Adilə Nəzər – Durğu işarələri

DURĞU İŞARƏLƏRİ SEVGİ HALINDA
Bu axşam unutdum özümü büsbütün,
unutdum nöqtə (.) olduğumu.
Sualımı (?) itirdim,
çətin cümlələrdən qorxar oldum,
dilim titrəyərək pıçıldadı ifadələrimi.
Adımı soruşsaydın vergül (,) deyəcəkdim, –
durumum ikimizin arasındakı sonra kimiydi…
Sonra səsimi də itirdim,
sadəcə nidam qaldı (!)
…və indi mən upuzun bir xətt idim,
sonunda bitişim.
Daha sonra nə dünya vardı, nə zaman,
kainat bizdən ibarətdi,
biz də məkana tabesiz nöqtəli vergüllərdik.(; )
Mən qısa bir xətt çəkdim arzularıma (–)
sən davam etdin qaldığım yerdən.
Daha daha sonra
iki nöqtə (..) duruş halını dəyişdi,
özünə xas fikri olmadığından
yerini qızğın nəfəsli dırnaqlara (“”) verdi,
təkrarlarıyla saatı gərdi.
Bu şeir axşamında ulduzlar barışdı, Ay axdı,
ilahəsini tapmış yorğun müqəddəs –
üç nöqtə (…) yenə qalib çıxdı.
2017
MƏNDƏN ÜÇ NÖQTƏ VAR
Məndən üç nöqtə var bütün şeirlərimdə…
Nə fərqi var hansı duyğulara qoyulub, –
ona, buna, ya da o birinə.
Anadangəlmə nuruma,
atadanqalma qüruruma,
ya da min bir əziyyətlə qazandığım uğurumadır…
Biri doğmaların yadlaşdırdığı uzaq kənd,
biri qəlbimdəki acı, dilimdəki qənd,
o biri də sevincinə sarılmadığım dərddir.
Adlarını təkcə mən bilirəm üç nöqtələrin –
o çözümünü itirdiyim düşüncələr,
bu sirrinə büründüyüm gecələr,
bu da qələmlə kağıza verdiyim işgəncələrdir…
Məndən üç nöqtə var
bütün şeirlərimdə…
2019
MƏN ÜÇ NÖQTƏ
Hər insanın torpağı bir tərəfdən alınır,
Mənim torpağım dərddən-kədərdən yoğrulubdur.
Ruh-bədən uyğun deyil, hey zəngləri çalınır,
Bir də gördün min addım ruh göyə sovrulubdur.
Kim dəyibdi könlümün belə incə telinə,
Kirpiklərim titrəyir, göz yaşlarım inləyir.
Mizrab azıb deyəsən, düşüb naşı əlinə,
Tel-tel olur qəmlərim, pərdə məni dinləyir.
Gəzinirəm su rəngli yollarda, süzülürəm,
Düşəcəkdi bir azdan bəyaz rəngli bir gecə.
Yarpaqları tökülən ağaca üzülürəm, –
Küləklərin əlində simi qırıq kamança.
Görən haradan alır qaranquş ilhamını,
Mən uçmaq istəyirəm, göy qapısında növbə.
Durğu işarəsinə bənzədirəm hamını…
O vergül, bu nidadır, sən sual, mən üç nöqtə…
2023
Müəllif: ADİLƏ NƏZƏR
Azərbaycan Respublikasının Təhsil İnstitutunun aparıcı elmi işçisi,
filologiya üzrə fəlsəfə doktoru
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru