmədov) 1961-ci ilin yağışlı, çənli-dumanlı soyuq bir payız günündə, oktyabr ayında Azərbaycanın ən füsunkar, dağlar qoynunda yerləşən Gədəbəy rayonunun, Sınıx mahalının Hacılar kəndində dünyaya göz açıb. O, el-oba arasında böyük hörmət və nüfuz sahibi olan, “Heydərli nəsli” kimi tanınan İsa kişinin ocağında tərbiyə alıb, boya-başa çatıb. Doğma kəndində orta təhsilini tamamladıqdan sonra sovet ordusu sıralarında hərbi xidmət borcunu yerinə yetirib. Qəlbindəki elm və ədəbiyyat sevgisi onu V.İ. Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun (hazırkı ADPU) filologiya fakültəsinə gətirib. Ali təhsilini başa vurduqdan sonra bir müddət gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olaraq müəllimlik edib. Sonradan ailə vəziyyəti ilə əlaqədar bu peşədən ayrılmalı olsa da, o, daxilindəki pedaqoji ruhu və insanlara bələdçilik etmək missiyasını heç vaxt itirməyib, sadəcə fəaliyyət meydanını sinif otaqlarından oxucu auditoriyasına köçürüb.
Hüseyn müəllimin yaradıcılıq yolu əslində bir vəfadarlıq və ehtiram nümunəsidir. Onun ilk qələm təcrübəsi — orta məktəbdə ona ədəbiyyatın sirli dünyasını sevdirən müəllimi Məhərrəm Bağırovun əziz xatirəsinə həsr etdiyi “Xatirələrin izi ilə” povesti olub. Təsadüfi deyil ki, hələ illər öncə onun istedadını duyan dəyərli ədəbiyyat müəllimi Məhərrəm Bağırov fəxrlə: “Mən hələ 45 il əvvəl demişəm, Hüseyndən yaxşı ədəbiyyatçı olacaq” — deyərək öz yetirməsinin bu gün qazandığı uğurların təməlini hələ o zamanlardan uzaqgörənliklə qiymətləndirmişdi.Müəlliminin bu inamını layiqincə doğruldan yazıçı, daha sonra oxuculara təqdim etdiyi “Sazın sözün vəhdəti” adlı publisistik yazılar toplusu ilə milli-mənəvi dəyərlərimizə, folklorumuza bağlılığını nümayiş etdirdi. Yazıçının insan taleyinə olan həssaslığı onun növbəti əsərlərində də özünü qabarıq göstərir. M. Qasımov adına Respublika Klinik Xəstəxanasının qəbul şöbəsində çalışmış, insanların ağrı-acısına şərik olmuş həkim Sərdar Bədəlovun xatirəsinə həsr olunan “Ölümlə ölüm arasında” povesti, ardınca işıq üzü görən “Kədər tablosunda sevinc işığı” povesti və “Tut ağacı” hekayələr kitabı Hüseyn İsaoğlunun yazıçı təxəyyülünün, insan psixologiyasına dərindən bələdliyinin məhsuludur.
Həyatın nəbzini tutmağı bacaran publisist, xalqımızın ən böyük qürur mənbəyi olan Zəfər tariximizə də öz töhfəsini verməkdədir. Onun 44 günlük Vətən müharibəsinin qəhrəman veteranı İsmayıl Hüseynzadənin şərəfli döyüş yolundan bəhs edən “Demişdim Şuşanı mən alacağam” adlı yeni kitabı yaxın günlərdə işıq üzü görəcək.
Bu gün qətiyyətlə demək olar ki, Hüseyn İsaoğlu 11 dəyərli kitabın müəllifidir. Onun hər bir əsəri geniş oxucu kütləsi tərəfindən sevilə-sevilə oxunur. Çünki o, təkcə yaxşı yazıçı deyil, həm də ətrafına işıq saçan mükəmməl bir insandır. Tanınmış jurnalist İdris Hacızadə onun xarakterini tərənnüm edərkən çox gözəl vurğulamışdır: “Tanrının mənə bəxş etdiyi dostlardan biri də Hüseyn müəllimdir. O Hüseyn müəllim ki, bütün insani keyfiyyətləri özündə ehtiva edir”.Böyük fəxrlə vurğulamaq lazımdır ki, yazıçı-publisist Hüseyn İsaoğlu arxada qalan bu 65 ili əsla boşuna xərcləməyib. O, ömrünün hər ilini, hər ayını millətinə, ədəbiyyatına və mənəviyyatına xidmətə həsr edib. İllərini yaradıcılıqla naxışlayan dəyərli ziyalımız bu gün ömrünün ən müdrik, ən bəhrəli çağını yaşayır.
Hörmətli Hüseyn müəllim! Sizi 65 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edir, sizə möhkəm cansağlığı və tükənməz yaradıcılıq uğurları arzulayırıq. Qələminiz hər zaman iti, sözünüz kəsərli olsun. Yubileyiniz mübarək!

Sabir HÜSEYNOV, AYB-nin və AJB-nin üzvü,
Prezident təqaüdçüsü


