Weather Data Source: havadurumuuzun.com

Zəfərin işığında birləşən ürəklər – Vətən sevgisinin sərhədi yoxdur

Zəfərin işığında birləşən ürəklər – Vətən sevgisinin sərhədi yoxdur

Dünya Azərbaycan Qadınları İctimai Birliyinin təşkilatçılığı ilə 1 noyabr 2026-cı il tarixində Bakı şəhərində keçirilən “Zəfər günü – əbədi qürurumuzdur” adlı tədbir milli birlik, həmrəylik və Vətənə sədaqət duyğularının təntənəsinə çevrildi.
Tarix elə günlər yaşadır ki, həmin günlər yalnız təqvimdə qeyd olunmur, xalqın yaddaşına, qüruruna, milli kimliyinə çevrilir. 8 Noyabr – Zəfər Günü də Azərbaycan xalqının taleyində belə möhtəşəm tarixlərdən biridir. Bu günün arxasında minlərlə qəhrəmanın fədakarlığı, şəhidlərimizin müqəddəs qanı, qazilərimizin iradəsi və bütöv bir xalqın sarsılmaz inamı dayanır.
Məhz bu qüruru yaşatmaq, Zəfərin mənəvi mahiyyətini bir daha xatırlatmaq, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı Vətən sevgisi ətrafında bir araya gətirmək məqsədilə 1 noyabr 2026-cı il tarixində Bakıda Dünya Azərbaycan Qadınları İctimai Birliyinin təşkilatçılığı ilə “Zəfər günü – əbədi qürurumuzdur” adlı tədbir keçirildi.
Tədbirin başlanğıcı hər bir azərbaycanlının qəlbində xüsusi yeri olan Şəhidlər xiyabanından başladı. İştirakçılar Vətən uğrunda canından keçən qəhrəmanlarımızın əziz xatirəsini ehtiramla yad etdilər. Bu ziyarət tədbirin bütün mahiyyətini ifadə edən mənəvi bir başlanğıc idi. Çünki Zəfərdən danışarkən ilk növbədə onun hansı böyük fədakarlıqlar hesabına qazanıldığını xatırlamaq hər birimizin borcudur.
Sonra tədbir salonunda davam edən görüş milli ruhun, vətənpərvərlik duyğularının və qadın həmrəyliyinin nümayişinə çevrildi.
Dünya Azərbaycan Qadınları İctimai Birliyinin sədri, Yaroslavl vilayəti hökuməti yanında Millətlərarası Münasibətlər üzrə Koordinasiya Şurasının üzvü Xatirə Qəmbərovanın rəhbərliyi ilə təşkil olunan tədbir yalnız bayram mərasimi deyil, həm də dünyanın müxtəlif guşələrində yaşayan azərbaycanlıların mənəvi birliyini nümayiş etdirən əlamətdar hadisə idi.
Doğma Vətənə müxtəlif ölkələrdən gələn soydaşlarımızın çıxışlarında bir fikir xüsusi olaraq diqqəti cəlb edirdi: Vətən insanın yalnız doğulduğu torpaq deyil, həm də ömrü boyu qəlbində yaşatdığı müqəddəs dəyərdir. Harada yaşamağımızdan, hansı ölkədə fəaliyyət göstərməyimizdən asılı olmayaraq, bizi birləşdirən Azərbaycan adının özü, milli köklərimiz, dilimiz, tariximiz və Zəfərimizdir.
Belə tədbirlərin təşkilində qadınların ictimai fəallığı, milli-mənəvi dəyərlərin qorunması və təbliği istiqamətində gördükləri işlər xüsusi əhəmiyyət daşıyır. Dünya Azərbaycan Qadınları İctimai Birliyinin bu təşəbbüsü də məhz həmin missiyanın ifadəsi kimi dəyərləndirilə bilər.
Tədbirin təşkilat komitəsində müxtəlif elm və ictimai fəaliyyət sahələrini təmsil edən xanımlar bir araya gəlmişdilər:
İlhamə Qəsəbova – filologiya üzrə fəlsəfə doktoru, dosent, Prezident təqaüdçüsü;
Xəyalə Ağayeva – filologiya üzrə fəlsəfə doktoru;
Mehriban Abdullayeva – “Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” təşkilatının sədri;
Nigar Həziyeva – tarixçi, “Yeləni” kəlağayı firmasının təsisçisi.
Tədbirin qonaqları arasında elm, təhsil, mədəniyyət, jurnalistika və ictimai fəaliyyət sahələrində tanınan ziyalı qadınların iştirakı da görüşün əhatə dairəsini və ictimai əhəmiyyətini artırırdı.
Onların sırasında:
Mətanət Əzimova – Əməkdar jurnalist, Azərbaycan Beynəlxalq Radiosunun əməkdaşı;
Güllü Eldar Tomarlı – Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri;
Xanım Qasımova – filologiya üzrə fəlsəfə doktoru, “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi, orta məktəblər üçün Azərbaycan dili və metodik vəsaitlər müəllifi;
Gültəkin Hüseynova – psixologiya elmləri doktoru, Qərbi Kaspi Universitetinin “Sosial iş” kafedrasının rəhbəri;
Ramilə Bəşirzadə – iqtisad elmləri doktoru, dosent, Qərbi Kaspi Universitetinin “Sosial iş” kafedrasının müdiri;
Laləndar Novruzova – Mədəniyyətlərin Təbliği və Xalq Yaradıcılığına Dəstək İctimai Birliyinin sədri, milli geyimlər üzrə mütəxəssis, modelyer-texnoloq;
Leyla Fərəcova – Moskva Qadınlar Birliyinin sədri;
Eyzangül Həsənova – İkinci Qarabağ müharibəsinin iştirakçısı, Kemerovo nümayəndəsi;
Zəminə Məmmədova – Rostov vilayəti üzrə DAQİB nümayəndəsi;
Hədiyyə Cavadzadə – şəhid Polad Mirzoyevin bacısı
və digər qonaqlar yer alırdı.
Xüsusilə, şəhid ailəsinin nümayəndəsinin – Hədiyyə Cavadzadənin tədbirdə iştirakı Zəfərin arxasında dayanan mənəvi həqiqəti bir daha xatırladırdı. Şəhidlərimizin əziz xatirəsi, onların ailələrinin müqəddəs əmanəti olan Vətən sevgisi hər birimizin məsuliyyətini artırır.
Bu görüşün əhəmiyyəti yalnız bir bayramın qeyd olunması ilə məhdudlaşmırdı. Burada milli yaddaşın yaşadılması, Azərbaycan həqiqətlərinin təbliği, qadınların ictimai həyatda fəallığının artırılması və xaricdə yaşayan soydaşlarımız arasında əlaqələrin möhkəmləndirilməsi kimi mühüm məqamlar bir araya gəlirdi.
Zəfər Gününü qeyd etmək həm də gələcək nəsillərə bir həqiqəti çatdırmaqdır: birlik olan yerdə güc, Vətən sevgisi olan yerdə iradə, milli yaddaş olan yerdə isə əbədiyyət var.
Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların doğma Vətəndə bir araya gəlməsi, eyni sevincə şərik olması bir daha göstərir ki, Azərbaycan xalqının birliyi sərhədlərdən daha böyükdür. Bu birlik tariximizin ən çətin sınaqlarından keçərək möhkəmlənib və Zəfərimizlə daha da güclənib.
Bu möhtəşəm görüş bir daha təsdiqlədi ki, Zəfər yalnız tariximizin şanlı səhifəsi deyil, həm də xalqımızın milli qürurunu, sarsılmaz iradəsini və gələcəyə inamını yaşadan mənəvi gücdür. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların doğma Vətəndə eyni amal, eyni sevgi və eyni qürur ətrafında birləşməsi milli həmrəyliyimizin ən gözəl təzahürüdür.
Belə görüşlər Vətənlə soydaşlarımız arasında mənəvi körpüləri möhkəmləndirir, milli dəyərlərimizin yaşadılmasına və gələcək nəsillərə ötürülməsinə xidmət edir. Çünki Vətən sevgisi nə məsafə tanıyır, nə də zaman. O, insanın qəlbində yaşayan, nəsildən-nəslə ötürülən ən müqəddəs duyğudur.
Bu gün biz Zəfərimizin sevincini yaşayırıqsa, bunu bizə bəxş edən qəhrəmanlarımızı heç zaman unutmamalıyıq. Şəhidlərimizin əziz xatirəsi, qazilərimizin fədakarlığı xalqımızın yaddaşında daim yaşayacaq.
Qoy Azərbaycanımızın üçrəngli bayrağı daim yüksəklərdə dalğalansın, Zəfərimizin sorağı dünyaya yayılsın, dünya azərbaycanlılarının birliyi və həmrəyliyi hər zaman gücümüzə güc qatsın!
Zəfər bizim qürurumuz, birlik bizim gücümüz, Azərbaycan isə hamımızın əbədi Vətənidir!

Müəllif: Xanım QASIMOVA,

Filologiya üzrə fəlsəfə doktoru

XANIM QASIMOVANIN YAZILARI

CAHANGİR MƏMMƏDLİ – 85

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Top