Weather Data Source: havadurumuuzun.com

“Bir insanın yaşayıb-yaşamadığını bilmək üçün onun nəbzinə yox, nuruna baxmaq lazımdır…”

“Bir insanın yaşayıb-yaşamadığını bilmək üçün onun nəbzinə yox, nuruna baxmaq lazımdır…”

Çünki insanı yaşadan təkcə nəfəs deyil…
Bəzən ürəyi döyünən insanlar vardır ki, ruhları susmuş olur.
Bəzən də elə insanlar vardır ki, bir baxışı, bir sözü, bir sevgisi ilə ətrafına həyat bəxş edir.

İnsan yalnız bədəni ilə yaşamır…
İnsan sevgisi ilə, mərhəməti ilə, vicdanı ilə, qəlbində daşıdığı işıq ilə yaşayır.
Onun nuru danışığında hiss olunur, gözlərində görünür, davranışlarında əks olunur.

Nur — insanın iç dünyasının aynasıdır.
Əgər bir insanın qəlbində ümid varsa, sevgisi safdırsa, niyyəti təmizdirsə, o insan həqiqətən yaşayır.
Çünki ruhun işığı sönməyən yerdə həyat davam edir.

Bəzən böyük evlərdə yaşayan insanlar qaranlıq içində olur,
bəzən isə sadə bir insanın təbəssümü bir dünyanı işıqlandıra bilir.

İnsan yaşadığını malı ilə deyil, buraxdığı izlə göstərir.
Bir könülə toxunmaq, bir insana ümid olmaq, bir qəlbdə dua kimi qalmaq — əsl yaşamağın özüdür.

Nəbz sadəcə bədənin ritmidir…
Nur isə ruhun nəfəsidir.

Və unutmayaq:
İnsan bu dünyada nə qədər yaşadığı ilə deyil,
nə qədər işıq saçdığı ilə xatırlanır…

Bəzən bir insanın yorğun gözlərinə baxmaq kifayətdir onun nə qədər susaraq yaşadığını anlamağa…
Çünki hər gülümsəyən insan xoşbəxt deyil,
hər susan insan isə zəif deyil.

İnsan var ki, illərlə yaşayır, amma bir könüldə belə iz buraxmır…
İnsan da var ki, bir dəfə qarşına çıxır və ömür boyu unutulmur.
Çünki onun sahib olduğu şey sadəcə görünüş deyil — ruhunun nurudur.

Nur insanın daxilindəki mərhəmətin, vicdanın və sevgisinin əksidir.
O nur ki:
bir yetimin başını sığallayanda görünər,
bir qırılmış qəlbi sağaldanda hiss olunar,
bir insana ümid verəndə böyüyər.

İnsan qəlbində nə daşıyırsa, zamanla üzünə də o çökür.
Kin insanı qaranlıqlaşdırır,
sevgi isə insanın simasına işıq verir.

Əslində həyat insanın nə qədər qazandığı ilə ölçülmür…
Nə qədər insanın duasında yaşadığı ilə ölçülür.

Çünki dua alınmış bir qəlb,
ən böyük sərvətdir.

Bir gün hər şey susacaq…
Sözlər də, səslər də, zaman da…
Amma insanın qəlblərdə buraxdığı işıq yaşayacaq.

O səbəbdəndir ki,
bir insanın yaşayıb-yaşamadığını bilmək üçün onun nəbzinə yox,
insanlara verdiyi işığa baxmaq lazımdır…

Pərvanə Salmanqızı
Jurnalist, şair-publisist.

Top