Weather Data Source: havadurumuuzun.com

Anım Günü – Şəhidlərimizin Əziz Xatirəsinə

Anım Günü – Şəhidlərimizin Əziz Xatirəsinə

 

Azərbaycan tarixində qürur və kədər birləşdiyi ən önəmli günlərdən biri 27 sentyabr – Anım Günüdür. Bu gün Azərbaycan xalqının müstəqilliyi, torpaqlarımızın bütövlüyü və milli qürurumuz naminə canından keçən igid Vətən övladlarının müqəddəs xatirəsinə həsr olunub.

2020-ci ilin 27 sentyabrında başlayan İkinci Qarabağ müharibəsi xalqımızın iradə gücünü, dövlətimizin siyasi və hərbi qüdrətini bütün dünyaya nümayiş etdirdi. 44 gün davam edən müharibə 30 ilə yaxın işğal altında qalan torpaqlarımızın azad olunması ilə nəticələndi. Bu şanlı Zəfərin qazanılmasında minlərlə igid əsgərimiz və zabitimiz şəhidlik zirvəsinə ucaldı. Onların hər biri Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli sərəncamı ilə hər il 27 sentyabr Anım Günü kimi təsis edildi. Bu gün bütün Azərbaycan xalqı şəhidlərimizin ruhuna baş əyir, onların qəhrəmanlıq yolunu yad edir, igid oğullarımızın qanı ilə suvarılan torpaqların müqəddəsliyini dərk edir.

Anım Günü təkcə yas günü deyil, həm də milli birliyin, vətən sevgisinin və müstəqilliyimizə sədaqətin təcəssümüdür. Bu gün Azərbaycan xalqı bir daha dünyaya nümayiş etdirir ki, şəhidlər unudulmur, onların xatirəsi daim qəlbimizdə yaşayır.

Azərbaycan xalqı şəhidlərinin fədakarlığı sayəsində başı dik, alnı açıq və azad torpaqların sahibi kimi yaşayır. Onlar bizə yalnız torpaq deyil, həm də qürur, şərəf və ləyaqət miras qoydular.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Ruhları şad, məkanları cənnət olsun.
Vətən sizə hər zaman borcludur!

General Polad Həşimov – Xalqın Qəlbində Ölməz Ad

 

Azərbaycanın müasir tarixində igidlik, fədakarlıq və Vətənə sonsuz sədaqətin simvoluna çevrilmiş şəxsiyyətlər var. Onlardan biri də General-mayor Polad Həşimovdur. O, 2020-ci il 14 iyulda Tovuz döyüşləri zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalaraq, həm Azərbaycan Ordusunun, həm də bütöv xalqımızın yaddaşına əbədi həkk olundu.

Polad Həşimovun şəhidliyi sadəcə bir hərbi itki deyildi – bu, bütöv bir millətin damarlarında dolaşan Vətən sevgisini, milli birliyi və mübarizə əzmini oyadan hadisə oldu. Onun xəbərini alan xalq ayağa qalxdı, küçələrə, meydanlara axışdı. Minlərlə insan Bakının küçələrində “Şəhidlər ölməz, Vətən bölünməz!” şüarı ilə bir yumruq kimi birləşdi.

İlk dəfə idi ki, Azərbaycan xalqı bir generalını bu qədər izdihamla, göz yaşları ilə, eyni zamanda qürurla son mənzilə yola salırdı. Onun dəfni sadəcə bir mərasim deyildi – bu, xalqın dövlətinə, ordusuna və Vətən uğrunda canından keçən hər bir igidinə sədaqət andı idi.

Polad Həşimovun şəhidliyi göstərdi ki, xalqımızın damarlarında qorxmazlıq, mərdlik və azadlıq ruhu dolaşır. Onun ruhu 2020-ci ilin 27 sentyabrında başlayan İkinci Qarabağ müharibəsində Azərbaycan əsgərinə güc verdi, hər bir döyüşçümüzün qəlbində mübarizə bayrağına çevrildi.

Bu gün Polad Həşimovun adı sadəcə bir general adı deyil, xalqın yaddaşında ölməz qəhrəmanlıq simvoludur. O, Azərbaycanın milli birliyinin təcəssümü, şəhidlik zirvəsinin parlaq ulduzudur.

General Polad Həşimov – xalqın qəlbində əbədi yaşayacaq!
Allah şəhidlərimizə rəhmət eləsin.

Polad Həşimovun şəhidliyi ilə millət bir daha dərk etdi ki, Vətən sevgisi hər şeydən uca bir dəyərdir. Onun cəsur addımı ilə xalq sanki oyandı, ruhlar silkələndi. Şəhid generalın tabutu minlərlə insanın çiyinlərində ucalarkən, bu mənzərə Azərbaycan tarixində bir dönüm nöqtəsinə çevrildi.

Xalq birləşdi… Hər evdə, hər ürəkdə bir səs vardı:
“Polad Həşimovların qanı yerdə qalmayacaq!”

Onun şəhidliyi sadəcə bir insan itkisi deyildi – bu, millətin içində yanan Qarabağ həsrətinin alovunu daha da gücləndirdi. Elə bu alov da 27 sentyabrda başlayan Vətən müharibəsinin ruhuna çevrildi. Döyüş meydanına atılan hər bir əsgər Polad Həşimovun adını qürurla pıçıldayaraq, onun ruhunu özünə dayaq bildi.

Bəlkə də tale belə yazılmışdı – Polad Həşimov şəhid olmaqla millətin birlik simvoluna çevrildi. Onun adı bu gün körpə uşaqlara qoyulur, məktəblərdə, küçələrdə, ürəklərdə yaşayır. Çünki Polad Həşimov xalqın öz övladı idi – sadə, təvazökar, mərd, dürüst və Vətənini hər şeydən çox sevən bir qəhrəman.

Bu gün hər kəs bilir ki, Polad Həşimovun ruhu Şuşanın azad edilməsində, Xudafərin körpüsündə, Zəfər paradında dalğalanan bayrağımızda yaşayır. O, artıq bir insan yox, bir millət yaddaşı, bir xalq ruhudur.

Polad Həşimov – igidliyin, birliyin, Vətən eşqinin simvolu!
Onun adı min illər boyu Azərbaycan tarixinə qürurla yazılacaq.

Polad Həşimov şəhidlik zirvəsinə ucaldıqdan sonra Azərbaycan xalqı tarixində bənzəri az görünən bir mənzərə yaşandı. Bakı gecəsi xalq izdihamı ilə gündüzə çevrildi. Minlərlə insan küçələrə axışdı, əlində üçrəngli bayraq, dildə “Şəhidlər ölməz, Vətən bölünməz!” şüarı ilə yürüş etdi.

Gəncindən yaşlısına, qadınından kişisinə qədər hamı bir nəfər kimi ayağa qalxdı. Şəhid generalın tabutu izdiham içində daşınarkən, bu mənzərə təkcə bir vida mərasimi deyildi – bu, xalqın milli birliyinin, Vətən sevgisinin və şəhidlərə sədaqətinin andı idi.

O gecə Bakının küçələrində milyonların ürəyi bir ritmlə döyünürdü. Sanki hər kəsin gözündə eyni yaş, qəlbində eyni söz vardı:
“Qisas alınacaq, şəhidlərin ruhu şad olacaq!”

Polad Həşimovun şəhidliyi ilə millətimiz bir daha dərk etdi ki, bu torpaqlar yalnız qanla, fədakarlıqla və birliklə qorunur. Onun adı insanların ruhuna o qədər dərindən işlədi ki, 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsində hər bir əsgərin qəlbində Polad Həşimovun ruhu döyüşürdü.

Şəhid generalın xatirəsi xalqımızı birləşdirdi, mübarizə əzmini gücləndirdi və böyük Zəfərə gedən yolun mənəvi təməlini qoydu. Onun həyat yolu və şəhidliyi bu gün gənclərimiz üçün qəhrəmanlıq dərsi, Vətənə sədaqət andıdır.

Polad Həşimov – millətin polad iradəsi, xalqın ölməz qəhrəmanı!
Ruhu qarşısında baş əyirik, adı isə əbədi yaşayacaq!

Hörmət- Ehtiramla;
Pərvanə Salmanqızı.

Top