Bu gün Vətən Müharibəsi Qəhrəmanı, general-mayor Telman Əsgər oğlu Hüseynovun doğum günüdür

Bu gün Vətən Müharibəsi Qəhrəmanı, general-mayor Telman Əsgər oğlu Hüseynovun doğum günüdür
Telman Hüseynov 27 noyabr 1977-ci ildə Xankəndi şəhərində anadan olub. 1984–1992-ci illərdə Füzuli rayonunun Dilağarda kəndində orta təhsil alıb. 1992–1995-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, 1995–1999-cu illərdə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində, 2017–2019-cu illərdə isə Silahlı Qüvvələrin Hərbi Akademiyasında hərbi təhsil alıb.
Hərbi xidmətinə tağım komandiri kimi başlayan Telman Hüseynov uzun illər ərzində müxtəlif məsul vəzifələrdə xidmət edərək peşəkar zabit kimi formalaşıb. O, kəşfiyyat bölük komandiri, briqadanın kəşfiyyat rəisi, qərargah rəisi, hərbi hissə komandiri, Ordu Korpusunun kəşfiyyat rəisi və komandir müavini kimi mühüm vəzifələrdə çalışıb.
44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlıq və peşəkarlıq onun hərbi fəaliyyətinin ən şərəfli səhifələrindən biridir.
Vətən müharibəsi zamanı 2-ci Ordu Korpusunun kəşfiyyat şöbəsinin rəisi vəzifəsində xidmət edən Telman Hüseynovun rəhbərliyi ilə kəşfiyyat bölmələri düşmənin müdafiə sədlərinin yarılmasında, əks-hücumların dəf edilməsində və hücum əməliyyatlarının uğurla davam etdirilməsində mühüm rol oynayıb.
Cəbrayıl, Hadrut, Füzuli və Qubadlı istiqamətlərində aparılan döyüş əməliyyatlarında fərqlənən general-mayor düşmən tankının atəşi nəticəsində baş və kürək nahiyəsindən yaralansa da, hospitala təxliyə edildikdən cəmi bir gün sonra yenidən döyüş bölgəsinə qayıdaraq Vətən qarşısındakı borcunu davam etdirib.
Onun üçün doğma Füzulinin azad olunması xüsusi mənəvi əhəmiyyət daşıyıb.
Göstərdiyi şücaətə, şəxsi igidliyə və hərbi xidmətlərə görə Telman Hüseynov çoxsaylı dövlət təltiflərinə layiq görülüb. Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 2020-ci il tarixli müvafiq Sərəncamı ilə ona “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı verilib.
8 iyul 2026-cı ildə Əlahiddə Ümumqoşun Ordu komandanının birinci müavini vəzifəsinə təyin edilən Telman Hüseynov Azərbaycan Respublikası Prezidentinin 7 noyabr 2026-cı il tarixli Sərəncamı ilə general-mayor hərbi rütbəsinə layiq görülüb.
Onun həyat və döyüş yolu Vətənə sədaqətin, andına bağlılığın, peşəkarlığın, cəsarətin və əsl zabit şərəfinin parlaq nümunəsidir.
Hörmətli Telman müəllim, Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, şərəfli və məsuliyyətli fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.
Qoy daim uca zirvələrdə, şərəfli xidmət yolunda olasınız!
Doğum gününüz mübarək, cənab general-mayor!
Allah Vətənimizi, dövlətimizi və rəşadətli Azərbaycan Ordusunu qorusun!
Hörmətlə,
Seymur Abdullayev
https://www.facebook.com/share/p/1D2we5sguK/
Oxuyun >> Gözündə tük var
Zaur Ustacın şeirləri haqqında


