LERİKİN İKİ QƏHRƏMAN OĞLU – İMAN VƏ BƏHRƏM MƏMMƏDOV QARDAŞLARININ ƏZİZ XATİRƏSİNƏ

LERİKİN İKİ QƏHRƏMAN OĞLU – İMAN VƏ BƏHRƏM MƏMMƏDOV QARDAŞLARININ ƏZİZ XATİRƏSİNƏ
Altı il keçir… Zaman ötür, illər bir-birini əvəz edir, amma Vətən uğrunda canından keçən igidlərin xatirəsi xalqın yaddaşında əbədi yaşayır.
Bu gün Lerikimizin igid oğulları, Kəlvəz kəndində dünyaya göz açmış, Azərbaycan Ordusunun sıralarında Vətənə xidmət etmiş, 44 günlük Vətən müharibəsində şəhadətə ucalmış İman və Bəhrəm Məmmədov qardaşlarının əbədiyyətə qovuşmasından altı il ötür.
İki qardaş, bir Vətən sevgisi, bir amal, bir müqəddəs yol… Onların adı artıq yalnız bir ailənin deyil, bütöv bir elin, bir rayonun, bir xalqın qürur salnaməsinin səhifəsinə yazılıb.
Kəlvəz kəndinin qoynunda böyüyən bu igidlər Vətənin dar günündə öz vətəndaşlıq borclarını şərəflə yerinə yetirdilər. Onlar üçün Vətən sadəcə doğulduqları torpaq parçası deyil, ata-babalarının yadigarı, analarının duası, ailələrinin ocağı, xalqının azadlığı və gələcək nəsillərin xoşbəxtliyi idi.
44 günlük Vətən müharibəsi Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir. Bu Zəfər tarixinin hər sətrində şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı, əsgər və zabitlərimizin qəhrəmanlığı dayanır. İman və Bəhrəm Məmmədov qardaşları da bu müqəddəs mübarizənin unudulmaz qəhrəmanlarıdır.
Altı il əvvəl onların şəhadət xəbəri ailələrinin qəlbinə sağalmaz nisgil, doğma Kəlvəz kəndinə dərin hüzn gətirdi. Bu gün də onların yoxluğu hiss olunur. Ancaq şəhidlər fiziki olaraq aramızda olmasalar da, adları, xatirələri, Vətənə olan sevgiləri ilə daim bizimlədirlər.
Şəhidlik zirvəsi elə bir ucalıqdır ki, ona yüksələnlərin adı zamanın sərhədlərini aşır. Şəhidlərin xatirəsini yaşatmaq yalnız onları anmaq deyil, həm də onların uğrunda can verdikləri Vətənə, torpağa, milli dəyərlərə sahib çıxmaqdır.
Bu gün Lerik başını dik tutur. Çünki bu torpaq İman və Bəhrəm kimi igidlər yetişdirib. Onların qəhrəmanlığı gələcək nəsillərə mərdlik, qardaşlıq, sədaqət və Vətən sevgisi dərsi olaraq qalacaq.
Əziz şəhidlərimiz!
Siz Vətənin azadlığına gedən yolda öz ömrünüzü xalqınızın tarixində əbədiləşdirdiniz. Sizin adınız Kəlvəzin yaddaşında, Lerikin qürurunda, Azərbaycanın qəhrəmanlıq salnaməsində yaşayacaq.
Allah bütün şəhidlərimizə rəhmət eləsin! Şəhid ailələrinə səbir və dözüm versin. Qazilərimizə sağlamlıq, xalqımıza daim sülh və əmin-amanlıq nəsib etsin!
İman və Bəhrəm Məmmədov qardaşları, ruhunuz şad, məkanınız cənnət olsun!
Siz bu dünyadan köçmədiniz, Vətənin əbədi yaddaşına köçdünüz. Sizin adınız tarixdir, sizin ömrünüz qəhrəmanlıq dastanıdır!
Şəhidlər ölməz, Vətən bölünməz!
Müəllif:
Qazeteçi,şair,araşdırmaçı yazar, AJB üzvü,zefernews.az saytının , TV-NİN rəhbəri, “Zəfər Yolu” İctimai birliyinin sədri, Dünya Afşarlar Dərnəyinin Azərbaycan Təmsilçisi,Türkiyənin Anadolu Ölümsüz Kahramanlar Konfederasiyasının Azərbaycan Təmsilçisi, Türkiyənin Anasan Yazarlar Birliyinin,Daqistan Respublikası Ədəbiyyatçılar Birliyinin,Azərbaycan Təmsilçisi,Turan Yazarlar Birliyinin üzvü,”XXI Əsrin Ziyalıları Zirvəsi” Platformasının təsisçisi və direktoru
Pərvanə Salmanqızı Abdullayeva.


