Weather Data Source: havadurumuuzun.com

BİRİNCİ TÜRKOLOJİ BAKI QURULTAYININ AÇIQ VƏ GİZLİ MƏQAMLARI

1926-cı ildə Bakıda keçirilən I Türkoloji Qurultay yalnız dilçilik hadisəsi deyil, həm də siyasi tarix baxımından böyük əhəmiyyətə malik bir dönüm nöqtəsidir. Qurultayın görünən tərəfi, türk dillərinin tədqiqi, əlifba islahatı, fonetika və qrammatika məsələləri, elmi xarakter daşısa da, onun arxa planında Sovet imperiyasının milli siyasəti ilə sıx əlaqəli gizli proseslər baş verirdi. Sovetlər Birliyinin tərkibində slavyanlardan sonra sayca ən böyük etnos olan türk xalqları imperiya üçün həm demoqrafik, həm coğrafi, həm də mədəni potensiala malik idi. Bu səbəbdən türk xalqları üzərində həyata keçirilən dil, əlifba və mədəniyyət siyasəti əslində imperiyanın milli şüuru zəiflətməyi hədəfləyən uzunmüddətli strateji planının bir hissəsi idi. Türk xalqlarına yönəlmiş bu siyasət müxtəlif formalarda özünü göstərirdi: ənənəvi türk yazı sisteminin ləğvi, yeni əlifba modeli altında mədəni yaddaşın qoparılması, milli ziyalı təbəqənin sistematik təqibi, köklü qrupların məcburi köçürülməsi və assimilyasiya prosesinin sürətləndirilməsi… Mədəniyyət və dil sahəsində həyata keçirilən bu “pərdəli manqurtlaşdırma” siyasəti xalqın öz keçmişi və mənəvi dayaqları ilə əlaqəsini zəiflətməyi hədəfləyirdi. Elə buna görə də 1926-cı il Qurultayı təkcə elmi müzakirələrin keçirildiyi tribunal deyil, həm də türk xalqlarının mənəvi varlığı uğrunda aparılan ideoloji savaşın ön cəbhəsi idi. Qurultayın müstəsna xidməti ondan ibarət idi ki, sovet imperiya siyasətinin yaratdığı bütün məhdudiyyətlərə baxmayaraq, türk dillərinin müqayisəli tədqiqinə, onların tarixi inkişaf yolunun müəyyənləşdirilməsinə və ümumtürk mədəni irsinin qiymətləndirilməsinə geniş meydan açıldı. Əlifba islahatı ilə bağlı aparılan müzakirələr, dilin fonetik sistemi haqqında elmi çıxışlar, müxtəlif türk xalqlarının nümayəndələrinin bir masa arxasında birləşməsi – bütün bunlar türk dünyasının intellektual birliyinin ifadəsi idi. Sovet hakimiyyətinin gizli təzyiqlərinə baxmayaraq, Qurultay türk mədəniyyəti üçün strateji əhəmiyyət daşıyan bir platformaya çevrilmişdi. Burada səsləndirilən fikirlər imperiyanın “kütləvi unuduş” yaratmağa çalışan siyasətinə qarşı ciddi elmi arqument rolunu oynayırdı. Bundan başqa, Qurultay türklərin dili, kimliyi və tarixi ilə bağlı məsələlərin beynəlxalq elmi müstəviyə çıxmasına imkan verdi. Məhz bu səbəbdən sovet ideoloji mərkəzləri Qurultayın davamını arzulamır, onun iştirakçılarını sonrakı illərdə məqsədli şəkildə repressiyaya məruz qoyurdular. Çünki bu tədbir türk xalqlarının özünüdərk prosesini gücləndirir, onların mədəni inteqrasiyasını stimullaşdırırdı.
Qurultayın açıq məqamları ilk növbədə elmi xarakter daşısa da, onun arxa planında ciddi siyasi nəzarət və ideoloji çalarların mövcudluğu gizli şəkildə bütün müzakirələrə təsir edirdi. Açıq iclaslarda türk dillərinin fonetik strukturu, terminoloji sistemin vahidləşdirilməsi, ümumtürk əlifbasının yaradılması və dil siyasətinin əsas istiqamətləri geniş müzakirə olunurdu. Bu dövrdə latın qrafikasına keçid layihəsi ən çox diqqət çəkən məsələlərdən biri idi. Ziyalıların çoxu bu keçidi elmi və praktiki baxımdan zəruri hesab edirdi, lakin sovet hakimiyyəti bu prosesin milli kimlik və mədəni inteqrasiya baxımından yaratdığı birliyi potensial təhlükə kimi qiymətləndirirdi. Qurultayın gizli məqamları isə əsasən mərkəzi sovet ideoloji orqanlarının – xüsusilə də NKVD-nin – müşahidəsi ilə bağlı idi. Müzakirələrdə çıxış edən alimlərin fikirləri detallı şəkildə qeydə alınır, xüsusilə türklərin tarixi vahidliyi, ortaq dilə keçidin mümkünlüyü və milli özünüdərkə təsir edən mövzular xüsusi diqqətlə izlənirdi. Bu müşahidələrin sonrakı illərdə baş verəcək kütləvi repressiyalara zəmin yaratdığı artıq tarix üçün aydındır. Qurultayın elmi xarakterinə baxmayaraq, orada səsləndirilən bəzi ideyalar siyasi anlamda “pantürkizm”, “millətçi meyillər” kimi qiymətləndirilərək alimlərin taleyini müəyyənləşdirmişdi. Qurultayda müxtəlif elmi məktəblərin nümayəndələri iştirak edirdi və onların arasında erməni dilçisi Ruben Açaryan (R. Ačaryan) da çıxışı ilə yadda qalmışdı. Açaryan referatında türk əlifbasının bəzi fonetik xüsusiyyətləri ifadə etməkdə yetərli olmadığını qeyd edir, habelə türklərin XI əsrdə qərbdən Ermənistan ərazisinə gəldiyini irəli sürürdü. Onun bu fikirləri tam elmi baxışdan çox, erməni tarixşünaslığının o dövrədək formalaşmış konsepsiyasını əks etdirirdi. Bu səbəbdən Açaryanın çıxışı qurultayda birmənalı qarşılanmasa da, sovet ideoloji mərkəzləri tərəfindən “zərərsiz” və siyasi baxımdan neytral mövqe kimi qəbul olunurdu.
Türklərin tarixi əlifba ənənəsi ilə bağlı müzakirələrdə S. Malovun fikirləri xüsusi diqqət çəkirdi. O, türk xalqlarının öz yazı sistemlərini formalaşdırarkən Soğdi əlifbasından istifadə etdiklərini elmi əsaslarla göstərirdi. S. Malovun təqdim etdiyi bu faktlar qədim türk mədəniyyətinin İran–Soğdi yazı ənənəsi ilə sıx əlaqədə inkişaf etdiyini təsdiqləyirdi. Eyni zamanda bu məlumatlar ümumtürk əlifbasının yaradılması prosesində tarixi yazı sistemlərinə istinad edilməsinin zəruriliyini gündəmə gətirirdi.Lakin belə müzakirələr də sovet ideoloji prizmasından qiymətləndirilir, türk etnogenezinin və mədəni vahidliyinin köklərinə toxunması səbəbilə “arzuolunmaz” çalar kimi görünürdü.
Qurultaydan bir neçə il sonra – xüsusilə 1930-1938-ci illər repressiyaları zamanı – Bakı Türkoloji Qurultayında fəal iştirak edən bir çox ziyalı məhz həmin çıxışlarına görə təqiblərə məruz qaldı. Onların arasında görkəmli türkoloq Bəkir Çobanzadə başda olmaqla, dilçilər, ədəbiyyatçılar, müxtəlif türk xalqlarının nümayəndələri olan Krım tatarı, qazan tatarı və özbək alimləri var idi. B. Çobanzadənin fonetika, ümumtürk leksikologiyası və latın qrafikasının elmi əsaslandırılması ilə bağlı fikirləri sovet təhlükəsizlik orqanları tərəfindən “pantürkist plan” kimi təqdim edilərək onun həbsinə və güllələnməsinə səbəb oldu. Həmçinin qurultayda dilin milli xüsusiyyətlərini önə çıxaran, türk xalqlarının mənşə birliyi və mədəni yaxınlığını vurğulayan bir çox alim də eyni ittihamlarla repressiya edildi. 131 nəfər nümayəndənin iştirak etdiyi qurultay 17 iclas keçirmişdi. Türk dillərinə, tarixinə etnogenezisinə, etnoqrafiyasına, ədəbiyyat və mədəniyyətinə həsr olunmuş 38 məruzə dinlənilmişdir. T. Menzelin təklifi ilə qurultay məşhur türkoloq V.V.Radlovun şərəfinə keçirilməsinə qərar verilmiş daha sonra Türkiyəli nümayəndələrin təklifi ilə isə İsmayıl bəy Qaspıralının şərəfinə keçirilməsinə qərar verilmişdir. Təşkilat komitəsinə Səməd Ağamalıoğlu, professor Bəkir Çobanzadə, Şərqşunasların Ümumittifaq Assosiasiyasının sədri Mixail Pavloviç (Veltman), Əbdürrəhim bəy Haqverdiyev, professor Nikolay Aşmarin, akademik Vasili Bartold, professor Aleksandr Samoyloviç, Məhəmmədhəsən Baharlı, Artur Zifeld, Әhməd bəy Pepinov, İsmayıl Hikmət və digərləri daxil edildilər. 1926-cı ildə Bakıda keçirilən Türkoloji Qurultayda əsas müzakirə mövzuları arasında ərəb əlifbasının islahatı və latın qrafikalı əlifbanın qəbul edilməsi, milli terminologiyanın yaradılması, türk dilli xalqlar üçün ədəbi dilin inkişafı, ana dilinin tədris metodikası, həmçinin diyarşünaslıq və türk dillərinin orfoqrafiyası məsələləri xüsusi yer tuturdu. Qurultay iştirakçıları bu məsələləri yalnız elmi və dilçilik aspektindən deyil, həm də sosial və mədəni perspektivdən qiymətləndirmişlər. Çıxış edənlərin əksəriyyəti vurğulayırdı ki, latın əlifbasına keçid türk xalqlarında savadsızlığın tezliklə aradan qaldırılması və onları müasir mədəniyyətə daha sürətlə uyğunlaşdırmaq üçün əsas vasitədir. Onlar hesab edirdilər ki, yeni əlifba yalnız yazı və oxu sahəsində deyil, həm də milli təhsil, mədəni inkişaf və sosial inteqrasiya baxımından strateji əhəmiyyət daşıyır. Buna baxmayaraq, qurultay iştirakçıları arasında latın qrafikalı əlifbanın tətbiqinə qarşı çıxanlar da olmuşdur. Xüsusilə Qazaxıstan nümayəndələri, Baytursunovun rəhbərliyi altında, yeni əlifbanın dərhal tətbiqinə ehtiyatla yanaşır və müəyyən risklər barədə xəbərdarlıq edirdilər. Onlar mövcud ədəbi ənənələrin qorunmasını, yerli dialektlər və mədəni xüsusiyyətlərin nəzərə alınmasını vacib hesab edirdilər. Qurultay yekununda Azərbaycanda, eləcə də digər respublika və vilayətlərdə latın qrafikalı əlifbanın tətbiqi istiqamətində görülən işlər haqqında rəsmi bəyanat verildi. Bu bəyanat həm yeni əlifbanın tətbiqinin təşviqi, həm də türk dilli xalqlarda təhsil və mədəni inkişafın sürətləndirilməsi məqsədini daşıyırdı. Nəticədə qurultay, həm elmi, həm mədəni, həm də sosial baxımdan türk dünyasında dil islahatları və mədəni modernləşmə prosesinin əsas mərhələlərindən birini təşkil etmiş oldu. “Beləliklə, Birinci Türkoloji Qurultay onun qarşısında dayanan missiyanı kifayət qədər uğurla yerinəyetirmiş oldu ki, buraya, əsasən, aşağıdakı vəzifələr daxil idi:a)əsrlərlətürk dilinə (vədillərinə) xidmət etmiş ərəb əlifbasının yeni dövrün tələblərinəcavab verməməsi, onun üzərindəaparılmış “islahatçılıq” cəhdlərinin dəsəmərəsizliyi, prinsip etibarilə, təsdiq olundu;b)beynəlxalq səciyyədaşıyan latın əsaslı əlifbaya keçmək təşəbbüsləri (vəilk növbədə, Azərbaycanın təcrübəsi) səs çoxluğu iləbəyənilərək qəbul edildi:c) müzakirələr göstərdi ki, türk xalqlarının ərəb əlifbasından rus (kiril) əlifbasına keçmələri barədədəmüəyyən mülahizələr olmuş, ancaq, bir tərəfdən, milli (anti-imperialist) müqavimət, digər tərəfdən, “millətlərin öz müqəddəratını təyin etmək hüququ” haqqındakı sovet sosialist vədləri hələlik bunun qarşısını almışdır”. C.Həsənli qeyd edirdi ki, “qeyd edildiyi kimi, əlifba islahatına münasibət birmənalı deyildi. Əlifba islahatının tərəfdarları ilə yanaşı əleyhdarları da az deyildi. Sovet rejiminin ilk illərində ağır repressiyalara məruz qalmış müsavatçılar və ittihadçılar tələm-tələsik latın əlifbasına keçilməsinin əleyhinə idilər. Çoxsaylı arxiv materiallarının araşdırılması bələ bir fikrə gəlməyə əsas verir ki, bu narazılıq əslində yeni əlifbaya qarşı deyil, onun arxasında həyata keçirilən siyasətə qarşı idi. Bəzi sənədlərin araşdırılması təsdiq edir ki, əlifba məsələsində bir sıra tanınmış alimlər və müəllimlərlə kommunist rəhbərlər arasında gizli ziddiyyətlər mövcud olmuşdur”.
1926-cı ildə Bakıda keçirilən Türkoloji Qurultayda iştirak etmiş bir sıra görkəmli alimlər sonrakı illərdə sovet repressiyalarına məruz qalmışdır. Qurultayda türk dillərinin standartlaşdırılması, əlifba islahatı və elmi əməkdaşlıq məsələləri müzakirə olunarkən, iştirak edən alimlər həm elmi fəaliyyətləri, həm də siyasi ideologiya baxımından risk altında idilər. Bunlardan biri Bəkir Sıtkı Çobanzadə idi. O, görkəmli türkoloq və dilçi kimi Azərbaycan və digər Türk dillərinin qrammatikası, dialektologiyası və terminologiyası sahəsində mühüm elmi işlər görmüşdür. Lakin 1937-ci ildə “pantürkizm” və “antisovet fəaliyyət” ittihamları ilə həbs edilmiş və güllələnmişdir. Onun ölümü sovet dövrü türkoloji elminə ağır zərbə vurmuşdur. Salman Mümtaz isə klassik Azərbaycan və ümumtürk ədəbiyyatının toplanması, tədqiqi və nəşri sahəsində böyük xidmətlər göstərmişdir. 1937-ci ildə həbs edilən Mümtaz 1938-ci ildə repressiya olunaraq edam edilmişdir. Onun faciəli taleyi Azərbaycan ədəbiyyatşünaslığında böyük boşluq yaratmışdır. Bundan başqa, Əli Nazmi uzun illər publisist və maarifçi kimi fəaliyyət göstərmiş, satirik şeirləri ilə tanınmışdır. O, birbaşa edam edilməsə də, sovet ideoloji nəzarəti altında yaşamış, əsərləri məhdudlaşdırılmış və sürgünlə üzləşmişdir. Bakı Türkoloji Qurultayı yalnız elmi nailiyyətləri ilə deyil, həm də iştirakçıları üçün ağır və təhlükəli nəticələr doğurmuşdur. Bu alimlərin repressiyaya uğraması sovet dövrü türkoloji elminin inkişafına ciddi maneələr yaratmış və onların yaradıcılığı yalnız uzun illər sonra qiymətləndirilmişdir.
Bunlardan başqa, tarixçilər və tədqiqatçılar qeyd edirlər ki, qurultayın iştirakçıları arasında həm Azərbaycan, həm də digər türk respublikalarından ziyalılar olmuş, onların çoxu 1930 cu illərin ümumi sovet repressiyaları çərçivəsində təqib olunmuşdur. Məsələn, Azərbaycandan Səmədağa Ağamalıoğlu, Mustafa Quliyev, Əhməd Pepinov, Ruhulla Axundov, Pənah Qasımov, Hənəfi Zeynallı, Əli bəy Hüseynzadə, Fərhad Ağayev, Cabbar Məmmədzadə kimi ziyalılar qurultayda iştirak etmişlər və bu dairədə də sovet hakimiyyəti təzyiqlərinə məruz qalanlar olmuşdur
Nəticə etibarilə 1926-cı il Bakı Türkoloji Qurultayı elmi baxımdan böyük əhəmiyyət kəsb etsə də, sovet ideoloji sisteminin gizli təzyiqi altında keçirilmiş və iştirakçılarının taleyinə faciəvi təsir göstərmişdir. Qurultay həm türkoloji tədqiqatların yeni mərhələyə keçidini təmin etmiş, həm də milli elmi fikrin ən parlaq nümayəndələrinin “xalq düşməni” damğası ilə məhv edilməsinə şərait yaratmışdır. R.Açaryanın türklərin mənşəyi və əlifba problemləri ilə bağlı fikirləri, S. Malovun soğdi yazı ənənəsi haqqında elmi təqdimatı və digər müzakirələr qurultayın intellektual gücünü göstərsə də, sovet hakimiyyətinin siyasəti ideologiyasına xidmət edirdi.

Dilbər Camali
AMEA Nəsimi adına Dilçilik İnstitutunun
Türk dilləri şöbəsinin böyük elmi işçisi
Filologiya üzrə fəlsəfə doktoru

CAHANGİR MƏMMƏDLİ – 85

DAHA ÇOX YENİ MƏLUMAT

Oxuyun >> Gözündə tük var

Zaur Ustacın şeirləri haqqında

YAZARLAR.AZ

I>>>>>>BU HEKAYƏNİ MÜTLƏQ OXU<<<<<<I

I>>Mustafa Müseyiboğlu adına kitabxana<<I

Top