Kəlağayı – başımın tacı, ruhumun yaddaşı, dünyaya açılan milli kimliyim

Kəlağayı – başımın tacı, ruhumun yaddaşı, dünyaya açılan milli kimliyim
27 noyabr – Kəlağayı Günüdür
Bəzən bir parça ipək minilliklərin tarixini özündə yaşadır. Onun hər ilməsində bir ananın duası, hər naxışında bir elin yaddaşı, hər rəngində bir xalqın dünyagörüşü gizlənir. Kəlağayı da belə müqəddəs dəyərlərimizdəndir. O, sadəcə,baş örtüyü deyil, Azərbaycan qadınının zərifliyini, ismətini, gözəllik duyumunu, milli kimliyini yaşadan bir sənət əsəridir.
Kəlağayıya baxanda gözlərim önündə nənələrimizin obrazı canlanır. İpəyin incəliyinə hopmuş rənglər, zərif naxışlar, butalar, qədim ornamentlər sanki keçmişdən bu günə uzanan bir körpüdür. Bu körpüdən keçərək tariximizə, adət-ənənələrimizə, milli-mənəvi dünyamıza qovuşuruq.
Azərbaycan kəlağayısı əsrlər boyu qadınlarımızın başının tacı olub. Onun hazırlanması, rənglənməsi, üzərinə naxışların salınması böyük ustalıq və səbir tələb edən sənətdir. İpəyin üzərində yaranan hər naxış bir sənətkarın zövqünü, düşüncəsini və zəhmətini əks etdirir. Təsadüfi deyil ki, kəlağayı sənəti UNESCO tərəfindən Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. Bu, təkcə sənətimizin deyil, bütövlükdə xalqımızın mədəni irsinin beynəlxalq səviyyədə tanınmasıdır.
Mənim üçün kəlağayının mənası bir qədər də fərqlidir. O, yalnız keçmişimizə bağlılıq deyil, bu günümüzdə də qürurla daşıdığımız milli kimliyimizin ifadəsidir. Səfərlərim zamanı kəlağayını özümlə aparmağım, onu dünyanın müxtəlif guşələrində çiyinlərimə salaraq şəkillər çəkdirməyim də məhz bu duyğudan doğub.
Amerikada, Ağ Ev muzeyində çəkdirdiyim fotoda kəlağayı mənimlə birlikdə sanki Azərbaycanı da uzaq diyarlara aparırdı. İtaliyanın Milan şəhərində bu ipək örtük Avropa memarlığının və şəhər həyatının fonunda öz milli rənglərimizlə seçilirdi. Almaniyanın Berlin şəhərində, məşhur divarların yaxınlığında çəkdirdiyim şəkillərdə isə kəlağayı tarixlə müasirliyin, fərqli mədəniyyətlərin qovuşduğu məkanda özünəməxsus bir məna qazanırdı.
Düşünürəm ki, insan harada olursa-olsun, öz köklərini, mənsub olduğu xalqın dəyərlərini özü ilə daşımalıdır. Mənim üçün kəlağayı həmin mənəvi bağlılığın rəmzidir. O, xarici ölkələrdə çəkdirdiyim fotolarda ,sadəcə , təşəkkür gözəl bir aksessuar deyil, Azərbaycanın adını, rəngini, ruhunu ifadə edən milli nişanədir. Dünyanın məşhur məkanlarında kəlağayı ilə dayanarkən bir daha anlayıram ki, milli dəyərlərimizi tanıtmaq üçün bəzən bir sözə belə ehtiyac yoxdur. Bir kəlağayı, bir foto, bir qürurlu baxış da çox şey deyə bilər.
Kəlağayı bizi keçmişimizlə bağlayır, eyni zamanda gələcəyə səsləyir. Onu qorumaq yalnız qədim bir sənəti yaşatmaq deyil, həm də milli yaddaşımızı gələcək nəsillərə ötürməkdir. İstər bir el məclisində, istər muzeydə, istərsə də dünyanın məşhur şəhərlərində – kəlağayı hər yerdə öz gözəlliyini və mənasını qoruyur.
Bu gün 27 noyabr – Kəlağayı Günündə düşüncələrim yenə ipəyin sehrli dünyasına, rənglərin və naxışların danışdığı tarixə qayıdır. Arzum budur ki, qızlarımız, nəvələrimiz bu zərif sənət nümunəsini yalnız muzeylərdə görməsinlər, onu sevərək yaşatsınlar, öz milli kimliklərinin bir parçası kimi daşısınlar.
Kəlağayı başımızın örtüyü olmaqdan daha çox, qəlbimizin yaddaşıdır. O, harada görünürsə, orada Azərbaycan nəfəsi duyulur.



Xanım Qasımova
Filologiya üzrə fəlsəfə doktoru
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında


