Weather Data Source: havadurumuuzun.com

Azərbaycan Tibb Universitetinin baş müəllimi, “Qızıl Qələm” mükafatçısı Aidə Bəndəliyeva İstanbulda beynəlxalq konqresdə çıxış edib

Azərbaycan Tibb Universitetinin baş müəllimi, “Qızıl Qələm” mükafatçısı Aidə Bəndəliyeva İstanbulda beynəlxalq konqresdə çıxış edib

İstanbul şəhərində keçirilən Dünya Tibbi Hüquq Assosiasiyasının 29-cu Konqresi dünyanın müxtəlif ölkələrindən tanınmış alimləri, hüquqşünasları və səhiyyə mütəxəssislərini bir araya gətirib. Beynəlxalq miqyasda mühüm əhəmiyyət daşıyan tədbirdə Azərbaycanı Azərbaycan Tibb Universitetinin baş müəllimi, “Qızıl Qələm” mükafatçısı Aidə Bəndəliyeva uğurla təmsil edib.

Konqres çərçivəsində tibbi hüquq sahəsində aktual mövzular, səhiyyə və hüquq sistemlərinin inteqrasiyası, pasiyent hüquqlarının qorunması, bioetika və beynəlxalq əməkdaşlıq istiqamətləri geniş müzakirə olunub. Aidə Bəndəliyeva həmkarları ilə fikir mübadiləsi apararaq Azərbaycan təcrübəsini təqdim edib, eyni zamanda yeni elmi əməkdaşlıqlar üçün mühüm addımlar atıb.

Tədbir zamanı dünyanın müxtəlif ölkələrindən gəlmiş tanınmış alimlərlə tanış olan Bəndəliyeva, gələcəkdə sıx əməkdaşlıq edəcəkləri bir sıra layihələr barədə ilkin razılaşmalar əldə edib. Bu layihələrin həm Azərbaycan səhiyyəsinə, həm də beynəlxalq tibbi hüquq elminin inkişafına töhfə verəcəyi gözlənilir.

Qeyd edək ki, Aidə Bəndəliyeva yalnız elmi fəaliyyətləri ilə deyil, həm də Azərbaycan mediasında çıxışları, tibbi maarifləndirmə sahəsindəki yazıları ilə tanınır. Onun beynəlxalq miqyaslı tədbirlərdə iştirakı ölkəmizin elm və səhiyyə diplomatiyasının güclənməsinə xidmət edir.

Azərbaycan nümayəndəsinin konqresdə fəal iştirakı bir daha sübut etdi ki, Azərbaycan alimləri beynəlxalq elmi məkanın fəal iştirakçılarıdır və müasir qlobal çağırışların həllində söz sahibidirlər.

Pərvanə Salmanqızı.
İctimai xadim, jurnalist, şairə-publisist.

Top